“Texnologiya dövründə yaşayırıq, odur ki, dünya ictimaiyyətinə sözümüzü çatdırmağı bacarmalıyıq”

 

Sabir Rüstəmov: “Rus bölməsini bitirdiyimə görə, Azərbaycan dilini yaxşı bilmirdim, lakin könüllü olduğum müddətdə qrammatik cəhətdən düzgün yazmağı və yaxşı danışmağı öyrəndim”

“Təşkilatçılar və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü görəndə, imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada Azərbaycan heyətindən bir xanım iştirak edirdi. O sadəcə rus vətəndaşı idi. Mən ondan xahiş etdim ki, səfirə sual versin. Sual verdi ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli torpağı olub, siz o torpaqlardan valideynlərimizi qovubsunuz. Bəs buna nə deyə bilərsiniz?…” Bunu “Hürriyyət”ə Çində təhsil alan, Prezident mükafatçısı Sabir Rüstəmov bildirib.

 

(Əvvəli ötən sayımızda)

 

– Adınızın “qara siyahı”ya salındığını necə öyrəndiniz?

– Mən hava limanında telefonumu vermədim. Onlar isə bundan sanki qıcıqlandılar. Sonda bildirdilər ki, Sabir, səni “qara siyahı”ya yazdıq. Hazırda bunun nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Məsələnin ciddiliyini və Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb. Bundan əlavə, səfir Polad Bülbüloğlu daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina etmişdi.

– Bir müddət əvvəl “facebook” hesabınız ermənilər tərəfindən şikayət edilmişdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

– Bəli, mənfur qonşularımız tərəfindən profilim şikayət edilmişdi. Mən həqiqətləri sosial şəbəkə üzərində də təbliğ edirəm. Bir dəfə sosial qrupların birində ermənilərlə Qarabağ məsələsini müzakirə edirdik. “Qarabağın Azərbaycana aid olmağı” ilə bağlı faktlar gətirdim. Onlar düz sözü həzm edə bilmədilər və profilimə girib şikayət etdilər. Müəyyən müddət heç kimə mesaj yaza, rəy bildirə bilmədim. Daha sonra problem aradan qalxdı və mən yenidən o qruplarda ölkəmizin təbliğini davam etdirməyə başladım. Mənim təkcə “facebook” hesabım deyil, digər sosial hesablarım da ermənilər tərəfindən tez-tez şikayət olunur. Buna baxmayaraq, çalışıram ki, sosial şəbəkələrdə aktiv olum. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatıdırılmasına çalışıram. Bu, mənim üçün qürurdur. Çünki texnologiya dövründə yaşayırıq. Dünya ictimaiyyətinə Azərbaycanda ola-ola sözümüzü çatdırmağı bacarmalıyıq. Bu gün Azərbaycan gəncliyi həqiqətən də çox aktivdir. İyul döyüşlərində “twitter” sosial şəbəkəsində şəxsən özüm aktivlik nümayiş etdirdim.

– Könüllülük fəalliyəti haqqında nə deyə bilərsiniz?

– Şəxsən özüm 2014-cü ildən könüllülük fəaliyyətimə başlamışam. Bakı Dövlət Univesitetində “İlin Tələbəsi”, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci”, 2020-ci ildə isə ölkə başçısı tərəfindən Prezident mükafatına layiq görüldüm. Könüllü olmaq insanın sosial məsuliyyətini artırır, yeni insanlar tanımağa kömək edir, iş təcrübəsi qazandırır. Bəzən gənclər könüllü olmaqdan utanırlar. Könüllü olmaq hər yerdə məvacibsiz fəaliyyət göstərmək deyil. Öz maraq dairənə aid qurumu təyin edib, orada könüllü olmaq lazımdır. ASAN xidmət könüllülük fəaliyyətinin ən düzgün və ən çox yayıldığı məkandır. Könüllü olmaq gənclərin inkişafına müsbət təsir göstərir. Mən özüm də sosial fəaliyyətimə könüllülük ilə başlamışam. ASAN xidmətdə könüllü fəaliyyət göstərdiyim üçün fəxr edirəm. Mən rus bölməsini bitirdiyimə görə, Azərbaycan dilini yaxşı bilmirdim. Könüllü olduğum müddətdə qrammatik cəhətdən düzgün yazmağı və yaxşı danışmağı öyrəndim. Çox yaxşı dostlar qazandım. Hər kəsə tövsiyə edirəm.

– Sizcə, cəmiyyət gəncləri düzgün istiqamətləndirir?

