Xarıbülbül ömürlü şəhid

 

Yastığı vətən daşı, yorğanı qar olan vətən oğulları qoruyur bu vətəni. Onların Günəşi göy üzündə bərq vuran şanlı bayraqdı. Dalğalanan bayraq vətən keşiyini çəkənlərin ruhunu isidir. Həsrətlərin əlacı da o bayraqdı. Gözlər intizarla yollara dikiləndə o bayraq ürəyə təpər olur. Axı o bayraq  mavisini göy üzünə ucalan ruhlardan, qırmızısını şəhid qanlarından, yaşılını cücərən ümidlərdən alıb. O bayraq əmanətdir, sədaqətdir. Qəhrəmanlar əmanətə sadiq qalırlar. Əsəd kimi neçə oğullar o əmanət yolunda canından keçib, o əmanəti bizlərə əmanət etdilər. Əsəd şəhid olmamışdan qabaq ürəyinin üstə saxladığı üç rəngli Azərbaycan bayrağını döyüş yoldaşına verib və bu sözləri deyib:

– Bu bayraq səndə qalsın. Mənə bir şey olsa, sən sağ qalsan bu bayrağı mənim əvəzimdən Şuşadan asarsan. Bu mənim illərdi ki, ürəyimdə böyütdüyüm arzumdu. Ya nəsib, ya qismət…

Ürəyi vətən sevgisinə beşik, cismi vətənə keşik olan bu vətən sevdalısının ömür yoluna nəzər salanda qısa ömürə sığdırılan böyük qəhrəmanlığa şahid oldum.

Həsənov Əsəd Fərhad oğlu 16 Aprel 1988-ci ildə İmişli rayonun Şahverdili kəndində anadan olmuşdur. Ailənin iki övladından biri və yeganə oğul övladı idi. Doğulduğu zaman şəhid nuru yansımışdı çöhrəsinə. Axı şəhidlər seçilmişlərdəndi. 1995-ci ildə Şahverdili kənd tam orta məktəbində 1-ci sinifə qədəm qoymuşdu. 2003-cü ildə VIII sinifi əla qiymətlərlə bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdu. O gün Əsədin sevinci arzuları kimi qanad açmışdı. Körpəlikdən “Ana mən böyüyüb hərbi forma geyinəcəm” deyən Əsəd arzusuna çatmışdı.Yuxusuz gecələrin bəhrəsi idi bu gerçək olan arzu. Həmin vaxt öz arzusuna çatmağın sevincini yaşayan Əsəd illər sonra Azərbaycan xalqını azadlıq arzusuna çatdıracaq hərbçilərdən olacağına and içmişdi. 2006-cı ildə hərbi liseyi idman, təlim və intizamda yüksək göstəricilər və dərslərində əla qiymətlərlə bitirmişdi. 2006-cı ildə H.Əliyev adına Hərbi Akademiyaya qəbul olmuşdu. 2010-cu ildə Akademiyanı bitirmiş, bir il Bakı şəhərində N saylı hərbi hissədə təcrübə keçərək zabit sertifikatı almış və leytenant rütbəsi almışdı. 2011-ci ildə təyinatla Naxçıvan MR-da N saylı hərbi hissədə, sonra isə Şahbuz rayonunda N saylı hərbi hissədə xidmət etmişdi. 2014-cü ildə orada baş leytenant hərbi rütbəsinə yüksəlmişdi. Elə həmin ildə də təyinatla Bakı şəhəri N saylı hərbi hissəyə göndərilmiş və batareya komandiri vəzifəsinə təyin edilmişdi. 2016-cı ildə Goranda yerləşən N saylı hərbi hissəyə batareya komandiri vəzifəsinə göndərilmişdi. 2017-ci ilin avqust ayında kapitan hərbi rütbəsinə yüksəlmişdi. 2019-cu ildə Bakıda 2 ay hərbi kurs keçdikdən sonra 15 Mart 2019- cu il tarixində yenidən Goranda yerləşən N saylı hərbi hissədə MTO vəzifəsini icra etmişdi. Yüksək hərbi təhsili ,hərbi vəziyyətlərdəki bacarığı ,döyüş taktikası  və hərbi təlimlərdə göstərdiyi fiziki hazırlığı nəzərə alınaraq 2020-ci ilin iyun ayında tabe olduğu komandanlıq tərəfindən Ağdam rayonundakı N saylı hərbi hissəyə Qərargah rəisi vəzifəsinə təyin olunmuşdu.

Ağdam, sinəsi dağlı Ağdam. Bir qisminə addım ata bilsək də çox hissəsi işğalda ağlar qalan, viran olan Ağdam. Əsəd hər dəfə uzaqdan vətənə əllərini uzadan yetim Ağdamı görəndə qisası bir qədər də dərinləşirdi. Onun yurd həsrətli ürəyi həm də dost intiqamını almaq üçün döyünürdü. Axı onun 2016-cı ildən Savalanov Nəcməddin Akif oğluna verdiyi bir qisas sözü vardı.

