Böyük güclərin Azərbaycanı parçalamaq planı…

 

Və yaxud 193 il əvvəl ölkəmizin bölünməsini legitimləşdirən Türkmənçay müqaviləsinin bu gün nə kimi hüquqi əsasları qalır?

 

Fevralın 10-da Azərbaycanın parçalanmasını legitimləşdirən Türkmənçay müqaviləsinin 193 illiyi tamam oldu. Bu müqavilə Azərbaycanın ikiyə bölünməsi kimi yaddaşımıza qazılsa da, faktiki bölünən vətən torpaqların üzərində 3 dövlətin ortaya çıxması ilə sonuclandı. Qacar Türk dövlətindən xarici güclərin – elə indiki Qərbin sələflərinin əli ilə 1925-ci ildə fars elitasının idarə etdiyi dövlətə çevrilmiş İran, Rusiyanın tərkibinə keçmiş Şimali Azərbaycan və Türkmənçay müqaviləsinin XV-ci maddəsinə əsasən 40 min erməninin hazırkı Şimali Azərbaycanın qərb torpaqlarına köçürülməsi sayəsində Ermənistan dövlətinin yaradılması ilə nəticələndi.

Azərbaycanın bölünmə sürəcinin o dönəmə görə əsas hüquqi bazasını meydana çıxaran həm Gülüstan, həm Türkmənçay müqaviləsini yalnız bizimlə bağlı deyil, 1453-cü ildə Osmanlı dövlətinin İstanbulu ələ keçirməsindən sonra xaçlı dünyasının tərtib edərək, 600 ilə yaxın müddətdə addım-addım həyata keçirdiyi planın gerçəkləşməsi kontekstində nəzərdən keçirmək daha doğru yanaşma olardı. Lap əvvəldən başlayaq və bu məsələyə Osmanlı ərazilərinin yenidən qaytarılması planının müəllifi – Roma imperiyasının Avropaya köçən və prosesi oradan işə salan, Rusiyanı da imperiya kimi tarix səhnəsinə çıxaran icraçılarının fəaliyyətini işıqlandıraraq müxtəlif rakurslardan baxaq, həmçinin bu tarixi fəlakət prosesinin fraqmentlərini araşdıraq.

Hərçənd ki, ermənilər beynəlxalq aləmdə Türkmənçay müqaviləsi sayəsində Azərbaycan torpaqlarına köçürüldüklərini etiraf etmirlər, amma öz içlərində bunu təsdiq edirlər, hətta qeyd də edirlər. Bunu 2018-ci il martın 6-da İrəvanda Türkmənçay müqaviləsinə həsr olunmuş beynəlxalq konfrans da təsdiq edir. Ermənistanın Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru Ruben Safrastyan qeyd etmişdi ki, Türkmənçay müqaviləsi ilə erməni dövlətçliyinin bərpasının əsası qoyulub və bu fakt ermənilərin müxtəlif yerlərdən indiki Ermənistanın ərazisində toplanmasına səbəb olub. Ardınca isə o, “Türkmənçay müqaviləsi ilə təyin olunmuş rus-iran sərhəddi indi də aktualdır. İndiki erməni-iran sərhəddi də elə Rusiya-İran sərhəddididr və burada Ermənistan vasitəçi roçunu oynayır”, -deyə qeyd edirdi.

Bəs bütün bu olanlarda Fransa və İngiltərənin İrana təsiri hansı formada idi? Napoleon, Hindistanda İngilis hökmranlığını qarşısını almaq üçün planlar qururdu, ancaq Fransızların bütün səylərinə baxmayaraq, İngiltərə demək olar ki, bütün Hindistan yarımadası üzərində nəzarəti ələ keçirə bildi. 1808-ci ildə Rusiyaya qarşı İngiltərə-Qacar müqaviləsi imzalandı. İngilislər Ruslarla müharibədə Qacarları açıq şəkildə dəstəklədilər. 1812-ci ilin martında İngiltərənin Qacarların müttəfiqi olduğu yeni müttəfiqlik müqaviləsi imzalandı və 1812-ci ilin iyununda general Con Malkolm indiki İrana gəldi. Həm də 350 zabitin müşayiəti ilə. Həm də şaha 30 min tüfəng, 12 silah və geyim forması üçün parça verilirdi. Bütün bunları pulsuz olaraq təmin edən İngiltərə, Rusiyaya qarşı üç illik müharibə üçün İranı maliyyələşdirdi. Ancaq 1812-ci ilin iyun ayında Napoleonun ordusu Rusiya sərhədini keçdi. Rusların bu müharibədə gözlənilən məğlubiyyəti, İngilisləri əsla açmadı, çünki bu, Fransanın güclənməsi demək idi.

