“Biz də düşmənlə mübarizə aparan əsgərik…”

 

Pensilvaniyada musiqi sənəti üzrə doktorluq dərəcəsi alan soydaşımız Azər Dəmirov: “Azərbaycanla bağlı həqiqətləri təkcə sözlərlə deyil, musiqi və mədəniyyət vasitəsi ilə də çatdırmaq çox xoşdur

 

 “ABŞ rəhbərliyi ilə əlaqələrin düzgün səviyyədə qurulması üçün çox səy və zaman lazımdır. Amma onu da qeyd etməliyəm ki, ABŞ dövlət struktlarında, siyasi həyatda və digər mühüm vəzifələrdə iştirak edən azərbaycanlılar  var. Artıq bir həmyerlimiz Pentaqonda çalışır, digər biri isə qanunverici orqana namizəddir”

 “Mənfur qonşularımız başqalarını və özlərini Qarabağın onlara məxsus olduğunu nə qədər inandırsalar da, eyni zamanda Azərbaycanın mədəni və tarixi abidələrini bilərəkdən məhv etsələr də, həqiqət Azərbaycanla qalıb, qalır və daima qalacaq”

44 günlük müharibə bütün dünyadakı ermənilərə, eləcə də uzun illər ərzində ədalətsiz mövqe tutan, Azərbaycan torpaqlarının işğalına göz yuman, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri heçə sayan dairələrə bir dərs oldu. “Hürriyyət”ə müsahibə verən ABŞ-da yaşayan həmyerlimiz Azər Dəmirov ordumuzun tarixi qələbəsinin ermənilərin “qədimliyi”, “tarixi” və “yenilməz” ordusu haqqında olan miflərini ifşa etmiş olduğunu deyib.

On iki ildir ki, ABŞ-ın Pensilvaniya ştatının Flodelfiya şəhərində yaşayan soydaşımız Azərbaycanla bağlı həqiqətləri təkcə sözlərlə deyil, musiqi və mədəniyyət vasitəsi ilə də çatdırmağın lazım olduğunu bildirib:

Azər bəy, ilk olaraq oxucularımıza özünüz haqqınızda məlumat vermənizi xahiş edirik.

– Mən peşəkar skripka ifaçısıyam. Bu sənət üzrə doktorluq dərəcəsi almışam. Eyni zamanda, beynəlxalq müsbiqələr laureatıyam. Rusiyada anadan olmuşam. Hazırda ABŞ-ın Pensilvaniya ştatının Flodelfiya şəhərində yaşayıram. Orda sənətimlə məşğul olur və işləyirəm.

– Neçə ildir Flodelfiyada yaşayırsınız?

– Pensilvaniya ştatının Flodelfiya şəhərində on iki ildir ki, yaşayıram. Məni Amerika Birləşmiş Ştatlarına gətirən bir neçə amil var: Həm sənət, həm də texniki baxımdan bacarıqlarımı inkişaf etdirmək və Azərbaycanın mədəniyyət maraqlarını təbliğ etməkdir. Bu il dissertasiyamı uğurla müdafiə etdim və musiqi sənəti üzrə doktorluq adını qazandım. Hazırda Temple Universitetində professor E.Scgmiederin assistentiyəm. Mən özümü çox şanslı hesab edirəm. Ona görə ki, Carnegie Hall və digər tanınmış konsert xorlarında həm solist, həm də kamera ansamblının musiqiçisi kimi çıxış etmişəm.

Azərbaycandan kənarda milli dəyərləri qorumaq, ailə qurduqdan sonra övladları bu ruhda tərbiyə etmək çətindirmi?

– Valideynlər uşağın vətənpərvərlik hissinin inkişafında böyük rol oynayır. Düşünürəm ki, tarixi Vətəndən uzaq olan uşağın böyüməsinə balanslı bir yanaşma olmalıdır. Məsələn, Azərbaycan cəmiyyətində ağsaqqala kobud bir söz kimi qəbul olunan “sən” deyə müraciət etmək, burada əvəzliyin olmadığı ingilis dilinin xüsusiyyətləri səbəbindən tabeçiliyə riayət etmək və tanışlıq arasındakı sərhədlər avtomatik olaraq silinir. Flodelfiyada yaşayan bir çox azərbaycanlı ailəsini tanıyıram və demək istəyirəm ki, onların əksəriyyəti uşaqlarına Azərbaycana və onun mədəniyyətinə sevgi aşılayır. Bu, əlbəttə ki, çox sevindiricidir.

