Güclü kişi

 

Hekayə

 

Pul yaxşı qulluqçudur, lakin pis ağadır

Frensis Bekon

 

Hündür, əzəmətli,  bağ-bağçalı, güllü-çiçəkli, üç mərtəbəli, geniş eyvanlı bu imarətin - villanın zövqlə yığılmış, bər-bəzəkli, bahalı mebellə təchiz olunmuş yataq otağında ismətini əbədilik itirmiş gənc qızın ruhu sızıldayırdı. Səhərə qədər ehtiras gətirici dərmanların təsiri altında qıza verdiyi əzablardan həzz alan təpəgöz kimi nəhəng, yekəpər 40 yaşlı biznesmen suya yatıb, gözünü yumaraq özünü yuxulu göstərən, ovunu güdən timsah kimi gözaltı ələ keçirdiyi ovunu oğrun-oğrun süzürdü. Zərif çiyinlərinin enib-qalxmasından qızın səssizcə ağladığı bilinirdi. Üzbəüz güzgüyə baxanda dəhşətə gəldi. Onun ağappaq zərif sinəsi, boynu, çiyinləri, qolları iri göy ləkələrlə dolu idi. Bütün əzalarında ağrı vardı, amma ən çox ağrıyıb, sızıldayan vicdanı idi, ruhu idi. Nifrətlə çevrilib yataqdakı, “ahamar kötüyə” baxdı. Bu divə oxşar məxluqat onun ismətini, şərəfini, arzularını əlindən almış, gələcəyinə təcavüz etmişdi.

Röya bu alçaq adama inanmışdı. O, sanki indi tam olaraq aldadıldığını hiss etdi. Ağlından keçənlər nəinki bədənini, hətta ruhunu belə buzlatdı. Bir andaca atasına nifrət hissi qəlbini bürüdü. Bütün bunların günahkarı atası idi...

Röya şimal rayonlarından birinin ucqar kəndindən idi. Uşaqlıqdan deyib-gülən, zarafatcıl bu şən qızın öz dünyası vardı. O, hələ lap kiçik yaşlarından müəllimə olmaq istəyirdi. Balaca olanda gah günorta örüşdən gələn körpə quzuları, gah da kəndin özü kimi balaca uşaqlarını bir yerə toplayıb onlara , “dərs" keçər, özünü “müəllimə" hesab edərdi. Müəllim peşəsi onun ən sevdiyi peşə idi. Zamanla bu istəyi Röyanın fikirlərini daha da konkretləşdirməyə sövq etdi. Röya müəllim çatışmazlığı yaşanan ucqar rayonda müəllimə işləyəcək, uşaqları elmə həvəsləndirəcək, onlara ingilis dili tədris edəcəkdi. Ucqar kəndlərdə kadr çatışmazlığı ucbatından şagirdlər dil öyrənə bilmirdi. Məhz o, uşaqların idealı olacaq və bu kimi çatışmazlıqların aradan qaldırılması üçün əlindən gələni edəcəkdi. Lakin bütün bunlar üçün o, mütləq Dillər Universitetinə qəbul olunmalı ,yaxşı təhsil almalı, özünü püxtələşdirməli idi. Universitetə qəbul olanda o qədər sevinmişdi ki, gecəni səhərə qədər oyaq qalmışdı. Utanmasa, kəndin hər yerində qürurla, - universitetə qəbul olmuşam- deyərdi. Dərs ilinin başlanmasını səbirsizliklə gözləyirdi. Tələbə biletini alanda elə zənn etmişdi ki ona ən bahalı hədiyyəni məhz bu universitetdə verdilər. Röyagilin Bakıda yaşayan qohumları, yaxınları olmadığı üçün o, bir neçə qızla birlikdə kirayə mənzil tutmalı oldu. Dərslərinə səylə hazırlaşırdı. Özünün, anasının və balaca bacısının onun tələbə olmasına sevinməsinə baxmayaraq qaraqabaq, uzun saqqallı atası əsla sevinmirdi. Yenicə hansısa təriqətə qoşulan atası onun Bakıda oğlanlarla birlikdə təhsil almasına razı deyildi. O, qızını yolundan döndərə bilmədiyini gördükdə bir növmaliyyə müharibəsinə" keçdi. Cahil ata qızını maliyyə sıxıntısı ilə özünə tabe etmək, təhsildən yayındıraraq kəndə gətirib burda təriqət üzvlərindən birinə ərə vermək niyyətinə düşmüşdü. Artıq birinci kurs yekunlaşmaq üzrə idi. Ailədən maddi dəstək almayan qızın vəziyyəti acınacaqlı olmuşdu. Əyin-başı ilə də uşaqlardan seçilirdi. Paltarları köhnəlmişdi, xərcliyi yox idi. Qızlara əlavə yük olduğunu gözəl başa düşdüyü üçün özünə yüngülvari iş axtarırdı. Hər etdiyi cəhddən sonra məyus olurdu. Tələbə olması işə götürənlərinişinə yaramırdı". Pulu olmadığı üçün hər yerə piyada gedirdi. Havalar isti idi. Piyada gəzdiyi üçün çox yorulmuşdu, odur ki qarşıdakı dayanacaqda əyləşib yorğunluğunu almaq istəyirdi. İsti yaz günəşi onun ağappaq dərisini qaraltmışdı. Ayaqları zoqquldayırdı. Özünü dayanacaqdakı oturacağa yıxdı. Saatlarla bədənini üstündə gəzdirən ayaqları rahatladı. Gözlərini yumub havanı qoxuladı. Kəndlərini xatırladı. İndi baharda oralar çox gözəl olur. Ətrafı qalın meşələrlə, güllü-çiçəkli çəmənlərlə, buz bulaqlarla və çayla əhatə olunmuş kəndlərinin gözəl mənzərəsi gözləri önündə canlandı.  Bir andaca kənd üçün , anası və bacısı üçün darıxdı. Atasını xatırlayan kimi işə xəyalları şüşə kimi cilikləndi.

