Bu günədək layiqincə dəyər görmədim”

 

ELMİRA İBRAHİMOVA: “Laqeydliyi görüb səhnəyə çıxmaq istəmirəm”

 

Çox zaman olur ki, teatr aləmində çalışanların bir qismi elə bu sənətə təsadüfən gələnlər olur. Ömürlərini və talelərini teatr adlanan bir sənət ocağına bağlamaqla sözün əsl mənasında sənət fədailərinə çevrilirlər. Qarşılaşdıqları ani bir laqeydlik isə onların həyatını tamamilə dəyişir. Həyat, sənət eşqi körpə uşaq tək daha həssas və kövrək olur. Bu taleyi yaşayanların əksəriyyətinin sənətdə adları isə ancaq aktrisa adlandırılır. Sənət yolları elə də hamar olmayan bu şəxslər bütün çətinliklərə sinə gəlsələrdə, taleyin onlara nəsib etdiyi ağrı-acını çox səssiz, hay-küysüzümidsiz olaraq yaşayırlar. Nə zamansa ümidlərinin cücərərək kök salmış dərin izlərini elə öz həyatlarında axtarırlar. Tale yükü qədər ağır olan sənət yolunda heç zaman büdrəmirlər. Əksinə daha mətin və iradəli olurlar. Mingəçevir Dövlət Dram Teatrının aktrisası Elmira İbrahimova tək.

Aktrisa Elmira Məhəmmədəli qızı İbrahimova 1957-ci il oktyabr ayının 3-də Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Orta məktəbi də elə bu kənddə 1975-ci ildə bitirib. Daha sonra Mingəçevir Politexnik Texnikumuna daxil olub. 1985-ci ilYevlax rayonunun Tanrıqulular kəndində olan Kolxoz idarəsində əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən həyatını yenidən Mingəçevir şəhəri ilə bağlayan Elmira İbrahimova 1999-cu ilədək Fəxrəddin Qasımov adına Musiqi məktəbində fəaliyyət göstərib. 2000-ci ildə isə Mingəçevir Dövlət Dram Teatrında işlə təmin olunan Elmira xanım ilk vaxtlarda əlbəsə (rekvizit) sexində çalışıb. 2002-ci ilədək əlbəsə sexində çalışdıqdan sonra teatrın baş rejissoru, respublikanın xalq artisti Zülfüqar Abbasovun təklifi ilə aktrisa olaraq taleyini birdəfəlik səhnəyə bağlayıb. O illəri xatırlayan aktrisa deyir: “Teatrımızın baş rejissoru olan, xalq artisti Zülfüqar Abbasov məni aktrisa kimi çalışmağa dəvət etdi. Bu təklifə bir az qəribə baxdım. Hətta Zülfüqar müəllimə dedim ki, mən hara aktrisalıq hara? Bacarmaram. Buna baxmayaraq baş rejissorumuzun təkidi ilə teatra aktrisa kimi qəbul olundum”.

Bu teatrın səhnəsində ilk obrazı Novruz bayramı şənlikləri üçün hazırlanan tamaşada Küpəgirən qarı obrazı olub. Rejissorların diqqətini cəlb edən aktrisa sonradan burada qocaman səhnə ustalarından teatr adlanan sənət ocağının məziyyətlərini və səhnə texnikasını öyrənməyə başlayıb. Bir il fəaliyyət göstərdikdən sonra baş rejissor Zülfüqar Abbasov gənc aktrisanın daha da həvəsləndirilməsi məqsədilə ali dərəcənin verilməsi haqqında qərar qəbul edib. Səhnədə o, respublikanın xalq artisti Ella Yaqubova, mərhum əməkdar artist Nisə Rzayeva həmçinin İsa Alimov, İldırım Cabbar, Zülfü Məmmədov, Afət Əliyeva ilə ilk tərəfmüqabilləri olaraq uğurlu çıxışlara imza atıb. Aktrisa fəaliyyəti dövründə bir çox rejissorlarla birgə işləyərək maraqlı obrazlar yaratmağa müvəffəq ola bilib. Belə ki, “Eşqintiqamda Xalisə, “Mən Sabah müəlliməmi sevirəm”də Zümrüd xanım, “Məhv olmüş gündəliklər”də Ana, “Ağıllı dovşanda Bayquş, “Məkrli məhəbbət”də Nazirin qızı, “Qırmızı papaqda Ana,“Pul düşkünü Hacı Fərəc”də Pakizə, “Bayramın birinci günü”də Qulluqçu, “Subaylarınızdan görəsiniz”də Səlimə, “Dovşanın ad günü”də Kirpi, “Mən, nənəm, İlikoİllarionda Nənə,“Min bir gecə”də Hərəm ağası, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”da Ziba xanım, “Müfəttiş”də Anna Andreyevna, “Bir eşqin nəticəsi”də Maral xanım, “Odunçunun nağılı”da Qarı, “Nənələr ərə gedir”də Sərvinaz surətləri aktrisanın maraqla baxılan obrazlarındandır.

