Xocalıda
yağan qırmızı qar
6
yaşlı Anarın xatirələri və soyqırım
haqda heç vaxt yazılmayan dəhşəhlər...
Bayırda
qar yağır. Güclü saxta və çovğun var,
yollar buz bağlayıb. Çöldən uğultu səsi gəlir.
Sanki, bu səs isti otaqda oturub pəncərədən boylanan,
“jele”li saçına qar yağmasına təəssüflənən,
bu gün 5-10 manat qazanıb ailəsinə çörək
ala bildiyinə sevinən, dayanacaqda avtobus gözləyən,
heç nə olmasın deyə övladlarının əlindən
tutub asta addımlarla məktəbdən gətirən, kabinetdə
oturub pul sayan, küçənın tinində sevgilisini
gözləyən, özünə 50-60 manat maya qoyub gözəllik
salonundan çıxan, taksidə oturub müştəri gözləyən
insanlara nəyisə xatırlamağa
çalışır...
Bayırda
qar yağır...
Anar
adında Xocalıdan olan bir dostum var. Onunla
yaxınlarımın biri tələbə olan vaxt
tanış olmuşam. O da ev axtarırdı, mən də,
yaxın qohuma. Tanış olduq, bir yerdə ev tapdıq,
dostlaşdıq, qardaşlaşdıq.
Anar
ailəsi ilə birgə uzun müddət erməni əsirliyində
qalmışdı. Yaxın qohumumun yanına gedəndə həmsöhbət
olurduq. O, Xocalının işqalından,
qırğınlardan o qədər dəhşətli faktlar
danışmışdı ki, onları indinin özündə
də unuda bilmirəm.
Mənim
üçün ən dəhşətlisi o idi ki, Anar
qarlı, çovğunlu havalarda nə universitetə gedir, nə
danışır, nə gülür, nə də hansısa
başqa iş görə bilirdi. Dediyinə görə, belə
havalarda çöldən gələn uğultu səsi ona məhz
1992-ci ilin fevralın 25-i gecəsini xatırladırdı...
Onda
Anarın 6 yaşı varmış. Körpə bacısı
isə 5 aylıq imiş. Həmin gecə Xocalı sakinləri
ermənilərə əsir düşməmək
üçün özlərini Kəltik meçəsinə
veriblər. Bundan xəbərdar olan ermənilər isə
onları mühasirəyə alıb, hissə-hissə əsir
götürür və ya dəhşətli şəkildə
qətlə yetirirmişlər. Anar deyir ki, belə anların
birində ermənilər onları götürməsinlər
deyə anası dayanmadan ağlayan bacısını sinəsinə
sıxıb və onun səsini kəsməyə
çalışıb. Ancaq görəndə ki,
uşağın səsini tam kəsə bilmir, əli ilə
onun ağzını tutub. Körpə, beləcə,
çabalayır, çabalayır və sonda nəfəsi kəsilir.
Ancaq anası körpəni atmır və belinə
bağlayır.
Anarın
anası düz 3 gün Kətlik meşəsində
qızının cəsədini kürəyində gəzdirir,
amma atmır. Yorulub əldən düşəndə isə
Anarın atası ona uşağı ağaçların
birinin dibində basdırmağı təklif edir. Amma o,
razılaşmır.
Dördüncü
gün Ağdama çatmağa bir neçə kilometr
qalmış ermənilər onu əsir götürürlər.
Onları tövlələrin birinə doldururlar.
Aclığa, susüzluğa, yorğunluğa baxmayaraq,
Anarın anası körpəsini belindən açmır.
Əsirliyin ilk gecəsi isə o, körpəsinin ölmədiyini
öyrənir. Balaca qızcığazın nəfəsi kəsilib,
huşu itib, ancaq ölməyib. Anar deyir ki,
bacısının ölməməsi əsirliyin həyəcan
və dəhşətinə baxmayaraq, xocalıları
çox sevindirib. İndi
Anarın bacısı böyüyüb, ailə qurub.
Hava
çovğunlu olanda, qar yağarkən bayırda dəhşətli
uğultu səsi gələndə ev isti olsa belə, Anar
soyuqdan tir-tir əsirdi. Həmin gecə Xocaliya güclü qar
yağıbmış, hər yer dizdən qarla
örtülmüş, insanların Xocalıdan
çıxmasına mane olan səbəblərdən biri də
qar imiş. Anar deyir ki, Kətik meşəsində
canlarını ermənilərdən qurtarmaq ücün o tərəf-bu
tərəfə qaçanda atasından iki şey soruşub.
