Səhnəmizin Nadir Hüseynovu

 

Dünyanın yaranışından bütün varlıqların öz rəngi və çalarları var. Təbiət buna görə gözəldir. Bu gözəlliyi duya bilənlər kübarlılıq zirvəsinə daha da ucalırlar. Özümlü olmağın sirri və gözəlliyi də bununla bağlıdır. İndi istənilən sahə üzrə minlərcə peşə mövcuddur. Yalnış bir sənət və peşə min illərdir dəyişməz olaraq qalır. Bu, səhnə danışığı və nitq mədəniyyətidir. Qədim yunan mədəniyyətinin əzəmətinin təməl prinsipi səhnə danışığı idi. İnsanlar nitq mədəniyyətini inkişaf etdirdikcə, əsil poeziya, fəlsəfə, estetika, millət olma, dövlətə çevrilməyə üz tuturdular. Alman filosofu Yohan Höte demişkən: “İstənilən cəmiyyəti həm yaradıcılıq, həm də dağıdıcılıq istiqamətinə yönəltmək çox asandır. Yaradıcılıq olan yerdə cəmiyyət və dövlət də inkişaf edir. Dağıdıcılıq sadəcə özgələrə deyil, həm də dağıdanın özünə daha çox zərər verir”. Səhnə mədəniyyəti də belədir. Ünlü bəstəçi Lüdviq van Bethoven kar olsa da, onun dahiliyi duyğularında idi. Məhz duyğuları sayəsində 250 ildən çoxdur bəstələri dünya səhnəsinin əfsanəsi kimi yaşayır.

 

Səhnə danışığı və nitqinin sirri

 

Nitq mədəniyyəti səhnə danışığı peşəsinin təməl prinsipidir. O, kimlərisə ovsunlamaq deyil, mənsub olduğun mədəniyyətə verilən dəyərdir. Ona görə də nitq mədəniyyəti cəmiyyətin bütün peşələrində çox vacib olan bir sahədir. Çünki, səsin ritmi, səslərdən yaranan ruh, ruhun səsə çevrilməsi sənətin və səhnənin, nitq mədəniyyətinin vacib hissəsidir. Bu mənada Azərbaycan nitq mədəniyyətinin tədrisində 45 ildir peşəkar kimi bu sahənin ustadlarından biri olaraq möhrünü təsdiq etmiş müəllimlər müəllimi, ustadlar ustadı Nadir Hüseynovdur. Ötən yüzilin 70-ci illərinin ortalarından bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığını tədris edən virtouz sənətkarımızdır. Onun yaradıcılığını fikrimizcə ayrıca tədqiq etmək və yeni nəsillərə çatdırmaq çox vacibdir. İllərin təcrübəsi və uğurları ilə zirvəsinə ucaldığı bu peşənin sirrini indi çoxları hələ də bilmir. Sənət sadəcə emosiya və duyğuların inikası deyil, o həm də bunu necə təqdim etməyin məkanıdır. Onun əlifbasını kim doğru-düzgün bilmək istəyirsə, o zaman Nadir Hüsenyovun məktəbini  keçməlidir. Nadir müəllim səhnə danışığına və nitq mədəniyyətimizə keçmişdən miras qalmış monoton nitqi, bayağıcasına hayqırmağı, saxta emosiya ilə aktyoru və tamaşaçını aldatmağın qarşısını alan bir sənətkardır. Səhnədə aktyorun səsinin özəlliyini, ritmini, intonasiyanın formasını, texniki baxımdan nəfəs almanın milli aktyorluq sənətimizdə ilk tətbiq edənlərdən biri Nadir müəllimdir. Dəqiq diksiya, səsin səsləndirilməsi, daxili etibar və inam, ifa etdiyin rola və ya mövzuya can vermək və onu ruha çevirmək, bənzərsizliyin palitrasını yaratmaq Nadir Hüseynov məktəbinin təməl prinsipidir.

 

Səhnə danışığının metodologiyası

 

