ZƏFƏR YOLÇUSU

 

Şəhid İmran Qurbanovun döyüş yolu

 

Əgər bir ölkə müharibə adlı müsibəti yaşayıbsa həmin ölkədə doğulan körpələr ağılları kəsən ilk gündən vətəni yağı düşməndən qorumağı düşünürlər. Əvvəl uşaq zəkasının yetdiyi kimi vətəni qoruyan körpələr yaşadıqları evi, ərazini, kəndi vətən bilirlər. Sonra vətən sözünün dərinliyinə daha dərindən vardıqca vətən sevgisinin aliliyi ilə ucalırlar. Körpəlikdən vətən sevgisini bərabərində böyüdüb, sevgisi ilə bərabər ucalan bir qəhrəman oğulun vətən deyə addımladığı ömür yollarına saldığı izi qədəm - qədəm dinlədikcə bəzi cümlələrin nöqtəsi göz yaşlarım oldu.

1989-cu il 23 may... Həmin gün Qurbanovlar ailəsində sevinc təlaş eyni anda yaşanırdı. Ailə ilk övlad adlı sakinin gəlişinin həyəcanını yaşayırdı. Həm ilk övlad, həm oğul sahibi olmağın sevinci İlqar müəllim Sədaqət xanımın çöhrəsindən oxunurdu. Oğul adlı çırağı yanan ailə iki qız övladının da sevincini yaşadı. Ancaq ilk övladın sevinci bir başqa olur. Bütün ümidlərin açarı idi İmran. Böyüdükcə yaşatdığı sevinclərin sayı artırdı. 1996-cı ildə ailə iki övladının eyni anda məktəbə getməsinin sevincini yaşadı. Hər zaman bacılarının qeydinə qalan İmran oxuduğu Bakıxanov qəsəbəsi 725 N - li tam orta məktəbdə ilk dərs günündən həm bacısı, həm sinif yoldaşı, həm parta yoldaşı olan bacısı Səadət xanımın qeydinə qaldı. Həyatlarının ən gözəl, qayğısız illərini birlikdə keçirən bacı üçün İmranı itirmək sanki hər şeyini itirmək demək idi. Elə orta məktəbdə oxudu zamanlardan İmranın gedəcəyi yol bəlli idi. Hərbçilərə böyük sevgisi olan qəhrəman böyüyüb bir gün özü o müqəddəs peşəni icra etməyin arzusunda olub. O, bu minvalla VIII sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirmək qərarına gəlib. Tək oğul olmasına baxmayaraq ailəsi İmranın vətənə olan sevgisini bildikləri üçün onu bu addımda dəstəkləyiblər. Onlar yaxşı bilirdilər ki, İmranı yaşadan vətən sevgisidir. Liseydə 3 illik təhsilini başa vurduqdan sonra İmran Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. AAHM - 4 illik təhsilini leytenant hərbi rütbəsi alaraq başa vurub. Elə həmin il Təlim Tədris Mərkəzində hərbi biliklərini artırıb. 2012-ci ildə təyinatla Füzuli rayonunda taqım komandiri kimi xidmət edib. Xidməti dövründə bir çox nailiyyətlər qazanıb. 9 il Füzuli rayonunda xidmət edib. Xidməti dövründə Azərbaycan ordusunun ilk qələbəsi kimi tarixə düşən Aprel döyüşlərində iştirak edib, həmin döyüşlərdə yaralanıb. O, döyüşdə iştirak etdiyini hər kəsdən gizlədib. Lakin şəhadətindən qısa zaman öncə anası bundan xəbər tutub. Bir hərbçi kimi hər zaman vətənin azadlığını düşünən İmran kapitan hərbi rütbəsinə qədər yüksəlib.

İmran qayğıkeş övlad olub. O ataya ən çox ehtiyacı olan zaman atasını itirib. 2020 - ci il 12 sentyabrda məzuniyyət götürüb evlərinə gəldiyi zaman atası dünyasını dəyişib. Ata həsrətinə tuş gələn ürəyi vətən səngərinə doğru çırpınıb. Məzuniyyətini yarımçıq qoyub sentyabrın 20-də ani qərarla getməli olduğunu deyib. Hər zaman anasını bağrına basan İmran bu dəfə anasına uzaqdan vida edib. Kim bilir o an İmranın ürəyi necə yanıb. Bəlkə sarılsa ayrıla bilməyəcəyini düşünüb. O soyuq vida ürəkləri titrədib. Son dəfə 26 sentyabrda anasına zəng edərək "Ana, özünüzdən muğayat olun. Özünə yaxşı bax." deyib telefonu söndürüb.

