Vətənin ümidi

 

Vətən sevgisi İlahi bir sevgidir. Bəzi insanların vətən sevgisi o qədər böyük, qüsursuz, sonsuz olur ki, o sevgiləri duymaq, görmək insanın qəlbindəki vətən sevgisini daha da zənginləşdirir. Vətən sevgisi uğrunda canından keçib vətənlə bütövləşən şəhidlərin vətən sevgisi örnək sevgidi. Vətən yaşasın deyə yaşamdan əl üzənlər vətən yaşadıqca hər zaman yaşayacaqlar. Elə əbədiyaşar olan Novruzlu Ümid kimi.

 

Novruzlu Ümid Bahadur oğlu 1992-ci il iyunun 7-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya göz açmışdı.1998-ci ildə 1 N-li Vəli Mahmudov adına tam orta məktəbdə təhsil almağa başlamış,2009-cu ildə məktəbi bitirmişdi. 2010-cu ildə Naxçıvan MR Babək rayon Hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Xidmətini Qıvraq qəsəbəsində N saylı hərbi hissədə keçmişdi. Xidməti zamanı komandirlərinin hərbçi yoldaşlarının hörmətini qazanmışdı. 2012-ci ildə xidmətini başa vurmuşdu. Lakin ürəyindəki vətən sevgisi Ümidə hərbidən uzaqlaşmağa imkan verməmişdi. Elə həmin il avqustun 1-də Ümid müddətdən artıq hərbçi kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə ordu sıralarına qoşulmuşdu. Vətənini, bayrağını, torpağını hər şeydən üstün bilən Ümid bir gün Qarabağ adlı həsrətin bitməsi ümidi ilə yaşayırdı. Adından doğan ümid hissi ürəkləri isidirdi. Heç zaman Qarabağı görməyən, ancaq Qarabağa könül gözləri ilə heyran olan cavanların hər birinin arzusu da məqsədi bir idi. Elə bu amalla 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində vətən qeyrətin çəkən, vətən həsrətinin bitməsi arzusu ilə yaşayan oğullar döyüşə atıldılar. Onlardan biri Novruzlu Ümid Bahadur oğlu oldu. Ümidin təlimlər zamanı ayağı zədələnsə komandirlərinin təkidinə baxmayaraq oktyabrın 24-də döyüşlərə qatıldı.

Döyüşə qatılmazdan öncə Ümid xanımı uşaqları ilə birlikdə gəzintiyə çıxaraq sanki onlara ömür boyu xatırlayacaqları xoş anları yaşatmışdı. Ümidin övladları ilə bağlı çox arzuları var idi. Ən böyük arzularından biri oğlu Bahadurun kiçik toyunu görmək idi. Ancaq onun bu arzusu da digər arzuları kimi kama yetmədi. Ümid hər şeyi geridə buraxıb azadlıq arzusunun ardınca getdi. Düşməndən azad olunan ərazilər sanki Qarabağ həsrəti ilə ürəyi yanan bu qəhrəmanın yanan ürəyinə sərpilən su idi. olur olsun Qarabağ adlı yükü gələcək nəsillərin çiyinlərinə yükləməmək onun tək məqsədi idi. Elə o məqsədinə çatdı. Dəfələrlə yaralanmağına baxmayaraq o son nəfəsinə qədər döyüşdü. Son danışığında Şuşaya bayraq sancacam. Ordan sizə şəkillər çəkib göndərəcəm deyən qəhrəman 5 noyabrda Şuşanın azadlığı uğrunda Şuşanın girişində qəhrəmancasına şəhid olub.

Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Novruzlu Ümid noyabrın 13-də Babək rayonunda ana torpağına qovuşub. 2 bacının yeganə qardaşı olan Ümidin gedişi ilə bacılarının əvəzsiz qardaş sözü ürəklərinin sağalmaz yarasına çevrildi. 2 körpə bala Bahadur Nilayın isə ata adlı intizarları gün keçdikcə böyüyür. Onlar hər gün atam gələcək deyib gözlərini yollara dikirlər. Onların ümidlə gözlədikləri atalarının gəlməyəcəyi gerçəyini isə anaları Gülay xanım dilə gətirə bilmir. Ümidin həsrəti hər kəsin qəlbində günbəgün daha dərin kök atır. Tək oğul övladını vətənə qurban verən şəhid atasının Ümid mənim dayağım idi. O, məni həyatda tək qoydu sözləri çarəsizliyin özüdür.

Oğul dərdi aldığı hər nəfəsdə mərmi kimi ürəyinə dizilən Kimya ana isə Kaş balam yanımda olaydı. Mən balamın çiynində son mənzilə gedəydim. Ümidimin gedişi ilə evimizin sevinci, çöhrəmizin gülüşü itib deyir. Bunun adı bitməyən həsrətdi.

Vətən müharibəsi zamanı Füzuli, Zardağan, Çanaqçı, Sınnaq, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan, qazanılan zəfərdə böyük əməyi olan Novruzlu Ümid Bahadur oğlu şəhadətindən sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda medalı Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib.

 

ŞƏHİD ÜMİD

 

Ruhunda səs salan azadlıq səsi,

Yayıldı vətənə bir anda Ümid.

Ən böyük arzundu bayrağımızı,

Sancıb Şuşamıza,olasan şəhid.

 

Onunçün döyüşdün son nəfəsədək,

Cismin parçalandı torpaqlar kimi.

Həyatdan əlini üzməyənədək,

Vətəndən üzmədin sən öz, əlini.

 

Can verdi yanında dostun, sirdaşın,

Hər şəhid ruhundan bir az güc aldın.

Ən böyük arzuna çatdın amma ki,

Yaşamla arana ayrılıq saldın.

 

Azad Şuşamızın uca dağları,

Sənin ruhunun kölgəsi oldu.

Dür axan çayların suları kimi,

Gözlərin göz yaşı yaman duruldu.

 

İki körpə bala ata rəsmini,

Sıxdı parçalanan dərdli sinəyə.

İndi o körpələr tez-tez gəlirlər,

Bir məzar daşında ata görməyə.

 

Manya SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 11-12 mart.- S.12.