– Düşünürəm ki, əsasən sosial şəbəkələrdə gənclər düzgün istiqamətləndirilmir. Bəzi məqamlarda sosial şəbəkələrə qadağa qoymaq lazımdır. Pis insan yoxdur, düşüncələrinin zidd olduğu cəmiyyətdə dəyişən insan var. İnsanın ən böyük dəstəkçisi ailəsi olmalıdır. Bəzən ailədə düzgün tərbiyyə və qayğı görməyən gənclər cəmiyyətlə sağlam əlaqə qura bilmir. İnithara üz tuturlar, lakin intihar çarə deyil. Seçdiyiniz həyatda da, qoyduğunuz məqsəddə də bəzi çətinliklər ola bilər, amma onların öhdəsindən gələ bilərsiniz. Bəzi gənclər adam öldürməyi “kişilik” əlaməti sayırlar. Əsl Azərbaycan kişisi öz davranışı, sözünün qüdrəti ilə hamıya örnək olmalıdır. Bəzi xanımlarımız özlərini digər ölkə qadınlarına bənzədirlər. Unudurlar ki, Azərbaycan xanımları əvəzolunmaz və mükəmməldirlər. Əsl Azərbaycan ailəsində böyüyən uşaqlar və gənclər də savadlı olmalı, böyüklərə hörmət etməlidirlər. Cəmiyyətdəki insanlar bir-birini anlamalı, düzgün yönləndirməlidir.

– Uğur formulunuzu bizimlə bölüşə bilərsiniz?

– Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır. Məqsədimizi müəyyənləşdirib ona doğru addımlar atmalıyıq. İnsan istəsə, hər şey edə bilər. Mənim formulum isə… Mən özümü uğur qazanmış hesab etmirəm. Mən o vaxt uğur qazanaram ki, Qarabağ, Azərbaycanın işğal olunmuş torpaqları geri qayıtsın və bu şərəfli işdə mənim də bir köməyim olsun. Məncə, xalqımız da ən böyük uğuru torpaqlarımız vahid şəkildə birləşəndə qazanacaq.

– Bu yaxında prezident mükafatına layiq görüldünüz?

– Bu mənim üçün çox qürurverici oldu. Öz adımdan və ailəmizin adından ölkə başçımıza təşəkkürümüzü bildirirəm. Hər zaman bu inamı doğruldacam. Ölkə başçısı hər zaman gənclərə diqqət və qayğısını göstərir. mma elə ən böyük mükafatım da Qarabağın alınması olacaq. Torpaqlarımızı qaytardığımız gün ən böyük uğuru və mükafatı qazanacam.

– Çində magistr təhili almısınız. Ümumiyyətlə, Çində Azərbaycana qarşı münasibət necədir?

– Çin Azərbaycana dost ölkədir. İnsanları da çox səmimdir. Təəssüf edirəm ki, çinlilər Azərbaycan daha yaxından tanımır. Çünki Çin əhalisinə görə dünyada birinci yerdədir. Sahəsinə görə isə dünyada üçüncü yerdədir.

Azərbaycanlılar Çində çox azdır. Çinlə əlaqələrimizin daha da möhkəm olması üçün çalışmalıyıq. Ermənistan keçən il Çinlə viza rejimini ləğv etdi. Ermənilərə məxsus ərzaqları və içkiləri Çinin ən kiçik şəhərində də tapmaq mümkündür. Amma Azərbaycana aid olan ərzaqlar Çin bazarlarında çox azdır. Ümid edirəm ki, biz də ərzaqlarımızı Çin bazarına asanlıqla çıxara biləcəyik. Çində olduğum müddətdə milli mətbəximizin tanıdılmasına çalışdım. Onlar Azərbaycan çayını və şirniyyatlarımızı çox sevdilər.

– Çində azərbaycanlılar üstünlük təşkil edir, ya ermənilər?

– Çində 500-ə yaxın azərbaycanlı var. Ermənilər isə 1000-ə yaxın olar. Bəlkə də çoxdur. Ermənilər daha çox aktivdirlər. Onlar ərzaqlarının satışını həyata keçirir. Lakin, Azərbaycan ərzaqları çox azdır. Məsələn, azərbaycanlı Çinə gedəndə Çin üçün ayrıca viza, üstəlik oranın şəhərlərinə də viza götürməlidir. Digər tərəfdən, orda viza almaq da çox çətindir.

– Azərbaycan lobbiçilik sahəsində inkişa edibmi?

– Biz birliymizi dünyaya hər zaman nümayiş etdirməliyik. Xaricdə yaşayanlar düşünür ki, təşkilat açsın və rəhbər olsun. Məsələn, Ermənistanın Rusiyada vahid bir təşkilatı var. Bütün erməni təşkilatları da vahid təşkilatın ətrafında birləşir. Azərbaycanın isə təkcə Moskvada 20-dən çox təşkilatı var. Bu da bizim birliyimizi pozur. Erməni biznesmenləri mütəmadi olaraq lobbiçilik fəaliyyətləri üçün yardım edir. Eyni zamanda, azərbaycanlı biznesmenlərdə ən azı şəhid ailələrimizə yardımlarını əsirgəməməlidir.

– Rusiya saytının 76 nəfərlik siyahıda tanınmış ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. O siyahıda siz də yer alırsınız…

– Təəssüf edirəm ki, mənim də adım həmin siyahı da yayıldı. Siyahıda olan bir çox insanı tanıyıram.Bizim bir məqsədimiz Azərbaycanı xaricdə layiqincə təmsil etməkdir. Ermənlərə aid olan saytda yayımlanma onların iç üzünü açır.

 

Sabir Rüstəmov

Müsahibəni apardı: YƏHYA

Hürriyyət.- 2020.- 26-28 sentyabr. S. 7.