“Müharibə milli birliyimizi nümayiş etdirdi”

 

Rza Zeyni: “Düzdür, müharibəni qazanmışıq, amma informasiya müharibəsi hələ də davam edir”

 

“Bundan sonra da Azərbaycan ancaq belə zəfərlərlə yaddaşlarda qalacaq”

 

“Azərbaycanla Naxçıvan arasında quru yolunun olması bizə çox şeyi vəd edir”

 

“Mən, azərbaycanlı olaraq, burda heç kimi tək qoya bilmərəm. Fransada birlik baxımından heç bir problemimiz yoxdur. Təbii ki, yaxın gələcək də Fransada yaşayan azərbaycanlılarla birlikdə, öz təşəbbüsümüzlə Azərbaycan evini yaradacayıq”.

 

Bunu “Hürriyyət”ə müsahibəsində Fransada yaşayan Azərbaycan diasporasının nümayəndəsi, Fransa Azərbaycanlıları Birliyinin sədri, iş adamı Rza Zeyni deyib. O, 44 günlük müharibənin soydaşlarımızı daha da birləşdirdiyini bildirib:

 

– Rza bəy, ilk olaraq ordumuzun, dövlətimizin əldə etdiyi qələbə ilə bağlı düşüncənizi bilmək istərdik…    

– Ordumuzun və dövlətimizin qələbəsini böyük sevinclə qarşılayırıq. Xoşbəxtik ki, 28 ildən sonra qalibiyyətin və zəfərin nə olduğunu millət olaraq hiss elədik. Bundan əlavə, Fransada yaşayan azərbaycanlılar olaraq, hər il erməni aqressiyasını və Azərbaycan xalqına törədilən  erməni vəhşiliklərini Fransa mediasına və ictimaiyyətinə çatdırmaq üçün mitinqlər təşkil edirdik. Onlara, Azərbaycanın carçısı olaraq bu xəbərləri çatdırırdıq. Eyni zamanda, erməni vandallığını və Azərbaycan ərazilərinin işğalını dünyaya çatdırırıq. 10 noyabrdan sonra, bir daha fransızlara bu xəbəri işğal olunmuş ölkə kimi çatırmayacağıq. Artıq buna gərək də qalmayacaq.

Təbii ki, Azərbaycan həqiqətlərini, tarixən olmuş və keçmiş qanlı hadisələri unutmamalıyıq. Həmişə ehtiyatı saxlamalıyıq. Düzdür, müharibəni qazanmışıq. Amma informasiya müharibəsi hələ də davam edə bilər. Biz də bunun qarşılığını verməliyik.

Bu zəfəri sadəcə son illərin deyil, son əsrlərin ən böyük qalibiyyəti kimi təqdim edirlər. Siz bu haqda nə düşünürsünüz?

– Bəli, tamamilə mümkündür. Ona görə ki, biz yüz illərdir torpaq itkiləriylə tarixə düşmüşük. Şükürlər olsun ki, bu günləri Azərbaycan ordusu böyük sərkərdəmiz, cənab Prezidentimiz  İlham Əliyevin tapşırığı, göstərişi və düşünülmüş strategiyası ilə dörd ilə itirdiyimiz tarixi torpaqlarımızı qısa müddət ərzində, cəmi 44 günə yenidən Azərbaycan xalqına qaytardıq. O torpaqların hər biri bizimdir və biz o torpaqlara qayıdacağıq. Həqiqətən də böyük zəfərdir və tarixi günləri yaşayırıq. Bundan sonra da Azərbaycan ancaq belə zəfərlərlə yaddaşlarda qalacaq.

Sənəddə Naxçıvanla quru əlaqəsinin təmin edilməsi də öz əksini tapıb. Sizcə, Naxçıvanla quru əlaqəsinin təmin olunması Azərbaycanın və regionun gələcəyinə nə vəd edir?

– Bu sualınıza tam səmimi cavab verəcəm. Azərbaycanla Naxçıvan arasında quru yolunun olması bizə çox şeyi vəd edir. Ən əsası da bu yolla Azərbaycan böyük bir tranzit ölkəsinə çevrilir. Üç ay bundan əvvəl Naxçıvandaydım. Orda olan zaman bir arzum var idi. Düşünürdüm ki, Azərbaycan Naxçıvanla quru yoluyla birləşsə, bizim birbaşa Türkiyəylə sərhədimiz yaranır. Düzdür, Naxçıvanla Türkiyə arasında sərhəd var. Amma bu yol vasitəsilə Azərbaycanla Türkiyə arasında da sərhəd bərpa olunacaq. Azərbaycanın turizmi, yükdaşımaları birbaşa torpağımızdan keçib, Türkiyəyə gedir. Türkiyə də Avropanın qapısıdır. Mən maşınımla səyahət etməyi çox sevirəm. Həmişə Naxçıvanda dayanıb, ya İran, ya da Gürcüstandan keçməyə məcbur idim. Bu böyük uğurdur. Ona görə ki, biz qısa müddət ərzində, quru yoluyla Naxçıvana keçə biləcəyik. Mən bunu böyük uğur kimi qəbul edirəm.

Azərbaycandan kənarda milli dəyərlərlə övlad tərbiyə etmək çətindirmi?

– Həqiqətən də çətindir. Amma vətənpərvər insan üçün… Ürəyi vətənlə döyünən insan üçün hədsiz çətindir. Biz adətlərimizi və milli dəyərlərimizi unutmamalıyıq. Babalarımız, valideynlərimiz bunu bizə öyrədib və miras olaraq qoyub. Bizim də valideyn olaraq vəzifəmiz bütün bunları övladlarımıza aşılamaqdır. Düzdür, çətindir. Amma şərəflidir. Məhz Azərbaycanın adət-ənənələrini yaşatmaq naminə edirik. Bu genetik mirasdır ki, bunu övladlarımıza aşılayırıq. Adətlərimizi unutmamaları üçün aşılayırıq. Düşünürəm ki, düzgün yol da elə budur.

