“Teatrsız qala bilmirəm”

 

Nahidə Orucova: “Bu gün məni yaşadan teatrdı, sənətimdi, səhnəmdi”

 

Əvvəli ötən sayımızda

 

Müsahibimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nahidə Orucovadır. Nahidə xanımla müsahibəmizdə səhnə fəaliyyəti haqda söhbətləşdik.

 

- Sənətkarların çoxu şəxsi həyatlarını sənətə qurban verdiklərini deyirlər. Bu haqda sizin düşüncəniz necədir?

- Mən hər bir şeyimi qurban verdim: ailəmi, şəxsi həyatımı, sağlamlığımı, hər bir şeyi qurban verdim sənətə. Mən hər hansı əməliyyata gedəndə, Fəridə xanım qoymaz yalan deyim (Teatrın mətbuat katibi Fəridə xanımı nəzərdə tutur – müəl.), üç gün, uzağı bir həftə evdə otururam. Sonra mən yenə də sınıqlarla, yaralarla teatra gəlirəm, səhnədə məşqlər edirəm. Neçə dəfə elə olub. Bilirsiniz, mən teatrsız qala bilmirəm. Məni bu günkü gündə yaşadan teatrdı, mənim sənətimdi, səhnəmdi. Bir çoxları, bəlkə də cavanlar, gənclər bugünkü gündə səhnəyə barmaq arası baxır, əyləncə yeri, oyuncaq kimi baxırlar, amma səhnə müqəddəsdir. Səhnəni onlara tay etmək olmaz.

Elə olub ki, səhnəyə qızdırmalı çıxmışam. Ayağım burxulub, barmağım sınıb, qolum gipsdə, amma biz çıxmışıq səhnəyə. Çünki səhnə adama bunları unutdurur. Tutaq ki, mənim başım ağrıyır, düşünürəm, ay Allah, mən bu tamaşanı necə oynayacam. Deyirəm ki, uşaqlar, tez oynayaq, mən özümü çox pis hiss edirəm, səhnəyə çıxıram, baxıram heç yerim ağrımır, elə bil əvvəlki adam deyiləm. Səhnədən çıxıram, yenə də o ağrını hiss edirəm. Doğrudan da səhnə müqəddəs yerdir. Onu bəlkə də bir çox cavanlar başa düşmür.

- Bir çox seriallarda, tamaşalarda rollar oynamısınız və yenə də oynamaqdasınız. Maraqlıdır ki, Nahidə xanım öz həyat tamaşasının rolunu oynayıbmı?

- Hələ də öz həyat rollarımı oynayıram. Bu günkü gündə anayam, qaynanayam artıq. İnşallah, sabah nənə olacam. Ən böyük fəxri ad nənə olmağımdır. O fəxri adı istəyirəm. Elə mənim həyatım səhnədir də. Düzdür, həyatda səhnədəki kimi rol oynaya bilmirəm. Aktyorluq etmirəm. Həmişə demişəm ki, mən həyatda oynamıram. Həyatda necə varam eləyəm, səhnədə də necə varam eləyəm. Teatra baxma də, tamaşadı, rollardı - onları oynamalıyam. Məsələn, hazırda anaları oynayıram. Məndə müxtəlif analardı, bir-birinə oxşayırmı, tamaşaçı bilər. Mənə elə gəlir ki, məndə ana obrazları müxtəlifdir. Rol üzərində işləyəndə baxıram, görürəm ki, necə anadı, əvvəlkilərə nisbətən zəmanəmizə uyğun anadırmı. Ona görə çalışıram.

- Keçmişə qayıtmaq imkanınız olsaydı, hansı günlərinizi təzədən yaşamaq istərdiniz?

- Analı, atalı günlərimi yaşamaq istərdim. Əsasən o günləri: problemsiz, qayğısız, çətinliksiz, heç nəyi fikirləşmədən, düşünmədən, bilirsən ki, ata, ana yanındadır, onlar problemlərini həll edəcəklər. Ancaq onlarsız çox çətindir. İndi hər şeyi özüm həll edirəm. O vaxt kinostudiya işləyirdi, gəlirdin, kinostudiyaya girəndə qrimin iyi qarışırdı paltarların iyinə, paltarların iyi qarışırdı qrimin iyinə. Həmin şey indi teatrda var. Amma kinostudiyada yoxdur. Mən çox istəyirdim ki, kinostudiyanı görüm tam, dolmuş şəkildə. Hansı otağa girirsənsə iş prosesidir, iş gedir. Onun pavilyonları, o günlər üçün çox darıxıram, çox darıxıram. Çünki mən o günləri görmüşəm.

- Azərbaycanda milli adət-ənənəmizə görə açıq-saçıq filmlər çəkilmir. Sizcə, elə bir şey olsaydı, cəsarət edib bu cür filmlərə çəkilərdiniz?