Radikal dini təriqətə qoşulandan sonra Umar birdən-birə Abu Umar oldu. Az müddətdən sonra onun həyat və yaşam fəlsəfəsi kökündən dəyişdi. Umarın əqidəsinə görə Röya evə qayıtmalı, ailə qurmalı (Röya gecikib), dini kitablardan başqa heç bir kitab oxumamalı, televizora baxmamalı, kişilər olan yerlərə getməməlidir.  Röyaya maddi dəstək olmamasının əsas səbəbi  məhz bu idi. Onun qarşısında iki yol vardı, - ya Röyanı evə gətirməli ya da ki qızından  imtina etməli idi.

Birdən kiminsə əli onun çiyninə toxundu. Gözünü açanda 35-40 yaşlarında bir qadının gülümsəyərək ona baxdığını gördü.

-Xanım, bağışlayın, cürbəcür ətirlərim və kosmetik vasitələr var, istəməzsiniz ki?

Cavab verməyə çətinlik çəkdi. Axı necə deyəydi ki avtobusa belə verməyə pulu yoxdur. Qadın elə bil onu anladı. Yanında əyləşib söhbətə başladı. Qadın intuisiyası bu yaraşıqlı, gözəl, həyatın amansızlığını, insanların hiyləgərliyini, cəmiyyətin eyiblərini anlamayan saf, utancaq, sadəlövh və mədəni qızın çətinliklə üzləşdiyini hiss etmişdi. Səmimi olaraq onunla danışırdı. Öz taleyini, başına gələnləri, sıxıntılarını danışdı və sonda üzülməməsini, ayaq üstə durmaq üçün mübariz olmasını  tövsiyyə etdi. Adı Lalə olan bu xeyirxah, zəhmətkeş, cəfakeş qadın Röyaya iş təklif etdi.

-Qızım, mən “Oriflame" dən ətriyyat götürüb satıram. Həm firmanın məhsullarını sataraq onlara xeyir verir, həm də özüm xeyir qazanıram. Mən sənə zamin duraram. Sənin üçün də götürərik. Nə deyirsən?

Röya elə sevincək olmuşdu ki, cavab verməyə çətinlik çəkirdi. Lalə bunu hiss edib ayağa qalxdı və dedi:

-Telefon nömrəmi yaz. İndi isə qalx səni də yola salım, gedib dincəl və sabah zəngləşib görüşək.

