FETHİ Akın

 

İÇİMDƏKİ UŞAQ

 

Haydı qalx,

Gedək artıq,

Saxta

Təbəssümlərin olduğu

İnsancığ

Qoxuyan bu şəhərdən!

Paslı

Yağ qablarında

Rəngarəng çiçəklərin

Olduğu

Dağ kəndimizə.

Anadan olduğumuz

O küçədə

Hər qapıda

Sevgi ilə saçlarını

Oxşasınlar yenə.

Təzək qoxuyan

O tərtəmiz insanlar.

Sən

Topla oyna yenə,

Qol yeyəndə

Oturub ağla.

Mən

Qəhqəhələrlə gülüm sənə.

Uçurtman

Telefon tellərinə taxılsın,

Sən

Yenə oturub ağla.

Mən

Qəhqəhələrlə gülüm sənə.

Dərdin bu olsun

təkcə.

Haydı qalx,

Gedək, artıq!

Bilirəm,

İkimizdə

Çox yorulmuşuq

İçimdəki uşaq…

 

Uyğunladı: GÜLNARƏ Cəmaləddin

 

Hürriyyət.- 2020.- 3-5 oktyabr.- S.14.