VAHID AZƏRBAYCAN UĞRUNDA MÜBARİZƏ

 

 

Uzaq və yaxın keçmişimizin hər bir dövrü özünəməxsusluğu, rəngarəngliyi, hadisələrin zənginliyi ilə fərqlənsə də, onları bir-birinə bağlayan, birləşdirən əsas qayə siyasi cəhətdən müstəqil, vahid Azərbaycan dövlətinin yaradılması və inkişafı uğrunda mübarizə olmuşdur.

 

Qubalı Fətəli xan

Əsrlər boyu qəsbkarların, zəngin Azərbaycan torpağına göz dikən yadellilərin işğalına, həmləsinə məruz qalan xalqımız həmişə öz nailiyyətini, siyasi mənliyini, iqtisadi müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə meydanından geri çəkilməmişdir.Bu baxımdan Azərbaycan xanlıqları da çoxəsrlik tariximizdə dərin iz buraxmışlar. Feodal pərakəndəliyinə xas olan xüsusiyyətlərinə baxmayaraq, Azərbaycan xanlıqları ərazi müstəqilliyini qorumaq, vahid dövlətdə birləşdirmək meylləri ilə fərqlənmişlər (Bu cəhətdən Quba xanlığı daha çox müstəsnalıq təşkil edir).

 

XVIII əsrin ortalarında nadir şahın öldürülməsindən sonra (17470-ci il 9 iyun) onun yaratdığı dövlət əsl mənada dağılmış, hər tərəfdən şah taxt-tacına iddiaçılar baş qaldırmışlar. O zaman ətraf ölkə və vilayətlərin nüfuzlu feodalları da sərbəstliyə can atırdılar.

 

Taxt-tac uğrunda mübarizənin qızışdığı bir dövrə Azərbaycan ərazisində müstəqil feodal dövlətləri – xanlıqlar yaratdı. O dövrdə xanlıqların yaranmasında xalq kütlələrinin azadlıq mübarizəsi, natural təsərrüfatın hələ də mövcudluğu, eyni zamanda beynəlxalq şərait əsas rol oynayırdı. Azərbaycan İran əsarətindən azad olduqdan sonra onun ərazisində 21 (M. Məmmədov – 21, H. Abdullayev – 18, İ. Petruşevski – 14) xanlıq meydana gəlmişdi. Onların 12-si Azərbaycanın şimalında (Gəncə, Bakı, Quba, Dərbənd, Şəki, Şamaxı, Talış, Qarabağ, Salyan, Cavad, İrəvan, Naxçıvan), 9-u isə Azərbaycanın cənubunda (Təbriz, Urmiya, Xoy, Sərab, Qaradağ, Ərdəbil, Maku, Marağa, Gilan) yaranmışdı. Bunlardan əlavə 6 sultanlıq (Qazax-Şəmşəddil, Borçalı, İlisu, Ərəş, Qutqaşın, Qəbələ) və 5 məliklik (Dizak, Vərəndə, Xaçın, Ciləbört, Gülüstan) da meydana gəlmişdi. Sultanlıqların əksəriyyəti, məlikliklərin isə hamısı bu və ya digər xanlıqdan asılı idilər. Azərbaycanda (həm şimali, həm də cənubunda) belə pərakəndəliyin yaranmasının əsas səbəbi ölkədə iqtisadi əlaqələrin zəif olması, təsərrüfatın natural xarakter daşıması, feodalların hər birinin müstəqil hakimiyyətə can atması idi.

 

