Palantökən-Oğlanca silsilələri…

 

Gəzbel-Daşbaşı yaylaqları…

 

Zəngəzur dağlıq silsiləsinin şərq ətəklərindən başlayaraq, Oxçuçay vadisinin quzey hissəsi ilə Qafan şəhərinədək uzanan Palantökən-Oğlanca dağlarının (60-70 km) əhatəsi, “Oxtar dərəsi” boyu əski müsəlman-türk kəndləri olmaqla, yaylaqlarından da bölgənin kəndləri Yuxarı və Aşağı Gilətağ, Kirs, Kurut, Türk evi, Çobanlı,  Hunnut, Paşakənd, Qaraçimən, Sığınaq, Qaradigə…), hətta Zəngilan, Cəbrayıl və Qubadlı nahiyələrinin də kənd camaatı, qayım-qədim tərəkəmə elatı  istifadə etmişdir.

Zəngəzur dalıq silsiləsinin Ağdaban (3826 m) qolunun şərqə sılra davamı, Bazarçay çayı hövzəsini qərbdən əhatə edən orta və yüksək hündürlüklü, başı dumanl-çənli, qarla-buzla örtülü Palantökən-Oğlanca-Çimən dağları geniş subalp və alp çəmənlikləri (yay otlaqları) ilə məşhurdur. Bu yaylaqlar özündə qədim müsəlman-türk ocaqlarının müqəddəs yurdunu, ruhunu-izini saxlayır, min xalı ilməli-naxışlı gülünün, çiçəyinin, otunun… adı ruhundadır, sanki paklanmış (parçalanmış) Vətən ocağının ətrindədir …

Qədim-qayım yurd bərəkətini və rahiyəsini adında yaşadan gül-çiçəyin izi-naxışı yaylaqlarımızın hər daşının, hər qayasının pozulmayan bəzəyi olmuşdur-ağ bənövşə, yaşıl bənövşə, qırxtəppə, zirə, çobançiçəyi, quymaqçiçəyi…. çay dəmləmək üçün qantəpər, baldırğan, kəklikotu, mixək (boz ot), sarıçiçək, itburnu çiçəyi, çöl yarpızı..yığılırdı, saxlanılırdı.

Bütöv Azərbaycan sərhədləri hüdudunda “Palantökən” opotoponiminə (relyef formasına) təkcə Qərbi Azərbaycanda deyil, ölkəmizin digər ərazilərində də (Samux rayonu ərazisində Palantökən ön dağlığı (Mürsəltəpə zirvəsi, 239 m), Şəki yaylası ilə Şirvan düzünü ayıran  Palantökən (Surxay xan dağı, 647 m)) alçaq dağlığı, Şamaxı rayonu ərazisindəki Göylər dağlarının Palantökən tirəsi…) rast gəlinir və bu adın (yerin) etnogenezisinin sırf Oğuz-Türk mənşəli olduğuna bir daha sübutdur. Türkiyə Cumhuriyyətinin Şərqi Anadolu yaylasında, Ərzurum mahalının dağlarından (yüksək dağ turizminin inkişaf etdiyi bölgədə) biri də Palantökən adlanır.

Qərbi Azərbaycanda, Qafan nahiyəsinin Oxçuçay vadisinin şimalında (15 km aralı) yerləşən Yuxarı Gilətağ kəndindən 8 km quzeyə tərəf uzanan Palantökən dağının (ən hündür yeri Süleyman yurdu, 2997 m) orta qurşağı meşə örtüyü, ondan yuxarı isə yaylaq sahələri, çılpaq daşlıq-qaylıqdır. Ən hündür yerdə, daşların arasından “Çanaq çeşmə” çağlayırdı, bu bulağın suyu 50-60 m aralıdakı Canbulaq çeşməsinə qarışırdı, oradan “Qaçaq küfülü” dərəsinə tökülürdü (Gəzbel yaylağının daş qoltuğundakı), bu sular Yuxarı Gilətağ kəndinin günbatanında, 200-300 m aralıda Oxçuçaya qoşulurdu. Döşbərə dərəsindəki “Qaçaq küfülü” xalq qəhrəmanı Nəbi Alı oğlunun (1854-1896), onun silahdaşlarının və başqa el igidlərinin təbii sığınacaq ocağı olmuşdur, ona yaxın Yuxarı Gilətağ kəndinin “Ala meşəsi” dururdu (4-5 km məsafədə).  Kənddən “Qaçaq küfül”ə qədər arada Qurdlu çeşmə, Ağcagüllər yüksəkliyi, Göy yal çəmənliyi… qalırdı.

Palantökən dağının hündür yerləri Tağı yurdu, sonra Süleyman yurdu ucalırdı.

Yuxarı Gilətağın ətrafını bütünlükə palıd, qarağac, vələs…ağaclarından ibarət meşələr (Çiləkli meşə, şərqdə Şərbişəli meşə, Alanın meşəsi, qərbdə Bırıdüyə meşəsi, Qarşı kaha meşəsi…) tutur. Meşəarası talalar əkilirdi, biçilirdi, Qarşı kahada xırman salınmışdı, Bırıdüyədə əkin yeri var idi, kənddən 3-4 km aralıda, “Pəhlivan ot biçən yer”in də ətrafı meşəydi.

Yuxarı və Aşağı Gilətağ kəndlərinin arası 3 km olmaqla, quzey-güney istiqamətdə yerləşirdi, aralarında kollu-koslu örüş yerləri (“Qurd dərəsi”, “Koma sürtünü”, “Taxtalar” adlı) 30-40 hektar sahəni tuturdu, kənd yolu ortadan keçirdi.