Elmira İbrahimova səhnədə oynadığı sadə obrazlarda da mürəkkəb və maraqlı xarakterik cəhətləri qabarıq şəkildə təqdim etməyi bacaran aktrisa kimi diqqət mərkəzində olmağı bacarır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, obrazlarında səhnə çılğınlığını emosional zərifliklə ahəngdar bir şəkildə böyük ustalıqla təqdim edən aktrisa ifa etdiyi rolların əsas ağırlıq mərkəzini həssaslıqla müəyyənləşdirməyi bacaran və onları hər zaman duya bilərək püxtələşmişdir.

Geniş ampulaya malik bir aktrisa kimi Elmira İbrahimovanın səhnədə yaratdığı obrazlar öz həyat mövqeyi, xarakteridünyagörüşü etibarı ilə bir-birindən kəskin şəkildə fərqlənə bilir. Obrazların daxili aləminə nüfuz etmək, incə ştrix eləcə də detallar vasitəsilə onun əsərdəki yerinirolunu, habelə tamaşanın ümumi qayəsini daha dəqiqliklə göstərməklə tamaşaçıya aydın bir şəkildə təqdim edilməsini bacarmaq həmçinin obrazların açılmasına nail olmaq gücü eləcə də çevik plastika bir aktrisa kimi məhz Elmira İbrahimova yaradıcılığını səciyyələndirən əsas amillərdəndir.

Bu gün səhnədə uğurla tamaşaçı auditoriyasına təqdim olunan hər bir obrazları üçün sənət dostları ilə birgə onunla işləyən rejissorlara da böyük minnətdarlıq hisslərini bildirən aktrisa deyir: “Səhnədə hər bir rejissorla işləmək mənim üçün xoşdur. Çünki bu rejissorların hər biri mənim üçün böyük bir yaradıcılıq yolu deməkdir. Həm də bu rejissorlarla işlədikcə yeni-yeni quruluşlarda püxtələşmək əsas şərtlərdəndir. Bu illər ərzində Zülfüqar Abbasov, İsa Alimov, Günay Səttar, İradə Gözəlova, Ağaxan Salmanov, Sərvər Əliyev, Bəhram Osmanov və Xəzər Gəncəli kimi Azərbaycan teatrının tanınmış rejissorları ilə işləmək xoşbəxtliyi taleyimə nəsib olub. Bu şəxslərin hər birinin öz dəsti-xətti var. Bu kimi rejissorlarla işləməkdən hər zaman böyük zövq almışam. Həm də elə onların sənət məktəbindən bəhrələnə bilmişəm”.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində aktrisa Elmira İbrahimovanın ifasında iki obrazı mənim də diqqətimi cəlb edib. Belə ki, gənc yazıçı-dramaturq Pərvinin F. Bulyakovun eyni adlı pyesindən bəhrələnərək qələmə aldığı “Nənələr ərə gedirdaramatik komediyası maraqla izlədiyim quruluşlardan biridir. Pərdə açılar-açılmaz səhnədə böyük bir coşqu, hərəkət və dinamika hiss olunmaqdadır. Hadisələr bir məkan çərçivəsində müalicə və istirahət sanatoriyasının palatasında cərəyan edir. Bu palataya dörd fərqli taleli qadınlar 21 günlük müalicə və istirahətə gəlməklə həyatlarında baş verən hadisələri bir-birilərinə nəql edir, özlərinin həyata olan baxış eləcə də maraq dairələrini nümayiş etdirməklə məşğuldurlar. Xatırladım ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Bu tamaşada maraqla izlənilən obrazlardan biri də Sərvinazdır. Sərvinaz aktrisa Elmira İbrahimovanın təqdimatında 67 yaşında olan bir qadın, heç vaxt ailə qurmayan, ömrünü bacısı uşaqlarına həsr edən, həyatda iddiasız, sakit, təmkinli və bir qədər də sevgi macaralarından uzaq təxəyyülə malik bir obraz kimi göstərilir. Sərvinaz aktrisa Elmira İbrahimovanın baxışlarında sülhsevərdir. O, hər zaman yarana biləcək münaqişələri tez həll etməyə çalışır. Xarakterində bir az da yumor hissləri mövcuddur. Sevgi macaralarından söhbət düşərkən xarakterində olan yumor hissi aktrisanın məharətli oyun tərzi ilə səhnədə daha da qabarıqlaşdırılır və maraqlı detallarla tamaşaçıya təqdim olunur.