Parçalanmış Azərbaycanı vahid dövlətdə birləşdirmək niyyəti şimalda Şəki, Qarabağ və Quba xanlıqlarını, cənubda isə Urmiya xanlığını daim düşündürmüş və həqiqətən bu sahədə onların hər biri müəyyən addımlar atmışlar. Lakin onların içərisində son nəticədə ən çox iş görən Qubalı Hüseynəli xanın (1722-1758) oğlu Fətəli xan (1758-1789) olmuşdur. Quba xanlığının yaranmasının maraqlı tarixi vardır. Belə ki, Quba xanlığının tarixinə nəzər salsaq görərik ki, bu xanlıq XVII əsrin 80-90-cı illərində yaranmış və ilk Quba xanı da 1689-cu ildə vəfat etmiş Hüseyn xan olmuşdur. Digər xanlardan fərqli olaraq, Quba xanları böyük hüquqlara malik idilər. Belə ki, hələ səfəvilər dövründə Dağıstan hakimlərinin Qaytaq Usmisinə məvaciblə yanaşı, Şirvandan bir sıra kəndlərin gəlirləri və idarəçiliyi də verilmişdir. O zaman Qaytaq Usmisinin nəsli iki xəttə bölünmüşdü. Böyük xətt Məcalisdə, kiçiyi isə Yenikənddə yaşayırdı. Növbə ilə gah bir, gah da o biri qolun nümayəndəsi Usmi vəzifəsini tuturdu. Qaynaqlarda göstərilir ki, Yenikənddəki qol Məcalisə basqın edərək, azyaşlı Hüseyndən başqa buradakı qolun bütün kişi üzvlərini qırır. Aydə bəy Hüseyni xilas edir və Tankı Şamxalının yanına aparır. Hüseyn İsfahana aparılır, burada təhsil alır və Qacar tayfasından varlı bir əyanın qızı ilə evlənir. Bu nikahdan Əhməd xan dünyaya gəlir. Arvadının vasitəçiliyi ilə Süleyman şah (1666-1694) onu (Hüseyni) Quba və Gülhanın xanı təyin edir. Beləliklə, Quba xanlığının əsası qoyulur. 1724-cü il İstanbula müqaviləsinə görə, Quba əyaləti Rusiyanın tərkibinə daxil olunmuşdu. Hüseynəli xan isə Quba hakimi təyin edilmişdi. Onun iqamətgahı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşdur. Burada zərbxana və silah emalatxanaları vardı. O zaman Quba xanlığının sahəsi 10. 500 kvadrat verst idi. Şimalda Dərbənd və Qazıqumuq, qərbdə Şəki, cənubda Bakı və Şamaxı xanlıqları, şərqdə Xəzər dənizi ilə əhatə olunurdu. Quba xanlığı hərbi müdafiə cəhətdən güclü idi. Ona görə ki, xanlığın ərazisində çoxsaylı müdafiə qalaları ilə yanaşı əhalisi də döyüşkən və cəsur idi.

 

Quba xanlığı əlverişli coğrafi mövqedə yerləşməklə yanaşı, münbit torpağı, şəfalı iqlimi əkinçilik, bağçılıq və maldarlıq təsərrüfatını inkişaf etdirməyə imkan verirdi.

 

XVIII əsrin ortalığından Quba xanlığını Hüseyn xanın nəvəsi – Əhməd xanın (1689-1722) oğlu Hüseynəli xan (1722-1758) idarə edirdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Salyan xanlığını Quba xanlığına qatdı. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-ci ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdar da Quba xanlığının himayəsində idi (11, 65).

 

1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun oğlu 22 yaşlı Fətəli xan keçdi. Fətəli xanın dövründə (1758-1789) Quba xanlığının mövqeyi daha da möhkəmləndi. Fətəli xan (1736-1789) öz dövrünün görkəmli dövlət xadimi, mahir diplomat və qəhrəman sərkərdə, tariximizin və milli dərketməmizin ən parlaq simalarından biri idi. O, 31 illik hakimiyyəti dövründə Azərbaycan torpaqlarını birləşdirib vahid və güclü dövlət yaratmaq arzusu ilə Azərbaycan torpaqlarını birləşdirib vahid və güclü dövlət yaratmaq arzusu ilə yaşayıb, bu yolda nə mümkünsə etmiş və çox şeyə də müvəffəq olmuşdur.

 

A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabit qədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri almaq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi” (9, 45). Görkəmli ictimai və hərbi xadim kimi xalqın rəğbətini qazanmış Fətəli xan həm də dövrünün ziyalı və savadlı şəxslərindən olmuşdur. Ana dili ilə yanaşı fars və rus dillərini də bilirdi. Onun tapşırığı ilə bir sıra məşhur elm, sənət əsərləri ərəbcədən və farscadan Azərbaycan dilinə tərcümə olunmuşdur.

 

Fətəli xan məqsədyönlü və suveren xarici siyasət yeridirdi. Türkiyə və İranın təkidinə baxmayaraq o, Rusiya imperiyasına qarşı düşmənçilik siyasəti yeritməmiş, eyni zamanda öz torpaqlarının Rusiya tərəfindən zəbt edilməsinə imkan verməmişdir.

 

