Çin olan xəyallarımızın Xəyal adlı körpüsü...

 

(Əvvəli ötən sayımızda)

 

Xəyal Rahil oğlu Rəhimli, 09 iyun 1992-ci ildə Beyləqan rayonu Orta Əlinəzərli kəndində, sadə, halal ruzi qazanmaqla dolanan, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.

Şəhidimizin bacısı Aygün Rəhimovanın xatirələri: Mən, ailəmizin ilk övladıyam. Xəyal dünyaya göz açanda, mən 8-ci sinifdə oxuyurdum. Qardaşım üçün qurbanlar kəsildiyi indiki kimi yadımdadır. Onun gəlişi, özü ilə ailəmizə qucaq dolusu sevinc, misli görünməyən böyük bir xoşbəxtlik gətirmişdi. Uşaqlıqda sakit təbiətli, səbrli, təmkinli və evə çox bağlı idi qardaşım. Xəyalı, demək olar ki, özüm saxlamışdım və bütün xarakterlərini, istəklərini əzbər bilirdim. Mənə, həddindən artıq bağlı idi. Mən ona, həm ana, həm bacı, həm də, sirr ortağı idim.

Bu gün də, dönməyəcəyini bilə-bilə, gözüm hər yerdə onu axtarır. Hələ də, onun yoxluğunu qəbul edə bilmirəm! Bu dərd yükünü daşımaq mənə çox çətindir. Hər gün qardaşımın qayıdacağı xülyası ilə, özüm-özümü aldadıram. Bununla da, guya təsəlli tapır, uşaq kimi həqiqətdən qaçıb, yalan kölgəsində gizlənirəm. Qardaşımın şəhid olduğu həmin gün heç zaman yadımdan çıxmaz!

Bir şey, hələ də, mənə sirr olaraq qalır: “Niyə, Xəyal hər dəfə mənə məktub yazanda, cümlələrin sonunda “Mənasız həyat!” sözünü yazırdı?!”...

Mən özüm də, “N” saylı hərbi hissədə mülki işçi kimi çalışıram. Vətən Müharibəsi zamanı biz də, Vətən qarşısında xidməti vəzifəmizi yerinə yetirirdik. Əsgərlərimizə dualar edir, səbrsizliklə Qələbə qazanacağımız günü gözləyirdik. Qazandığımız bu möhtəşəm Qələbədə, zəhməti keçən, xidməti olan hər kəsə öz təşəkkürümü bildirirəm! Müalicə alan qazilərimizə can sağlığı arzulayır və tezliklə, doğmalarına qovuşmalarını diləyirəm!

Müstəqil dövlətimizin azadlığı, xalqımızın xoş gələcəyi uğrunda yorulmadan çalışan Vətənimizin qeyrətli oğulları ilə fəxr edirəm!

Uca Allah, müqəddəs məqam sahibləri olan bütün şəhidlərimizə rəhmət etsin!

Allah, bütün şəhid valideynlərinə səbr versin!

Şəhidimizin bacısı Yaqut Rəhimovanın xatirələri: Xəyal yaşca məndən çox kiçik idi. Ailəmizdə hamı kimi, mən də onu əzizləyər, onun üçün əlimdən gələn hər şeyi edərdim. Qardaşım hər birimizin sevimlisi idi. Utancaq xasiyyətli, təmiz qəlbli biri kimi hamı tərəfindən sevilərdi. Heç kəslə şəxsi ədavət saxlamaz, kin-küdurəti ürəyinə yaxın buraxmazdı. Qardaşımın hər kəsdən gizli saxladığı, yalnız özünəməxsus, çox maraqlı daxili dünyası vardı.

Onun şəhid olması xəbərini eşitdiyim günü, mən də, digər ailə üzvlərim kimi heç vaxt yaddan çıxartmaram. Xəyalın aramızda olmaması bizi çox sıxır və Allahın bu çətin sınağı qarşısında hələ də, acizanə formada, çarəsiz olaraq qalmaqdayıq...