İndi yaşadığımız XXI yüzilin ritmi ötən yüzilliklərdən çox fərqlidir. Belə bir dönəmdə nitq mədəniyyəti və səhnə danışığı texniki tərəqqinin həyatımızda daxil olduğu sürətlə eynilik təşkil etməlidir. Bu olmasa, nə aktyor sənəti yaşayacaq, nə də nitq mədəniyyəti. Bunun üçün də səhnə nitqinin öyrənilmə metodologiyası, nəfəsalma qaydalarının rəngarəngliyi və artikulyasiyanın inkişaf etdirilməsinə zamanın ritmi əlavə olunmalıdır. Ənənəvi monoton və patetik danışıq qaydaları, formalizmə xidmət edən bəsit nitq forması bu günün ritmi ilə uyğun gəlmədiyi üçün səhnə sənətinin müasirləşməsi də problemlərlə üz-üzə qalıbdır. Nadir Hüseynov məktəbinin təməli prinsipi məhz bu yenilikləri öyrənmək deməkdir. Şəraitin, metodun fəal olaraq analizi, distansiya texnologiyasına bağlı bilgisayar əsrində nitq mədəniyyətinin vacibliyinin dəyərini gündəmə gətirmək erudisiya ilə yanaşı, aktyordan və natiqdən mövzunun mifologemlərinin dərinliyinə qədər varması vacib şərtlərdir. Bəzən saxtakarcasına intellektual nitq mədəniyyəti dedikdə, obrazın məntiqini daxili gizlilikdə saxlayaraq, zahiri baxımdan ifadə metodunu əsas hesab edirlər. O zaman belə bir sual yaranır: “Əgər ifadə olunan sözdə, baxışda, duruşda, hətta səsdə ruh yoxdursa, deməli sənət sadəcə texniki vasitəyə çevrilmirmi?” Art ritorikada sənin səhnən deyilən bir anlayış var. Nadir Hüseynov məktəbinin sirri dodaqdan süzülən səslər, sözlər aktyorun gözü, baxışı, mimikası, bədən hərəkəti ilə tandem təşkil etmə qaydalarıdır. Bəzən sözün yerinə bir baxış, mimika, hərəkət və duruş daha dolğun ifadə edir hər şeyi. Buna bir anlıq durumun dramturgiyasını yaratmaq deyilir. Hər bir məqamın öz dramaturji bədii həlli yaradılanda sənət dəyər qazanır. Çünki, səhnənin sirri xarakterin tablosunun poetikasının ritmini yaratmaqdır. Onun diapozunun hansı məcrada olması o qədər   vacib sayılmır. Ellinizmdən miras qalmış hayqırtılara yer yoxdur. Eləcə də romantizm dövrünün pafoslu ibarələrini indi heç kimsə dinləmir. Klassizm artıq tarixdir. Bu günün ritmi və gələcəyə doğru yönələn cəmiyyət anlayışı ilə uzlaşan realizm naturalizmin bədii, estetik və poetik çalarların yaradılması indi daha çox tələb olunur. Bunun əsil səbəbi texniki tərəqqi ilə qoşa addımlamaqdır.

Ötən yüzilin ortalarında Kazım Ziya və Müxlis Cənizadə kimi müqtədir sənətkarlar nitq mədəniyyətinin təməllərini yaradıcılığın ayrılmaz bir parçasına çevirmişdilərsə, bu günün dəyərlərini ustad-pedaqoq kimi Nadir Hüseynov gətirmişdir. Bu, nitqin səhnədəki məntiqi ifadəsi deməkdir. Çağdaş aktyor üçün sənətin fəlsəfi məntiqi elə bu məcra ilə bağlıdır. Bartold Brext və Yeji Qratovskinin yaratdığı məktəblər demək olar ki, özünü təsdiq etmədi. Ona görə ki, insanlar əşya, robot, hansısa gəmi, araba və texniki avandanlıq deyil. Fiziki hərəkət səhnə üçün çox vacibdir. “Kasıb teatrdan incəsənətin yolu” deyə guya inqilab etmişdilər. Əslində yırtıcı kapitalizmin ideoloji konseptlərindən biri də sözdə sərhəd tanımayan, çox qazanc əldə etmək ehtirasları şərçivəsində sözün və insan ruhunu, duyğularını, sənətin poetikasını, estetikanın özümlülüyünü qurban verməklə robotlaşan sənət məktəbini dünya mədəniyyətinin bir paçasına çevirmək istəyirdilər. Belə bir prosesdə aktyor sənətini və onun varlığının bir parçası olan səhnə nitqini tamamilə məhv edirdilər. Aradan 70 il ötdü və hər kəs başa düşüdü ki, səhnə nitqinin metodologiyası inkişaf etdirilməlidir. İnsan ruhunu istismar etmək robotlaşdırılmış modern cəhalətdir.