– Flodelfiyada nə qədər azərbaycanlı var?

– Bildiyim qədəri ilə, təxminən 50-yə yaxın azərbaycanlı ailə yaşayır. Səhv etmirəmsə, Texas ştatında ən böyük Azərbaycan diasporası yerləşir.

– Flodelfiyada digər cəmiyyətlərlə əlaqələriniz necədir?

– Hər kəslə isti və mehriban münasibətlər qururuq. Çox vaxt hamımız birlikdə bayramları qeyd edirik. Hava əlverlişli olan zamanlarda isə piknikə də yığışırıq. Flodelfiyadakı hava demək olar ki, Bakı havası  ilə eynidir. Yayda çox isti, payızda isə güclü küləklər olur. Şəhərin tərtibatı elə qurulub ki, çaydan gələn külək bütün şəhəri keçir.

Flodelfiyadakı gündəlik həyat da Nyu-Yorkdan daha sakitdir. Heç kim, heç yerə tələsmir. İnsanlar yalnız həftənin beş gününü işləyir. Şənbə və bazar günləri isə ən çox gözlənilən həftəsonu günləridir.

Kənardan gələnlər üçün qazanc mənbələri varmı?

– Burada pul, əlbəttə ki, ağaclarda bitmir (gülür). Flodelfiyada işi həmişə tapmaq mümkündür.

– Digər ştatlarda yaşayan azərbaycanlılarla əlaqəniz necədir?

– Digər ştatlarda olan azərbaycanlılarla çox yaxşı və peşəkar münasibətlərimiz var. Pandemiya dövründə texnologiya və sosial şəbəkələr sayəsində musiqiçilərlə iş birlikləri, müxtəlif şəhərlərin diaspora təşkilatlarının nümayəndələri ilə video konfranslar baş tutdu. Habelə, Azərbaycanın ABŞ-dakı səfəri hörmətli Elin Süeymanovla iyul və sentyabr-noyabr aylarında baş verən son hadisələrin vəziyyəti ilə əlaqədar, diplomat dilində desək saatları sinxronlaşdırmaq üçün icmanın görüşləri keçirildi. Qeyd etmək istəyirəm ki, həm ABŞ-dakı səfirimiz Elin müəllim, həm də Azərbaycanın Los-Angelesdəki konsulu Nəsimi Ağayev Azərbaycan cəmiyyəti ilə çox böyük və səmərəli işlər aparır və Azərbaycan mədəniyyətinin təbliğinə səmimi maraq göstərirlər. Onların köməyi ilə musiqiçi kimi dəvət olunduğum bir neçə tədbir təşkil edilib. Xarici ictimaiyyətə Azərbaycanla bağlı həqiqətləri təkcə sözlərlə deyil, musiqi və mədəniyyət vasitəsi ilə də çatdırmaq çox xoşdur.

– Say etibarilə azərbaycanlılar çoxluq təşkil edir, ya ermənilər?

– İnsan sayına görə təbii ki, ABŞ-dakı erməni əhalisi azərbaycanlılardan çoxluq təşkil edir. ABŞ-da 500 minə yaxın erməni yaşayır. Bu rəsmi rəqəmlərdir. Ən böyük diaspora təşkilatları isə Kaliforniya və Massaçusest ştatlarında yerləşir.

Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?

