MÜDRİKLİYİN  ZİRVƏSİNDƏ

 

O, həyat həqiqətlərinin aşiqi idi…

 

Azərbaycan ədəbiyyatı tarixində çox az yazıçı və şairlər sənətin zirvəsinə yüksəlib. Xüsusən sovet dövrünün adlı-sanlı şair və yazıçıları ki, onların çoxu xalq şairi və yazıçısı adlarına layiq görülsələr də, çox təəssüf ki onlara bu adı xalq verməmişdi. Onlara bu adı sədaqətlə xidmət etdikləri və hamısının da partiya üzvü olduqları SOV.İKP vermişdi. Bu gün isə həmin adları  “cənab Cəbrayıl” Anar müəllim verir. Kimi istəsə “xalq şairi,” kimi istəsə “xalq yazıçısı” edir. Ona görə bu sözləri deyirəm ki, çoxlu hekayə, povest və romanların müəllifi olan sadə, təvazökar bir insan, yaşı 70-i ötsə də kitabları – xüsusilə romanları böyük tirajla nəşr olunub əldən-ələ gəzən Hüseynbala Mirələmov təəssüf ki, hələ də bu ada layiq görülməyib. Halbuki bu kamil yazıçı neçə illərdir ki ardıcıl olaraq minlərlə oxucularını yeni-yeni uğurlu roman, povest və hekayələrlə sevindirir.

 

Biz qonşu kəndlərdən idik. Mən səfalı Yuxarı Gədikdən, o isə ondan da səfalı Nüravud kəndindən . Ailələrimiz biz hələ uşaq ikən Lənkəran şəhərinə köçüblər və biz bu şəhərdə böyümüş, boya-başa çatmış, o 2 nömrəli, mən də 3 nömrəli məktəbdə oxumuşuq. Hüseynbala məndən 11 il kiçikdir. Ona görə 1961-ci ildə Lənkəranın “Leninçi” qəzetində onun  “Bir tikə çörək” adlı ilk hekayəsini oxuyanda o qədər də təəccüblənmədim. Çünki belə səfalı diyardan çıxan və hələ uşaq yaşlarından kitab oxumağın böyük həvəskarı olan bir insanın özü də  gec-tez yazıb-yaratmalıydı. Amma ilk hekayəsindən göründüyü kimi o, həyat həqiqətlərinin aşiqi idi. Əgər həmin ilk hekayəyə baxsaq, onun bütün sonrakı əsərlərinin ruhunun, köklərinin ordan başladığını görərik.

Sonralar biz təbii olaraq özümüzə ayrı-ayrı yollar seçdik, həyat prinsiplərimz müxtəlif oldu. Amma sənətə, ədəbiyyata bağlantılarımız oxumaq, öyrənmək ehtirasımız eyni dərəcədə güclü idi və bu hiss indiyə qədər də sönməyib.

Bu gün bu müdrik yazıçı və sənətkar  “Gəlinlik paltarı” , “Vicdanın cəzası” ,  “Bir gecənin sehri” , “Yanan qar” ,  “Sonuncu fateh” və s.  mükəmməl müasir və tarixi romanların müəllifi kimi böyük rəğbət qazannımşdır. Bu gün bu müdrik yazıçı bir-birindən məzmun və mündərəcə ilə fərqlənən,kəskin seçilən həyat həqiqətləri ilə zəngin olan  romanlar və çoxlu povest və hekayələr müəllifidir. Onun kitabları piştaxtalar üstündə yatıb qalmır, dərhal satılır və həmin kitablar yenidən nəşr olunur. Mən həmin əsərlərdən bəhs etməyəcəyəm. Qarşımda duran və yenicə çap olnumuş bir trilogiya haqqında danışmaq istəyirəm. Üç romandan ibarət olan bu trilogiya, bu üç roman bəri başdan deyim ki, ədəbiyyatımızın yeni nailiyyəti. Artıq təcrübəli bir qələm sahibinin mükəmməl yaradıcılıq nailiyyətləridir. Trilogiyanın birinci kitabı  “Süqut” adlanır və demək olar ki əvvəldən-axıracan Ağqoyunlular sülaləsinin doğuluşundan süqutuna qədər uzanan böyük yolun təsvirinə həsr olunub. Bu həm hərfi, həm də məcazi mənada böyük romandır. Lakin müəllif yalnız iki tarixi prosesin – Uzun Həsənlə  qardaşı Cahangir Mirzə və məşhur şair hökmdar Qazi Bürhanəddinin yaxın qohumu Əhmədin hakimiyyət uğrunda mübarizələrinin təsvirinə həsr olunub. Biz bilirik ki dünyada hakimiyyətdən şirin, hakimiyyətdən güclü heç nə, heç bir ehtiras yoxdur. Təsadüfi deyik ki, bütün dünya tarixi bu hissin, bu ehtirasın üzərində qurulmuşdur. Bu mübarizə döyüş meydanlarında getmir, həmin döyüş roamnın lap axırında cəmi bir neçə səhifəlik təsvirlə bitir. Bu sülalələrin hakimiyyət mübarizəsi hərəsinin öz məskənində, sarayında, öz ailəsi və yaxınları içində psixoloji mübarizə kimi, baş verəcək hadisələrin bütün təfərrüatları ilə götür-qoy edilməsi şəklində təsvir olunur. Ağqoyunlular arasında bu gözəgörünəmz mübarizə Qara Yuluq Osman, onun arvadı – şərqin ən böyük diplomat qadınlarından biri olan Sara xatun və oğlu Uzun Həsənlə onun qardaşı, eyni dərəcədə hakimiyyət iddiasında olan Cahangir Mirzə və onun yaxın adamları arasında gedir. Zahirən bu geniş yayılmış hadisəni müəllif ustalıqla, hər dəfə yeni-yeni çalarlarla, yeni-yeni məntiqli mülahizələrlə davam etdirir və oxucu bu gərgin, dramatik, psixoloi mübarizənin təsvirindən ləzzət alır. Roman sanki qocaman bir palıddır ki, yüzlərlə budağı və hər budaqda da onlarla pöhrələri var. Həmin budaqlar və pöhrələr əsərin canlı obrazlarıdır.

