Əbədiləşən qəhrəmanlıq əfsanəsi...

 

“Cəlilabad qartalı” Siyahim Dəmirovu şəhadətə aparan yol...

 

Özünü dərk edən kamil bir insan üçün Vətən anlayışı çox dəyərlidir. Vətənpərvər insanların öz doğma Vətəninə, dövlətinə və xalqına olan sevgisi, duyğularının ən ülvisi, ən alisidir. Vətən sevgisi, Vətən məhəbbəti, insanın qanından, canından gələn ana sevgisi qədər əziz, ana laylası qədər müqəddəsdir. Vətənsiz bir millət, millətsiz də, vətən ola bilməz. Vətəni qorumaq dövləti və milləti qorumaq, vətəni sevmək də dövləti və milləti sevmək deməkdir.

Bizim də haqqında böyük fəxrlə danışdığımız Azərbaycan adlı bir Vətənimiz var. Azərbaycan bizim həm, qürur yerimiz, həm də, bütün ruhumuzla bağlı olduğumuz gözəl bir məkandır. Azərbaycanımızın hər qarış torpağı, hər daşı, hər qayası bizim üçün əziz, insanları isə, çox dəyərlidir.

İllərin keşməkeşli sınaqlarından üzüağ çıxmış, müstəqillik qazanaraq özünü azad xalq kimi təsdiq etmiş Azərbaycan xalqının mərdliyi, qəhrəmanlığı bütün bəşəriyyətə məlumdur. Əminliklə deyə bilərəm ki, bu məğrurluğun əsasını qoyan ən mühüm amil də, məhz, vətənpərvərlikdir. Adlı-sanlı igidlərimizin şəxsi nümunəsi xalqımızın tarixən qəhrəman xalq olmasının göstəricisidir. Azərbaycanın şanlı tarixi, qürur dolu tarixi keçmişi qəhrəmanlıq səhifələri ilə zəngindir. Öz doğma Vətənini göz bəbəyi kimi qoruyan, uğrunda canını, qanını belə fəda edən qeyrətli oğullar yetirib bu torpaq. Azərbaycan bahadırlar yurdu, qəhrəmanlar məskəni, qorxmaz oğullar diyarıdir.

Onların ömür yolu nə qədər qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb gedirlər. Ümumiyyətlə, torpağı vətən edən, onu müqəddəsləşdirən, özünü bu yolda qurban verən şəhidlərdir.

Tariximizin səhifələri Azərbaycanın qəhrəman övladlarının şücaətləri ilə doludur.

Haqqında söz açacağım belə igid oğullardan biri də “Darıxmayın, tezliklə, Vətənimiz Azərbaycan düşməni müharibə meydanında məğlub edib, qalib dövlət olacaq!” şüarının müəllifi, şərəfli ömür payı ilə xalqımızın qəlbində yuva quran əziz bir qardaşım barəsində olacaq.

Öz qəhrəmanlığı ilə erməni faşistlərini qorxuya salan məşhur kəşfiyyatçı, düşməni rahat yuxuya həsrət qoyan, ona qənim kəsilən və ən nəhayət, başına külli miqdarda pul qoyulan bir igidin keçdiyi mənalı, əzab-əziyyətlərlə dolu ömür yolunu sizə təqdim etmək mənim üçün olduqca şərəflidir!

Onun haqqında yazmaq mənim üçün həm, məsuliyyətli, həm də, məsuliyyətli olduğu qədər də, çətin və qürurverici bir işdir.

Sizə təqdim edəcəyim bu şəxslə məni bir sıra ortaq cəhətlər birləşdirir. Biz, eyni kənddə-doğma Əlinəzərli kəndində dünyaya göz açmışıq. Yaxın qohum olmaqla bərabər, eyni adlı ileyni adlı bürc altında doğulmuşuq. Xarakterik xüsusiyyətlərimiz, daxili dünyamız və arzularımız da tamamilə uyğun gəlir bu gözəl insanla...

Vətən qarşısında xüsusi xidmətləri olan, öz qəhrəmanlığı ilə dastan yazan bir insanın həyatını, keçdiyi şərəfli ömür yolunu qısa bir yazıda oxuculara təqdim etmək olduqca mürəkkəb bir məsələdir.