  Bizim möhtəşəm tarixi mədəniyyətimiz var. Artıq, dediyim kimi, sosial şəbəkələrdə ermənilərin, qərəzli hakimiyyət orqanlarının və KİV-lərin bir çox təxribata əl atmasını müşahidə edirik. Eyni zamanda, ermənilər bir çox tarixi faktlarımızı təhrif etməyə çalışır. Hazırda, azərbaycanlılar sosial şəbəkələrdə aktiv rol oynayır və düşmənə operativ cavab verir.  Bu baxımdan, sosial şəbəkələr təbliğat işində mühüm rol oynayır. Üç ay bundan öncə Facebook sosial şəbəkəsində dostum Jeffrey Werbockla  birlikdə ifa etdiyimiz Qarabağ şikəstəsini paylaşım etmişdim. Buna baxmayaraq, mənfur qonşularımız faktları təhrif etməyə başladı. Facebook istifadəçilərindən biri şübhəli məlumatların mənbəyi olan Wikipedia-ya istinad edərək, Qarabağın, “müstəqil respublika” olduğuna dair bəzi mifik həqiqətlərə istinad etdi. Ancaq etibarlı və rəsmi məbələrdən gətirilən faktlardan ibarət layiqli bir cavab oldu. Bu cavabla Qarabağla bağlı yalanlar yaymağa davam edən düşmənə bir başa zərbə endirilmiş oldu. Son hadisələr göstərdi ki, ermənilər tərəfindən həm cəbhə xəttində, həm də erməni diaspora nümayəndələrinin etnik zəmində xaric ölkələrdə yaşayan azərbaycanlılara qarşı təşkil etdikləri təxribatlar və aqressiyalar, bir daha onları bütün dünya ictimaiyyətinə dözümsüzlük “mədəniyyətinin”  nümayəndələri olduğunu təqdim etdi. Bizim mənfur qonşularımız başqalarını və özlərini Qarabağın onlara məxsus olduğunu nə qədər inandırsalar da, eyni zamanda Azərbaycanın mədəni və tarixi abidələrini bilərəkdən məhv etsələr də, həqiqət Azərbaycanla qalıb, qalır və daima qalacaq. Çünki əlimizdə Azərbaycanın ölməz muğamı və ənənəvi musiqi mədəniyyəti var. O musiqi ki, bir neçə əsrlər boyu daha da mükkəmməlləşir və erməni vandallarına qarşı mübarizdəki silahımızdır. Biz də düşmənlə mübarizə aparan əsgərik. Lakin hərbi formada olmayan.

Ordumuzun, dövlətimizin əldə etdiyi qələbə ilə bağlı düşüncənizi bilmək istərdik.

– Məntiqi nəticəsi olan daxili müharibə və Azərbaycanın xeyrinə başa çatan qələbə bütün dünyaya bizim ədalətli yolda olduğumuzu bir daha sübut etdi. Bu, gec, ya tez baş verməli idi. Bu müharibə zamanı xalqımızın yumruq kimi birləşməyinə və bu yumruqla erməni təcavüzünə, vəhşiliyinə sarsıdıcı zərbə vurduğunu görəndə çox sevindim. Azərbaycan ordusu erməni ordusunu məhv etməklə yanaşı,  humanist  yanaşmasını da təqdim etdi. Bu da öz növbəsində ermənilərin “qədimliyi”, “tarixi” və “yenilməz” ordusu haqqında olan miflərini ifşa etmiş oldu. Yəgin ki, dediyim sözə təəccüblənəcəksiniz… Amma 2004-ci ildən bəri Azərbaycanla bağlı xəbərlər oxuyuram. Niyə 2004-cü il?… Çünki o zaman internetə çıxış imkanım oldu. Və 16 il ərzində cənab Prezidentimiz İlham Əliyevin diplomatiyasının virtuozluğuna şübhə etmirdim. Əlbəttə ki, qalib gələn ordumuz və cəsur əsgərlərimizlə fəxr edirəm.

– Dövlət Diaspora Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansısa addımlar atılır?

– Diaspora Komitəsi, səfirlik və konsulluq xaricdə yaşayan azərbaycanlıların hüquqlarını qorumaq üçün çox səy göstərir. İyul hadisələri zamanı komitəmiz və diplomatik nümayəndəliklər Los-Angelesdəki erməni irqçilərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı fəal məşğul olmuşdur. Səhv etmirəmsə, üç erməni təcavüzkar həbs olundu.

Azərbaycanlılar ABŞ-ın siyasi-ictimai həyatında hansı səviyyədə təmsil olunur?

– Bildiyiniz kimi, Amerikadakı Azərbaycan diasporası yaxın zamanlarda formalaşıb. Düzdür, burdakı diasporamız çox gəncdir. Əlbəttə ki, ABŞ rəhbərliyi ilə əlaqələrin düzgün səviyyədə qurulması üçün çox səy və zaman lazımdır. Amma, onu da qeyd etməliyəm ki, ABŞ dövlət struktlarında, siyasi həyatda və digər mühüm vəzifələrdə iştirak edən azərbaycanlılar artıq var. Artıq bir həmyerlimiz Pentaqonda çalışır, digər biri isə qanunverici orqana namizəddir. Başqa sözlə desək, azərbaycanlılar dünyanın  hər yerində yavaş-yavaş güclənir.

 

YƏHYA

 

Hürriyyət.- 2020.- 1-2 dekabr.- S.14.