SƏFƏVİLƏR
Şah İsmayıla çamur
atanlara tarixi faktlarla cavab
I YAZI
Son dövrlərdə istər
mətbuatda, istərsə də sosial şəbəkələrdə
yenidən Səfəvilər mövzusu gündəmə gəldiyindən,
bununla bağlı oxucularımızla bu mövzu haqqında
bildiklərimizi paylaşmaq qərarına gəldik.
Fransızlar
qədim əhalisi kelt dilində danışan tarixi Qalliya ərazisində
məskunlaşmalarına və dövlətlərinin öz
adını frank adlı alman tayfasından; ingilislər öz
dövlətlərinin alman tayfası anqllar tərəfindən
qurulmasına və yeni dövrdə dünyanın ən
böyük müstəmləkələrinə malik
olmasına rəğmən qall tayfalarından olan brittlərin
adı ilə Britaniya adlanmasından; ruslar Rusiya ərazisində
yaranan ilk dövlətin hökmdarının xaqan titulu
daşımasından, IX yüzilliyin II yarısından XVI
yüzilliyin əvvəllərinə qədər norman mənşəli
Ryuriklər xanədanı tərəfindən idarə
olunmalarından və XVIII-XIX yüzilliklərdə sarayda
fransız dilində danışmaqlarından “xəcalət
çəkmədikləri” halda, dili dilimizdən, qanı
qanımızdan, soy şəcərələrimizin
böyük əksəriyyətinin dayandığı Səfəvi
xanədanını Azərbaycan üçün
“yadlaşdırmaq” istəyi haqlı olaraq, əksəriyyətimiz
tərəfindən narazılıqla qarşılanır.
Məqsədimiz
kiməsə “ağıl vermək” yox, haqqında mənasız
mübahisə gedən Səfəvilər xanədanı
haqqında mənbələrin məlumatlarını
çatdırmaqdır...
SƏFƏVİLƏRİN
MƏNŞƏYİ
Səfəvilərin mənşəyi ilə
bağlı bir-birlərinə zidd olan müxtəlif fikirlər
mövcuddur.
Onların kürd mənşəli olmaları
haqqında nəzəriyyənin tərəfdarları əsasən
ya paniranizm tərəfdarları (Əhməd Kəsrəvi),
yaxud da Səfəvilərin tarixinə daha çox məzhəbçilik
mövqeyindən yanaşan Türkiyə tarixçiləridir
(Zeki Velidi Toğan, Faruk Sümer və s.). Adlarını çəkdiyimiz
Türkiyə tarixçiləri öz fikirlərini “təsdiq
etmək üçün” hətta VIII əsrdə Cənubi
Azərbaycana köçürülmüş, əslən Yəməndən
olan ərəb mənşəli Rəvvadilər nəslini
kürd “elan edirlər”.
Məsələyə
daha obyektiv yanaşan, Səfəvi nəslini ərəb mənşəli
elan edənlərə qarşı isə digər bir
türkiyəli tarixçi İsmayıl
Uzunçarşılı belə cavab verir: “Xalis Türk olan
bu ailənin siyasətlərinə alət olmaq üzrə
yayınladıqları şəcərə kitablarına
görə özlərini Sadat-i Hüseyniyyədən göstərmişlər ”.
Bəzi müəlliflər istisna olunmaqla rus-sovet
tarixçilərinin əksəriyyəti isə Səfəviləri
haqlı olaraq Türk mənşəli hesab edirlər. V.Bartold Səfəvilərin
Türk mənşəli olduqları qənaətinə gəlmiş,
İ.Petruşevski isə “Ərdəbildə
yaşamış ilk Səfəvi şeyxlərinin ana dillərinin
şəksiz Azərbaycan türkcəsi olduğunu” qeyd
etmişdir. Bu sahədə
araşdırmalar aparan Azərbaycan tarixçiləri O.Əfəndiyev,
Y.Mahmudlu, Z.Bayramov Səfəvilərin Türk mənşəli
olmaları ilə bağlı təkzibedilməz faktlar
göstərmişlər.
Bəs bu barədə yazılı mənbələrdə
nə deyilir?
Səfəvi tarixi ilə bağlı ilk mənbələrdən
sayılan Saffət-üs-səfaya görə Şah
İsmayılın ulu babası Şeyx Səfiəddin
“Türk kəndində yaşamış”, “Türkün piri”
adlandırılmış və öz müridlərinə
“Türk qonağı yaxşı qarşılayaraq, onlara
ağ çörək və bal, türk olmayan qonağa isə
qara çörək və soğan verməyi
tapşırmışdı”.
Məsələyə
daha geniş aspektdən yanaşılan “Tarix-i alamaraye Abbasi” əsərində
isə Şeyx Səfiəddinin özünə
müşüd axtarmaq üçün Şirazda yaşasa
da, əslən Azərbaycan türkü olan, görkəmli Azərbaycan
alimi Şihabəddin Sührəverdinin (1145-1234) şagirdi və
davamçısı olmuş Şeyx Nəcibəddin
Bozquşun yanına getdiyi qeyd olunur. Mənbəyə görə,
“Şeyx Səfiəddini - əxlaqda, hərəkət tərzində,
davranışda özlərindən yüksək görən”
şirazlılar “onu seyidlər zümrəsi və
dövrün bilikli adamlarının on biliklisi olan Əmir
Abdullahın yanına göndərdilər”. Əmir
Abdullahın Şeyx Səfiyə müraciəti xüsusilə
maraqlıdır: “EY GƏNC TÜRK! Mücahidlik, zahidlik və
yüksək əhvali-ruhiyyə sayəsində sənin
üçün hasil olan şeylər mənim bəsirət
gözümə çatmayıb... Bu gün sənin
gözündən pərdəni götürüb, səni məqsədə
tərəf yönəldə biləcək ilahiyyət elmlərini
bilən şeyx Zahid Gilanidən başqa bir kəs yoxdur.