Xəyal qardaşım da daxil olmaqla, Vətənimiz Azərbaycan uğrunda, xalqımızın azadlığı naminə özünü fəda edən bütün şəhidlərimizə Allah rəhmət etsin! Onların müqəddəs ruhu qarşısında baş əyirəm!

Şəhidimizin bacısı İnarə Rəhimovanın xatirələri: Qardaşımla bağlı xatirələrim çoxdur. Xəyalın, ürəyimdə istiqanlı qardaş, sədaqətli bir dost kimi xüsusi yeri var idi. Hələ, ailəmizdən, yaxın qohumlarımızdan heç biri onun nə sözündən, nə də, hər hansı bir hərəkətindən inciməmişdi. Hər bir işimizdə bizə yaxından köməklik göstərər, bizi heç zaman tək qoymazdı. Öz halal qazancı ilə ailəmizə yardımçı olardı.

Xəyal qardaşım, həmçinin,Vətənimizi, xalqımızı da, bütün vücudu, bütün ruhu ilə sevərdi! Vətən Müharibəsi başlayanda, Xəyalın cəbhəyə getmək üçün necə can atması yaxşı yadımdadır. Qismən səfərbərliklə Ordu sıralarına çağırılan qardaşım, Vətənimizə öz xidməti borcunu ləyaqətlə vermişdir. Düşmən ilə mübarizədə üzərinə düşən vəzifənin öhdəsindən gəlmiş, yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları lazımınca yerinə yetirmişdir.

Xəyal, torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olmuşdur. Mənim üçün şəhid baçısı olmaq, həm çox çətin, həm də, olduqca qürurverici bir hissdir. Bu adın məsuliyyətini dərk edir, ağırlığını qəlbimdə daşıyıram. Uca Allah, mənim də qardaşım daxil olmaqla, cəmi şəhidlərimizə rəhmət etsin!

Şəhidimizin bacısı Səbinə Rəhimovanın xatirələri: Demək olar ki, Xəyalla ən yaxın ünsiyyətdə olan ailə üzvü mən idim. Bizim aramızda heç bir sirr yox idi.

Vətən Müharibəsi başlayanda onu da cəbhəyə çağırdılar. Bizdən fərqli olaraq, o, həmin gün çox sevinirdi. Bizə təsəlli verərək, hər şeyin yaxşı olacağını bildirdi. Cəbhəyə getməmişdən qabaq, evimizə də, mənə də lazım olan zəruri şeyləri aldı. Bizdən arxayın olduqdan sonra, rahat şəkildə yola düşdü...

Qardaşım cismən aramızda olmasa da, ruhən bizimlə olduğunu bilirəm. Xəyal şəhid olan gündən, onunla görüşə, yalnız qəbri üstə gedirəm. Artıq, bu yer, qardaşımla söhbət yerim, ona qarşı olan duyğularımın canlandığı ən müqəddəs bir məkandır.

Bəzən, yuxuda görürəm qardaşımı. O, adi həyatda olduğu kimi, yuxuda da mənimlə mehriban danışır, amma bu söhbətimiz çox da uzun çəkmir. Hər dəfə oyanıb, bütün bunların yuxu olduğunu biləndə isə, çox pis olur, özümə yer tapa bilmirəm. Hələ, bu günə qədər də, onun yoxluğu ilə barışmamışam. Xəyalla getdi hər bir sevgim, hər bir istəyim. Dünyaya bağlılığımı, yaşamağa həvəsimi və bütün arzularımi Xəyal özü ilə apardı. O, mənim gözümdə böyük bir dünya idi. İndi, bu dünya onsuz mənim üçün çox boş və mənasız görünür.

Bütün şəhid bacıları kimi, mən də öz qardaşımla fəxr edirəm! Ona, Allahdan rəhmət diləyirəm!

