BƏŞƏR ÖVLADININ HÜRRİYYƏT VƏ İSTİQLALI

 

ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI VƏ

FİRİDUN İBRAHİMİ ANAYASASI!

 

Fədakarlığınız nəticəsiz qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və şəhadətinizlə yandırdığınız milli azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən milyonlarla türk ərənlərinin ürəyində alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli azadlığını addım-addım yaxınlaşdırır.

 

Əvvəli ötən saylarımızda

 

Bu gün dünyanın bütün quldarlıq, feodalist, kapitalist ölkələrindəki dövlət mülkiyyəti çox zaman populistcəsinə milli mülkiyyət adlanır. Halbuki bu mülkiyyətlərin nəinki iqtisadi mahiyyətində, həm də inzibati statusunda çox ciddi fərqlər mövcuddur. Bu ölkələrdə dövlət mülkiyyətinin sahiblik hüququ kral, prezident və s. adlandırılmasından asılı olmayaraq dövlət başçısına məxsus olur və ya icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında bölüşdürülür. Yəni bütün hallarda bu sahiblik hüququ mülkiyyətin əsl sahiblərinə məxsus olmur. Dövlət mülkiyyətinin sahiblik hüququnun kiməsə məxsus olması cəmiyyətdə dövlət idarəetməsində mütləqiyyət idarəetmə üsulunun yaranmasını labüd edir. Bu halda hətta dövlət mülkiyyətinin bir hissəsinin daim ictimailəşdirərək mülkiyyətsiz vətəndaşlara verilməsi də mümkün deyil. Çünki, bu mülkiyyətin hakimiyyət piramidası pillələrində duran məmurların vəzifə statusuna uyğun olaraq onların mülkiyyətində toplanması labüddür.

Fərdi və dövlət feodalizmi quruluşlarında dövlət mülkiyyətinin kiçik bir hissəsi yerli feodalların, əsas hissəsi isə baş feodalın mülkiyyətində olması ilə fərqlənərək digər proseslərin məhz bu fərqin məzmun və mahiyyətinə uyğun olaraq inkişafını təmin etdiyindən mülkiyyətsiz vətəndaşların daim mülkiyyətlə təmin edilməsi ehtimalı sıfra bərabər olur.

Kapitalizm quruluşunda əvvəlki quruluşlardan fərqli olaraq dövlət mülkiyyəti üzərində sahiblik hüququ və inzibati hakimiyyət dövlət başçısı və qanunverici orqan arasında bölüşdürülsə də dövlətin mülkiyyətsiz vətəndaşları mülkiyyətlə təmin etmək öhdəliyi olmadığından, vətəndaşın mülkiyyət sahibi olmaq hüququ reallaşmadan qalır.

Sosialist dövləti isə mülkiyyətsiz vətəndaşı ən azı minimum zəruri mülkiyyətlə qeyd-şərtsiz təmin etmək öhdəliyi daşıyır və K. Marksın "proletariat diktaturası" adlandırdığı hüquqi anlayışdan doğan inzibati qanuna əsasən, onun müəyyən etdiyi, ictimai mülkiyyət iqtisadi mexanizmi vasitəsilə reallaşdırılır. Bundan başqa sosialist dövlətində hakimiyyətin dövlətin hansısa qurumuna, dövlət başçısına və s. deyil ancaq Anayasaya və ondan irəli gələn qanunlara məxsus olması, həm də bu qanunların məzmun və mahiyyət etibarilə vətəndaşın mülkiyyət sahibi, məmurun isə muzdur statusu nisbətində tənzimlənən münasibətlər əsasında müəyyən edilərək çərçivələnməsi, bəşər tarixində ilk dəfə dövlətin mülkiyyət sahibləri və məmurların mülkiyyətsiz vətəndaşları əzmək, onları ədalətsiz istismara məruz qoymaq vasitəsi olmaq xüsusiyyətini kökündən ləğv etmiş olur. Bu hal həm də kimliyindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini və qanunun aliliyini real olaraq təmin edir.

