Ermənilərin müsəlmanlara,

xristianlara və yəhudilərə qarşı soyqırımı

 

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

 

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 

(Əvvəli ötən sayımızda)

 

Qafqazda baş verən erməni hərbi-siyasi azğınlığının zirvə – kulminasiya nöqtəsi olan 1918-ci il Bakı Mart hadisələrinə aydınlıq gətirməzdən öncə dünyada, Osmanlı və Qafqaz bölgələrində baş vermiş zəncirvari, bir çox qarşılıqlı motivlərlə bir-birinə bağlı tarixi-siyasi-hərbi olayları sadalamamaq Bakı, Şirvan hadisələrinin mahiyyətinə, ümumilikdə Qafqazda türk-müsəlman (azərbaycanlı) soyqırımı ilə bağlı zəruri təfsilata kölgə sala bilərdi. O səbəbdən də hətta bugünkü erməni-azərbaycanlı münaqişəsini də həmin tarixi-siyasi kontekstdən çıxarmaq metodoloji səhv olar, yanlış qavramalara və yanlış fəaliyyətlərə gətirib çıxarardı…

1918-ci il Bakı hadisələrinə ən yaxın, zəruri tarixi geriyəbaxım (ekskurs, gözatımı, gözgəzdirimi) isə 1917-ci il Rusiyadakı Oktyabr Devrimindən üzübəri ola bilər. Hakimiyyəti ələ alan Lenin I Dünya Savaşında yeni Rusiyanın – Sovetlərin rolunu fərqli görürdü. O, hakimiyyəti əldə saxlamaq üçün çar Rusiyasının bəzi imperialist niyyətlərindən, o sıradan, tabeliyində olan xalqları əzmək strategiyasından vaz keçdiyini bildirdi. Hətta xalqların öz müqqəddaratlarının təyinində azad olduqları barədə bəyannamələr də qəbul etdi. Əslində isə Leninin niyyəti imperializmin yeni-pərdələnmiş formasını yaratmaq idi. Nümunə üçün deyə bilərik ki, Bakı (Azərbaycan) haqda Leninin almanlarla gizli sövdələşməsi vardı və bu sövdələşmədə almanlar öz müttəfiqləri olan osmanlıları sataraq Bakı neftinə görə türklərə xəyanət etmişdilər. Söhbət 1918-ci il 3 mart Brest-Litovsk sülh anlaşmasına edilən 27 avqust tarixli gizli əlavədən gedir…

Qafqazı yenidən Rusiyaya birləşdirmək üçün Lenin də “erməni kartı”ndan yararlanaraq, Oktyabr İnqilabının «qırxı çıxmamış» – 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin qərarı ilə Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin etmişdi.

Ərzincan Barışı (5 dekabr 1917-ci il) sonucunda Rus qoşunları Ərzurum və Qars¬dan çıxmalı idi. Bu ordudakı erməni könüllü silahlı dəstələri də geri qayıtmaq zorunda qaldı. Dekabrın 19-da Qafqazdakı Rusiya ordusunun buraxılmasına dair sərəncam imzalandı. Dekabrın 26-da erməni könüllü silahlı dəstələrinin buraxılması haqqında Baş Komandanın verdiyi gözlənilməz əmr davakar daşnak çevrələrini daha da qəzəbləndirdi. Bu əmrdə göstərilirdı ki, “erməni ordusu” əvəzinə rus ordusu içərisində toplam bir neşə bölük erməni əsgəri saxlanmalı, qalanları isə taleyin axarına buraxılmalıdır. “Türkiyə Ermənistanı”nı alaraq “Qafqaz Ermənistanı”na qatıb “Böyük Ermənistan” dövləti qurmaq ideyasının puçluğa uğraması və “erməni ordusu”nun bu-raxılması silaha sarılmış erməni fədailərinin qəzəbini və qəddarlığını daha da artırdı.

Erməni könüllü çətələri Türkiyə sınırlarından çəkilmək zorunda qaldıqdan sonra Qars-Gümrü yolu ilə Qafqaza qayıtdılar. Talin, Əştərək, Qurdqulu, Uluxanlı bölgələrindəki müsəlman kəndləri qarət edilib, sakinləri qılıncdan keçirildi. Bu minvalla erməni çətələri İrəvana qədər gəlib çatdılar. Başqa bir dəstə də İqdır, Kərimarx, Eçmiədzin, İrəvan yolu boyunda olan müsəlman kəndlərini yerlə bir edir, yerli azərbaycanlı (türk), müsəlman əhalini qırır, evləri yandırır, sanki Türkiyədəki uğursuzluğun əvəzini çıxmağa çalışırdılar. İrəvandan sonra erməni çətələri Qəmərli, Vedibasar, Sədərək yolu ilə Dərələyəzə doğru hərəkət etdilər. İkinci qrup isə İrəvandan Dərəçiçək, Nor Bayazit (Yeni Bəyazid), Basarkeçər, Zəngəzur, Qarabağ yolu boyunca yerləşən yaşayış məskənlərinə yönəlmişdi. Təkcə 1917-ci ilin dekabrından sıradakı ilin martınadək erməni quldur çətələri İrəvan qəzasında 32 , Eçmiədzin qəzasında 84, Yeni Bəyazid qəzasında 7 … (ümumilikdə isə 197) kəndi yağmalamış, yandırıb-dağıtmışdı. O dönəmdə on minlərlə türk-müsəlman mənsubu olan yerli sakin qılıncdan keçirilmiş və ya öz ana yurdundan didərgin salınmışdı.