Şəhidimizin dayısı Eynullah Əsgərovun xatirələri: Xəyal evimizdə, elimizdə özünə hörmət qazanmağı bacarmışdı. O, xüsusilə, mənim üçün çox doğma, çox əziz idi. Heç zaman, onu övladlarımdan seçməmişəm. Xəyaldan özümə qarşı həmişə hörmət və ehtiram görmüşəm. Onun cismən yoxluğu məni çox kədərləndirir. Gözüm hər yerdə onu axtarır və yenə də, əvvəllər olduğu kimi, onu bağrıma basıb, qucaqlamaq istəyirəm. Bunun mümkünsüzlüyünü bilə-bilə, yenə də, beynimdə beləcə, şirin xəyallar qurub, özümü sakitləşdirməyə çalışıram. Xəyal, mənim arzularımın hədiyyəsi idi. Bacılarının yeganə qardaşı idi, sakit, tərbiyəli və mərd. Bizim üçün Xəyal, elə öz adı kimi, xəyal olaraq da qaldı!...

Uca Allahdan çox istəmişdim ki, bacımın evində belə bir oğul böyüsün. Çox şükür ki, belə bir oğulu Allah bizə qismət elədi. Bu gün isə, Xəyal, artıq bacımgilin deyil, bütün Azərbaycan xalqının övladıdır!

Xəyal kimi oğullar, düşmən əsarətində olan, illər uzunu həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytardı. Belə igidlərimizin sayəsində Qələbə sevincini yaşamışıq!

Şəhid adı, böyük bir fəxarətdir! Xəyal kimi oğullar şəhidlik zirvəsinə yüksəlməklə, xalqımızı, dövətimizi bu savaşdan qalib olan tərəf kimi, alnıaçıq və üzüağ çıxartdı! Mən də, Xəyalla bərabər, bütün şəhidlərimizlə fəxr edirəm! Allah onlara rəhmət etsin! Müqəddəs ruhları qarşısında baş əyirəm!

Şəhidimizin qohumu Arzu Rəhimovun xatirələri: Keçdiyimiz hər gün tarixə dönür. Bu günlərin heç də hamısı yaddaqalan olmur.Yeganə unudulmayan insan həyatı isə, məhz şəhidlərimizin keçdiyi, şərəflə dolu yaşadığı ömür payıdır.

Məşhur alman mütəfəkkiri, şair-dramaturq Hötenin qeyd etdiyi kimi: “Şərəfli yaşamaq mümkün olduğu yerdə, şərəfsiz yaşamaq nahaqdır!”.

Bu dünya həyatına fərqli şəkildə, gözəl bir adla “Əlvida” deməkdir şəhid olmaq. Vətən, xalq yolunda öz istəyi ilə, bilərəkdən canını fəda edən insanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədə dayanmaqdır şəhid olmaq. Bu yol, bizim şahidi olduğumuz savaşların qəhrəmanı olan qorxmaz, məğrur oğullarımızın getdiyi şərəfli bir döyüş yoludur. Onların qısa, lakin hər kəsə nümunə olacaq həyat hekayəsi, özündə şanlı tariximizi əks etdirərək yaşatdı...

Cənnət sakinləri olan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir və Ulu Tanrıdan onlara rəhmət diləyirəm!...

Şəhidimizin döyüş yoldaşı Əmrah Əliyevin xatirələri: Xəyal ilə mən eyni gündə, qismən səfərbərlik çağırışı ilə ordu sıralarına çağırılmışıq. Onunla bağlı çox xatirələrim var. Biz, istər təlim taborunda, istərsə də, döyüş zamanı bir yerdə olmuşduq. Yuxarı komandanlıq tərəfindən Xəyala qarşı həmişə yaxşı münasibət olmuşdur. Nizam-intizamlı olduğundan, hamı tərəfindən hörmətlə qarşılanardı.

Xəyal, ən yaxından tanıdığım, qorxmaz, mərd döyüşçülərdən biri idi. O, Vətəninə ləyaqətlə xidmət etmiş, xalqına, dövlətinə sadiqliyini, ona sədaqətini öz əməli işi və sevgisi ilə sübut etmişdir!

