Qərbi Azərbaycanın təbiəti: Dağ

Borçalının təbii-coğrafi şəraiti

 

Qərbi Azərbaycanın Alagöz dağından (4090 m) Dilican vadisinədək uzanan hövzəsindəki Dağ Borçalı mahalı e.ə. II-I minilliklərdə Göy Türk-Sak, Oğuz-Səlcuq tayfa birliklərinin əski yurdları olmaqla yanaşı, həm də bu tayfaların Anadolu yaylasın və İkiçayarasına yayılması üçün geniş coğrafi məkan rolunu oynamışdır.

Şəmşəddil-Pəmbək düzənliyi Sarvan çayı hövzəsinin (Alagöz dağından başlayaraq) geniş vadisi olmaqla yanaşı, həm də Qərbi Azərbaycanın Türkiyə Cumhuriyyətinin Qars vilayəti və Gürcüstan Respublikasının aran Borçalı mahalı (Kürqırağı Qarayazı düzənliyinə qədər) ilə təbii-coğrafi həmsərhəd hüdudlara malikdir. Ətrafında orta yüksəkli Dəlidağ-Naltökən dağ silsiləsi ucalır, eləcə də sərhəddən sərhəddə kimi Ov dərəsi vadisi ilə parçalanır.

Düzənlik, vadi, alçaq və orta yüksəkli dağlar qoynunda, Sarvan çayı hövzəsində Pəmbək nahiyəsinin kəndləri (İlməzli, Soyuqbulaq, Qaraqala, Qaraisa, Dəmirçilər, Ağbulaq, Şahnəzərli…), Gümrü və Cəlaloğlu şəhərləri yerləşir, bu ərazilərdə xalqımızın e.ə. II-I minilliklərə aid tarixi-coğrafi keçmişləri (etno-morfoloji oroqrafik vahidlərin adlarının mənşəyindən (etnogenezisndən) tutmuş milli-dini gələnəklərinə-mərasimlərinə kimi) ilə bağlı, bölgənin iqtisadi-ticarət, hərbi-siyasi hadisələrinin tarixi əhəmiyyəti baxımından  zəngin maddi-mənəvi irs abidələri (nümunələri) yayılmışdır.

Bu zənginlik Dağ Borçalının hər guşəsində, hər dağında, hər düzündə, mamırlaşmış hər qaya parçasının ruhunda-cismində qorununb saxlanılmış və bu günümüzədək gəlib çatmışdır.

Hər kəndin timsalında da bu tarixi səhifələr oxunaqlı və yaddançıxmazdır.

Sarvan çayının sağ və sol sahillərində yerləşən kəndlər alşaq təpəlikli-düzənlik, meşə-kol və subalp-alp çəmənliklərinə aid relyef formaları ilə əhatəli olub. Çayın sol sahilindəki Qaraisa kəndindən qərbə tərəf 3-4 km aralıda böyük otlaq-örüş yeri “Muradlı yeri” uzanırdı.

Aran Borçalı mahalı ilə qonşu olan, Sarvan çayının hövzəsində yerləşən İlməzli kəndi Dağ Borçalıda tarixi-coğrafi vahidlərin sayı və səciyyəsi baxımdan xüsusilə fərqlənir.

Kəndin adı Göy Türklərin qərb qolunun yenilməz, döyüşkən, məğrur dingəsinin bir qolunun törəmələrinin, köçəri Oğuz-Səlcuq tayfa birliklərinin e.ə. II minillikdə Kürqırağı düzənliklərdə (Qarayazı-Ceyrançöl düzündə) məskunlaşması, sonra isə (e.ə. I minillikdə) Qərbi Azərbaycan ərazilərində, orta-yüksək dağlığın landşaft qatlarında (əsasən dağlarası vadilərdə, subalp və alp çəmənliklərində) yurd-oba salmış və yerləşmişlər.

Yenilməyən nəsil-şəcərə tayfasının adı dil, dialekt, şivə, tələffüz dəyişikliyi toponimin Yılmazlı, İlməzli, Ürkməzli (Qazax rayonunda kənd) kimi coğrafi ada çevrilməsi qədim tarixi keşmişə bir işarədir. Bu kənddən Aran Borçalının kəndlərinədək (Başkeçid nahiyəsinin Yırğançağ, Hamamlı, Muğanlı, Saatlı, Qamışlı…) olan məsafə 3-30 km arasında dəyişir, Molla Eyyublu dərəsindən sonra bu yurd-ocaq məkanlarıdır. Bu dərədən axan xırda çaylar  dağlardan, yanmaclardan süzülüb gələn bulaqların suyundan qidalanır.

Dəlidağ silsiləsinin Kəpənəkçi, Sarıcalı, Faxralı, Qarayazı, Daşdıqullar…yaylaqlarından üzə çıxan çoxsaylı bulaqlar (Sərdar bulağı…) bir-birinə qarışaraq (5-10 km-lik məsafədə axaraq) Ovdərəsiçayı kimi Soyuqbulaq, Cucikənd (Qızıl Şəfəq), Şahnəzərli, Övliya (Molla Eyyublu), Dəmirçilər… kəndlərindən keşərək aran Borçalıda Qarayazı düzündə Kür çayına tökülür.

