BƏŞƏR ÖVLADININ HÜRRİYYƏT VƏ İSTİQLALI

 

ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI VƏ

FİRİDUN İBRAHİMİ ANAYASASI!

 

Fədakarlığınız nəticəsiz qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və şəhadətinizlə yandırdığınız milli azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən milyonlarla türk ərənlərinin ürəyində alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli azadlığını addım-addım yaxınlaşdırır.

 

Firidun Qəni oğlu İbrahimi

21.11.1918-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. Hələ gənclik illərində Tehran universitetinin hüquq fakültəsində oxuduğu zaman milli ruhlu azadlıq mübarizi kimi yetişir. Təhsilini başa vurduqdan sonra ona İranın müxtəlif şəhərlərində samballı vəzifələr təklif etsələr də, o bunlardan imtina edib Təbrizə gələrək Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi 21 Azər hərəkatına qoşularaq qısa bir müddətdə hərəkatın mətin, dönməz və önəmli şəxsiyyətlərindən birinə çevrilir. O Azərbaycan Demokrat Firqəsinin, Milli Məclisinin, Milli Hökumətinin qurulması və fəaliyyətində fəal iştirak edir. F.İbrahimi Cənubi Azərbaycan Demokratik Respublikası qurulduğu 12.11.1945-ci il tarixindən, respublikanın süqut etdiyi 12.12.1946-cı il tarixinə qədər respublikanın Baş Prokuroru olub. Respublika ingilislərin dəstəklədiyi şah qoşunları ilə qeyri-bərabər müharibədə süqut etdiyi vaxt hökumət üzvlərinin (S.C.Pişəvəri və M.Bağırzadə (Biriya) istisna olmaqla) və səhra komandirlərinin əksəriyyətinin Sovet Azərbaycanına mühacirət etməsinə baxmayaraq nəinki Cənubi Azərbaycanı, hətta Təbrizi belə tərk etmir. Vətəndə qalıb düşmənlə son nəfəsə qədər mübarizə aparmağa üstünlük verərək bu addımını belə əsaslandırır: – “Xalqı bu mübarizəyə biz cəlb etmişik. Onları yalnız qoymağa haqqımız yoxdur. Onların yanında qalıb ölmək, qaçmaqdan və vətəni tərk etməkdən daha yaxşıdır”.

Məsləkdaşları ilə birlikdə düşmənin mühasirəsində Cənubi Azərbaycan Demokrat Firqəsinin binasında barrikada qurub 34 saat düşmənlə döyüşən F.İbrahimi düşmənin əlinə keçmiş, altı ay Təbrizin və Tehranın zindanlarında işgəncəyə məruz qoyulduqdan sonra belə, əyə, sındıra bilmədikləri, 22.05.1947-ci ildə dara çəkilən Azərbaycanın Baş Prokurorunun Təbrizdə “Ağalı” (bugünkü “İmamiyyə”) qəbristanlığındakı məzarı bu gün də İrandakı bütün milli şüuru olan türklərin müqəddəs ziyarətgahı, and yeridir.

 

Ənuşirəvan Qəni oğlu İbrahimi

12.05.1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. O ibtidai təhsilini Astara şəhərində başlasa da, atasının Nəhavəndə sürgün olunması səbəbindən ibtidai təhsilini də orada davam etdirir. Cənubi Azərbaycanda Demokratik Respublika qurulduqdan sonra Ə.İbrahimi Təbrizə gələrək orada təsis edilmiş polis məktəbində təhsilini davam etdirir. Milli hökumət süqut etdikdə böyük qardaşı, Milli Hökumətin baş prokuroru Firidun İbrahimi onu çağıraraq təcili Astaraya gedərək bacılarının Sovet İttifaqına mühacirət etməsinin qarşısını almağı tapşırır. Bu zaman bütün Cənubi Azərbaycan geniş zindana çevrilmiş, Tehran hökumətinin polis və hərbi qüvvələri yaşayış məntəqələrini, əsas yolları və Şimali Azərbaycanla sərhədləri güclü nəzarətə götürmüşdü. Astara çayı boyundakı sıldırıma çatdıqda təqib edildiyini görüb özünü aşağı ataraq qarlı sıldırımdan sürüşüb çayın kənarına düşən kimi qarşısında iki silahlı sərhəd keşikçisini görür. Məcburən Şimali Azərbaycanda qalmalı olur. Burada ali təhsil və alimlik dərəcəsi alır. Burada Azərbaycan Demokrat Firqəsinin müxtəlif rəhbər vəzifələrində çalışır. 1978-79-cu ildə şahlıq rejimi devrildikdən sonra vətənə qayıdaraq Təbrizdə İran Xalq Partiyasının Azərbaycan yerli təşkilatının – Azərbaycan Demokrat Firqəsinin katibi olaraq fəaliyyətə başlayır. Öz şəxsi keyfiyyətlərinə görə çox qısa zamanda xalq arasında böyük nüfuz sahibi olur. O qardaşı Firudinin məzarı önündə duraraq söyləyir: Əziz qardaşım! «Böyük ustadım! Mən bütün bu illər boyu səninlə birlikdə yaşamışam və mənə öyrətdiyin hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçünyolunu davam etdirirəm». Ruhulla Xomeyninin şovinist molla rejimi mütərəqqi siyasi qüvvələrə qarşı terror elan etdiyi zaman Ə.İbrahimi Təbrizdə idiçox asanlıqla mühacirət edə bilərdi. Lakin o qardaşı kimi son nəfəsinədək mübarizə etməkdə qərarlı idi. O Tehrana gedir və Mərkəzi Komitənin digər üzvləri ilə birlikdə həbs edilərək 13.09.1987-ci ildə Tehranda, “Evin” zindanında edam edilir. Tehranın şərq hissəsində “Xavəran” (keçmiş Misgərabad) qəbristanlığında dəfn edilib.