Başda V. Lenin olmaqla bolşeviklərin mahiyyətini saxtalaşdıraraq, guya vətəndaşları ədalətsiz istismara məruz qoyulmasının günahkarı kimi lənətlədiyi iqtisadi kateqoriyalardan ən əsas olanı xüsusi mülkiyyətdir. Bəs mülkiyyət (kapital) və xüsusi mülkiyyət nədir? Hər hansı bir mülkiyyət öncə əmlak vəziyyətində olub, ancaq sahibinin istehlak tələbini ödəyir, yəni ona öz dəyərindən artıq dəyər gətirmir. Əmlak sahibi bu əmlaka öz şəxsi əməyini tətbiq etməklə istehsal etdiyi əmtəəyə, göstərdiyi xidmətə sərf etdiyi dəyərdən artıq, izafi dəyər əldə edirsə, bu əmlak şəxsi mülkiyyətə (kapitala) çevrilmiş olur. Bu əmlak sahibi istehsal və ya xidmət prossesində muzdlu özgə əməyindən istifadə etdikdə isə bu əmlak xüsusi mülkiyyətə çevrilir. Yəni xüsusi müıkiyyətin xüsusiliyi onda istehsal və ya xidmət prossesində özgənin muzdlu əməyindən istifadə edilməsindədir. Quldar, feodalist, kapitalist dövlət mülkiyyətləri, hətta milli mülkiyyət belə bütün hallarda xüsusi mülkiyyətdir. Beləki, dövlət texniki, təşkilati mexanizm olmaqla canlı varlıq olmadığından, öz iş qüvvəsinə malik olmadığından hər hansı bir prossesdə muzdlu özgə əməyindən istifadə etməyə məhkumdur. Yəni, bolşeviklər rəsmən xüsusi mülkiyyəti daim lənətləmələrinə rəğmən, özlərinin yaradıb 74 il vətəndaşları qula çevirdikləri dövlət quldarlığı mülkiyyəti insanları ən ədalətsiz istismara məruz qoyan, mürtəce, mülkiyyət növüdür. Primitiv istehsal alətlərlə kustar istehsal və xidmət istisna olmaqla mürəkkəb texniki vasitələrin, texnoloji proseslərin tətbiqi vasitəsilə bəşər cəmiyyətinin bu günkü durmadan artan tələbatını ödəyə biləcək istehsal və xidmət sahələrində muzdlu, özgə əməyindən istifadə etmədən istehsal və xidmətin həyata keçirilməsi mümkün deyil. Deməli xüsusi mülkiyyətin ləğv edilməsi bəşərin mövcudluğunu təmin edən istehsal məhsullarının və istehsal vasitələrinin istehsalının durdurulması, yəni bəşəriyyətin məhv edilməsi anlamına gəlir. Nəticə budur ki, kiminsə istəyib, istəməməsindən asılı olmayaraq xüsusi mülkiyyətin mövcudluğu bəşərin mövcudluğu üçün əbədi və zəruri iqtisadi amildir. Xüsusi mülkiyyətə olan yeganə etiraz isə istehsal olunan məhsulun dəyərinin xüsusi mülkiyyət sahibi ilə muzdlu istehsalçının arasında ədalətsiz bölüşdürülməsidir.

Lenin və bolşeviklər dövlət mülkiyyətini ictimai mülkiyyət, ümumxalq mülkiyyəti, sovet dövlət quldarlıq hakimiyyətini isə proletariatın diktaturası adlandırmaqla dövlət quldarlığını sosializmlə, marksizmi isə leninizmlə eyniləşdirmək məqsədi güdərək buna nail ola bilmişlər. Belə ki, bu günədək dünyanın ən adlı-sanlı iqtisadçı, hüquqşünas alimləri belə bolşeviklərin dələduzluğunun bu qədər sadə mexanizmini anlamaqda aciz qalıblar.

İstehsal olunan məhsulun xüsusi mülkiyyət sahibi ilə muzdlu arasında ədalətsiz bölgüsünə gəldikdə isə kiçik bir müqayisə etmək zəruridir. Hamiya məlumdur ki, bəşər cəmiyyətinin daimi mövcudluğunu təmin edən amil kişi ilə qadının cinsi əlaqəsidir. Əgər biz bu əlaqə zamanı və ya nəticə olaraq kişinin qadını və ya əksinə ədalətsiz istismara məruz qoyduğuna əsaslanaraq bu əlaqəni qadağan və ya ləğv etsək bu bəşəriyyətin məhvə məhkum edilməsi demək olardı. Bəşərin inkişafının bir çox dövrlərində qadın – kişi cinsi əlaqələrinin, ailə münasibətlərinin ədalətsiz, hətta vəhşi əsaslarla qurulması, tənzim edilməsi dövrləri olub, bu gün də mövcuddur. Bunun belə olduğunu sübut etməyə Səuduyyə Ərəbistanı taxt-tacının vəliəhdi Salmanın yalnız bu yaxınlarda “qadınlar da bəzi hallarda insandır” bəyənatı yetərlidir. Lakin bu gün qadın-kişi cinsi əlaqə və münasibətləri daha sivil əsaslarda qurulub, tənzimlənir və daim təkmilləşdirilir. Mülkiyyət elementlərinin sahibkar ilə muzdur arasında bölüşdürülməsi nisbətini sivil üsularla dəyişməklə xüsusi mülkiyyət əsasında istehsal olunan məhsulun dəyərinin ədalətli bölgüsünə nail olmaq olar ki, hər iki tərəf bundan razı qalsın. Bütün cəmiyyətlərdə mövcud olan əmək və kapital arasındakı barışmaz ziddiyyəti ləğv edərək, bəşərin min illər boyu arzuladığı ədalətli iqtisadi-ictimai quruluşu qurmağın yeganə mümkün yolu da məhz budur. K. Marks və F. Engeles “Kommunist partiyasının manifestində” yazır ki, “Kommunizmi fərqləndirən cəhət ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir”. K.Marksın burjua mülkiyyəti ifadəsini bolşeviklər bütövlükdə xüsusi mülkiyyət anlayışına şamil edirlər. Xüsusi mülkiyyət sahibinin muzdlunu ədalətsiz istismara məruz qoya bilməsinin səbəbi xüsusi mülkiyyətin mövcudluğu deyil. Quldarlıq qurluşunda mülkiyyətin rəsmən 5, reallıqda isə 4, feodalizmdə 3, kapitalizmdə 2 elementinin xüsusi mülkiyyət sahibinin mülkiyyətində olmasıdır. Yəni, bu birbaşa mülkiyyət elementlərinin sahibkar ilə muzdurun arasında bölgüsü nisbətindən asılı olan məsələdir.

