Böyük TURAN yolçusu

 

Elçibəy:  azadlıq aşiqi, demokratiya döyüşçüsü

 

Yazımın mövzusu XX əsrin sonlarında Azərbaycanda fenomenal şəxsiyyətə çevrilən Elçibəydir. Ona görə fenomenaldır ki, özünün bütün müsbət və mənfi, çatışan və çatışmayan tərəfləri ilə əslində Elçibəy elə XX əsrin 2-ci yarısından sonrakı Azərbaycan deməkdir

 

əvvəli ötən sayımızda

 

Elçibəy kim idi, nə arzulayırdı, bu cəmiyyətə nə vermək istəyirdi? Bu suallar adekvat olaraq başqa suallara meydan açır: Biz kimik, tarixdəki yerimiz nədir və bu gün nə istəyirik? Bütün bu suallara cavablar verilir, doğru və ya yanlış mövqelər, obyektiv və ya subyektiv yanaşmalar olur. Onların bəziləri səmimi, bəziləri sifarişli, bəziləri qərəzli, əksəriyyəti sevgi doludur. Amma ən əsası, bütün cavablar axtarış deməkdir.

Elçibəyin vəfatından sonra 18 ilə yaxın bir müddətdə Bütöv Azərbaycan davası aparan, prosesləri idarə edən, yönəldən ideoloji lider olmadı. Lider yoxdursa, bu etiraz, bu dava bizi məğlubiyyətə düçar edər, bu məğlubiyyət isə, bəlkə də, 100 illər boyu insanların birləşmək istəyini ürəklərdən, Bütöv Azərbaycan ideyasını beyinlərdən silə bilər. İnsan ölümləri, qan, həbslər insanların gözünü qorxudar və bu ideyanın gerçəkləşməsini ləngidər.

Məhz bu baxımdan da Elçibəy BAB-ı tez bir zamanda və gərgin bir siyasi dönəmdə yaratdı ki, Cənubda baş vərənləri nəzarətsiz buraxmayaq, bütün durumlara hazır olaq. Orada yaşanacaqlar bizim fikir və qərarımızdan asılı olmasa da, baş vərənlərə hazır olmaq və durumu öz xeyrimizə dəyişmək əlimizdə olsun. Yenə özünün bir fikrinə söykənərək söyləyirəm:

“Bizim millətin hər zaman bütövlük ruhu olub, amma önəmli olan o ruhu şüur halına gətirməkdir. İndi də ruhumuz var, onu şüura çevirənədək isə səbrli olmaq, hazırlaşmaq lazımdır”.

O cəmiyyətdəki həm milli, həm dini-ideoloji boşluğu yaxşı görürdü. Əlbəttə, analiz edirdi və nəticə çıxarırdı. Bir şeyi unutmayaq ki, Elçibəy yaxşı bir tarixiçi alim idi, Şərqi gözəl bilirdi, dini gözəl bilirdi və Şərq xalqlarının psixologiyasını gözəl bilirdi. Onun “Bütöv Azərbaycan yolunda” kitabı, əslində, bütün ittihamlara cavab idi. Elçibəy bilirdi ki, bir şərqlinin padşah idealına uyğun tip deyil. Bu gün Avropada velosipedlə, metroyla, avtobusla işə gedən dövlət başçılarını görürük. Və bunlar o dövlətlərdir ki, demokratik dəyərlər və əhalinin rifahına görə dünyada birincidirlər. Amma Şərqdə padşahın nəinki velosipedlə işə getməyi, hətta maaşını gözləyib qızına ayaqqabı alması belə onu güclü yox, zəif göstərir. Bir şərqli padşah tiran, diktator ola bilər, amma sadə ola bilməz. O, xalqdan ola bilməzdi, olarsa, padşah olmayacaqdı. Şərqdə demokratik prezident institutunun padşahlıqdan fərqli olduğunu, fikir müxtəlifliyinin dövlətə qarşı deyil, əksinə, dövlət dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyini aşılamaq istəyirdi. Ona görə ki, bir məsələyə, problemə fərqli yanaşma sonda düzgün nəticənin əldə olunmasına gətirib çıxarır. Amma onu da gözəl bilirdi ki, cəmiyyət Elçibəyin bu yanaşmalarından hələ çox uzaqdadır. Gətirmək istədiyi Qərb dəyərləri bu şərqli cəmiyyət üçün çox uzaqdı və bu xalq onu devirəcək. Bəlkə də, etiraz edən ola bilər ki, Elçibəyi xalq devirmədi, amma üsyana etinasızlıq və çarəni başqa yerlərdə axtarmaq elə onu devirmək idi. Yuxarıda da qeyd etdiyim kimi, bunu bəy özü də deyirdi ki, bu xalq indi hakimiyyətə gətirdiyini 1 il sonra özü devirəcək.