Bu gün İran adlanan coğrafiyada 1370 il öncə ərəb işğalçılarını məğlub edib 1925-ci ilə qədər, yəni, 1274 il ərzində bu ərazidə böyük bir imperiya quran türk xanədanlarından Əhməd şah Qacarı ingilislərin köməyilə hərbi çevriliş edib hakimiyyətə sahib olan fars şovinisti Rza Pəhləvi İranda türk dilini, türk mədəniyyətini, tədrisini, mətbuatını qadağan edərək bu coğrafiyada öz milli ərazilərində yaşayan bütün türkləri assimilyasiya edərək farslaşdırmaq siyasəti yeridib. Pəhləvilər 53 illik hakimiyyəti dövründə öz təbii milli hüquqlarını tələb edən milyonlarla türk aydınlarını, mübarizlərini qətlə yetirib, zindanlarda çürüdüb. Pəhləvilərin zülmündən cana doyan xalqı islam dini, şiəlik nağılları ilə aldadaraq hakimiyyətə gələn Ruhulla Xomeyninin qurduğu islam rejimi şahlıq rejimindən daha qəddarlıq və hiyləgərliklə türkləri məhv edir, dilinə, mədəniyyətinə, tədrisinə və s. daha sərt qadağalar qoyur. Bu molla rejimi bir tərəfdən polis, məhkəmə, hərbi zor vasitəsilə türkləri, eləcə də başqa millətləri fiziki məhvə düçar edir, digər tərəfdən isə onların zehinlərini din ilə qandallayaraq onları mənəvi əsarəti altına alır. Məhz din vasitəsilə başqa millətlərin milli ruhunu, milli mənliyini və şəxsi azadlıq hisslərini, düşüncələrini boğmağa çalışırlar. Hamıya məlumdur ki, insanın inzibati azadlığının reallaşdırılmasının əsası onun iqtisadi azadlığıdır. Bu gün Tehranın molla rejimi İran əhalisini, xüsusilə türk əhalini dilənçi halına gətirmək hesabına təkcə Suriyada Bəşər Əsədin hakimiyyətdə qalmasına ildə 8 (səkkiz) milyard ABŞ dolları xərcləyir. Əgər İranın ərəb ölkələrində böyük silahlı birləşmələr saxladığını, Ermənistana kömək üçün milyardlarla dollar xərclədiyini, Türkiyə və Azərbaycan dövlətinə qarşı təxribat qrupları yaradaraq maliyyələşdirilməsi, İranda məmurların büdcəni oğurlaması, rüşvətxorluq və s. nəzərə alsaq molla rejiminin İranda yaşayan millətlərə düşünülmüş şəkildə hərtərəfli divan tutduğu məlum olur. Bəşər övladı ancaq elmə sarılmaqla, öz azadlığı uğrunda mübarizəni elmi əsaslarla qurduğu zaman azad ola bilər. Məhz bu baxımdan mən Şapur Qasimi məzmununu kəşf etdiyimİranda türk milli azadlıq mübarizəsinin öndərlərindən olan Ənuşirəvan Qəni oğlu İbrahiminin şərəfinə “obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan qanunları” adlandırdığım qanunlar əsasında məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə birlikdə hazırlayaraq 1945-46-cı illərdə Cənubi Azərbaycan Demokratik Respublikasında Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi hökumətin Baş Prokuroru olmuş. Firidun Qəni oğlu İbrahiminin şərəfinə “Turan dövlətinin Firidun İbrahimi Anayasası” adlandırdığımız Anayasanın qısa şərhini və bəzi müddəalarını İran adlanan coğrafiyadakı insnalara ünvanlayıram. Bu qanunların və Anayasanın məzmunu nəinki türk millətinə İran coğrafiyasında azad olaraq böyük Turanın tərkib hissəsinə çevrilməyə, eləcə də digər millətlərə azad yaşamağın yollarını göstərəcək, bizim milli azadlıq mübarizəmizin nəticəsi olaraq hökmən azadlıq günəşi doğacaq.

 

Ardı var

 

Şapur Qasımi

 

Hürriyyət.- 2022.- 28 iyun.- S.14.