Azərbaycanda terror təhlükəsi…

 

Təhlükəsizlik eksperti Sülhəddin Əkbər: “Düşünürəm ki, Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir”

 

“Müharibə bizim üçün bir fürsətdir ki, “5-ci kolon” tamamilə olmasa da, əsasən təmizlənsin”

 

İki gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əhaliyə xəbərdarlıq bəyanatı yaydı. Bəyanat Ermənistan qüvvələrinin Qarabağda düçar olduqları məğlubiyyətlərini ört-basdır etmək üçün düşmən ölkənin xüsusi orqanlarının ölkəmizdə terror aktı törətmək təhlükəsini əks etdirir.

 

Bəllidir ki, xalqımız dəfələrlə dövlətimizi gözü götürməyən ölkələrin və onların idarə etdiyi terror qruplarının hücumlarına məruz qalıb. Ən əsas zərbələr isə, torpaqlarımızda terrorçu Ermənistan yaradan imperialist mahiyyəti daşıyan rus imperiyasından gəlib.

Ermənilərin terrorda xüsusi qabiliyyəti və talantının olduğunu onların yaratdığı ASALA təşkilatının tarixindən və onun Fransanın paytaxtı Parisdə türk diplomatlarına qarşı təşkil etdiyi terror-qətl aksiyalarından məlumdur. Biz də, millət və dövlət olaraq, bu xalqın məlum “istedadından” xeyli zərər çəkmişik. Siyahıya 1994-cü ildə Bakı metrosunda partlayışı, 1988-ci il Ermənistandakı zəlzələyə yardım üçün Azərbaycandan göndərilmiş  İL-76 təyyarəsinin vurulması, 1991-ci il 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın içində görkəmli dövlət xadimlərinin olduğu “Mİ-8vertolyotunun vurulması, 1992-ci il 26 noyabrında Xocalıda dincə əhaliyə qarşı tutulan divan, Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş 2009-cu il 30 aprel terroru da fakt daxildir. Təbii ki, siyahı həddən çox uzunterrorda “erməni izi” ilə zəngindir. Amma yalnız erməni izimi?

Sentyabrdan başlayan Qarabağı işğaldan azadetmə əməliyyatı Rusiya başda olmaqla, çoxlarının “kürkünə birə salıb”. İmperiya hikkəsi gözünü tutmuş, qanında “şovinizm virusudolaşan rus siyasi xadimlərinin internet məkanında yayılan dırnaqarası çıxışları onların mənsub olduqları dövlətin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Fikrimcə, “ələkçisinə qıl verən”, yəni maşası Ermənistanı qısqırdıb üstümüzə salan şər yuvasının bizə istiqamətlənmiş terror aktlarının təşkil edilməsində rolu heç də, Puşkinin təbiri ilə desək, “kölə xalqdan geri qalmır. Hadisənin mahiyyətinə varsaq, “at izi it izinə” qarışsa da, “rus izini görmək də çətin deyil.

Keçən 2019-cu il 24 iyulda Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Atakişiyevin MiQ-29 hərbi təyyarəsində qəfildən radarlardan itməsi və şübhəli şəkildə həlak olması da şübhəlidir. Təsadüfi deyil ki, araşdırmalara və təyyarənin arxivi sayılan “qara qutusunun təhqiqat üçün Rusiyaya göndərilməsinə rəğmən, qəzanın izi itirildi. Bu barədə hərbi ekspert  Üzeyir Cəfərov da Facebook səhifəsində fikirlərini yazmışdı: “MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış “professor, filtifessorluq” edən tovarişlərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən – bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə “ölü vəziyyətinə” salınıb. Gerisi məlumdur”.

Cəfərov fikrini bu sözlərlə davam etdirmişdi: “Təyyarənin “qara qutusu” tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonraqara qutular Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib”.