Röya olduqca yorğun idi deyə etiraz etmədi. Yol boyu işləyib pul qazanacağını, dərslərini də vaxtında hazırlayacağını düşündükcə daxilən rahatlaşırdı. Yorğun, narahat olmasına baxmayaraq özünü gümrah hiss edirdi. Avtobusdan düşüb dar dalanı burulub arxa qapıdan həyətə keçdi. Açarı burub qapını açdı və gördüyü mənzərədən üşəndi. Dəhlizdə yarıçılpaq otaq yoldaşı Gülşən ucaboy,  yaraşıqlı, uzun saçlı bir kişi ilə ehtirasla sevişirdi. Qızın nitqi batmış, ayaqları yerə mıxlanmışdı. Nə geri qayıda, nə də danışa bilirdi. Mat-mat onlara baxırdı. Röya bu səhnədən həm utanır, həm də qeyri-iradi bir həzz alırdı. Sanki bütün hormonları “üsyan" qaldırmışdı. Daxilində halsızlıq qarışıq izahsız həzz yaranmışdı. Ayaqüstə dayana bilmirdi. Səndələyib qapının arxasındakı ayaqqabı şkafına dəydi. Səsə gözünü açan Gülşən onu gördü. Bir anlıq kinlə sonra isə gülərək Röyanı süzə-süzə onu qucaqlayan kişinin qulağına nəsə dedi. Artıq Röya özünə gəlmişdi. Üzr istəyib otaqdan çıxdı. Həyətdə oturub ürəyində  özünü danlayır, ədəbsizlikdə günahlandırırdı. Az sonra uzun saçlı, boy-buxunlu kişi heç nə olmamış kimi gəlib onun yanından keçdi. Elə bil onun üzündə xüsusi bir təbəssüm vardı. Röya döyükmüş gözləri ilə onun ardınca baxırdı. Həyətdə elə bir sakitçilik vardı ki, sözün əsl mənasında milçək vızıltısı belə eşidilirdi. İçəri keçsinmi, yoxsa elə burda gözləsinmi? Gülşən astaca açılan dəmir qapının arxasında dayanıb onu him-cimlə içəri dəvət etdi.

Gülşən bu ikiotaqlı mənzildə kirayə qalan üç qızdan biri idi. Otağın birində tək qalırdı, əvvəlcədən belə razılaşmışdılar. O bu otaqda tək qaldığı üçün kirayə pulunun yarısını ödəyirdi. Özü belə təklif etmişdi. Onun nə işlə məşğul olduğunu bilmirdilər. Tələbə olduğunu və işlədiyini deyirdi. O, hər zaman zövqlə və dəblə geyinərdi. Çoxlu bahalı paltarları vardı. Şəhərin ən yaxşı ətriyyat dükanından ətir alardı.  İnsafən zahiri görünüşü ilə də çox gözəl qız idi. Hündür qaməti, biçimli ətli dodaqları, al yanaqları, şüşə kimi hamar ayaqları, cazibədar bədən quruluşu istənilən adamı cəlb edər, yoldan çıxarardı.

-Ay qız, burda gördüklərini bir kimsəyə demək olmaz. Unutma haaa... O kişi mənim sevgilimdir. Rəssamdır. Hələlik isə bu ikimizin arasında sirr olaraq qalsın. Bir-neçə aya hamı biləcək. Sən nə edə bildin? İş tapa bildinmi?

Röya hər şeyi ona danışdı.

-Ay qız , dəlisən? O nə işdir elə. Can-cəsədin də yoxdur. Boş ver elə şeyləri. Sabah mən səni bir yerə aparacağam. Ayazın (sevgili dediyi adamın) imkanlı bir biznesmen dostu var. Sənə kömək edəcək.

Sadəlövh Röyanın ürəyində qorxuqarışıq bir ümid də yarandı. Öz-özünə, -bəlkə yaxşı adamdır, həqiqətən köməklik göstərəcək, -dedi. Gülşənin rəssam məşuqundan mənə nə? Gecəyarıdan keçsə də yuxusu gəlmirdi. Sabahkı işi düşünürdü. Səhərə yaxın onu möhkəm yuxu tutdu. Bərk yatmışdı.

 

Ardı var

 

Fərid Muradzadə

 

Hürriyyət.- 2021.- 19 oktyabr.- S.15.