Vətəndaş cəmiyyəti və demokratik dövlət modeli

 

“Vətəndaş cəmiyyəti” cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti həm də “dövlətsizləşmiş cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür.Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir.Vətəndaş cəmiyyəti demokraiyanın təməli deməkdir

18-19-cu illərdən başlayaraq “vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanmışdır. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranmışdır. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçmişdir:

1. 16-17-ci yüzillikləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşmışdır.

2. 18-19-cu yüzillikləri əhatə edən bu mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur.

Vətəndaş cəmiyyətinin inkişafında 3-cü mərhələ müasir dövrü – 20-ci yüzili və 21-ci yüzilin ilkin çağını əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.

Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. Vətəndaş cəmiyyəti dar mənada “mülki cəmiyyət” kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad, sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.

20-ci yüzilin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir.

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.

Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.

Vətəndaş cəmiyyətinin social əhəmiyyəti

Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir:

İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s. Vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini belə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.

 

Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə bu elementləri aid etmək olar:

 

a) söz, fikir azadlığı, vicdan azadlığı,

b) sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı,

c) yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı,

d) yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması və s.

 

Vətəndaş cəmiyyətinin bu prinsipləri xüsusi əhəmiyyətə malikdir:

 

1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.

2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması.

3. Qanun qarşısında hamının bərabərliyi.

4. Demokratik və legitim hakimiyyətin mövcudluğu.

5. Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması.

6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu.

7. Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı.

8. Dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri.

9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq.

10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət.

 

Vətəndaş cəmiyyətin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır.Hüquqi dövlətdə demokratik proseslər

Vətəndaş  cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları – parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir.

Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir.

Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

 

Sosial dövlət ən üstün siyasət modeli kimi

 

Close-up of business document in touchpad lying on the desk, office workers sitting in the background

Vətəndaş cəmiyyəti sosial, sosiomədəni və mənəvi sahələrin fəaliyyətini onların təkrar fəaliyyətini onların təkrar istehsalını, nəsillərdən-nəsillərə ötürülməsini təmin edir. Burada dövlətdən ayrı və müstəqil ictimai təsisatlar və münasibətlər mövcuddur ki, xüsusi maraqların reallaşması və müdafiəsi üçün şərait yaradır.

Vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosial və siyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilir və konsensus, kompromis yaranır.

Beləliklə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir.

Qərb dünyasında təşəkkül tapan və indi dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət “cənnət” axtarışının gerçəkləşdiyi, həyata keçdiyi ümumbəşəri sərvət, ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

Azərbaycanda müxtəlif sahələrdə dinamik inkişaf ilə yanaşı xoşagəlməz halların mövcudluğu da təkzib olunmazdır. Əsas olan odur ki, xoşagəlməz halların qarşısının alınmasında ciddi addımlar atılır. Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq əksər strukturlarda vətəndaş cəmiyyətinin ayrılmaz parçası olan “İctimai Nəzarət Şuraları” fəaliyyət göstərir. İctimai nəzarət idarəetmə sahəsində faydalıdır. Bu o deməkdir ki dövlətin idarə olunmasında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş iştirak edə bilir. Yaranmış münbit vəziyyyət şəffaflığın təminatçısıdır.

Ölkə başçısı tərəfindən cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, həmçinin vətəndaşlara üzləşdikləri problemlər barədə çəkinmədən Prezidentə məktub yazmaq barədə çağırışı etməsi ictimai rəydə geniş əks-səda doğurub. İnsanlar hiss edir ki, mənfi hallara qarşı mübarizə birbaşa dövlət rəhbərinin nəzarəti altında aparılır və bu onları ictimai maraqların müdafiəsində daha fəal və təşəbbüskar olmağa sövq edir. Ölkə prezidentinin ictimai nəzarətin effektiv təşkili, milli maraqlarımızın daha fundamental şəkildə qorunmasi üçün ictimai nəzarətin gücləndirilməsini, bu baxımdan vətəndaşların və media qrumlarının aktivliyini tövsiyyə edir. Prezident bununla bağlı ictimai nəzarətin zəruriliyini xüsusi qeyd edir: “İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gələ bilmərik. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha fəal olmalıdır.

 

Hürriyyət.- 2020.- 19-21 sentyabr. S. 11.