Xatırladaq ki, iki il əvvəl – 27 avqust, 2017-ci ildə Azərbaycanın N saylı hərbi hissəsində baş verən partlayış da terror aktı kimi xarakterizə olundu. Hansı ki, silah anbarında baş verən partlayışın miqyasının böyüklüyü səbəbindən, rayonun ətraf kəndlərinin əhalisi təxliyə edilmişdi

İki gün əvvəl Facebook sosial şəbəkəsində yayılan videoda Rusiya Dövlət Dumasında hakim partiya olanYedinaya Rossiya” partiyasının üzvüyedinorosPyotr Tolstoy Azərbaycan prezidentinə öz aləmində “dərs keçmək” fikrinə düşərək, özünəməxsus şəkildə şovinizm çalarları ilə zəngin nitq söyləyərək “sərsəmləmişdir”. Onun ölkənin parlamentində əsas yer tutan partiya üzvü olduğunu hesaba alsaq bu sərsəmləmələrin təsadüfi olmadığını, dövlətin rəsmi şəkildə demədiyi və sırıya bilmədiyi fikirləri dilə gətirdiyini düşünməliyik. Necə ki, Jirinovski adlı “siyasi təlxək” də eyni funksiyanı yerinə yetirir. Tolstoy “Azərbaycan ölkəsinin çoxəsrlik tarixini unudub”, – deyərkən Rusiyanın müstəmləkə nostalgiyasından çıxış edərək “hikkəsindən partlamaq” dərəcəsinə gəlir. O, “Lavrovun iştirakı ilə  Moskvada çox böyük çətinliklər hesabına əldə olunmuş atəşkəsə qarşı laqeydlikdən” danışaraq, “bu laqeydliyin bədəlini həm bu, həm digər tərəfin ödəyəcəyini” vurğulayır. Daha sonra sözü Azərbaycana ataraq “tərəflərə acıma hissinin olmadığını“ da diqqətə çatdırır. Ardınca hamını Moskvayaqulaq asmağa” çağırır.

Görünür, qəzəbindən yerə-göyə sığmayan siyasi xadimlər naəlac olduqlarını anlayıb, açıq təhdidə keçirlər. Bu təhdidin altında nə yata bilər? Hər şey… Dövlətimizə qarşı kifayət qədər terrorda əli qana batmışlardan nə desən gözləmək olar. Bu baxımdan DTX-nın bu xəbərdarlığı tam yerindədir.

Bəs bu aktların təşkil olunmasında kimlər “açarrolunu oynaya bilər. Əlbəttə, ağıllara gələn kontingent məşhur “5-ci kolondur. Belə bir məsələ var: “Xain içəridən olarsa qapı kilid tutmaz”. Güman ki, bu dəfə də “5-ci kolonxain şəbəkəsinin xidmətlərinə müraciət gündəmdədir. Prezident İlham Əliyev bu şəbəkənin təmizlənməsi işini uğurla başladı və yəqin ki, DTX da bu amili mütləq nəzərə alacaq.

Bu barədə təhlükəsizlik eksperti Sülhəddin Əkbərin də fikirlərini öyrəndik. O, belə dedi: “Mən televiziyada son verdiyim müsahibəmdə də belə bir xəbərdarlıq etmişdim. İndi isə Dövlət Təhlükəsizlik Xidməti səviyyəsində xəbərdarlıq rəsmi olaraq bildirildi. Bunu təqdirəlayiq hesab edirəm. Düşünürəm ki, Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir. Qırmızı səviyyəyə qaldırılmasa da, heç olmasa narıncı səviyyəyə qaldırılmalı və buna uyğun olaraq da müvafiq önləyici tədbirlər görülməlidir. Eyni zamanda əhali arasında da aparılmalıdır ki, hamı ayıq-sayıq olsun. Terrora qarşı mübarizə dedikdə, yalnız Ermənistanın və ona bağlı olan dövlət qurumlarının yox, Azərbaycana düşmən, rəqib olan, dost olmayan bütün dövlətlər və eyni zamanda qeyri-dövlət qurumlarının-bura terror təşkilatları da daxildir, – hamısı nəzərdə tutulur. Ona görə, təkcə Ermənistanı və ona bağlı olan dövlət qurumlarını nəzərdə tutsaq, yanılmış olarıq. Təbii ki, Azərbaycanın müvafiq qurumları, xüsusilə təhlükəsizlik xidməti bunları nəzərə almalıdır. Yəqin ki, nəzərə alırlar.

Həmçinin, müharibə bizim üçün bir fürsətdir ki, bu “5-ci kolon” tamamilə təmizlənməsə də, əsasən təmizlənsin. Bu işin diqqət mərkəzində olduğunu düşünürəm. Yəqin ki, bu məsələ hakimiyyətin və müvafiq qurumların nəzarətində olmalıdır”.  

 

Ülviyyə ŞÜKÜROVA   

 

Hürriyyət.- 2020.- 17-19 oktyabr.- S.5.