– Fransada nə qədər azərbaycanlı var?

– Fransda azərbaycanlılar təxminən on mindən bir az çoxdur. Çox təəssüf ki, hələ ki, Fransada azərbaycanlılar kompakt şəkildə yaşamırlar. Orda ən böyük Azərbaycan diasporası Nant şəhərində yerləşir. Bildiyiniz kimi, orda təxminən 500-600 azərbaycanlı ailə yaşayır. Amma başqa böyük şəhərlərdə azərbaycanlılar kompakt şəkildə yaşamırlar. Əsasən, səpələnmiş formada yaşayırlar. Əslində, səpələnmiş formada yaşamağımız bizə zəiflik gətirir. Fransada azərbaycanlıların sayı on mindən çox olsa da, biz 200-300 nəfəri bir yerə yığa bilmirik. Çünki azərbaycanlıların yaşadıqları ərazilərin məsafələri böyükdür. Fransa kiçik dövlət deyil. Yəni Strasburqdan Parisə mitinqə gəlmək üçün 500 km yol qət etməlisən. Ölkə böyük olduğuna görə, azərbaycanlılar da hərəsi bir yerdə məskunlaşıblar. Hərəsi öz həyatını bir şəhərə həsr edib və orda yaşayır. Bu kimi çətinliklərimiz var. Ermənilər isə konkret olaraq müəyyən şəhərlərdə kompakt şəkildə yaşayırlar.

Azərbaycanlılar Fransanın siyasi-ictimai həyatında hansı səviyyədə təmsil olunur?

– Fransada azərbaycanlılarımız məhz bu sahədə azdır, hətta demək olar ki, yoxdur. Fransanın ictimai-siyasi məsələlərində yüksək səviyyəli fəallığımız yoxdur. Çox zəifdir. Düşünürəm ki, gələcək illərdə bu sahədə fəallıq və birlik nümayiş etdirməliyik.  Çünki müharibə bizə milli birliyi öyrətdi. Birlikdə bir gücə çevrilib, iş görmək olar.

– Azərbaycanlıların ölkə həyatında aktiv iştirakı üçün nə edə bilirsiniz?

– Mən soydaşlarımıza tam olaraq dəstək oluram. Diasporamızın aktiv həyatında iştirak edirəm. Fransada keçirilən tədbirlərin 99 faizində iştirak etmişəm. Aktiv sosial fəaliyyətimə 18 yaşımdan başlamışam. 25-26 yaşımdan isə iş həyatımı qurmağa başlamışam. Fransada yaşadığım müddət ərzində hansı azərbaycanlını mənə yönəldiblərsə, onları darda qoymamışam. İmkanım daxilində istər maddi, istərsə də mənəvi   dəstəyimi göstərmişəm. Mən, azərbaycanlı olaraq, burda heç kimi tək qoya bilmərəm. Fransada birlik baxımından heç bir problemimiz yoxdur. Təbii ki, yaxın gələcək də Fransada yaşayan azərbaycanlılarla birlikdə, öz təşəbbüsümüzlə Azərbaycan evini yaradacayıq. Quracağımız mədəniyyət evinə ümumilikdə azərbaycanlılar gəlib, orda dərdləşib və gələcək işlərlə bağlı planlar cızacaqlar. Hazırda belə mərkəz yoxdur. Mən nəyi etmək istəyirəmsə, yalnız Azərbaycan naminə etmək istəyirəm. Görəcəyim işlərlə bağlı heç bir təmənnam olmayıb. Bunu Diaspora Komitəsi də yaxşı bilir. Bundan sonra da gücümü Azərbaycanlıların birliyinə həsr edəcəm. Bu birlik sabah ki, işlərimizi görmək üçün baza olmalıdır. Birlik olmasa iş görmək də çətindir. Bundan əlavə, birlik olmadığı təqdirdə, gələcək işlərdə heç kim aktivlik göstərmək istəmir.

Azərbaycanlıların Fransada hansı təşkilatları var?

– Fransada azərbaycanlıların təşkilatları çox da deyil. Bildiyim qədəri ilə təxminən 7-8 təşkilat fəaliyyət göstərir. Mirvari Fətəliyevanın, Aytən Muradovanın təşkilatları fəaliyyətdədir. Eyni zamanda, təzəlikcə azərbaycanlı alimlərin asosassiyası yaradılıb. Bu təşkilatı Fransada təhsil alıb fəaliyyət göstərən azərbaycanlı alimlər yaradıb. Burda təxminən 15-16 alim fəaliyyətdəir. Bundan əlavə, Strasburq və Nan şəhərlərində də azərbaycan təşkilatları yaradılıb. Biz özümüz Fransa azərbaycanlıları birliyi təşkilatını yaratmışıq. Bu təşkilatı özüm yaratmışam. Təşkilatda üzv çox deyil. Mən əsas çoxluğa deyil, effektiv və səmərəli işə önəm verirəm.

– Fransada azərbaycanlıların milli kimliyini, adət-ənənəsini unutmaması üçün hansısa işlər aparılır? Məsələn, bizim dilimizdə məktəblər var?

 

(Ardı var)

 

Söhbətləşdi: YƏHYA

 

Hürriyyət.- 2020.- 17-18 noyabr.- S.10.