Hətta bəzən deyirlər ki, Elçibəy bu xalqı kor-koranə sevirdi, bu xalqın qüsurlarını görmürdü. Elə deyildi, tam əksinə, Elçibəy xalqı necə vardısa, görürdü, onun psixologiyasını yaxşı dərk edirdi və düzgün nəticələr çıxarırdı. Lakin Elçibəy bir şeyi də başa düşürdü ki, bu xalq onundur, sevilməlidir və uğrunda mübarizə aparılmalıdır. Bəyin özünün də dediyi kimi, bu məsələyə idealist kimi yanaşırdı və deyirdi: “Mən xalqdan razıyam, heç vaxt ondan narazı olmamışam və ola da bilmərəm. Həmişə də deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə, xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir”. Hətta burda onun zarafatla səsləndirdiyi bir fikri də qeyd etmək istəyirəm. O, xalqa qarşı olan ittihamlardan birinə bele bir cavab vermişdi: “Mən Fransadan bura xalq gətirəsi deyiləm, olan budur”. Lakin bəzən siyasətin xalqın düşüncəsi ilə uyuşmadıgını da qeyd edirdi.

Yenə özündən sitat gətirəcəm: “Siyasət boksçu oyununa bənzəyir, məsələn, boksçu əgər rəqib zərbəsi qarşısında boynunu əyməsə, yeri gələndə arxaya və ya yana tullanmasa, tez vurula bilər. Bizdə isə hərəkatı iki addım geri çəkəndə deyirlər ki, qaçdı, bu, pis psixologiyadır – adamları, hərəkatı manevr etməyə qoymur”.

Dəfələrlə dilə də gətirmişdi ki, elə bir cəmiyyətin qurulmasını istəyirəm ki, diktatorlar hakimiyyətə gələndə cəmiyyət özü ona təpki göstərsin, onlara imkan verməsin. Bəzən Elçibəyi qatı millətçilikdə ittiham edirlər, həqiqətən Elçibəy millətçi idi, Turan yolçusu idi, türk kimliyimizi bizə anladan ideoloji xəttin başında dururdu, lakin heç bir zaman Elçibəy üçün millət, dövlət anlayışı insan anlayışından ayrı durmamışdır. Hər bir millətin azad yaşamasını, dövlət qurmasını vacib hesab edən Bəy bu dövlətdə əsas dəyərin insan olduğunu önə sürürdü. Milli azlıqlarla bağlı həyata keçirilən dövlət proqramları haqda söylədiyi fikirlərdən birində belə deyirdi: “Bu gün ləzgilər, avarlar aşağı siniflərdə öz dillərində dərs keçirlər və o dərsi keçəndə bizə dua edirlər ki, nə yaxşı öz əlifbamızı verdilər, dilimizdə əlifba buraxdılar. Biz hökumət olaraq bu prosesin həyata keçməsinə kömək edirdik, yəni demokratiyanı, insan haqlarını nəzərə alırdıq”. Və Bəy təkcə öz dövlətinin sərhədləri içərisindəki insanların millətçisi deyildi, bütün dövlətlərdə rifah içində yaşayan millətləri görmək istəyirdi.

