Orxan Rəhimli “xaloğlum ordadır”

deyib, ermənilərin içinə girən

 

Orxan Rəşid oğlu Rəhimli (28 aprel 1994, Xaçmaz, Oğuz rayonu – 16 noyabr 2020, Şuşa, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Dağ mədən mühəndisliyi" üzrə ali təhsil alıb. Subay idi.

Orxan Rəhimli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, FüzulininŞuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olan hərbçilərimizdən biriOğuz rayonu, Xaçmaz kənd sakini 26 yaşlı Orxandır.

Axar.az xəbər verir ki, Orxan Rəşid oğlu Rəhimli 1994-cü ilin aprelin 28-də anadan olub. Orta təhsilini uğurla bitirən Orxan 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Universitetiuğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Orxan, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.

Hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi, onu üzən hadisələr də az olmamışdı. Belə ki, illər öncə 2 əmisini eyni qəzada itirən şəhidimiz bir il deyildi ki, atasını da son mənzilə yola salmışdı.

O, bütün çətinliklərə baxmayaraq, ruhdan düşmür, ailəsi ilə birlikdə yeni ev tikir. Ana və nənəsi gözlərinin ağı-qarası bircə oğulları üçün toy etmək arzusu ilə yaşayırlar, Orxanın şəhid olacağı ağıllarına da gəlmir.

Həmin gün isə gəlir. Orxan 29 sentyabr 2020-ci ildə Qarabağ savaşına qatılır.

Müxtəlif istiqamətlərdə döyüşlərdən sonra son istiqamət Şuşa olur.

Orxan Oğuz rayonundan onunla birlikdə müharibəyə gedən Təbriz Cumuzadə, Rəvan Lətifov və Elşən Əhmədli birlikdə böyük qəhrəmanlıq göstərərək, Şuşa uğrunda mərd-mərdanə vuruşur.

Xidmət yoldaşları danışır ki, gedən döyüşlər zamanı Orxan yaralansa da, onu döyüş meydanından uzaqlaşdıra bilməyiblər. Yaralı-yaralı döyüşə davam edib və şəhid olmuş yoldaşlarının qisasını almaq üçün ermənilərin üstünə gedib. İkinci yaradan sonra o, Şəhid olub.

Başqa bir yoldaşı isə danışır:

Orxan yaralanmışdı, biz geri çəkilməli idik. Bizdən 100-150 metr qabaqda bizlə birlikdə olan əsgər yoldaşlarımız var idi. Onlarla əlaqə kəsilmişdi. Kömək gələnə qədər geri çəkilməli idik, lakin Orxan “mənim orda dostlarım, yoldaşlarım, doğma xalam oğlu var axı, mən xalamacavab verərəm” deyərək getdi qabağa, sonrasından isə xəbərim olmadı, mən də yaralı idim”.

Yoldaşları həmçinin danışır ki, təkbaşına bəlkə də onlarla ermənini məhv edib. O qədər cəsur, o qədər mərd olub ki, son nəfəsinə kimi bir addım belə geri çəkilməyib.

Allah Orxanın timsalında Vətən uğrunda canından keçən bütün Şəhid qardaşlarımıza rəhmət eləsin!

Qeyd edək ki, O.Rəhimli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Hürriyyət.- 2021.- 29-30 aprel.- S.13.