Hörmətli həmvətənlərim, müqəddəs şəhidlərimiz haqqında ardıcıl yazılarımın növbəti qəhrəmanı, şəxsən tanıdığım və xətrini qardaşım qədər istədiyim, doğma elimin igid oğlu Siyahim Əlizamin oğlu Dəmirov olacaq.

Tanrı ona bütün insani keyfiyyətləri özündə yaşadan saf ürək, dünyanın misilsiz gözəlliklərini dərk etməyə qadir, mükəmməl bir zəka və milli dəyərləri vicudunda cəmləyən təmiz bir ruh vermişdi! Tanrı onu qüsursuz bir qəhrəman, xüsusi qabiliyyət sahibi kimi yaratmışdı! Heç şübhəsiz ki, onu əfsanəyə çevirən ən önəmli faktor isə, həqiqət ilə xəyalın ilahi vəhdəti idi!

Siyahim! Bu ad özündə şanlı hərb tariximizin ayrılmaz bir hissəsi olmaqla, bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadır!

Siyahim! Bu ad özündə Vətəninə, dövlətinə və xalqına məhəbbət hissini yaşatmaqla, milyonlarla insanın yaddaşından heç zaman silinməyəcək xoş xatirələr yaşadır!

Siyahim Əlizamin oğlu Dəmirov, 13 sentyabr 1990-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 1997-ci ildə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə isə, həmin məktəbi müvəffəqiyyətlə bitirərək, məzun adına layıq görülmüşdür.

O, hələ uşaqlıq illərindən, orta məktəbdə oxuduğu zamanlardan, həmyaşıdlarından fərqlənir, qeyri-adı xüsusiyyətləri ilə digərlərindən seçilirdi. Üzüyola, səmimi və zarafatcıl olması, onu hər kəsin sevimlisinə çevrilmişdi. Qoçaq, ədalətli və mərdanə davranışları isə, özündən yaşca böyüklərdə xüsusi maraq yaradır və onunla dostluq etmələrinə yol açırdı. Bütün bunlardan ən önəmlisi isə, onun mühafizəkar bir xarakter sahibi olması idi. Sinif yoldaşlarının və müəllimlərinin dediklərindən məlum olur ki, Siyahim şagird yoldaşlarını, xüsusən də, qızları müdafiə edər, onlara nəzarət edər, qoruyardı. Müəllimləri, sinif yoldaşları, dostları, qohumları və hər kəs ona etibar edər, ona güvənərdi!

O, həm də, körpə yaşlarından idmanla da məşgul olurdu. Çox güclü idi! Onun qolu da, ürəyi də, şəxsiyyəti də çox güclü idi. Həmişə liderliyə, birinciliyə can atar, uduzmağı isə, qətiyyən sevməzdi! Siyahim çox güclü güləşçi idi, lakin yarışların birində ona qarşı edilən haqsızlığa dözməyib güləşdən uzaqlaşmış, çoxsaylı dəvətlərə baxmayaraq, bir daha geri dönməmişdir. O, bu addımı atmaqla, kiçik ürəyində haqsızlığa, ədalətsizliyə qarşı böyük üsyan etmişdi.

Bəli, uşaqlıqdan “Sakan” deyə çağırdığımız Siyahim, belə qardaş idi, ədalət carçısı, təmiz ürəkli, vicdanlı və olduqca qeyrətli!

Həm, bir vətəndaş olaraq, həm də, işimlə bağlı şəhid ailələrini tez-tez ziyarət edirəm. Bu yaxınlarda şəhid qardaşım Siyahimin doğulub, boya-başa çatdığı evdə qonaq oldum. Səmimi, qonaqpərvər və olduqca mehriban olan ailə üzvləri məni xoş qarşıladı və bir neçə saat səmimi söhbət etdik.

Şəhid ailəsi - qürurlu olduğu qədər də, hüznlü, matəmə bürünmüş bir ailə...Yenə eyni kədərli baxışlar, yenə bənzər nisgil, yenə də oxşar intizar... Yenə də eyni dərd yükünü daşıyan qubar dolu ürəklərin pıçıltısı...Yenə də, bir-birinə çox bənzər tale yaşayan ailələrin mənə qarşı olan isti münasibəti...