Xarici siyasətlə bağlı fikirlərindən bir örnək gətirim: “Məni İran da, Səddam Hüseyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim ki, o cür yırtıcı, irticaçı dövlətlərə getmərəm, bu, mənə yaraşmaz. Deyək ki, getdim İraqa, Səddam Hüseyn də məni yaxşı qarşıladı. Hətta yardım da etdi. Bəs Səddamın günahsız məhv etdirdiyi minlərcə adamın ailələri deməzmi ki, sən də namərd oldun? Bəs onların ah-naləsi necə olsun?!”

Və hakimiyyətdən gedəndən sonra bir illik hakimiyyət dəyərləndirməsi ilə bağlı etdiyi söhbətlərdə yenə belə bir fikir səsləndirirdi: “Birillik hakimiyyətimiz dövründə fəaliyyətimizin çox mühüm sahəsi olan xarici siyasətdə uğurlarımız da oldu, uğursuzluqlarımız da. Lakin ümumi şəkildə götürsək deyə bilərik ki, biz məhz xarici siyasət sahəsində qazandığımız nailiyyətlərin qurbanı olduq”. Ancaq məğlubiyyətə baxmayaraq, Əbülfəz bəy yürütdüyü bütün fikirlərdə və getdiyi yolda çox qətiyyətli idi. Bəy onu qətiyyətsizlikdə ittiham edənlərə cavab olaraq “Mən çox qətiyyətli adamam”, – deyirdi. “Mən öz xalqımı sevdiyim üçün onunla məhəbbətlə davranmışam. Dövlət başçısı öz qətiyyətini ölkəsinin, dövlətinin içində öz vətəndaşlarına yox, çölündə düşmənlərinə göstərməyi bacarmalıdır” tezisini irəli sürürdü. Qətiyyətlilik odur ki, sən hər cür əzab-əziyyətdən keçərək xalqın xoşbəxtliyi uğrunda sonadək çalışasan. Burada sən bəzən öz şəxsiyyətini də qurban verməli olursan, sənin şəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir. Doğrudan da qətiyyətlisənsə, sənin haqqında hər şey deyiləcəyini gözə alıb özünü ümumi məqsəd yolunda qurban verməyi bacarmalısan. Kim haqqı cox sevirsə, qətiyyətli adam odur. Qətiyyət qan tökməklə ölçülməz. Və bu fikirləri ancaq ruhən və mənən idealist, alim və siyasətçi, müəllim və ideoloq olan böyük bir dövlət adamı söyləyə bilərdi.. Əbulfəz bəy burada səsləndirdiyimiz və səsləndirmədiyimiz çox fikri ilə XX əsrin ikinci yarısını özündə təcəssüm etdirirdi. O, bir siyasət adami idi, amma ən əsası, böyük Turan yolçusu idi. Elçibəy ömrünün son günlərini də daha çox BAB-ın toplantılarına həsr etdi. Və hər toplantıda o çıxışlarını böyük ruh yüksəkliyi ilə bitirirdi. Məruzəmin sonunu mən də həmin ruhla bitirmək istəyirəm.

Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüşeynzadələr kimi, biz də eyni ümidlə gələcəyə baxaq deyə bu şeir parçasını söyləmək istəyirəm.

 

Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan!..

Bir dindəyiz biz, həpimiz hak-pərəstan;

Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?

Hədəfimiz həp TURAN, TURAN, TURAN!

 

Anar ƏSƏDLİ,

Azərbaycan Yüksəliş Partiyası Başqanı

 

Redaksiyadan: İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günü idi. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

Elçibəy yolunun davamçıları və onu sevənlər 24 iyun tarixini Türklük günü kimi qeyd edirlər!

 

Hürriyyət.- 2021.- 29-30 iyun.- S.5.