Şeirləri qəmli, gəncliyi XX əsr

dönəmli Vaqif  Bəhmənli

 

Mən Vaqif Bəhmənli ilə tanış olanda hələ bizim 30 yaşımız tamam olmamışdı. Ordubaddan Bakıya gələndə “Sovet kəndi” qəzetinin adında olan “kənd” sözünü özümə o cümlədən bütün kəndçilərə ( kəndlilərə) məhrəm bilib, doğma qapılardan biri kimi onun qapısını döydüm və o vaxt həmin qəzetdə şöbə müdiri işləyən, əvvəl qonaqdanqaçan, sonra isə başçılıq etdiyi şöbənin qapısını açan hər bir kəsi də öz yaxınlarının sırasına qatmağa çalışan və bu günün daha çox məhşur olan şairlərdən biri sayılan Vaqif Bəhmənli ilə tanış oldum. Həm də onun yanına elə belə getməmişdim, məni ora qayğıkeş insan, dövrünün sayılıb – seçilən şairlərindən biri, mənim isə ən əziz dostlarımdan biri, Səyavuş Sərxanlı göndərmişdi. Mən Vaqif Bəhmənli ilə görüşəndə, deyəsən onun yalnız bir, yaxud iki kitabı çap olunmuşdu. Çünki mən onunla ikinci dəfə görüşəndə o özünün yenicə çapdan çıxan “Bar ver ümid ağacım” ( 1983) şeirlər kitabını yazıb müəllif payı kimi mənə təqdim etdi. O vaxtdan bu günə qədər demək olar ki, Vaqif Bəhmənlinin bir neçə kitabı ilə tanış olmuşdum. O kitabdakı şeirləri oxuyanda elə başa düşürdüm ki, Vaqif müəllimlə həmişə bir yerdə olmuşam, onun qələmə aldığı şeirlərdən süzülən sevinc və kədəri, qəmi və qüssəni, mən də onunla birlikdə yaşamışam.

 

Bügünkü görüşümüzdə isə ( 08.01.2019) Vaqif müəllimin mənə avtoqraf yazıb verdiyi sonuncu kitabından öyrəndim ki, onun kitablarının sayı, deyəsən, 50 – ni haqlamaqdadır.

“Qansız savaş” ( “Renesans - A”, Nəşriyyat evi – 2019) adlanan, 400 səhifədən ibarət olan şeirlər kitabı müəllifin özünün də aldığı ve heç bir yerdə çap olunmayan və ilk dəfə bu kitaba daxil edilən şeir və poemalardan ibarətdir. Kitabın ön səhifəsində müəllifin şəklinin altında verilmiş:

Barmaqla sayılardım bu xırman ölkədə mən,

Vaxtını çox apardı içi dən olmayanlar

Məni mənə çatdıra bilərdim, bəlkə də mən,

Məni məndən elədi, məndə mən olmuyanlar.

bəndini oxuyanda Vaqif Bəhmənlinin yaşadığı bu 64 ildə onun necə insanlarla qarşılaşdığı, hansı hisslər keçirdiyi, insanlıq ( əsl insani xüsusiyyətləri) inkişafına buxov olan, ömrünün ən gözəl günlərini və anlarını “məndə mən olmayanlar” a sərf edən, özünü özünə çatdıra bilməyən insanın geniş tərcümeyi halı kimi verdiyi bu bənddə onun çəkdiyi əzab əziyyət, ədəbiyyat yanğısı şəlalədən tökülən su kimi ətrafa yayılan parlaq damlalarının şahidi olursan.

Bu bəndi oxuyandan sonra əziz şairin ilk dəfə “Azərbaycan” jurnalından aldığı 100 manat ( bu məbləğ o zaman çox böyük məbləğ hesablanırdı) qonorar bir günün içində küləyə verib evə qayıtdıqdan sonra keçirdiyi hissləri gözlərinin baxışmasında canlandırırsan.

