VƏTƏNƏ SEVDALI OĞUL

 

Qarabağı azad edənə qədər mən hərbçi olacam dedin. Sözünü də tutdun. Qarabağ azad olunana qədər hərbçi oldun. Elə Qarabağı azad edən hərbçilərdən biri oldun. O azadlıq sevincini yaşadın. Həyatda ən böyük sevincdir azadlıq sevinci. Hər zaman xəyalında canlandırdığın, arzularında yer alan Qarabağın azadlığı. Vətəni nə gözəl sevdin şəhidim. Eşqinə aşiq olmamaq nə mümkün vətən sevdalısı Rüfət Gözəlov.

Gözəlov Rüfət Əzim oğlu 17 mart 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdu. 2002-ci il Dəmirçi kənd tam orta məktəbində l sinifə daxil olmuşdu. 2013 cü ildə məktəbi bitirmişdi. İdmana böyük marağı olan Rüfət idmanın güləş növü ilə məşğul olmuşdu.

Vətənə ülvi məhəbbətlə bağlı idi Rüfət. Hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Nəhayət ki, həmin gün yetişdi. 14 aprel 2014-cü il Rüfət üçün unudulmaz gün idi. Çünki o kişilik məktəbinə qədəm qoyurdu. Vətən qeyrətin çəkməyə tələsən oğul Naxçıvan MR nın Vayxır qəsəbəsində N saylı hərbi hissədə xidmət edib. Rüfət dəqiq və sərrast nişançı olduğu üçün snayperçi kimi xidmət göstərib. Hədəfi gözündən vuran nişançı xidməti dövründə komandirlərinin və döyüş yoldaşlarının etibar və etimadını qazanıb. 2016-cı il sentyabrın 26-da xidmətini başa vurub ordudan təxris olunub. Bir müddət Türkiyənin İstanbul şəhərində yaşayan Rüfət vətən həsrətinə tab etməyib vətənə dönüb. Vətənə döndükdən sonra yenidən ordu sıralarına qoşulmağı qərara alan Gözəlov Müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmətə başlayıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri kimi fəaliyyət göstərib. İşini layiqincə yerinə yetirən hərbçi xidməti zamanı 3 medal ilə təltif edilib.

Rüfətin vətən daşı olmaq arzusu böyük idi. Ancaq o arzuya uzanan yolun Qarabağdan, Şuşa dağlarından keçməsini arzu edirdi. Elə arzuladığı kimi də oldu. 30 il sükuta qərq olan Qarabağ bir anda igid oğulların ayaq səsləri ilə canlandı. O oğullar sırasında yer alan Rüfət qəlbi ilə sevdiyi torpaqları gözləri ilə seyr etdi. Azad olunan hər addım torpağa qəlbindəki sevgisinin toxumlarını əkdi. Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ kəndi və daha 39 kəndi azad edənlərdən biri oldu. Bu azadlıq Rüfət üçün arzularının real olması demək idi. Onun ən böyük arzusu isə Şuşanı azad görmək idi. Azad olunan hər qarış torpaq onu arzusuna bir qədər də yaxınlaşdırırdı. Rüfət 11 oktyabrdan 27 oktyabra qədər vətən uğrunda mübarizə, azadlıq uğrunda mücadilə etdi. Oktyabrın 27-də sevgisi uğrunda qəhrəmancasına şəhid oldu. Şuşa uğrunda döyüşmək arzusunda olan qəhrəman elə Şuşa uğrunda gedən döyüşlərdə şəhadət zirvəsinə ucaldı. Tarix yazan qəhrəmanın adı tarixin silinməyən səhifəsinə iz saldı.

Müharibə başlayan ilk gündən hər zaman vətənə oğul qurban edən Naxçıvan yenə bir vətən qurbanı oğlunu köksünə sıxdı. Sinəsi daş məzarlardan daşlaşan bu torpaq oktyabrın 30-da Rüfətə də məzar oldu. Şərur rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn olunan qəhrəmanın dediyi Şəhid olsam qisasımı almağa ehtiyac yoxdur. Özüm öz qisasımı artıqlamasıyla almışam sözləri Rüfətin döyüşlər zamanı düşmənə hansı zərbələri vurduğuna işarədir.

Vətən üçün yaşayan, vətən üçün ucalan şəhid Gözəlov Fərid Əzim oğlu şəhadətindən sonra prezident İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda medalı və Hərbi xidmətlərə görə medalı ilə təltif olunub.

Rüfət bir daha sübut etdi ki, şəhidlər şəhadətlərindən xəbərdar olur. Müharibə başlamazdan cəmi 2 ay öncə Rüfət anasını qucaqlayıb Ana mən şəhid olacam. Bunun yuxusun görmüşəm. Nə olar çox ağlama deyir. Bu sözləri eşidən Ruhəngiz ana bir anda ürəyi köksündən sökülərcəsinə Ay Rüfət bu nə sözdü. Mən sənsizliyə necə dözərəm? Qardaşın, bacın sənsizliyin acısın çəkə bilməzlər deyib. Rüfət gördüyü yuxunu həyatda həm özü yaşadı həm də sevdiklərinə yaşatdı.

 

ŞƏHİD RÜFƏT

 

Aylar bir birinə calanıb keçər,

Doğulan hər insan həyatdan köçər.

Qəlbi vətən boyda olan insanlar,

Şəhid tək can verib cənnəti seçər.

 

Özü öz qisasın alan oğullar,

Düşməni hər zaman qəlbindən vurar.

Rüfət tək qorxusuz igid oğulun,

Adı qəhrəmanlıq zirvəsi olar.

 

Qarabağ həsrəti bitənə kimi,

Əsgəri olacam ana vətənin-

Sözlərin eşqinin bir sübutudur,

Vətən igidi tək tanıdıq səni.

 

Ürəyin elə bil dənizdi, çaydı,

Şəhidlər vətənə müjdədi, paydı.

Döyüş zamanında çəkdiyin nərə,

Bir xalqın səsidi, sanki haraydı.

Manya SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 16-17 mart.- S.14.