Qafqazda erməni və müsəlmanların hərbi-siyasi güc balansının kəskin şəkildə öz xeyirlərinə olduğunu yaxşı başa düşən erməni liderləri öz siyasi beyinlərini və hərbi güclərini tədricən Bakıya yönəltmişdilər. Təkcə bu faktı xatırlamaq yerinə düşər ki, çar Rusiyası müsəlmanları əsgəri xidmətə qəbul etmədiyi halda, Güney Qafqazda (Anadolu cəbhəsində) 250 min nəfər erməni Rusiya ordusunun tərkibində xidmət göstərirdi (bu bölgədə qulluq edən rusların sayı isə toplam 170 min nəfər idi) və ucqarlardakı hərbi hissələr Lenin inqilabı ilə tərxis olunduqdan sonra yüz minlərlə erməni hərbçisi öz xidməti silahları ilə Doğu Anadolu, əsasən isə Qafqaz bölgəsi müsəlmanlarına qan uddururdu. Zənnimcə, tarix bəlkə də bundan çox qırğın görə bilərdi, ancaq bundan çox vəhşilik görməmişdi.

I Dünya Müharibəsindən maksimum mənfəət götürmək üçün ermənilər üç əks (və ya müxtəlif) cəbhədə vuruşurdular. Bir qisimləri rus, bir qisimləri Antanta və üçüncü qisimləri Denikinin tərəfində. İkrah doğuran cəhət o idi ki, ermənilərin bu üçüzlülüyünə baxmayaraq, həm Antanta, həm Rusiya, həm də Denikin 1919-cu il Paris Sülh Konfransında erməniləri dəstəkləyirdilər…

Lenin və qeyri-qanuni surətdə elan edilmiş ermənipərəst Bakı Soveti qurumu müsəlmanları sosializm, bərabərlik və xalqların öz mü¬qəd¬dəratını azad surətdə təyini prinsipləri ilə arxayınlaşdıraraq əslində aborigen qafqazlılar, xüsusən də Azərbaycan türkləri üçün qorxunc bir tələ hazırlayırdılar.

Beləliklə, Bakı Sovetinin (tərkibi əsasən erməni, rus və b. xristianlardan olusdurulmuş) öz hərbi birləşmələrindən başqa, Erməni Milli Şurasının, «Daşnaksütyun»un başkəsən hərbi bölükləri də Bakıya cəmləşmişdi. Burada eserlərin silahlı qurumları və başqa xristian çətələri də mövcud idi. Rusiyanın İran və Türkiyə sərhədindəki Qafqaz qarnizonları da öz silah-sursatlarını ya ermənilərə satmış, ya da muzdlu olaraq savaş¬maq üçün Bakıya cəmləmişdi. Onları saxlamaq məqsədilə Bakının nefti və Xəzərin sərvətləri talan edilirdi.

Bakıda qırğınlar törədərək bu bölgəni işgal altına almaq üçün ermənilər həm də ideoloji-siyasi zəmin hazırlayırdılar. O zaman Bakıda rusca yayınlanan «İzvestiya» qəzetinin redaktoru Anastas Mikoyan, «Bakinskiy raboçiy» qəzetinin redaktoru isə Arsen Əmiryan idi. Bakı Sovetinin orqanları olan bu qəzetlərdə guya müsəlmanların, xüsusən də Osmanlılardan dəstək alan müsavatçıların xristianlara qarşı kütləvi qırgın hazırladıqları haqda ardıcıl materiallar çap edərək, sonra bunların Avropa qəzetlərində yayılmasına nail olurdular .

Hacı Zeynalabdin Tağıyevin əsgəri hissədə ehtiyatsızlıq nəticəsində həlak olan oglunu dəfn etmək üçün Lənkərandan Bakıya gələn müsəlman «Evelina» gəmisinin tərksilah edilməsi və onların rəhbəri general Talışxanovun həbs edilməsi hadisələrin gedişini surətləndirdi. Müsəlman camaat məscidlərə yığışaraq general Talışxanovun buraxılmasını, müsəlman hərbçilərin silahlarının qaytarılmasını tələb etməyə başladılar.