Yaşlı sakinlərin (Cəfər Ramazan oğlu Musayev (1842-1942), Abbasəli Almurad oğlu (1858-1928), Cabbar Həsənalı oğlu Həsənalıyev (1863-1958), Qara Abbas oğlu (1889-1989), Molla Cəfər Musa oğlu (1856-1946), Həsən Əliabbas oğlu Piriyev (1854-1944), Mustafa Şükür oğlu Bəbirov (1863-1953)…) dediyinə görə bu iki kəndin bünövrəsini Cənubi Azərbaycanın Ərdəbil mahalından 1800-cü illərin əvvəllərində Qarabağ xanlığının ərazisinə gəlmiş Əsəd bəyin tərəkəmə ailəsi qoyub, bu yerlərdə binələnib, Allahyar adlı bir qardaşı isə Cəbrayıl nahiyəsinə köçüb.

Bu tərəkəmə ailəsi və ətraf kəndlərin elatı Palantökən-Oğlanca-Çimən silsiləsindəki Daşbaşı yaylağında, Təzəxan yaylağında, Tək evli yaylağında, Gəzbeli yaylağında (böyük qəbirstanlığı vardı, yaylaqda dünyasını dəyişənlər orda dəfn olunardı), Ağılyurdu yaylağında, Qoltuq yurdda… ağıl-arxaclarını qurardılar, halal bərəkət yiyəsi, ovsana sahibi olardılar. Oğlanca dağının Qənimət yaylağı ən hündür qurşaqdaydı, ilboyu dumanlı-çənli, yağışlı-çiskinli, elat-tərəkəmə dilində “qaramatlıq bürümüşdü”, amma bərəkəti halal-hümbət idi.

Yaylaq binələrinin alaçıqları, ağılları palıd, vələs budaqlarından hörülərdi, qurulardı.

Hər yaylağın öz bulağı vardı, xalı yamaclarda çağlayar, dərələr boyunca axar, gəlib Oxçuçaya qovuşardılar. Təzəxan bulağı (Ağılyurdu ilə Təzəxan yaylağı arasında), Daşbaşı bulağı, Qarquyusu bulağı (Oğlanca dağının quzeyində), Qırxın daşının bulağı, Palçıqlı bulaq (şallaq otu bürümüşdü həndəvərini, tikansız olan bu otdan 1 m boyda şallaq hörrürdülər), Tək evli bulağı, Qoltuq yurdu bulağı…

Çimən dağının da bum-buz bulaqları axırdı yamaclar boyu: Qazmayurd bulağı, Sınıqdaş bulağı, Sarı çeşmələr… Qazmayurd bulağının suyu Yuxarı Gilətağ kəndinə axırdı, Sarıçeşmələrlə Sınıqdaş bulağının suyu qarışaraq Açağu kəndinə tərəf meşə qoynunda olan qayadan “gəlin hörüyü” kimi 100 m hündürlükdən “sallanırdı” və Şır-şır şəlaləsi adlanırdı. Çayın suyu kəndin günbatanında, 3 km aralıdakı “Ahuqozu meşəsi”nə axırdı.

Yuxarı Gilətağ kəndindən qərbə doğru 30 km məsafədə uzanan Qırxlar dağından axan eyni adlı bulağın suyu da Oxçuçaya tökülürdü. Dağın üstündəki düzən yerdə balaca baş daşlarından (30-40 sm boyda) ibarət qədim qəbirstanlıq salınmışdı.

”Gıhı dərəsi”nin Baharlı kəndindən şimal-qərbə 15 km aralı olan Qırxlar dağının (burada dağ daşalrından əhatəyə alınmış, orta əsrlər dövrünə aid 40 ərənin qəbri vardı) ətəyi meşəlik, üstü isə “Qırxlar yaylağı”, Novruz yurdu adlanırdı, ətrafdakı Baharlı, Gıhı, Pürülü… kəndlərinin elatı düşərdi bu yaylaqlara.

Gilətağ çayı üzərində (kəndin qibləsində, 400 m kənarda) bir neşə su dəyirmanı tikilmişdir, onlardan biri Bəbir Allahyar oğlunun (1895-1956), digəri Məhəmmədəli Heydər oğlunun (1901-1996) idi, sonuncu 1983-cü ildək işləyirdi.

Yuxarı və Aşağı Gilətağ kəndləri arasındakı yüksəklikdə, “Çiləkli yuru”nun üstündə orta əsrlərin hərbi istehkamı kimi tikilmiş Qız qalası (dairəvi tikili, hündürlüyü 15 m-dək) ucalırdı, 1988-ci ilədək.

 

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi

 

P.S. Hay kilsəsi Paşalı kəndini 1957-ci ildən sonra -“Zarişat”, Mehri dağı silsiləsinin Bəyboğan zirvəsini (3256 m) – “Baqatsar”, Ağdaban dağını – “Siskatar” … adlandırır.

P.P.S. Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qafan nahiyəsi, Yuxarı Gilətağ kənd sakinləri Məhərrəm Sadıq oğlu Cahangirovun (1930), Famil Mustafa oğlu Bəbirovun (1936) və Müsəlləm kənd sakini Sabir  Hilal oğlu Hüseynovun (1951) məlumatlarından istifadə edilmişdir.)

 

Hürriyyət.- 2021.- 1-2 iyul.- S.14.