Sara xatun fövqəladə qadındır. Bunula belə romandan göründüyü kimi, o da əri kimi hakimiyyətin oğlanlarından hansı birinə veriləcəyin düşünəndə üstünlük Uzun Həsənə verilir. “Axı o yaxşı görürdü ki Cahangir Mirzə də bəd ayaqda bu məmləkətin sahibi ola bilər. Eyni zamanda onu da yaxşı görürdü ki, Uzun Həsən bəlkə də Cahangir Mirzədən şücaətinə, igidliyinə görə geri qalar. Onun qədər əlbəyaxa döyüşdə duruş gətirə bilməz, ancaq onu da bilirdi ki, Uzun Həsən Cahangir qədər döyüşkən, meydangir olmasa belə, daha ağıllı, daha görüb-götürmüş bir döyüşçüdür. Çünki ayrı-ayrı vaxtlarda Həsənin döyüşdən qabaq qüvvələri toplamaq, adamları yığmaq, məsləhət, məşvərət keçirmək təşkilatçılığı Sara xatunu çox razı salmışdı. O hiss eləmişdi ki, əgər Bayandurlar nəslinin bir yol açan oğlu hakimiyyət təbii təbili çalıb zaman üçün salnamə yazacaq bir  əri, igidi gərəkdirsə, o ancaq Uzun Həsən ola bilərdi.”

Lakin bu istəyi həyata keçirmək elə də asan olmur. Qardaş olsa da, kim hakimiyyətdən keçər? Və Cahangir Mirzə öz sadiq  dəstələri ilə Diyarbəkirə çəkilir və Sara xatun hər iki oğlunu eyni dərəcədə sevir. O səbrlə, inadla, məntiq və taktiki gedişlərlə qardaşlar arasında barışıq yaratmağa çalışır. Bunun üçün yazıçı orijinal bir üsul tapır; Sara xatun daha ağıllı və iradəli oğluna bu hadisədən 50 il əvvəl baş vermiş eyni cür bir hadisəni gərgin, dramatik bir tərzdə, “Min bir gecə” nağılları kimi hissə-hissə danışmağa başlayır: Hüseynbala Mirələmov sanki tarixi hadisə və adamların içinə girib onların daxilinə nüfuz edir. Hadisələr gah bir-birənə sarmaşır, gah da bir-birləriylə növbələşir, bir növ polifonik şəkil alır. Bu əlbəttə böyük sənətkarləq, böyük ustalıqdır. Hadisələrdən məlum olur ki, Cahangir Mirzə Sələbiyyə xan adlı dəstə başçısının dedikləri ilə oturub-durur. Və yazıçı bu tandemi, onların birgə yapdıqları müdafiə taktikasını çox gərgin, incə təfərrüatları ilə elə təsvir edir ki, oxucu hədsiz maraqla hadisənin ardını izləyir. Beləliklə hadisələr bir-birlərinin içindən doğur. Bu yerdə əsərin ən koloritli obrazlarından biri – Sələbiyyə xanın casuslarından olan Künəgünün ailə-məişət epizodlarından birini köçürüb oxucularıma təqdim etmək istəyirəm:

… “Künəgü bu gün yenə vaxtında yuxudan oyandı. Yerindən qalxdı, gərnəşdi, səhər-səhər arvadının gətirdiyi şor-çörəyi yedi. Hələ bir arvadına hirslaəndi də:

– Tez elə, boğazımda qaldı.

