Dağlara əmanət bir şair var…

 

Sadıq Xanəliyev – 85

 

Dağından yazmağa gücüm çatmasa,

Düzündən yazmağa ərkim var axı.

Yanında üzümü söz ağartmasa,

Məni bağışlama Vətən torpağı.

Mahir Səmədov

 

Elinə, obasına, yurduna son dərəcə doğma olan, səmimiyyəti ilə dostlara, doğmalara, öz ürəyində əbədi heykəl ucaldan şair-publisist, gözəl ziyalı, kəndin-kəsəyini İttifaqda ( dünyada) ləyaqətlə təmsil edən, ömrünü-gününü dağlara əmanət edib, uca dağlar qoynunda yaşayan yaradan, könüllərdə həmişə xatırlanan Sadıq Xanəliyevin 85 yaşı tamam olur.

Sadıq Xanəliyev bu 85 illik ömürdə bir balaca kənddə doğulub, kəndinin-kəsəyinin şöhrətini ucaldan bir insan olub. Yazılarında, şeirlərində doğma kəndinin füsunkar təbiətini, gözəlliyini həmişə tərənnüm etmişdir.

Sadıq Xanəliyevin şəxsiyyəti, yaradıcılığı keçmiş Sovet mətbuatının da diqqəti daim çəkmişdir. Onun şeirləri o dövrdə “Oqonyok”, “Vokruq svet”, “Komsomolskaya pravda” kimi nüfuzlu qəzet jurnallarda onu İttifaqda tanıdırdı.

Sadıq Xanəliyevin şəxsiyyətini qiymətləndirən, onu uca tutan, Sovet dövlətinin siyasətini həyata keçirən ədəbi tədbirlərdə onu həmişə yada salıblar, Sovet Yazıçılar İttifaqının katibi Oleq Şestinski, Mixail Soloxov kimi nəhəng ədəbi simalar onun yaşadığı Bist kəndinə daim onun görüşünə gediblər Sadıq Xanəliyevin ədəbi yaradıcılığını yüksək qiymətləndiriblər. Bir dəfə, indi haqq dünyasında olan Hüseyn İbrahimovla Naxçıvanda müsahibə götürərkən, Hüseyn müəllim Sadıq Xanəliyevin ədəbi yaradıcılığından geniş danışdı bir insan kimi onu dəyərləndirdi. Yazıçı Hüseyn İbrahimov dedi ki, tərtib etdiyimiz, Naxçıvanda yaşayıb-yaradan şair yazıçılarının yaradıcılığından bəhs edən “Arazın işıqları”, “Arazın nəğmələri” almanaxlarında Sadıq Xanəliyevin şeirlərinə həmişə yer vermişik. Oxucular Sadıq Xanəliyevin yaradıcılığını daim diqqət mərkəzində saxlayıblar. O dövrdə Naxçıvanda çap olunan “Şərq Qapısı”, “Yeni Ordubad”, “Zəfər”, Naxçıvan televiziyasında Sadıq Xanəliyevin ədəbi yaradıcılığına geniş yer verilib, onun publisistik yazıları bu ədəbi orqanlarda daim işıq üzü görüb. Naxçıvan televiziyası onun yaradıcılığından ədəbi verilişlər nümayiş etdirib. Ordubad rayonunun balaca bir kəndi olan Bist kəndini Sadıq müəllim ədəbi aləmdə tanıdıb, o dövrün Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub kimi nəhəng şairlər Sadıq Xanəliyev şəxsiyyətini, ədəbi yaradıcılığını yüksək qiymətləndirib.

Sadıq Xanəliyev 8 mart 1936-cı ildə Naxçıvan MR-in Ordubad rayonunun Bist kəndində anadan olub. 1964-cü ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə qəbul olunub. Universitetdə oxuduğu illərdə yaradıcılıqdan ayrılmamışdır. Universitetin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edib, müəllimlərinin dərin hörmətini qazanmışdır.

1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin SSRİ Xalqları Ədəbiyyatı kafedrasının müdiri, Əməkdar elm xadimi Əziz Şərifin həyat yolundan diplom işini əla qiymətlərlə başa vurmuşdur. 55 illik müəllimlik fəaliyyətini davam etdirməklə yanaşı, ədəbi yaradıcılığı balaca kəndinin (Bist kəndinin) hüdudlarından SSRİ Yazıçılar İttifaqının ədəbi orqanları olan “Literaturnıy Azerbaydjan”, “Oqonyok”, “Dnepro” jurnallarında onun yaradıcılığına həmişə geniş yer verilmişdir.