Bu çay İlməzli kəndinin ortasından axır, yayda suyu azalır, payız-yaz dövründə çoxalır, 1950-ci ilədək hətta böyük daşqınlar olub. Kəndin hüdudlarında da bir çox çeşmələr qaynayıb, üzə çıxmışdır (Çeyil bulağı, Göy bulaq, Galıs bulağı, Qırxsicim bulağı…). Ətrafda yerləşən qayalıqların bir hissəsi kəndin şimal-qərbində, 2 km kənarda “Pənıs qayalığı” (Soyuqbulaq kəndinə gedən yolun üstündə) çəmənliklə (alp çəmənliyi) örtülü idi, bu orotopnimin Anadolu türkü əsilli Pənisoğlu adının antropoloji yozumu olduğu bildirilirdi. Kəndin quzeyində, 10 km aralıdakı çılpaq yüksəklik-“Ağ çala qayalığı”, həm də ağ daş yatağı ilə zəngin olsa da, altındakı  mağara xeyli qədim tarixi öxündə yaşadırdı.

1918-1920-ci illərdə hay quldurbaşı  A.Ozanyanın nizami, süvari silahlı birləşmələri (10 min baş), ona birləşən yerli quldurlar Dağ Borçalının bu kəndlərində yerli müsəlman-türk əhlinə qarşı soyqırım-amansız qətliam törədəndə canından keçərək köməyə gələn Osmanlı Türkiyəsinin XV Ordusunun komandanı Qarabəkir Musa Paşanın (1882-1948) əsgərlərindən olmuş Molla Teymur Nuru oğlu (alayın imamı, Sarıqamış nahiyəsinin İd köyündən olub) sonrakı həyatını bu yerlərdə keçirmiş, “Ağ çala qayalığı”ndan kəsib-doğradığı daşlardan evlər tikilib, qəbirüstü baş və sinə daşları hazırlanıb. Qayalıqdan süzülən sulardan Ağ çala çayı yaranmışdı (eni 10 m), axıb Sarvan çayına qoşulurdu.

Ov dərəsindən Qaraqala kəndinə 3-4 km, İlməzli kəndinə isə  məsafə 7-8 km-dir. Qaraqala və Soyuqbulaq kəndləri arasındakı düzənlik  “Mehdiçapılan yeri” adlanır.

İlməzli kəndinin üstündə  “Şərifoğlu yeri”, “Şadınoğlu yeri”, “Qotaz təpəsi”  düzənlikdir, biçənək-örüş  kimi istifadə olunub, həm də bu sahələrdə qədim yurd-binələrin kalafaları, torpağa batmış qəbir daşları qalmaqda idi.

Soyuqbulaq kəndinin adı (İlməzli kəndinin 4-5 km-də) 15-20 km aralıdakı Sarıcalı, Kəpənəkçi yaylaqlarının “cana məlhəm bulaq suları”nın döşəmə daş hörgülərlə (eni, boyu 30-40 sm) dağların belindən 15 km məsafədə  kəndin ortasına kimi çəkilməsindən yaranıb.

Kəndin qərbində, 5 km-də “Qaranlıq dərə”dən də axan çay Dəli dağın, Ov dərəsinin bulaqlarının suyundan yaranmışdır. Bu dərənin üstü aran Borçalının yaylaqları idi.

İlməzli ilə Soyuqbilaq kəndləri arasında (4-5 km) Xırdacalar təpəliyi, Ətlik gölü, Qoşa göl, Panısoğlu biçənəyi olub. Ətlik gölü Panıs dağının (qayalıqları qartal yuvaları idi) ətəyində, Xırdacalar isə bu gölə çatmamış uzanırdı. Ətlik gölündən (ölçüsü 2,5 km  x 2,5 km, qiymətli balıq növləri çox idi) aralıda, aradakı təpəliyi aşandan sonra əks tərəfdə (2 km aralıda) Qoşa göl (qurnalar məkanı olan iki gölün ətrafında Xasıqızının qəbri və 10-a qədər topağa batmış qədim qəbir daşları vardı) yaranmışdı.

Xırdacalar təpəliyi qiymətli, bərəkətli ot və gül-çiçəklə (qırmızı qızılgül (qozaları pambıq qozası boyda idi), qırmızı, çəhrayı, ağ rəngli qız gülü, birəçiçəyi (müalicəvi əhəmiyyətinə görə iyul-avqust ayında çiçəyi yığılıb təhvil verilirdi), düyədabanı (sulu özəyi yeməli idi, iyul-sentyabr ayında açılan qırmızı-çəhrayı çiçəyi bol nektarlı idi, bir hektarından 3 ton bal alınırdı), bənövşə, baldırğan (hektara 50-60 ton ot kütləsi verirdi, 1985-1987-ci illərdə baldırğan toxumundan Ukraynada, Krasnodarda hektardan 100 ton yem toplamışdılar, toxumun kq-nı 4-5 manata almışdılar) örtülü idi.

İrəvan Kənd Təsərrüfatı İnstitutunun hay mənşəli professoru (Hambarsumyan soyadlı) 1975-ci ildə İlməzli kəndində olanda, əhalinin təsərrüfat şəraiti, təbii-landşaft kompleksinin zənginliyi ilə tanış olduqdan sonra yenə də xislətini gizlədə bilməmiş və açıqca demişdir:

– Heyif ki, bu sərvətdən mənim millətim istifadə etmir.

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi                          

 

P.S. İnzibati-ərazi vahidi kimi Qazax rayonunda  Dəmirçilər, Ürkməzli kəndləri, Ağstafa rayonunda Soyuqbulaq və Soyuqbulaqlar qəsəbələri mövcuddur.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Dağ Borçalı mahalının Pəmbək nahiyəsinin  Ülməzli kənd sakinləri İbrahim İskəndər oğlunun (1941) və İmamhüseyn Camal oğlu Təhməzovun (1959) məlumatlarından istifadə edilmişdir.)

 

Hürriyyət.- 2021.- 20-24 mart.- S.13.