Şəhid valideynləri ilə ünsiyyət mənim üçün fəxarət olduğu qədər də, çox ağırdır. Şəxsən mənə görə xalq yolunda, dövlət uğrunda övlad itirmiş şəxsləri tanımaq, onlarla həmsöhbət olmaq böyük bir nemətdir!

Şəhidimizin anası, həmişə hörmətlə yanaşdığım, tanıdığım ən gözəl ürəyə sahib olan insanlardan biri, Siyahim kimi cəngavər oğul böyütmüş Pəri Dəmirovadır. Pəri xanımla, şəhid qardaşım haqqında xeyli söhbət etdik. Övlad həsrəti, oğul nisgili açıq-aşkar şəkildə gözlərində görünən şəhid anası ilə uz-üzə qaldığım o anları söz ilə ifadə etməyə çox çətinlik çəkirəm...

Anamız deyir ki, o, hələ uşaqlıqdan ürəyində mənfur düşmənlərimizə qarşı kin, nifrət bəsləyər, böyüyəndə hərbçi olmağı və düşməndən qisas almağı arzulayardı.

Siyahimin qəlbində valideynlərinə, əzizlərinə və doğma el-obasına xüsusi bir sevgi, məhəbbət var idi.

Pəri xanım övladı barəsində fikir bildirdikcə, şəhidimizi yenidən kəşf edir, onun elə uşaqlıqdan qəhrəman kimi böyüdüyü qənaətinə gəlirdim.

Pəri anam mənə Siyahimin uşaqlıq illərindən bu yana, bütün həyatını danışdıqca, qəhrəmanımız fərqli bir obrazda gözümdə daha da yüksəklərə ucalırdı.

Şəhid ailəsində daha bir maraqlı məqama da şahid oldum. Ailə üzvlərinin dediyinə görə, günlərin bir günü, bizim çılğın “Sakan” özünə üzərində “P” hərfi yazılmış köynək alır. Bəli, o, bunu sırf anasına məhəbbətini, rəğbətini və sevgisini bildirmək üçün edir. Axı, bu köynəkdə anasının adının baş hərfi yazılmışdı...

Xidmətdə olduğu vaxtlarda hər gün evə zəng edər, ən çox anası ilə danışardı! Onda, anasına qarşı çox güclü istək, ilahi bir məhəbbət vardı! Anasını bütün vücudu ilə, bütün ruhu ilə sevirdi Siyahim qardaşım!

Şəhidimizin atası, həmyerlimiz Əlizamin Dəmirovla da şəhidimizin keçdiyi şərəfli həyat yolu barəsində xeyli söhbət etdim. O bildirdi ki, Siyahim ailəmizdə böyüyən 3 uşaqdan biri, ortancıl olanı idi. Onun Bəhruz adlı özündən yaşca böyük bir qardaşı və Tamara adlı özündən yaşca kiçik bir bacısı var. Onlar da, qardaşlarının yoxluğu ilə barışmır, həmişə olduğu kimi, yenə də, səbrsizliklə onun yolunu gözləyir və nə vaxtsa təkrar qayıtması ümidi ilə yaşayırlar. Onun, ailəmizdə istiqanlı övlad, mükəmməl qardaş, və hərtərəfli dost kimi xüsusi bir yeri var idi. Hələ, ailəmizin heç bir üzvü onun nə sözündən, nə də, hər hansı bir hərəkətindən inciməmişdi.

Siyahim şəhid olan gün, onun üzərində olan şəxsi əşyaların içində, mənim də balaca bir şəklim olub! O, valideynlərinə çox bağlı bir insan idi!

Şəhid olan günə qədər Siyahimin üzündən gülüş əskik olmadı! O, zarafatından qalmadan, gülə-gülə, ölümə meydan oxuyaraq – əsl kişi kimi müqəddəs mərtəbəyə yüksəldi!

O, şəhid olan gün, ailəmiz hər şeyini itirdi. Onunla getdi, onunla bitdi ailəmizin sevinci, gülüşübir sözlə, xoşbəxtliyi...

