Vətən aşiqi Orxan

 

Bu vətəndən güc alan çox gənc şəhid kimi ucalan qəhrəmanlardı. Ömrünün ən gözəl çağında ömrü donub qalan qəhrəman. Bütün arzuları bir arzuya qurban gedən qəhrəman. Ümidlə gələcək sabahlarda yer alan arzuları arzu olaraq qalan qəhrəmanlardı şəhidlər. Kimisi xınası belə yaxılmayan, kimisi övlad qoxusu duymayan Hər birinin ardınca düzülən sözləri mirvari tək göz yaşları bəzəyir. Kimisi yarından, kimisi atasından, kimisi aman zaman bircə oğul balasından danışır. Həsrətlər necə bir-birinə bənzəyir. Minaya ananın həsrətli sözləri, hər cümləsinə nöqtə qoyan ahları mənə çox tanışdı.

İlk dəfə danışdığım bir ananın demək olar hər kəlməsin duymuşdum. Bu yanğını daha öncəki şəhid analarından duymuşdum. Axı şəhid analarının dərdi birdi. Axı onlar eyni cür ağlayırlar. Bu dəfə Minayə ananın Orxanını, yeganə ümid çırağını, min bir zəhmətinin bəhrəsini elə Minayə anadan xəbər aldım. Şəhid anasının oğlu haqqında dediklərini öz sözləri ilə yazmaq qərarına gəldim.

Mən Orxanımı tək başına böyütmüşəm. 1 yaş 2 aylığından şəhid olduğu günə qədər zəhmətini, şəhid olduğu gündən bu günə qədər həsrətini tək-tənha çəkirəm. Orxan mənim yeganə övlad payım idi. Quliyev Orxan Vaqif oğlu 1987- ci il oktyabrın 20-də Naxçıvan şəhərində dünyaya gəlib. Elə təhsilini 1993-cü ildə Naxçıvan şəhərində alıb. Mən hərbi hissədə işlədiyim üçün Orxan demək olar ki, hərbi hissədə hərbçilərin yanında böyüyüb. Uşalıqdan həmişə Mən böyüyüb hərbçi olacam deyirdi. Elə dediyi kimi oldu. Arzusunun ardınca gedən Orxan 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi liseyə daxil olub. 2005-ci ildə liseyi bitirib elə həmin ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. 2009-cu ildə məktəbi bitirib. 2010-cu ildə AAHM-i bitirib. Hərbinin bir çox sirlərinə yiyələnən Orxan Ağcabədi rayonu N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub. Daha sonra təyinatla Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilib. Orada kəşfiyyatçı bölük komandiri vəzifəsində çalışıb. Hər zaman işində peşəkarlığı ilə seçilən qəhrəman dəfələrlə Fəxri fərman diplomlarla təltif edilib.

Orxanın çox arzuları var idi. O, daima öz üzərində çalışırdı. Ən böyük arzusu Qarabağın azad olunması idi. Orxan həmin torpaqlarda döyüşmək arzusu ilə alışıb-yanırdı. Bir ana kimi oğlumun bu arzusundan həm qürur duyurdum həm qorxurdum. Axı mən bilirdim ki, hərbçilərin getdikləri yolun çox zaman dönüşü olmur. Mənim balam dönüşü olmayan yola 2015-ci il martın 13-də çıxdı. Orxan Füzuli rayonunun Alxanlı kəndində xidməti vəzifəsini icra edən zaman qəhrəmancasına şəhid olub. Oğlum çox sevdiyi torpaq uğrunda şərəfi bildiyi bayrağa büküldü. O hər zaman bayrağı vətəni qoruyurdu. Son nəfəsinədək qorudu. Sonuncu nəfəsini torpağa əmanət etdi. Bir gün özündən sonra doğulan Orxanı o nəfəsi duysun deyə.

 

ŞƏHİD ORXAN

 

Ömründə sərt əsdi həsrət küləyi,

Sənin taleyinin rəngi dəyişdi.

Ana zəhmətinin bəhrəsi idin,

Anan taleyinə doğan Günəşdi.

 

Vətən sevgisini anadan duyub,

Sevdin vətənini ana tək oğul.

Vətənə, anana bir oğul oldun,

Onlar sənin ilə hey qürur duyur.

 

Orxan, qəlbindəki vətən eşqindən,

Şəhadət adlanan zirvə nurlandı.

Şəhid qanlarıyla müqəddəsləşən,

Füzuli torpağı qana boyandı.

 

Allahın əmanət etdiyi canı,

Sən qurban elədin vətən yolunda.

Ruhunla Allahın yanına çatdın,

Cismin dinclik tapdı vətən qoynunda.

 

Manya SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 11-12 mart.- S.12.