Hər zaman müasir olan Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası Mingəçevir Teatrının səhnəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəlinin quruluşunda tamaşaçılara yeni səhnə traktofkası ilə təqdim edilib. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır və hətta bu qorxu digərlərinə də sirayət etməkdədir. Pərdə açılarkən səhnə böyük bir izdihamla nümayiş olunur. Sanki hər kəs öz işində imiş kimi görünməyə çalışır. Xanın ətrafı və yalanlarla dolu bir dünya. İlk andaca rejissor hər bir obrazı süjet xəttinə uyğun olaraq təqdim edir, səhnədə obrazlar daha canlı və dolğun görünür. Hər dəfə səhnədə maraqla baxılan obrazlardan biriZiba xanım obrazı diqqəti cəlb edir. Quruluşçu rejissor Xəzər Gəncəli məhz Ziba xanım obrazını traktofkasında maraqlı ştrixlər fonunda təqdim edə bilir. Belə ki, Şölə xanımın fitnə-fəsadının fonunda Ziba xanımın həqiqətləri üzə çıxarmaq istəyi obrazın daxili aləminin açılmasına kömək edir. Ziba xanım obrazını aktrisa Elmira İbrahimova səhnədə hadisələrin gedişatında hər zaman diqqət mərkəzində saxlaya bilir. O, Mirzə Həbibə baş verən hadisələrin dürüst formada çatdırılmasına çalışsa da Şölə xanımın fitnə-fəsadı buna imkan vermir. Mirzə Həbib isə cavan və gözəl olan Şölə xanımın bu fitnə-fəsadı qarşısında çox acizmisgin görünür. Aktrisa Elmira İbrahimova maraqlı ifası ilə böyük ustalıqla rejissor tərəfindən ona tapşırılan obrazın mahiyyət etibarı ilə daha dəqiq ştrixlərlə çatdırılmasına müvəffəq ola bilir.

Gərgin axtarışların zəminində aktrisanın ömür yolu və yaradıcılığına nəzər salarkən bir daha aydın olur ki, o, bəziləri kimi ucuz şöhrət naminə heç zaman paytaxt teatrlarına qaçmayıb. Əksinə, aktrisa Elmira İbrahimova doğma səhnəyə sadiq qalaraq öz fəaliyyətini burada davam etdirib. Qeyd etməliyəm ki, aktrisanın səhnədə hər zaman aydın və səlist diksiyası, ölçülü-biçili səhnə davranışı maraqla qarşılanır. Elmira İbrahimova hər zaman yaradıcılıq ustalığını artırmaq, bu sənətin sirlərinə daha dərindən yiyələnmək, öz dəsti-xəttini tapmaq üçün mütəmadi olaraq çalışır, yeni-yeni axtarışlar aparır. Onun bir aktrisa olaraq bu çalışqanlığı rejissorların diqqətindən yayınmır, ona tədricən daha ağır və çətin rollar həvalə edilir. İstər Azərbaycan, istərsə də dünya dramaturgiyasının ən sanballı nümunələrinin səhnə təcəssümündə təcrübəli bir aktrisa kimi öz töhfəsini verməyə çalışan Elmira İbrahimova bir-birindən maraqlı və yadda qalan obrazlar qaleriyası yarada bilir.

Aktrisa ötənləri xatırladıqca isə bu sənətə gəldiyim üçün çox peşmanam deyir: “Mən 18 ildir ki, Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Bir çoxları teatrımızın ağrılı-acılı günlərində sənəti qoyub 20 il bu teatrdan uzaqlaşdılar. Başqa-başqa işlərin dalınca qaçdılar. Sonradan teatrımızın yenidən uğurlarını görüb bir daha səhnəyə qayıtdılar. Maraqlıdır ki, onlar qayıdan kimiçox tez qiymətləndirildilər. Demirəm ki, onların da zəhməti yoxdur. Əsla. Ancaq bizim niyə zəhmətimiz layiqincə bu gün qiymətləndirilmir? Mən heç zaman doğma teatrımızı qoyub digər teatrlarda çalışmaq üçün can atmadım. Bütün əziyyətlərə qatlaşdım. Ancaq… Təəssüf… Bu günədək layiqincə dəyər görmədim. O üzdən də artıq səhnədə obrazları belə oynamaq istəmirəm. Laqeydliyi görüb səhnəyə belə çıxmaq istəmirəm”.

 

Anar Bürcəliyev

 

rriyyət.- 2019.- 5 yanvar.- S.13.