1812-ci il iyulun 18-də Orebro şəhərində (İsveç) İngilis və Rus İmperiyaları sülh müqaviləsi imzaladılar. Buna görə, İngiltərənin Fransadakı səfiri Qafqazda Rusiyaya qarşı qəti addımların tərəfdarı Sir Gore Owsley mövqeyini kökündən dəyişdirdi. İngilis zabitlər geri çağrıldı, Qacarlara yardım kəsildi. Amma bu təsadüfi deyildi, çünki ingilis siyasəti Rusiyanı Osmanlıya və türk Qacar dövlətinə qarşı “zopa” kimi istifadə edirdi. Rusiya türk izlərinin kökünü kəsmək üçün bölgədə xristian dayağı olan erməni dövləti qurmalı idi. Nəticədə, Qacar ordusu Aslandüzdə sarsıdıcı məğlubiyyət aldı və vəziyyət Gülüstan sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Rusiya bir sıra ərazilər və Xəzər dənizində donanma saxlamaq hüququ əldə etdi. Ancaq sülh uzun sürmədi. Napoleonun məğlubiyyəti ilə dünənki müttəfiqlər yenidən bir-birlərinə “isti” baxmağa başladılar və qarşıdurma sürətləndi. İngilis və Rusiya imperatorluqları arasında Cənubi və Mərkəzi Asiyada geosiyasi rəqabət başladı, daha sonra Rudyard Kipling “Kim” romanında bu “Böyük Oyun” barədə yazmışdı. Rusiya xarici siyasətinin hərbi-strateji vəzifəsi həm İstnabulu geri almaq, həm də Fars körfəzinə və Hind okeanına çıxmaq idi. Rus imperatorluğu Hindistanı Əfqanıstan və Qacar dövləti ərazisindən “qısqaca almağa” çalışırdı. İngilislərin də həm Fras körfəzi sahillərinə, həm Hindistana nəzarəti üçün İran forpost olmalı idi və “Rus ayısı” nın istəklərinə qarşı cavab tədbirləri alındı.

1814-cü ildə Qacar dövləti Böyük Britaniya ilə bir müqavilə imzaladı və bu müqaviləyə əsasən, ondan başqa heç bir ölkənin qoşunlarını ərazisindən keçirməyə imkan verməyəcək. Bu, Rus qoşunlarının Hindistana keçməsinə qadağa demək idi. İngiltərə öz növbəsində Şaha pul, qoşun və silah köməyi verəcəyini vəd etdi. İngilis diplomatlar onu Rusiya ilə 1826-cı ildə müharibəyə sürüklədilər, amma yenə nəticə uğursuz oldu. Rusiya “Böyük Oyun”un bu turunda qalib gəldi. Çar hökumətinin Yaxın Şərqdəki nəhəng ambisiyaları İngilisləri narahat etdi. Rusiya İmperiyası nəinki Boğazlara və Konstantinopola iddia qaldırdı, həm də işğal altındakı ərazilərdə “Ermənistan” əkdi və Kürd faktoru kimi güclü kartı öz maraqları üçün istifadə etmək imkanı əldə etdi. İndi isə ABŞ-ın bundan necə uğurla istifadə etdiyini görürük. Rusiya eyni şeyi istədi, ancaq yüz il əvvəl və Britaniya Hindistanının qulağının dibində!

Ancaq 1917-ci ildə “Böyük Oyun” sona çatdı. Alman və Avstriya-Macarıstanın maraqları ilə tam üst-üstə düşən birləşmiş İngiltərə-Fransız ittifaqı, Rusiya İmperiyasını darmadağın etdi. Rusiya səhnəni tərk etdi və yerini sürətlə inkişaf edən ABŞ aldı. Beləliklə, hər şey 19-cu əsrin əvvəllərində, Fransa və Rusiyanın İrandan Hindistana keçmək istədiyi və Britaniya imperiyasına meydan oxuduğu zaman başladı. İngilis İmperiyası Qacar dövlətini boğaraq öldürdü.

Bəs Türkmənçay müqaviləsi qaçılmaz idimi? Onun qarşsını almaq olmazdımı? Hadisələrin gedişindən göründüyü kimi, xarici qüvvələr tərəfindən bölgənin o vaxtkı Qərb hegemonları  Rusiya tərəfindən udulması prosesinə start verilmişdi. 1804-cü ildə Gəncə xanlığı işğal olundu. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı artıq Rusiyanın tərkibinə ilk addımı atdı. Şamaxı xanlığı da Rusiyanın tərkibinə qatıldı. Ardınca Şəki xanlığı da buna qoşuldu. 1806-cı ildə Dərbənd, Quba, Bakı xanlıqları işğal olundu. 1804-cü ildə Car-Balakən xanlığı məcburi Rusiya təbəəliyinə keçməli olmuşdu.

Beləliklə, 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. Sona iki xanlıq – İrəvan və Naxçıvan xanlıqları qalmışdı ki, 1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı.

Tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, “Kyiv-Mohılyanska Akademiyası” Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru Fərhad Turanlının fikrincə, Türkmənçay müqaviləsi o vaxtkı beynəlxalq hüquq qaydalarına və müqaviləni imzalayan dövlətlərin qanunlarına uyğun olaraq əbədi sülh müqaviləsi kimi imzalanıb: “Amma artıq o dövrdəki dövlətlər yoxdur, onların yerində başqa dövlətlər var. O vaxt Rusiya tərəfindən işğal olunan və parçalanan Azərbaycan ərazisinin şimal hissəsində 1918-ci ildə demokratik cümhuriyyət quruldu. İndi də onun varisi dövlətimizdir. Bu mövzuda beynəlxalq elmi konfranslar çağırmaq və qanunlar qəbul etmək olar. Tarixdən dərs alıb siyasi görüşlər hazırlamaq, haqlarımızı bərpa etmək üçün bu müqavilənin Azərbaycana nə qədər zərər verdiyini, parçalanıb bu vəziyyətə düşməsində nə qədər rolu olduğunu Milli Məclis, Azərbaycan diplomatiyasının gündəmə gətirməyə haqqı var. Bu müqavilənin ləğv olunması istiqamətində görüləcək işlərdən biri İrəvan Türk Cümhuriyyətinin qurulmasıdır”.

 

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Hürriyyət.- 2021.- 27 fevral-1 mart. S.12.