Şairin – “ 64 yaşlı ifallı uşağın” kitaba “Proloq” ( səh.5) əvəzi daxil etdiyi beş bəndlik şeiri oxuyanda şairin heç bir bənzətmədən istifadə etmədən “Ananı Allahdan önə çəkməsi, insanın ( eyni zamanda insanlığın) yaradıcısı olan, ömrünü şam kimi yurdun (ümumilikdə bütün yer kürəsinin) gələcək sahiblərinin yolunda əridib, onları min bir əziyyətlə boya başa çatdıran, biz yaşda olan uşaqlığının bütün ağırlığını o vaxtlar çiyinlərində daşıyan eyni zamanda taxıl biçən, pambıq yığan, laylası dünyanın bütün müsiqilərindən qəlboxşayan olan Ərəbzəngi qüdrətli Leyli timsalı analar göz önünə gəlir. Proloqun birinci bəndində yazılır:

Yaşım bircə an yaşında,

Canım sudu, bir də ki qan...

Hamı çəkilsin başımdan ,

Bir mən qalım, bir də anam!

Şair ananı tərifləmir, digər formada bədii təsvir və ifadə vasitələrindən istifadə etmir. Cəmi ikicə misradır:

Hamı çəkilsin başımdan,

Bir mən qalım, bir də anam – deyir.

Bu misraları oxuyanda görkəmli dramaturq Cəfər Cabbarlının:

Ana! Ana! ...O adın qarşısında bir qul tək,

Həmişə səcdədə olmaq mənə fəxarətdir

Onun əliylə bəla bəhrinə yuvarlansam belə,

Yenə xəyal edərəm bəzmi istirahətdir.

Yaxud:

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

-Ana...! Ana... Sənə mən rahibəm itaətdə

misraları yada düşür.

Kitabın proloqunun ikinci bəndində deyilir

Cənnət qabarır döşümdən

Körpə qanmaz nədir günah...

Hamı çəkilsin başımdan

Bir mən qalım, bir də Allah...

Şair Ana ilə Allah obrazları haqqında heç nə söyləmir. Şeirin misralarındakı sıralanma insana kimin daha yaxın olduğunu dolayı yolla başa salır. Digər tərəfdən, obyektiv aləmlə daha yaxından səsləşən bir müqayisə aparır. (Doğurdan da elədir, insan dünyaya gələndən sonra hər şeydən əvvəl ana qoxusunu duyur, ana laylasına uyuyur. Bir sözlə onu tanıyır)

Öz uşaqlıq illərini yada salıb onu şirəli sətirlərə çevirən Vaqif Bəhmənlinin şeirlərini oxuduqca öz uşaqlıq illərimi ( Bəlkə də bütün oxuyanlar mənim kimi...) göz önünə gətirdim

Bugda növbətində sümük uyutdum, un oldum

Yenə də ölmədim fələk!

Ömrümü hərləyib uşaq böyütdüm,

Özümü böyüdə bilmədim fələk!

6 – 7 yaşlarında olanda rəhmətlik anam (qəbri nurla dolsun) səhrəbanı ilə dəyirmana atladən apardığımız gözlərim qarşısında canlandı ( Kədəri qəlbimdə qövr elədi).

Vaqif Bəhmənli yeri gələndə ürəkdən gülməyi, yeri gələndə ciddiyəti qılınca çevirən, yeri gələndə isə Füzuli misralarına dönən şairdi. Ancaq nə qədər deyib – gülsə də, nə qədər ürəkdən gülümsəsə də onun gözlərinin dərinliyində:

Atamı əlimdən apardı daşqın

Gördüm ki, dörd yanım sıldırım daşdı.

Allahın əlindən tutmaqdan başqa ,

Varmı ikinci bir çarəm ... düşündüm

(xatırat, səh.19)

misraları oxunur. Çünki insan illər çox şeyi yaddan çıxarsa da bəzi şeyləri heç vaxt unuda bilmir. Lakin insan heç zaman evin Allahı sayılan ata itkisini, öz yolunda çəkilən Ana əzab - əziyyətini, ana təlaşını unutmaq bir yana, heç oləzidə də bilmir. Külək körükləyən közlü ocaq kimi hərdən səngiyir, hərdən də alovu ərşə dirənir.