Siyahim bir gün mənə dedi: “Ata, oğlun Mübariz İbrahimov kimi bir qəhrəmandır, mənimlə fəxr edə bilərsən! Mənim kimi oğullar çoxdur! Qorxma, ata, Qələbə bizimdir! Ata, mən şəhidlərimizin, günahsız qətlə yetirilmiş körpələrimizin qanını artıqlaması ilə almışam, xalqımız rahar ola bilər!”...

Siyahim, heç zaman unutmayacağım daha bir sözdemişdi mənə! “Ata, mən də şəhid ola bilərəm, bunu indidən qəbul et. O zaman təmkinli ol, oğlunu layiq olduğu hörmətlə qarşıla və yola sal! Sənə dediklərim barədə anama heç nə bildirmə! Anamın yanında ol, onu tək qoyma!” ...dedi və xidmətinə geri döndü...

Çox keçmədi ki, onun dedikləri öz yerini aldı!

Həmişə qürurla sinəsində gəzdirdiyi üçrəngli, müqəddəs bayrağımızı Şuşa şəhərində dalğalandırmaq onun ən böyük arzusu idi!

Şəhid atası daha sonra qeyd etdi ki, Siyahim kənddə böyümüş uşaq olduğundan, təbiətə, insanlara, hətta, heyvanlara belə çox bağlı idi. Onda, heyvanlara qarşı xüsusi bir istək, sönməyən həvəs vardı. Yoldaşları ilə meşədə saatlarla at çapar, qoyun-quzu otararsu hövzələrində çimməyə gedərdi. Uşaqlıqdan üzgüçülüyə xüsusi bir marağı, həvəsi vardı Siyahimin...

Çox zəhmətkeş bir insan idi Siyahim. Alın təri ilə qazandığı pulu bizə verər, ailəmizin firəvan dolanması üçün əlindən gələn hər şeyi edərdi.

Nəhayət, Siyahim Dəmirov orta məktəbi qurtardıqdan sonra, 2009-cu ilin aprel ayında Vətənə olan borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanır. “N” saylı hərbi hissədə Vətəninə, dövlətinə ləyaqətlə xidmət etmiş və 2010-cu ilin oktyabr ayında ordu sıralarından tərxis olunmuşdur.

Bir müddət, təxminən 2-3 il idman etməklə bərabər, müxtəlif işlərdə çalışmış, halal zəhmətlə qazandığı məvaciblə ailəsinə kömək etmişdir.

Çox keçməmiş, Siyahimin həyatında yeni bir səhifə açılır. O, 2013-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olur topçutop komandiri kimi yenidən xidmətə başlayır. O, bu hərbi hissədə xidməti vəzifəsini 2016-cı ilə kimi davam etdirir.

Şanlı tariximizə 4 günlük müharibə kimi daxil olan 2016-cı ilin aprel ayındakı məlum döyüşlərə qatılmaqla, Siyahimbu haqlı mübarizəmizə öz töhfəsini verir. Qorxubilməz top komandiri kimi qanlı döyüşlərə atılır. Bir neçə gün ərzində o, düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını və silah-sursat anbarlarını məhv etmişdir.

Böyük bir fəxr hissi ilə qeyd etmək istəyirəm ki, qəhrəmanımız Lələtəpə yüksəkliyinə bayrağımızı sancan ilk hərbçilərdən olub!

Siyahimdə olan istedadı, xüsusi bacarığı görən hərbi hissə komandiri, özü şəxsən təkid edərək onu Xüsusi Təyinatlı Qüvvələrimizin hazırlandığı 6 aylıq kursa göndərmişdir. Bu müddət ərzində də, o, cəsurluğu, çevikliyi ilə diqqət mərkəzində qalmağı bacarmış, rəhbərlik tərəfindən xüsusilə, diqqətdə saxlanılmışdır. Nəhayət, seçim mərhələsi gəlir və Siyahim 600 nəfər idmançı-hərbçimiz arasından seçilən 13 nəfərdən biri olur. Bu seçimin nələrdən, hansı qürurverici məqamlardan xəbər verdiyini isə, yəqin ki, deməyə heç bir ehtiyac yoxdur!