Məsələn, kapitalist istehsal üsulunda mülkiyyət elementlərinin üçü, onun iş qüvvəsi, əməyinin və özünün inzibati azadlığı muzdurun mülkiyyətində olmasına baxmayaraq əməyin iqtisadi elementinin, yəni istehsal vasitələrinin onun mülkiyyətində olmadığından, o özünü və ailəsinin mövcudluğunu ancaq əməyini sahibkara satmaqla təmin edə bilər.

Çünki onun özünün və ailəsinin mövcudluğunu təmin edə biləcək mülkiyyəti yoxdur. İnkişaf səviyyəsindən asılı olmayaraq kapitalizm quruluşu olan ölkələrdə əmək bazarında təklif daim tələbatdan çox olur ki, bu kapitalizmin mahiyyətindən yaranan qanundur. Bu səbəbdən əmək bazarında əməyin satış qiyməti onun real dəyərindən aşağı olur. Buna görədə muzdur acından ölmək təhlükəsi qarşısında əməyini dəyər-dəyməzinə satmağa, yəni öz əməyinin ədalətsiz istismarına məcburən razılıq verir.

K. Marks kommunizmdə burjua mülkiyyətinin ləğv ediləcəyini deyərkən hec də kapitalizm cəmiyyətində mövcud olan xüsusi mülkiyyətin hərfi mənada cismən ləğv edilməsini və ya bolşeviklər kimi xüsusi mülkiyyət sahiblərinin mülkiyyətinin əlindən alınaraq özlərinin də güllələnməsini nəzərdə tutmur. K.Marks kommunizmdə, o cümlədən onun ilk pilləsi olan sosializmdə hər bir mülkiyyətsiz vətəndaşa onun mövcudluğunu təmin edən mülkiyyət verilməsi ilə onun acından ölmək təhlükəsi qarşısında öz əməyini sahibkara dəyər-dəyməzinə satmaq məcburiyyətinin qarşısının alınması ilə xüsusi mülkiyyət sahibinin onun əməyini ədalətsiz istismara məruz qoymaq imkanının ləğv edilməsini nəzərdə tutur. Obrazlı ifadə ilə desək söhbət ilanı öldürməkdən deyil, onun potensial qurbanlarının müqavimət qabiliyyətinin artırılmasını təmin edərək təcavüz imkanlarının neytrallaşdırılmasından gedir.

Bundan başqa sosializm cəmiyyətində yetkinlik yaşına çatmış imkansız vətəndaşlara əvəzi ödənilmədən birdəfəlik start kapitalı, müxtəlif səbəblərdən müflis olmuş vətəndaşları yenidən sahibkarlığa cəlb etmək və ölkənin strateji, zəruri sahələrinə əlavə kapital qoyulmasına sahibkarlara aşağı tarif dərəcələri ilə qısa, uzunmüddətli kredirlər verilməsi işsizliyin bir problem kimi aradan qaldırılmasına, sahibkarların sayının artmasına, uyğun olaraq əmək bazarında əməyin öz real qiymətinə satılmasına şərait yaradacaq. K. Marks kommunizm quruluşunda məhz bu üsulla burjua xüsusi mülkiyyətinin komunist xüsusi mülkiyyətinə çevrilməsini nəzərdə tutur.

Beləliklə sosializm iqtisadi sisteminin kapitalist iqtisadi sistemindən əsas fərqləri bunlardır.

 

Ardı var

 

Şapur Qasımi

 

Hürriyyət.- 2022.- 19 iyul.- S.13