Şeirlərinin məzmunundan da görünür ki, şairin uşaqlıqda çəkdiyi əzab - əziyyəti, qəlbinə vurulan yaraları “türməyə basılsa da onlar yenə də öz təsirini azaltmır, yanğısı öləzimir”. Bütün bunları şair dörd misra ilə aşağıdakı formada ifadə edir:

Cəza çəkməlidi günahı olan-

Türməyə basıram yad günlərimi

Ömrümü qanunla verirəm yola

Belə keçirirəm ad günlərimi.

(Ad günü, səh. 22)

Şeirin məzmunundan görünür ki, şair hər ad günü keçirəndə uşaq yaşlarında yaşadıqları kino lenti kimi gözlərinin qarşısından gəlib keçir. (Gərək şair ogünləri türməyə atmağa can atmıyaydı. Çünki “türmə” həyatı müəyyən zaman kəsiyidi. Bəlkə də “Tonqallar atsaydı yad günlərini” o günlərin yaşantılarından daha uzaq olardı)

Şair dərdi dəryadır, nə azalası, nə də quruyasıdır. Hər bir şəxs şairi xoşbəxt sayır: adı, sanı, pərəstişkarı, təbliği, oxucuları, ali mükafatları. Bu doğurdan da belədir. Çünki, Vaqif Bəhmənli bu qədər şan – şöhrətin, ad – sanın, dost tanışın içində yenə də gəncliyinə qədər yaşadığı kədər və iztirabdan, acı yanğıdan bir addım da uzaqlaşa bilmir. Üzündə olan o gülüşü,duruşunda olan vüqarı, cavabında olan şirinlik və səmimiyyəti, qəlbndə yaşayan acıların üzərinə çəkilən örtüyə çevrir və yazır:

Hər kəs məni xoşbəxt bilir!

Xoşbəxtəm, əlbəttə,

Çünki heç bir kimsənin,

Mənim qədər dərdi yox. ( Fərqli baxışlar, səh. 36)

Bu gün hər bir kəsə nəsib olmayan şöhrəti, qara meşinli kreslosu, qarşısında gözətçisi olan iş yeri, sözü hər yerdə söz hesab edilən bir kəsin qəlbindəki dərdin böyüklüyü ilə fəxr etməsi onun, böyük şair babamız Məhəmməd Füzuliyə yaxınlaşdırdığı qədər də, bu gün də çox qazanmaq eşqi ilə yaşayan, var – dövləti başdan aşan, gündəlik qaz vurub, qazan dolduran günün qəhrəmanları ilə ziddiyət təşkil edir.

Var üçün varlığını vara çevirənlərin əksəriyyət təşkil etdiyi bir dövrdə, insanlığı uca tutub, vicdanı dilə gələn insanlar, bəlkə də , tək təkdir. Tək – tək olsa da var. Var olmasaydı bu misralar heç zaman qulağımıza gəlib çatmazdı:

Başım ağrıyır ... Niyə?

Dişim ağrıyır ... Niyə?

Qolum, qanadım, dizim,

Hər yanım ağrıyır ... Niyə?

Hər şey cəhənnəm, üstəlik,

Vicdanım ağrıyır ... Niyə?

Yaşadığımız dövrdə bu ağrı, hər kəsə qismət olan “xoşbəxtlik” deyil. Bu xoşbəxtlik yalnız elin varını öz var dövləti, xalqın dərdini öz dərdi sayan bəxtəvərlərə nəsib olan xoşbəxtlikdir. Əgər bu “vicdan ağrısı” xoşbəxtliyi hər kəsə qismət olsaydı, nə Suriyada qanlar tökülər, nə İraqda “bomba əkilər” nə də körpələrin yuxusu ərşə çəkilərdi.

