ƏLİSA NİCATA

 

Əlindən gəlmir,

Daşlardan insan yonmaq,

X üstə Y gəlmək,

Ulduzdan ulduza qonmaq,

Alim,

Şair,

Fəhlə

Kimi səs sala bilmirsən.

Həyatda hər cür çətinliklə

Reaksiyaya girirsən,

Özünü ala bilmirsən.

Elə hey

Bir az səbri,

Bir az bəxti

Kirayə götürmək istəyirsən.

Elə hey

Sevdiyin bir günəşciyə

Günəşi gətirmək istəyirsən.

Heç nə bacarmırsan, -

Yer əkmək,

Maşın və ya

Ömür sürmək,

Durna olmaq

Zamanla bağlanıb,

Dəyişməmək,

Sabit qalmaq,

Gedə bilmirsən axıradək,

Bir əməlin boyunca,

Təkcə sevmək gəlir əlindən

 Sevirsən doyunca,

Doyunca, doyunca.

 

Əlisa  NİCAT

Hürriyyət.- 2020.- 25-27 yanvar. S. 14.