– Nə olub, bir az yavaş yesənə…

Xırıldaya-xırıldaya arvadına az qala yalvarışla:

– Su gətir, öldüm axı, – dedi.

Arvadı su gətirdi. Künəgü sudan bir-iki qurtum içib nəfəs aldı:

– Zalım qızı, bir tez gətirə bilməzdin? Az qalmışdı ki boğulum.

– Boğulsaydin, nə olacaqdı? – Arvadı deyəsən kinayə və nifrət qarışıq  bir nəzərlə ərinə baxdı. – Yaxşı ki boğulmamısan. Sənin kimi bir adamı bir də hardan tapmaq olardı?

– Ay sağ ol, arvaq, – deyəsən Künəgü arvadının kinayəsini başa düşmədi. Hətta elə bildi ki heç onun əvəzi yoxdur. Ona görə də elə bil ki bir ilhama gəldi, könlü doldu…

… Arvadı Künəgünün bu sözlərinə istehza ilə başını yellədi:

– A kişi sən niyə elə düşünürsən? Ruzunu verən tanrıdır. Sən elə haqqa qulluq et, həqiqətə qulluq et. Bəlkə onda elə bizim də dolanacağımız, işimiz düz gələr.

Künəgü bir az düşündü. Bəlkə də içindən nələr keçdi, onu dilinə gətirmədi. Amma arvadına nə isə deməliydi. Ona görə də başını yuxarı qaldırıb Ağagülümün düz gözlərinin içinə baxdı:

– Arvad, hərənin dolanışığı bir yerdən çıxır. Bizim də dolanışığımız Sələbiyyə xana xidmətlə bağlıdır. Allah onun ömrünü uzun eləsin.

– A kişi, mən bir söz demirəm, sən özün düşün. Sələbiyyə xan bu gün var, sabah yoxdur. Bəs onda sənin, mənim – evimizin güzəranı necə olacaq? Bəlkə bunu da gözündən keçirəsən?”

Diqqətlə fikir versəniz, bu duzlu və son dərəcə təbii epizodda sadə Azərbaycan qadınlarının ağıl və bəsirətcə nə qədər üstün olduğunu görəcəksiniz.

Çox qəribədir ki, roman qəhərmanları olan dörd hökmdarın üçü həm də şairdir. Xüsusən 650-700 il bundan əvvəlki ədəbi dilimizin yadıgarları olan Qazi Bürhanəddin şeirlərindən bol-bol istifadə olunur. Müsbət haldır ki, bu şeirlər çox az nəşr olunduğuna görə xeyli oxunacaq. Amma orası da var ki, Qazi Bürhanəddin şeirlərində sözlər çox vaxt dilimizin bugünkü ahəng qanununa uyğun olmadığı üçün nəinki tələffüz etmək, hətta oxumaq belə çətindir. Xüsusilə “ü”  hərfinin çox vaxt qətiyyən yerində işlədilməməsi tələffüz üçün çox çətinlik yaradır və görünür bu da dilimizin günahı yox, o dövr şairlərinin daha effetktli təsir bağışlamaq istəyinin nəticəsidir.

…“Qazi Bürhanəddin bir gün hiss edir ki,  nə böyük dərd, nə böyük bəla? Məmləkətin vəziyyətini gözünün qabağına gətirəndə görürdü ki o, ağıl sahiblərinə yox, istedad sahiblərinə yox, ona yaltaqlananların ciblərinə pub basıb, mükafat paylayıb, mal verib. Hələ üstəlik onların məmləkətdə bütün təhlükəsizliklərinə təminat da yerli-yerində.”

Görünür, bu ədalətsiz və zərəli vərdiş bizim köhnə, hətta əzəli xəstəliyimizdir.

Bütün bu obrazlar silsiləsi istər tarixi, istərsə də ədəbi simalar ilk dəfədir ki bədii ədəbiyyatın qəhrəmanı olurlar. Qazi Bürhanəddin, Qara Yuluq Osman, Əhməd, Cahangir Mirzə və başqa onlarla adlar  ətə-qana dolmuş insanlardır ki, bu da H.Mirələmovun ədəbiyyatımıza töhfəsi sayıla bilər.

Trilogiyanın bu “Suqut” adlanan ilk cildi haqqında başqa mülahizələr, heç bir çatışmayan cəhətlər yoxdurmu? Məncə var və onlar  qəribə olsa da, romanın bir növ müsbət mənfiliyidir. Necə yəni?!  Yəni əsər iştirakçılarla, obrazlarla həddən artıq yüklənmişdir. Nəticədə çoxluq yadda qalmır və romanda obrazlar arasında necə deyərlər, “basabas” düşür və fərdi xüsusiyyətlərdə yadda qalmır.

 

(Ardı var  )

 

Əlisa  NİCAT

                                                               

Hürriyyət.- 2020.- 3-4 noyabr.-S.13.