Vaqif Bəhmənli hər kəsin ömrünü bir nağıla bənzədir. ( Doğurdan da belədir) Ancaq o bu nağılların sonunu uydurulmuş nağılların sonu kimi alma payı gətirənhesab etmir. O öz nağıl ömrünü pozulmuş bostana bənzədərək yazır:

Üç alma – puç alma... o sonluq deyil,

Nağıla baxanda dastandı Vaqif

Meşə onluq deyil, dağ onluq deyil,

İlbəil talanan bostandı Vaqif ... (Səbzəli şeir, səh. 41)

Yəqin şair bilməmiş deyil ki, göy guruldaynda çaxımı, bostan talananda toxumu, Vaqif Bəhmənlinin izlərinin arxasında isə əbədi olaraq coşub çağlayan şeir axını qalır.

Ömrünün əsas hissəsini şəhərdə yaşayıb yaradan şair sanki kəndçi ( kəndli) sadəliyini itirməkdən qorxur, qorxur ki, arzuldığı keçidləri kimi hasara alına , şəhərin hamımızın uşaqlıqdan can atdığımız, eşqi ilə yaşadığımız , arzularımızda gerçəkləşəcəyi ünvan olan baş kəndimizin qadağalarına qurban gedə. Belə olmasaydı o:

Çölüm od, içimdə Günəş parlamaz

didilir dırnağım asfalt çəməndə

Hanı nənəm, babam, hanı tarlamız –

axı kəndçilikdən nə qalıb məndə ( şəhərli kəndçi, səh. 43)

Ancaq onu da bilir ki, bu gün qəlbində yaşatdığı alçaqkönüllülük, insana və insanlığa qayğı, qaqşısındakı ilə səmimi rəftar... bunların hamısı kəndin tör - töküntüləridir. Görkəmli mərhum şairimiz Səyavuş Sərxanlı nahaq yerə dememişdir ki:

Qoy böyük şəhərlər qürrələnməsin,

Hamısının atası – anası kənddir.

Vaqif Bəhmənli bir Ər kimi ailəyə, uşağa bir şair kimi, Vətənə, torpağa, yurda, bir zamanlar ərazisi 410 min km2 olan Azərbaycana – Türk yurduna bağlı şairdir. O, bu hisslərlə yaşamasaydı, bu sevgini qəlbində daşımasaydı:

Təbrizə baş çəkdim, Qarsı dolandım –

qalmağa yer hanı görumdan başqa?

Dünyada nə qədər gözəl var, qandım,

hamısı nağıldı ... birindən başqa ( Başqa, səh. 45)

bilmirəm haradan oxumuşam, ancaq onu oxumuşam ki, şairlər kimlərdən sonrasa ikinci yerdə dayanırlar. Bu cür uğura qane olmayan səmimi şair Vaqif Bəhmənlinin Tanrıdan başqa bir xahişi də var ki, bu xahiş hər kəs yox, yalnız Tanrının seçdiyi bəndələri – seçilən bəndələr ondan xahiş edə bilərlər və deyə bilərlər ki:

Tanrım, günahımdan keç,

hesab et ağıldan kəm...

Öləndən sonra da heç

mən ölmək istəmirəm! ( Xahiş, səh.87)

Ola bilsin ki, gözəl şeirlər və poemalar müəllifi, səmimi insan, sadiq ər, qayğıkeş ata, 65 illik bir ömrün bir addımlığında dayanan Vaqif Bəhmənlinin Tanrıdan etdiyi bu xahişə heç ehtiyacı da yoxdur. Tanrı xahişsiz, filansız o heç bu cür hissləri yaşamaq iqtidarı olmadığı dövrdə onun bu istəyini yerinə yetirmiş ona odlu ürək, coşqun təb, səmimi çöhrə və heç zaman tükənməyən zəngin yaradıcılıq pay bölümüdür ki, bu pay əbədiyyətə qədər paylanacaq və paylandıqca bu Tanrı payının arxasında da Vaqif Bəhmənli imzası yaşayacaqdır. Bir ailəyə, bir yurda, bir ölkəyə, bir xalqa baş ucalığı və şöhrət gətirə bilən şair Vaqif Bəhmənli imzası.

 

Sərdar Zeynal,

Şair, Filologiya üzrə elmlər doktoru,

Azərbaycan Yazıçılar Birliyi və

Azərbaycan Jurnalistlər birliklərinin üzvü

 

Hürriyyət.- 2019.- 22 yanvar.- S.10.