Azərbaycanın feodal pərakəndəliyi vəziyyətində olduğunu görən Fətəli xan bütün xanlıqları vahid dövlət ətrafında birləşdirməyi qərara alır. Bununla əlaqədar olaraq, Quba xanı Dağıstan hakimləri - Tarxu Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə əlaqəyə girib, dağlar ilə Xəzər dənizi arasında Samur çayının sağ sahilindəki torpaqları Quba xanlığına tabe etdi. Bunlar Müşkür, Niyazabad, Sabran, Rustov və Beşbarmaq torpaqlarından ibarət idi. 1759-cu ildə Dərbənd xanlığı Quba xanlığına ilhaq edildi. Xəzər dənizində mühüm qala və ticarət limanı olan Dərbənd Quba xanlığının daha da möhkəmləndirilməsi üçün əsas amil oldu. 1767-ci ildə Bakı xanlığı Quba xanlığına birləşdirildi. Azərbaycanın şimal-şərq torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan, Bakı xanlığını özündən asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məmmədxana (1768-1784) ərə verdi. Beləliklə, Fətəli xan öz məqsədini həyata keçirmək üçün bəzi hallarda güc tətbiq etmədən feodalizm dövründə dövlət siyasətində mühüm rol oynayan nikah diplomatiyasından da istifadə edildi. Məsələn, Qaraqaytaq Usmisi Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni ilk Bakı xanı I Mirzə Məhəmmədxanın oğlu Bakı xanı Məlik Məhəmməd xana (1758-1784) ərə vermişdi. Tutu Bikə bütün həyatı boyu Fətəli xana sədaqətli olmuş, ağıllı Xədicə Bikə isə qardaşının məsləhəti ilə Bakı xanının daxili işlərinə müdaxilə etməyə və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə nail olurdu. Rus tarixçisi R. Butkov yazır ki, “Bakı xanı bütün həyatı boyu Quba xanlığına sadiq oldu. Çünki Fətəli xanın bacısı öz ərini tamamilə ələ almışdı. Quba xanı nikah münasibəti ilə öz hakimiyyətini Bakı üzərində möhkəmləndirməyə nail oldu”

 

Məlik Məhəmməd xan olmayanda Xədicə Bikə xanlığı özü idarə edirdi. Əri iki il Qarabağda əsirlikdə olanda, iki dəfə Məkkə və Kərbəlanın müqəddəs yerlərinə ziyarətə gedəndə, həmçinin hərbi fəaliyyəti dövründə xanlığı Xədicə Bikə idarə etmişdi.

 

Dərbənddən Salyana qədər Xəzər sahilindəki bütün torpaqlar Quba xanlığı tərkibinə daxil edildi. 1767-ci ildə Fətəli xan Şəki xanlığı ilə sazişə girib Şamaxı xanlığını işğal etdi. Həmin il Gəncə xanı Cavad xan da Fətəli xana tabe olduğunu bildirdi. Beləliklə, XVIII əsrin 60-cı illərində Dərbənddən Cavad xanlığına qədər Azərbaycanın şimal-şərq torpaqları Quba xanlığının hakimiyyətinə keçdi. 1768-ci ilin iyununda Şamaxı təslim oldu, ilin sonunda isə Cavad xanlığı da qəti olaraq Quba xanlığına qatıldı. Cavad xan Quba xanının etibarlı müttəfiqi idi. Şərqi Azərbaycanın ən zəngin torpaqları Quba xanlığına birləşdirildi.

 

Dərbənddən başlayaraq, bütün Azərbaycan torpaqlarını bir dövlət tərkibində birləşdirən Fətəli xan hərbi qüvvə, ticarət və iqtisadi əhəmiyyət baxımından çox uğurlar qazanmış, ölkədə əmin – amanlıq yarada bilmiş, Cənubi Azərbaycan xanlıqlarının da həmişəlik İran əsarətindən qurtarıb öz himayəsinə götürməyə cəhd göstərmişdi.Fətəli xan əqidəsi möhkəm. Amalı yüksək, məqsədi ali, bütün varlığı ilə torpağına, xalqına bağlı dövlət başçısı idi. Xalqımızın cəsurluq rəmzi sayılan Cavad xan Fətəli xanın Gəncə şəhərinə yürüşü zamanı yola pişvaza çıxıb özünün rəğbət və itaətinin nişanəsi olaraq, Gəncə qalasının açarını ona təqdim etmişdi. Azərbaycanın bəzi cənub xanlıqlarının sakinləri Fətəli xandan onları himayəyə götürməyi xahiş etmişlər. Fətəli xan öz məqsədinə çatmaq üçün Rusiya üçün dostluq əlaqəsi saxlayırdı. 1782-ci ildə Quba xanlığı ilə Rusiya arasında bağlanmış müqavilə hər iki dövlət arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün şərait yaratdı. Quba xanlığının qüdrətinin artmasından ehtiyat edən Qarabağ, Şəki xanları və Dağıstan hakimləri birləşmiş qüvvələrini Quba xanlığı üzərinə yeritdilər. 1774-cü ildə Xudat yaxınlığında Gavduşan çölündəki döyüşdə Fətəli xanın qoşunları məğlub olub Salyana çəkildilər. Quba və Şamaxı tutuldu. Dərbənd isə mühasirəyə alındı. Dərbəndin müdafiəsinə Fətəli xanın arvadı Tutu Bikə rəhbərlik edirdi. Fətəli xan Rusiyaya müraciət edərək kömək istədi. 1775-ci ilin martında general de Medemin başçılıq etdiyi rus qoşunları Dərbəndə yaxınlaşdılar. Bundan istifadə edən Fətəli xan düşmənin silahlı qüvvələrini darmadağın etdi. Quba azad edildi.

 

 

 Əkrəm Zeynalov

 

 Hürriyyət.- 2021.- 10 avqust.- S.13