 

***

 

Bu faktları xristianlara təhdid kimi qələmə verən erməni bölükləri 1918-ci ilin martın sonuna yaxın Təzə-Pir məscidi istiqamətindən başlayaraq silahsız müsəlmanlara divan tutdu, şəhəri darmadağın etdilər. Müsəlmanların mədəniyyət mərkəzinin yerləşdiyi «İsmailiyyə» binasını, müsəlman qəzetlərinin çap olundugu «Kaspi» mətbəəsini, ”Açıq söz” qəzeti redaksiyasını və başqa əhəmiyyətli binaları yandırıb darmadağın etdilər. Bəzi məlumatlara görə şəhərdə 17 min (başqa bilgilərdə isə: 30 000) nəfər müsəlman məhv edilmişdi. Qalanları isə canını qurtarıb müxtəlif istiqamətlərə qaçmağa başlamışdılar.

Bakı hadisələrinin ilk günündə hətta Bakı Soveti hakimiyyətinə heç bir aidiyyəti olmayan, birbaşa Rusiya tabeliyində olan hərbi təyyarələr eskadrili də Bakını bombalamış, Xəzərdəki rus hərbi gəmiləri isə şəhərdəki müsəlman məhəllələrini top atəşi ilə darmadağın etmişdi. Lakin elə həmin gün ruslar Bakıda “xristianlara qarşı təhlükə”nin ermənilər tərəfindən ortaya atılmış məqsədli uydurma olduğu haqda səhih məlumat əldə etdikdən sonra dərhal atəşi dayandırmışdılar.

Əjdərbəy məscidi ətrafında, Məhəmmədi deyilən nahiyyədə də kütləvi qırğınlar xüsusi vəhşiliklə özünü büruzə verirdi. Gənc qadınlara, qızlara təcavüz edilir, onların döşləri və tənasül üzvləri kəsilir, sonra sinələrindən, başlarından divara mıxlanırdılar. Hamilə qadınların bətni doğranır, oğlan uşaqlarının tənasül üzvləri, burnu və qulaqları kəsilir, qocalara sümük ataraq onların ləyaqəti alçaldılırdı…

Arxiv sənədlərinə görə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70%-i (Korqanovun Mərkəzə bildirdiyi kimi, zabitlərinin də, cüzi istisnalarla, demək olar ki, hamısı – X.İ.) ermənilərdən ibarət idi.

Martın 30-u axşam saat 5-də Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti yeridib özlərinin bitərəfliyini élan etmiş Daşnaksütyun və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müdafiə etdilər .

Martın 30-nda bir müddət öncə Nərimanovun evində S.Şaumyanla və İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılacağı vədinə baxmayaraq, “Hümmət”ə o qədər də etibarı olmayan bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. Onlar həm də Nərimanovun çoxluğu öz ətrafında birləşdirib, “sağa meyillənməsi”ndən narazı idilər.

Tarixə qanlı faciə kimi daxil olan Mart qətlləri üç gün davam etdi.

İlk atəşlərdən sonra şəhər silahlı dəstələrlə doldurulmuşdu. Ermənilər şəhərin güney hissəsində səngərlər qazıb, torpaq və daşdan sədlər qurmağa başlamışdılar. Erməni Milli Şurası və Daşnaksütyun rəhbərliyinin müsəlman cəmiyyətləri ilə apardığı da¬nışıqlar təxribat xarakteri daşıyırdı. Belə təhlükəli məqamda Bakı menşeviklərinin lideri Ayollo Bakı Sovetini müdafiə edəcəklərini, eserlərin başçısı S.Saakyan isə panislamizmə qarşı vuruşacaqlarını, hətta bolşeviklərə dərin nifrət bəsləyən kadetlər də “rus işi” uğrunda mübarizə aparan bolşevikləri müdafiə edəcəklərini bildirirdilər.

“Kazino” mehmanxanasında yerləşən təcili açılmış təlim qərargahına başçılıq etmək A.Mikoyan və N.Anançenkoya tapşırılmışdı…

Hərbi gəmilərin heyətini martın 30-da guya “şəhərdə müsəlmanların rus əhalini qırdıqları” uydurma xəbəri ilə aldatdıqdan sonra Xəzər donanması gəmilərindən mü¬səlman məhəllələrinin bir neçə saat top atəçimə tutulması şəhərdə vahiməli bir vəziyyət yaratdı.

Rus-molokan hərbi dəstələri də eyni qayda ilə aldadılaraq, Bakıya gətirildikdən sonra durumun tam tərsinə olduğunu görüncə onlar savaşmaqdan imtina etdiklərindən Bakı Soveti və erməni qüvvələri tərəfindən tərksilah olundular. Molokanlardan alınan silahlar növbəyə durmuş erməni “könüllüləri”nə paylandı.

 

(Ardı var)

 

Hürriyyət.- 2020.- 19-20 noyabr.- S.11.