27 sentyabr Azərbaycan xalqının heç zaman yaşamadığı bir sabah açılır. Hər kəs həyəcanla olanları dilə gətirir. Dayanmadan Sədaqət ana iki bacıları İmrana zəng edirlər. Ancaq zənglər cavabsız qalır. İmranın bu səssizliyi doğmalarını qorxudur. Oktyabrın 10-da Səadət xanıma qeyri rəsmi məlumat kimi qardaşının şəhid olduğu xəbəri deyilir. Bu xəbəri günlərlə hər kəsdən gizlədən Səadət xanım sonda anası xaric bu xəbəri yaxınlarına deyir. Hər kəs İmrandan bir xəbər almağa çalışır. Lakin heç kim dəqiq məlumat vermir. Müharibə bitir ancaq İmrandan heç bir xəbər çıxmır. Ailənin ürəyində İmranın sağ olması ümidi son günə qədər ölmür. "Bəlkə irəlidədi, bəlkə əsir düşüb" fikirləri düşüncələrdə təkrarlanır. Ancaq dekabrın 5-də gələn bir zənglə İmranın nəşinin tapıldığı deyilir. Səadət xanım Vüsalə xanım analarına İmran barədə gerçəkləri demək məcburiyyətində qalırlar. Həm DNA analizinin cavabları, həm İmranın üzərindən çıxan sənədlərlə İmranın şəhid olduğu 11 dekabrda öz təsdiqini tapır. Həmin gün şəhidin nəşi Bakı şəhərindəki ata ocağına gətirilir. Vətən uğrunda canını fəda edən qəhrəmanın nəşi 11 dekabrda ll Fəxri Xiyabanda torpağa tapşırılır.

İmranın döyüş yoldaşları onun döyüşdə göstərdiyi şücaətlərindən bəhs edərkən ordumuzun belə bir hərbçini itirməsi gerçəyi ilə barışa bilmədiklərini deyirlər. Döyüşlər başlanan ilk gündən mübarizəyə başlayan İmranın Füzuli istiqamətində sədlərin yarılmasında müstəsna rolu olub. Öz dəstəsi ilə düşmənin bir neçə postunu ələ keçirib. Sentyabrın 29 - da idarə etdiyi tankın ətrafında olan zaman düşmən tərəfindən tanka minamyot atəşi açılıb. Həmin vaxt ayağından qəlpə yarası alan İmran qanaxmadan şəhid olub.

İllərlə torpağa keşik çəkən İmrana 2 ay torpaq keşik çəkib. 2 aydan sonra qəhrəmanın cansız cismi ana torpağın köksünə sığınıb.

Kapitan Qurbanov İmran İlqar oğlu şəhadətindən sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Hər zaman tankçı kimi öndə gedən İmran Vətən müharibəsində göstərdiyi şücaətləri ilə yaddaşlara həkk olunub. Ondan qalan yadigarı isə bir övlad, bir muraz deyil, hərbi hissənin həyətində öz əli ilə düzəltdiyi tank maketi, bir azad vətəndir.

 

ŞƏHİD İMRAN

 

Ruhun qanadlanıb qondu vətənin,

İllərlə talanan viran köksünə.

Bu vətən naminə, bu xalq naminə,

Hər bir çətinliyə sən gəldin sinə.

Sən elə sevirdin hərb sənətini,

Bütün arzuları qurban etmişdin.

İllərlə səninlə birgə böyüyən,

Həmin o arzuna o gün yetmişdin.

O gün pozulanda cəbhədə sükut,

Gözlərin önündə şəhid canlandı.

Döyüş meydanında sən boy göstərdin,

Pozmadın heç zaman içdiyin andı.

Vətənə tuşlanan həmin o mərmi,

Həyatla bağını qopardı, İmran.

O gündən sükutun hakim kəsildi,

bir zəngin gəldi, nə də bir sədan.

Anan gözlərini yollara dikib,

Çarəsiz - çarəsiz göz yaşı tökdü.

Hər iki bacının ömür - gününə,

Elə bil bitməyən bir zülmət çökdü.

Bitdi müharibə, döndü gedənlər,

Səni gətirmədi uzanan yollar.

"İtkindi, şəhiddi yoxsa ki əsir?"

Rahatlıq vermədi bitməz suallar.

Bayraqlı tabutda geri dönüşün,

Bütün suallara bir nida qoydu.

Xalqının yolunda can verən şəhid,

Bu xalq adın ilə hey qürur duydu.

 

MANYA SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 12 oktyabr.- S.12.