“Yada sal məni”, “Xatirə”, “Dahilər yetirən müəllim”, “Ömür zirvəsi”, “Müəllim ömrünün dastanı”, “Unuda bilməyəcəyəm”, “Dağlardan baxıram yer kürəsinə” “Əziz Şərif əsərlərinin biblioqrafiyası” adlı nəşr olunan kitabları Sadıq Xanəliyevi Azərbaycanın hüdudlarından uzaqlarda da görkəmli bir şair kimi, ədib kimi tanıdıb. Müxtəlif dövrlərdə, mətbuat səhifələrində, o cümlədən İttifaq mətbuatında onun yaradıcılığına həmişə geniş yer verilib. Onun yaradıcılığının əsas hissəsi Sovet dövrünə düşdüyündən o dövrün sayılıb-seçilən şair yazıçıları onun yaradıcılığı haqqında öz ürək sözlərini nikbinliklə ifadə etmişlər:

 

Əziz Sadıq!

Siz Odlar yurdunun şair oğlusunuz. Neçə illərdir ki, mən sənin adını qəlbimdə məhəbbətlə yaşadıram. Sənin dostluğun rus xalqına, onun ədəbiyyatına dağ qarı kimi təmiz, zirvəli dağlar kimi uca əbədidir.

Oley Şestinski,

SSRİ Yazıçılar İttifaqının katibi, şair

Moskva

 

Əzizim Sadıq müəllim!

“İzvestiya” qəzetində yazılan məqaləni oxuduq. Sizin kimi gözəl bir insan, vətənpərvər şair müəllimlə tanış olduq. Biz sizinlə dostluq etmək istərdik.

Şair Qriqori Koqan,

Şair-bəstəkar Lyudmila Kosinskapya

Kiyev

 

Hörmətli Sadıq Şahsuvar oğlu!

Şeirlərinizi oxudum. Bu şeirlərdə sizin vətəninizin gözəllikləri tərənnüm olunub. Sizə böyük vətənimizin məhəbbəti naminə yaradıcılıq uğurları xoşbəxtlik arzulayıram!

Maksim Tank,

Belarusiyanın xalq şairi, akademik

Minsk

 

Mərkəzi İttifaq mətbuat ilə yanaşı, Azərbaycan klassik şair yazıçıları da Sadıq Xanəliyevin yaradıcılığını, insani keyfiyyətlərini yüksək dəyərləndiriblər:

 

Əziz Sadıq!

Səni mən şair qəlbli bir vətəndaş kimi tanıyıram. “Oqonyok”un səhifələrində şeirinizi oxudum. Sevindim ki, sənin səsin Moskvanın ən böyük bir jurnalından gəlir. Sən lirik şeirləri daha yaxşı yazırsan. Şeirlərində vətən, məktəb həyatı dərin poetik ifadəsini tapır.

Süleyman Rüstəm,

Xalq şairi

Bakı

 

Sadıq Xanəliyev qədim füsunkar Ordubadın ucqar bir dağ kəndində müəllim kimi ictimai fəaliyyətlə, şair kimi bədii yaradıcılıqla məşğul olub. İttifaq miqyasında, mətbuatda özünü dünyaya təqdim edə bilibsə, bu uğura ancaq sevinmək fəxr etmək olar.

Zəlimxan Yaqub,

Xalq şairi

Bakı

 

Sadıq Xanəliyevin yaradıcılıq şəxsiyyətinə ünvanlanan az qala aforizm kimi səslənən xoş dəyərli sözləri ardıcıllıqla daha da genişləndirmək olar, lakin bu bir qəzet səhifəsinə sığan deyil. İndi şair Sadıq Xanəliyev ömrünün müdriklik çağlarını yaşayır. 85 yaşın işığında o bir yol gedir. Bitməz-tükənməz əbədi bir yol. Şairin özü demişkən: “Dağlardan baxıram yer kürəsinə”.

 

Göylərə ucalan zirvəli dağlar,

Şanım-şöhrətimdir həyata mənim.

O şehli çəmənlər, çiçəkli dağlar,

Əbədi yurd yerim, ilkin məskənim…

 

Sadıq Xanəliyevin 85 yaşı tamam olur. 85 yaş aqillərin, müdriklərin yaşıdır. Yaşın ekvatorunu adlayıb, uzaq-uzaq ümmanlara tələsən şair, ruhun ölməsin, əbədi olsun!

85 yaşın mübarək, Sadıq Xanəliyev! Arzuların, diləklərin limanında görüşənədək…

 

Vəli SƏMƏDLİ,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2021.- 4-5 mart.- S.14.