Qəribliyin mənə and yeri…

 

Bir uşaqlıq həsrəti var gözümdə,

Ha çağırram, dönüb geri qayıtmır.

Bir sevdanın yanğısı var köksümdə,

Təsəlli söz yanğısını ovutmur.

 

Qəlb yarası heç vaxt gözlə görünmür,

Ötən ötüb, olacaqlar bilinmir,

Acı-şirin xatirələr, silinmir,

Ürək dərdi unutmur ki, unutmur.

 

Oyur məni ürəyimin acısı,

Unudulmur bal sevdanın qoxusu,

Bu dünyanın nağıl kimi yuxusu,

Qəm yuvası gözlərimi uyutmur.

 

Qəribliyin oldu mənə and yeri,

Qiblə bildim, bir cüt ala gözləri,

Başqasının canım, gözüm sözləri

Ürəyimin atəşini soyutmur.

 

***

 

İki yol ayrıcındayam

Mən indi çox dəyişmişəm,

Daha sən görən deyiləm.

Külək vurub yelləndirən

Şüşələri toz bağlamış, sınıq-sökük

köhnə pəncərə kimiyəm.

Mən indi çox dəyişmişəm,

Sən görən çılğın deyiləm,

Xəyalları bulud yaran, dəli-dolu

O fikri dalğın deyiləm.

Mən indi çox dəyişmişəm,

Sıxır məni bu yer üzü,

Sıxır məni, yerli-yersiz umu-küsü

Hər gün, hər gün bu zillətə dözürəm mən,

Öz qəlbimdə, ürəyimdə hisslərimə əsirəm mən!

Mən indi çox dəyişmişəm,

Barmaqlıqlar arasında məhbus kimi,

Ötənlərin həsrətini çəkirəm mən,

Kimsə bilmir nədir dərdim.

Çəkə-çəkə bu dərdləri

Misqal-misqal ölürəm mən, bitirəm mən…

Mən indi çox dəyişmişəm,

Məzarı da unudulmuş

Ölü ruham…

Gecələri oyanıram, qalxıb bütün dərdlərimi

Uçuq-sökük baş daşıma danışıram…

Mən indi çox dəyişmişəm,

Gecələri haqqa doğru əl uzadan, tövbəkaram.

Gəl görüşək, halallaşaq , vidalaşaq

Ömrün elə çağındayam

İki yol ayrıcındayam…

 

Fərid MURADZADƏ

 

Hürriyyət.- 2021.- 16-17 mart.- S.14.