Əsas döyüş yolumuz isə, Cəbrayıl, Qubadlı rayonları və ətraf kəndləri istiqamətində olmuşdur. Tale elə gətirdi ki, hər ikimiz də, eyni gündə, 07 oktyabr 2020-ci il tarixdə, yanımıza qumbaraatan mərmisi düşməsi nəticəsində yaralandıq. Xəyalın aldığı qəlpə xəsarətləri çox və ağır olduğundan, o, döyüş meydanında şəhid oldu. Onunla bərabər, digər yoldaşlarımızdan da, şəhid olanlar oldu. Bütün bunların hamısı, mənim gözlərim qarşısında baş vermişdir.

Bir müddət Respublikamızın müxtəlif yerlərində fəaliyyət göstərən Hərbi Hospitallarda müalicə aldım. Sağlamlığım qismən bərpa edilib, lakin bütün bunlara baxmayaraq, hələ də, müharibənin acılarını, şahidi olduğum hadisələrin gərginliyini yaşamaqdayam. Mən, həmin günlərdə ətrafımda olan çox doğma, çox etibarlı yoldaşlarımı itirdim. Onların əziz xatirəsi bir ömür boyu qəlbimdə yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət etsin!

Onu da vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı 15 dekabr 2020-ci il tarixli sərəncama əsasən, Xəyal Rahil oğlu Rəhimli ölümündən sonra, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir!

Nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Beyləqan rayonu ərazisində yerləşən Cərcis Peyğəmbər ziyarətgahında, xüsusi olaraq şəhidlərimiz üçün ayrılmış Şəhidlər Xiyabanında dəfn edilib!

Həmin gün mən də, digər rayon sakinləri kimi bu dəfn mərasimində iştirak edirdim! Məhz, bu müqəddəs məkanda, öz şəhidini hörmət və ehtiramla son mənzilə yola salan xalq sevgisinin, canlı şahidi oldum! İnsan izdihamının, sürəkli alqışların və haqqında deyilən fəxarət dolu sözlərin müşayiəti ilə dəfn edildi şəhid qardaşım!

Hadisələrin ən yaxın iştirakçısı kimi, göz yaşları içində, milli birliyimizə, həmrəyliyimizə görə, qeyrətli xalqımla bir daha fəxr etdim və azərbaycanlı olduğumla qürur duydum!...

Vətənimiz Azərbaycan uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn igidlər, göstərdikləri misilsiz fədakarlıqlarla, öz adlarını xalqımızın qan yaddaşına əbədi olaraq həkk etdilər!

Heç şübhəsiz ki, onlar bir qəhrəmanlıq nümunəsi olaraq, milyonlarla insanın sevgisini, rəğbətini və ürəyini qazandılar!

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlər bizim azadlıq, müstəqillik, yenilməzlik və qəhrəmanlıq simvolumuzdur!

Dövlətimizin, torpaqlarımızın illərdir düşmən tapdağından xilas olması üçün apardığı haqlı mübarizə öz bəhrəsini verdi. İşğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi. Müzəffər Azərbaycan Ordusu Ermənistan dövləti tərəfindən törədilən ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində, düşmənin 30 ilə yaxın bir müddət ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Beləliklə də, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

Xalqımız, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımı anda öz dövləti və Ali Baş Komandanı ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Biz haqq, ədalət uğrunda döyüşdük, hüquqlarımızın bərpası üçün mübarizə apardıq və qələbə qazandıq.

Möhtəşəm qələbəmiz Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır!

Vətən Müharibəsinin böyük zəfərlə bitməsi Azərbaycan dövlətinin, xalqının böyük uğurudur!

Bizim Vətən savaşımız, həm də, milli birliyimizin gücləndirilməsinə öz töhfəsini vermiş oldu.

Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır!.

Məhz, fədakar şəhidlərimizin həyatı hesabına Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi və əzəli, tarixi torpaqlarına sahib çıxdı!.