 

Titulunu tələbələri sayəsində qazanan ustad

 

Nadir Hüseynov 45 ildir səhnə danışığı müəllimi kimi dərs dediyi universitetdə öz yaradıcılığına görə heç bir titula sahib deyil. Ancaq, tələbələrinin arasında çoxsaylı xalq və əməkdar artistləri, əməkdar incəsənət xadimləri yetişidirib. Onların aldıqları fəxri adların mükafatı birbaşa Nadir Hüseynova məxsusdur. O, 45 il öncə hər səhər tezdən dərsə necə gəlirdisə və axşama qədər tələbələrinə səhnə sənətinin və nitq mədəniyyətinin sirlərini öyrədirdisə, bu gün də həmin yolu addımlayır. Ötən illərdən fərqli olaraq, daha da müdrikləşib. Səhnəqrafiyaya yeniliklər gətirib. Nitq mədəniyyəti sahəsinin təkmilləşməsi üçün metodik vəsaitlər yazıb. Peşəkar sənət aləmində o da  bəllidir ki, universitetin keçmiş mədəni-maarif fakültəsindən dahi çıxmayıb. Nə aktyor kimi, nə də səhnə danışığı müəllimi kimi. Nadir Hüseynov müəllimliyə başlayan gündən aktyorluq fakültəsində dərs demiş və tələbəlik illərində aldığı təhsil üzərində köklənmişdir. Aktyor sənətinin nəzəri və praktik yönlərinin estetik-fəlsəfi dəyərlərini  45 illik pedaqoji fəaliyyətində böyük sənətkarlar yetişdirib. Onun tələbələrinin heç birində “kanonlaşmış” ənənələrə söykəmli aktyor olmayıb. Novatorluq yaradıcılığın prinsi olaraq dəyərləndirilib. Görkəmli rejissor Anatoli Efros demişkən: “Fikrin və emosiyanın hərəkəti sözün mətni ilə eyni nöqtədə dayanmalıdır”. Əgər düşüncələr öz məntiqi ilə aktyoru şəraitin içində yaşamağa vadar edirsə, o zaman səhnə danışığı da təbii axarı ilə bu üçlüyün bir parçası kimi təbiiliyini qoruyub saxlaya bilir. Nadir Hüseynov bu üçlüyün estetik çalarlarının bəlkə də hər gün yeni qaydaları ilə üzləşir. Yaradıcılıq prosesi məhz bu amillə dəyərlidir. Çünki, səhnədə aktyor danışanda o bədii intonasiyanın çalarlarını zamanın ritmi ilə eyni ortama gətirməyi bilməli və bu axarla uzlaşmağı bacarmalıdır. Georgi Tovstonovun təbirincə desək: “Məqsədə görə söz deyilməməlidir. Onun bədii ifadə yorumu yoxdursa, ən yaxşı halda səhnədə susmaq daha yaxşıdır”. Nadir Hüseynovun nitq mədəniyyəti üzrə dediyi dərslərin hər birinin öyrənilməsinə ehtiyac var. Onun səhnə danışığı sənətinə gətirdiyi yeniliyin səbəbləri çoxdur. Səhnədə hər hansı düşüncəni maksimal dərəcədə məntiqlə eyni axarda uzlaşdırmağı bacarmaqla onu sözün hərəkətliyinə çevirmək yalnız ustadlara nəsib olur. Teatr sənətinin təbiəti elədir ki, orada hər şey gözümüz qarşısında doğur. Aktyorun intonasiyası nə qədər təbii yaranacaqsa, o qədər sənətkar peşəkarlığı ona uğurlar gətirir. Nadir Hüseynov aktyor sənətindən və nitqindən dərs deyən zaman bunu nəzərə alaraq tələbələrini belə yetişdirir. Nadir müəllimin bir sirri də ondan ibarətdir ki, səhnə danışığından dərs dediyi tələbənin, gələcək aktyorun fiziki görkəmini deyil, necə aktyor ola biləcəyini ona öyrətməkdir. O, bu metodla illərdir bir-birindən istedadlı akrtyorlar nəsli yetişdirir. Nadir müəllim aktyor kimi parlaya bilərdi. Sadəcə öyrəndiklərini  təmənnasız olaraq 45 ildir dərs deməyə həsr etdi. Dövlət Televiziyasının verilişlərinin qızıl arxivində qalan səsi, “Axırıncı aşırıma qədər”, “Ali sevgi”, “Ali sevgi-II”, “And”, “Baba Dağ”, “Dan qızartısından qürub şəfəqlərinədək”, “Dar günün dostu”, “Dünənə ehtiramla, sabaha ümidlə İlham Əliyev”. “Olimp”in fəthinə doğru, İlham Əliyev. Diplomatiyada uğur rəmzi İlham Əliyev, Ümidlərin gerçəklik məqamı İlham Əliyev”, “Yeni neftin strategiyası”, “Muğam”, “Ötən əsrdən gələn adam”, “Uzaq sahillərin əfsanəsi” , “Yeddi duyum” filmlərində kadr arxası oxuduğu mətnlər aktyor sənəti və səhnəqrafiyamızın qızıl tacıdır.

 

Ənvər BÖRÜSOY,

sənətşünas

 

Hürriyyət.- 2020.- 3-4 dekabr.- S.13.