Kursu uğurla bitirdikdən sonra, Siyahimi Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə kiçik gizir rütbəsində xidmətini davam etdirir. Qısa müddət ərzində bu hərbi hissədə də, digər yerlərdə olduğu kimi özünə hörmət qazanır, nümunəvi hərbçi kimi xüsusi peşəkarlıq göstərir. Məsələnin ən maraqlı tərəfi isə, odur ki, Xüsusi Təyinatlı Qüvvələrimizin şəxsi heyyətində Siyahimi tanımayan bir nəfər belə yox idi. “Cəlilabad qartalı” “Dəmir bilək”, “Dəmir” ləqəblərini də, hərbçi yoldaşları məhz, Siyahimin şərəfinə vermiş, ona olan ehtiramlarını bu cür ifadə etmişlər.

2018-ci ildə 25 dünya dövləti arasında dünya Xüsusi Təyinatlı Qüvvələrinin Türkiyə Cümhuriyyətində keçirilən təlimində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1-ci yerə layiq görülür. Hətta, Türkiyə Cümhuriyyətinin nümayəndələri 25 dünya dövləti arasından seçilmiş yeganə şəxs kimi, Siyahimin orada qalıb təlimçi-müəllim olaraq işləməsini təklif etmiş, lakin komandanlıq buna icazə verməmiş və onu özü ilə Azərbaycana qaytarmışdır.

Bu şücaətlərinə görə o, şəxsən Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin generalı tərəfindən fəxri fərman və diplomlara layiq görülərək, təltif edilmişdir.

Siyahimin komandirinin onun haqqında dediyi: “Tək Siyahim özü silahsız halda, əlbəyaxa 100 nəfər erməni əsgərinə cavab verəcək gücdədir! Şəxsən, mən onunla fəxr edirəm!” sözünün arxasında nələrin gizləndiyi zənnimcə, sizin üçün gün kimi aydındır!

Şəhid qardaşım, həmçinin, 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təsis edilmiş “Yubiley” medalı ilə təltif edilmişdir.

Siyahimdaxil olmaqla, Xüsusi Təyinatlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusunun Yaponiya dövlətinə xüsusi təlim keçmək üçün səfəri planlaşdırılmışdı, lakin cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq, bu səfər təxirə salınmışdır.

O, həmçinin, Xüsusi Təyinatlı Qüvvələrimizin tərkibindən formalaşmış futbol komandasının da aparıcı oyunçusu, çox fəal üzvü idi. Dəfələrlə bu istiqamətdə bir çox uğurları da olmuşdu.

Siyahim Xüsusi Təyinatlı Qüvvələrimizin tərkibində Lənkəran şəhərində, Xəzər dənizi sahillərində “Dalğıc” kurslarında da fəal iştirak etmişdir!

Yuxarıda qeyd etdiyim kimi, Siyahim uşaqlıqdan idman həvəskarı idi. Bu maraq, onda idmanın bütün sahələrində biruzə verirdi.

Bütün bu faktlarla tanış olduqca, xalqımızın belə qəhrəman oğullar yetirməsinə heyrətlənməmək olmur!

2020-ci il iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhəddimizi kobud şəkildə pozan erməni quldurları ilə mübarizəyə bütün hərbçilərimiz kimi, müzəffər ordumuzun “Dəmir” əsgəri- Siyahim də qatılmışdı. Bu əməliyyatlarda da o, mahir kəşfiyyatçı kimi iştirak edirdi. Həmişə olduğu kimi, bu dəfə də Siyahim erməniləri döyüş meydanında məhv edir, onların irəliləməsinə imkan vermirdi. Bu döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıqlarına görə yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilir, müxtəlif fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Bu hadisələrdən bir az sonra, Siyahim növbəti dəfə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mərkəzi təlim kursuna təlimçi-müəllim kimi dəvət olunur. Komandanlıq tərəfindən razılıq verilsə də, 2-ci Qarabağ Müharibəsi başladığından Siyahim bu dəvətdən imtina edərək, döyüşlərə qatılır.

 

Ardı var

 

Sabit Vaqif oğlu Mehdiyev.

YAP Beyləqan rayon təşkilatında məsləhətçi.

Azərbaycan Respublikası Şəhid Ailələrinə

“Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri.

 

Hürriyyət.- 2020.- 26-28 dekabr.- S.13.