Vətənimizin igid oğullarını yada salmaq, onların əziz xatirəsini hörmətlə anmaq hər birimizin vətəndaşlıq borcudur! Haqq-ədalət yolunda özünü fəda edən bütün şəhidlər yüksək hörmətə və ən ali ehtirama layiqdirlər! Şəhadət şərbətini içən qeyrətli eloğlu, cənnət qoxulu Xəyal qardaşım, şəhidlik məqamın mübarək olsun!

Cismani yoxluğunu bilsəm də, ruhən bizimlə olduğuna inanıram Xəyal!

Öz şərəfinlə müqəddəs şəhidlik zirvəsinə, o əlçatmaz mərtəbəyə yüksələn şəhid qardaşım, mən də daxil olmaqla, bütün Səni sevənlərin və qədirbilən xalqımızın qəlbində daim yaşayacaqsan!

Ulu Tanrı Sənə və cəmi şəhidlərimizə rəhmət etsin!

Xalqımız, müstəqil dövlətimiz daim var olsun!

Üçrəngli, müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın!

Şəhidlərimizi tərbiyə edib, qəhrəman oğul kimi böyüdən valideynlər, haqqınızı bizə halal edin!

Başın sağ olsun Azərbaycan xalqı! Təki, Vətən yaşasın, müstəqil Azərbaycan dövləti var olsun!

Min bir əziyyətlə övlad böyüdüb, Vətən yolunda qurban verən, oğlu haqqında danışarkən göz yaşlarına hakim çıxa bilməyən Kifayət anamın əllərindən öpür, evdə hamı açıq-aşkar Xəyal üçün ağlayarkən, bağda, ağacların altında, gözdən-könüldən uzaq bir yerdə için-için ağlayıb-sızlayan Rahil dayımın qarşısında baş əyirəm!

Böyük Çin filosofu Konfutsinin dediyi kimi: “Hər bir insanın həyat yolunu, onun mənəvi dünyası, xarakteri müəyyən edir!”.

Şəhidimiz Xəyal Rəhimli də həyat yolunu öz zəngin mənəvi dünyasına uyğun olaraq, təmiz vicdanı, dürüst xarakteri ilə müəyyən etdi!. Geri dönüşün mümkün olmadığını dərk edərək, şüurlu şəkildə öz canından keçib şəhadət şərbətini içdi!...

Çox hörmətli oxucular, şəhid qardaşım Xəyal barədə qəlbimdəki duyğularımı, sözlərə, cümlələrə çevirib Sizin diqqətinizə çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu isə, deyə bilmərəm. Sözsüz ki, yazının necə alındığını, Siz, məndən daha yaxşı bilirsiniz...

Qeyd: Yazının ərsəyə gəlməsində, işıq üzü görməsində və geniş oxucu kütləsinə təqdim edilməsində mənə yaxından kömək edən şəxslərə: Şəhidimizin ailə üzvlərinə, qohumlarına, dostlarına, kəndimizin vətənpərvər sakini, Arzu Rəhimova, Şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim kollektivinə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü, cənab Müşfiq Əliyevə, “SƏS” İnformasiya Agentliyinin rəhbərliyinə və kollektivinə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, cənab Şamil Sabirogluna, “Quruluş” qəzetinin təsisçisi, cənab Elman İsrafiloğluna, “Paralel” qəzetinin təsisçisi, cənab Tapdıq Abbasa, “Hürriyyət” qəzetinin təsisçisi, Partiya sədri, cənab Sərdar Cəlaloğluna, digər mətbuat nümayəndələrinə və zəhməti keçən hər bir insana öz səmimi minnətdarlığımı bildirirəm!

Xüsusi qeyd: Müqəddəs Şəhidlərimizin Respublikamızda və eləcə də, bütün dünyada lazımınca tanıdılmasına, təbliğ edilməsi istiqamətində bizə münbit şərait yaratdığına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm!!!...

 

Sabit Mehdiyev

 

Hürriyyət.- 2021.- 9-10 fevral.- S.13.