Biri, atası əvvəllər ona deyirmiş ki, qar yalnız
ağ ola bilər. Bəs onda Kətik meşəsində
qarın rəngi niyə qırmızı olub? İkincisi,
kişilər ağlamaz deyən atası al-qan içərisində
olan, soyuqdan donmuş insanları görəndə niyə
ağlayırmış?
Anar
deyir ki, harda qızıldiş insan görürsə.
yadına Xocalı düşür. Çünki həmin
gün ermənilər əsir düşmüş
xocalıların hamsının qızıl dişini kəlbətinlə
çıxarıblar.
Harda
böyürkən kolu görürsə, yadına meşədə
kola ilişib qalan və sonradan üstlərinə benzin
töküb yandırılan 70 yaşlı Mədinə nənə
və onun əri Əzim düşür.
Harda
qoca qarı görürsə, yadına gözləri
önünə üc oğlunun başı kəsilən Sədaqət
nənə və Əsgəranda başı payalara
keçirilmiş 30-a yaxın azərbaycanlı
düşür.
Harda
nişanlı qız görürsə, yadına Xocalıda
nişanlısını öldürdüyünə görə
üzünə tüpürdüyü erməninin
maşınına qoyub hansı ünvana apardığı
qız düşür.
Harda
belinə körpə bağlamış ana görürsə,
yadına anasının əsir düşməmək
üçün boğub nəfəsini kəsdiyi
bacısı düşür.
Harda
ağlayan 5-6 yaşlı uşaq görürsə, yadına
ailəsi ilə birgə əsirlikdən xilas olanda onların
arxasınca baxıb ağlayan, sanki, “bəs məni və
bacımı kim xilas edəcək?” sualı verən adını
bilmədiyi öğlan düşür...
Ona
elə gəlir ki, bu dünyanın ən dəhşətli
meşəsi Kətik adının daşıyır və
Xocalının bir neçə kilometirliyində yerləşir.
Ona
elə gəlir ki, bu dünyanın ən vəhşi
çayı Qarqar adını daşıyır və ən
gur, ən qəzəbli axdığı vaxt 1992-ci ilin
fevralın 25-i gecəsi olub...
O,
çox şey görüb. Görüb ki, ermənilər
cavan bir azərbaycanlının üstünə iti
qışqırdıb və onu necə parçalamasına
tamaşa edirlər.
Görüb
ki, ermənilər azərbaycanlı oğlanı tutub, əvvəlcə,
bu qolunu, sonra isə o birisini balta ilə kəsiblər. Sonra
döş qəfəsini yarıb ürəyini
çıxarıblar.
Cavan
oğlanın ürəyi erməninin əlində olsa da, bədəni
yerdə tərpənirmiş. Sonra əllərində
böyük sellofan tutmuş iki erməni gəlib və cəsədi
aparıb.
Əsirlikdə
olanda Janna adlı erməni onları qorxutmaq üçün
Azərbaycan dilində “Qarqar çayını
ayaqlarımı islatmadan, meyitlərin üstü ilə
keçmişəm. Qaçmağa cəhd etməyin,
hamınızı güllələyərəm”, -
deyirmiş.
Bir
qadının 6 övladı ilə
birgə Xocalıdakı evində qalıbmış.
Uşaqlar balaca olduqları üçün ananın
onları meşəyə qaçırtmağa ürəyi gəlməyib...
Bir müddət sonra Anarı və ailəsini yüksəkrütbəli
bir erməninin cəsədi ilə dəyişiblər.
Əsirlikdən xilas olandan sonra onları Ağdama gətiriblər.
Anar həmin gün qohumlarından, qonşulardan heç birini
tanıya bilməyib.
Hamısı bir neçə günün içində
qocalıb, saçları ağarıbmış.
Anar
deyir, əgər Xocalıya qayıtsa, birinci Kətik meşəsinə
gedəcək. Çünki 6 yaşında bir
uşağı hələ də unuda bilmədiyi Xədicə
adında qızı sonuncu dəfə anası ilə birgə
Kətlik meşəsində, qovaq ağacının dibində,
qarın içərisində uzanmış vəziyyətdə
görüb...
Bayırda
hələ də qar yağır...
Əlizadə
NƏHMƏDAĞAOĞLU
Hürriyyət.-
2020.- 27-28 fevral. S. 11.