Onun Gilanda, sizin vilayətinizin yaxınlığında, dəniz
kənarında xəlvət yeri var”.
Mənbələrə görə, Şeyx Zahid Gilani də
öz gənc müridinə “TÜRKZADƏM” (Türk
övladı) deyə müraciət etmişdir.
SƏFƏVİLƏR
DÖVLƏTİNİN METROPOLİYASI
Səfəvilər xanədanının qurduğu
dövlətin hansı xalq və ölkəyə mənsubluğu
ilə bağlı mübahisələrə aydınlıq gətirmək
üçün də, təbii ki, “yozmalara” yox, mənbələrə
müraciət etmək lazım gəlir.
Ərzincan qurultayında nəzərə
alındığı kimi, qızılbaş ordusu 1500-cü
ilin əvvəllərində Şirvanşahlar üzərinə
yeridi. 7 minlik bu ordunun ön hissəsi Əmir Bayram xan
Qaramanlının başçılıq etdiyi təkəli və
zülqədər tayfalarından toplanmış
döyüşçülərindən ibarət idi.
Kürü keçməyə risk etməyən bu dəstəyə
ürək-dirək vermək üçün İsmayıl
çayı birinci keçdi. Kürün digər
sahilində ilk olaraq Şəki hakiminin qoşunlarını
darmadağın edən qızılbaş ordusu
Şamaxıya daxil olarkən məlum olmuşdu ki, əhalinin
əksəriyyəti şəhəri tərk etmişdir.
Sürətlə hərəkət edən
qızılbaş ordusu Fərrux Yasarın Gülüstan
qalasına girməsinin qarşısını alaraq, onu
Cabanı adlı yerdə haqladı.
Şirvanşahın 20 min atlı və və
6 min piyada döyüşçüdən ibarət qoşunu
7 minlik qızılbaş ordusu tərəfindən
darmadağın edildi. Şirvanşahın
ordusunun qalıqları Gülüstan qalasına çəkildi.
“İsmayıl ... o uca qalanı mühasirə
etdi. Mühasirə əsnasında qeyb aləmindən gələn
səs o həzrətə Azərbaycanın səltənət
və padşahlıq taxtının müjdəsini verdi. İsmayıl böyük əmirləri
yanına çağırıb dedi: «Sizə Gülüstan
qalası lazımdır, yoxsa Azərbaycan taxtı?». Müqəddəs Səfəvi xanədanının
etiqad sahibləri səmimiyyət və müridlik aləmində
[İsmayılın] ilham söyləyən dilindən nə
söz çıxırdısa, məhz onu həqiqət bilərək,ondan heç kənara
çıxmadıqlarına görə Azərbaycan taxtı
müjdəsinin şənlik sədasını Keyvan
eyvanına çatdırdılar.” (İ.Münşi.
“Tarixe alamaraye Abbasi”. Bakı, 2009)
Həsən
bəy Rumlu isə bu hadisəni belə şərh edir: “O əsnada
əlahəzrət məsum imamlardan – onların
hamısına Allahın salamı olsun – biri İsgəndər
şanlı xaqanın yuxusuna girib ona əmr etdi ki, Gülüstan
qalasının ətəyindən qalxıb hərəkət
yüyənini Azərbaycana doğru yönəltsin. Səhər
çağı fələk bürcündən günəşin
baş qaldırmasından sonra İsgəndər şanlı
xaqan Hüseyn bəy Lələ, Abdal bəy Dədə, Məhəmməd
bəy Ustaclu, Əbdi bəy Şamlu və Xadim bəy kimi
qüdrətli dövlətin ərkanını
çağırıb onlara dedi:
- Azərbaycanı
istəyirsiniz, yoxsa Gülüstan qalasını?
Onlar dedilər:
- Azərbaycanı!
O həzrət
buyurdu:
- Keçən gecə bizə din imamlarından və yəqinlik
yolunun bələdçilərindən varid olmuşdur ki, əgər
Azərbaycanı istəyirsənsə, Gülüstan
qalasının ətəyindən qalx!” (Həsən
bəy Rumlu. “ Əhsənüt-təvarix”.
Kastamonu,2017)
“Lübb-ət-təvarix” adlı başqa bir mənbə
isə İsmayılın 1501-ci ildə Şərur qələbəsindən
sonra “dar-üs-səltənə (səltənətin
paytaxtı) Təbrizə gələrək, sərir-e səltənət-e
Azərbaycanda (Azərbaycanın hökmdarlıq taxtı)
oturduğu” yazılır.
Eyni
faktı M.Y.Qəzvini də təkrar edir :
“Şərur savaşından sonra “darüs-səltənə”
(səltənət,sultanlıq taxtı) Təbrizə üz
tutan İsmayıl, təxt-e sələtənət-e Azərbaycana
(Azərbaycan sultanlığı taxtına) oturdu. “dər
tamam-e məmləkət-e Azərbaycan ”
(bütün Azərbaycan ölkəsində) onun adına
xütbə oxundu və pul zərb edildi ”.
Lütfi MƏMMƏDOV
Hürriyyət.-
2019.- 7-9 sentyabr.- S.7.