Əsəd ümumiyyətlə atdığı hər addımın məsuliyyətini dərk edirdi. O, ailə quranda da elə bir xanım seçdi ki, onunla bu yolu bərabər addımlamağa layiq olsun. 2016 – cı il avqustun 28-də Reyhanə xanımla ailə qurmuşdu. Atalıq sevincini də duymuşdu. İstəyirdi ki, Hüseyn və Mələk vətəni onun kimi sevsin. Ailəsindən, sevdiklərindən çox vətənin qayğısını çəkirdi. Bəzən sevdiklərinin Əsədə olan həsrəti dilə gələrdi. Bir dəfə sevdiyinin “Kaş ki, bu gün getməyərdin” sözlərinə Əsədin cavabı belə olmuşdu:

– Sizə kim deyib ki, mən sizə məxsusam? Mən bu vətənin oğluyam. Mən bu torpağa, bu dövlətə məxsusam. Biz hamımız bu torpağa, bu vətənə borcluyuq! Mən getməliyəm. Hərbçi yoldaşlarımla bu vətənin torpağına,daşına sadiq olacağımıza and içmişik, onlar məni gözləyir.

Budur vətəndən yaranıb vətənə dönmək. Əsəd illərlə qəlbində böyüyən qisasını digər Azərbaycan oğulları kimi ram edə bilmədi. 2020-ci il 27 sentyabrda o qisas qığılcımlarından intiqam alovu çatıldı. Vətən sevgisinin hopduğu qanlar axdı torpağa. Əsəd əsgər və zabit heyəti ilə birlikdə düşmən ordusunu darmadağın etməyə nail oldu. Əsəd və komandası düşmənin 3 top batareyasını, 5 zenit qurğusunu, digər hərbi texnikalarını və 100-ə yaxın erməni əsgərini məhv etdi. Döyüş yoldaşlarının dediklərini olduğu kimi yazıram. Çünki həmin o anı onlardan yaxşı izah edə bilmərəm.

-Komandirimiz Əsəd Həsənov topu snayper kimi atırdı. Dəqiq olan hədəfindən düşmənin yayınması mümkünsüz idi. Rabitə əlaqəsi yaradan zabit deyir ki, “Əsədin hər top atışını müşahidə edən diviziya komandiri sevinc ilə Əsədə hədəfi düzgün vurduğuna görə təşəkkür edirdi”. Əsəd koordinatları çatdırmaq üçün  əlindəki rabitə ilə əlaqə saxlasa da səsi eşidilməyib.Düşmənin bizim atəş nöqtələrini vurmamasına və əsgərlərimizi qorumaq, onların təlafatına yol verməməsinə görə məcbur qalaraq təhlükəsizliyi təmin olunan yerin altında düzəltdiyi qərargahından çıxdı. Düşmənin atdığı mərmilərin üzərinə məğrur yüyürərək, hədəfin vurulması üçün döyüş meydanındakı topun yanına qaçaraq koordinatları verdi. Bu zaman atılan düşmən mərmisi top heyyətinin və onların yanında olan qərargah rəisi Əsədin yanında partladı. Əsədin vurulması əsgər və zabitləri sarsıtdı. Düşmənlər gələn birinci təcili yardım maşınını da vurdular.Əsədi yaralı götürməyə qoymadılar. Çünki Əsəd onlardan Xocalıda ölənlərin və öz qisasını almışdı.

Əsəd şəhid olduğu gün – oktyabrın 1-də bütün ailə üzvüləri ilə vidalaşıb. Həmin gün səhər tezdən saat 05:00 – da Mələk anaya zəng edib. Bir-bir hamını soruşub, halallaşıb. Sonra atası ilə danışıb və heç vaxt demədiyi sözü “salamat qalın” sözünü deyib. Bacısı Günaya və yoldaşı Reyhanəyə mesaj yazıb. “Öpürəm hər birinizi bağrıma basıram. Özünüzdən muğayat olun. Balalarıma yaxşı baxın, sizə əmanətlərimdi. Oğlum Hüseyn və qızım Mələk həmişə mənimlə fəxr etsinlər. Çünki onların ataları qəhrəman olacaq”.

Əsədlə nəinki onun övladları bütün Azərbaycan xalqı və İmişli camaatı qürur duyur. İmişli rayonunun Göbəktala kənd qəbirsanlığında qisasını aldığı dostu Nəcməddinlə birgə uyuyan Əsədin məzarı insanların müqəddəs ziyarətgahına çevrilib.

Kapitan Həsənov Əsəd Fərhad oğlu prezident İlham Əliyevin sərəncamı ilə şəhadətindən öncə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu. Vətən oğlu şəhadətindən sonra da “Vətən uğrunda” medalı ilə təltif edilib.

İndi qərərgah rəisi kapitan Həsənov Əsəd Fərhad oğlunun şəhid olduğu yerdə Azərbaycan və Türkiyə bayraqlarının kölgəsində plakatı asılıb. Əsədin doğmalarının arzusu Əsədin ən çox sevdiyi Xarıbülbülü Şuşadan gətirib Əsədin şəhid olduğu yerin torpağında əkməkdir. O torpaqda açan çiçək vətən sinəsindən şəhid kimi dərilən Əsəd kimi qoxacaq.

 

ŞƏHİD ƏSƏD

 

Bu bahar Xarıbülbül çəməndə açan zaman,

Çiçək ömürlü şəhid, gül qoxun duyulacaq.

Ömrünü azadlığın körpüsü edən igid,

Adını eşidənlər sənlə qürur duyacaq.

 

Sinən sipər olan yurd azadlığa qovuşub,

Sən azadlıq sözünü həkk etmisən qanınla.

İmişli torpağının yetirdiyi qəhrəman,

Adın qoşa çəkilir azad Azərbaycanla.

 

Qəlbinin vətən eşqi hopub qalıb torpaqda,

O torpaq cücərdəcək neçə-neçə fidanlar.

Əsəd, sən tək cənnəti nuruna qərq edəcək,

Vətən yolun üzüağ keçən çox qəhrəmanlar.

 

Manya SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 6-7 aprel.- S.11.