- Çəkilərdim, niyə çəkilməzdim?! Mən aktrisayam. Səhnədə hər şey olur. Mən səhnədə soyunmuram ki. Səhnədə hər şey olur. Kinoda da, səhnədə də. Elə səhnələrimiz var. "Hoqqa" filmində iki obraz oynayıram. Bir nənə obrazı, xala, qoca arvad obrazı. Qoca arvad soyunur(Gülür.) Bu filmi “Soy production” çəkirdi. Dedilər, bu obrazı heç kim oynamaz. Yəni bilirdilər ki, məndə elə xasiyyət var. Mən onu oynaya bilərəm. Heç çəkinmədən oynayaram. Və oynadım da.

- İnsanlar adətən asudə vaxtlarında kitab oxuyur, filmə baxır, musiqi dinləyir və s. Siz asudə vaxtlarınızı necə keçirirsiniz?

- Elə mən də asudə vaxtlarımı o cür keçirirəm. Çoxları gedir orda-burda gəzir. Mən gəzməyi xoşlamıram. İşdən evə gəldimsə, məni evdən çıxarmaq qeyri-mümkündür. Mənə desələr ki, sənə min manat veririk, boş vaxtlarında bir az çöldə, bayırda gəz, dolan, inanın yenə də yox deyərəm. Asudə vaxtlarımda otururam evdə, televizora baxıram, pişiklərimlə oynayıram. Məndən soruşanda ki, sən evdə darıxmırsan… Evdə başımı nəyiləsə qatıram. Gecə yarısı beşdə, altıda yatıram. Gecə yarı beynimə düşür ki, cücə çığırtması bişirim. Özü də yeməyi az yeyirəm. Mənim üçün ətin bir tikəsi, bir kartof özü çoxdur. Asudə vaxtımda, boş vaxtımda özümə iş tapıram. Oturub dincəlirəm, musiqiyə qulaq asıram. Bir də görürəm ki, TV-də klip verirlər, xod verib özüm üçün oynayıram, rəqs edirəm. Hərdən öz-özümə deyirəm ki, qonşular deyəcəklər, bu lap dəli olub(Gülür). Allah rəhmət eləsin Elçin Həmidova, biz onunla həyatda dost, səhnədə də tərəfmüqabili olmuşuq. Bilirsiniz də, o, tək idi. Bizə danışırdı ki, evdə şaqqanaq çəkib gülürəm. Sonra deyirəm ki, qonşular deyəcəklər, vaxsey, bu dəli olub, yoxsa başına hava gəlib. Hər dəfə Elçinin o sözlərini yada salıram. Elçin dost kimi çox maraqlı insan idi. Mən çox dostlar itirdim, heyiflər olsun.

- Deyirlər, insan dara, çətinə düşəndə dostlarını tanıyır. Sizin “dar günümün dostu” dediyiniz bir insan varmı?

- Var idi qabaq. Elçin idi. Bir çox sənət dostlarım var idi. İndi ancaq mənim dostum qızımdır. Qızımla hər şey barədə danışıram. Qabaq biz uşaqları geyindirirdik, yönəldirdik, istiqamətləndirirdik. İndi onlar bizi yönəldirlər. Bir çıxışımda, müsahibəmdə, bir yazımda, televiziya çıxışımda qızım mənə irad tutur, deyir niyə belə geyindin, niyə elə dedin, niyə elə danışdın… Hardasa uşaqlarımızın sözünə qulaq asmalıyıq. Zəmanə dəyişir. Uşaqlar bizdən yaxşı tanıyırlar uşaqları. Hərdən mən qulaq asmıram. Öz bildiyimi edirəm. Az sonra görürəm ki, a, qızımın dediyinə gəlib çıxmışam. Deyirəm, qızım, sən düz deyirmişsən. O da deyir, ana gördün, mən deyəndə sən mənə inanmırdın. Bax, həmişə belə olur.

- Ümumiyyətlə, çətin günlərinizdə kimi yanınızda görmək istərdiniz?

- Çətin günlərimdə öz qızımı, öz balamı, öz nəvəmi, öz kürəkənimi. O qədər mehriban insandırlar ki, məni o qədər çox istəyirlər ki... Çox qayğıkeşdirlər. Hər ikisi də çox ailəcanlı, anacanlı, valideyncanlıdır - kürəkənim də, qızım da. Qızım hər gün zəng vurur. Deyir ki, ana salamatçılıqdır, hardasan evdəsən yox bayırda, gələndə xəbər elə. Elə bu söz mənim üçün bəsdir. Hə, yaxşı – deyirəm. Necə ki, indi yanımdadırlar, həmişə də yanımda olsunlar. Onlar yanımda olanda özümü arxalı hiss edirəm.

- Maraqlıdır, özünüzlə tək qalanda özünüzə hansı sualları verirsiniz?

- Gün ərzində olan hadisələri, söhbətləri, sözləri oturub evdə analiz edirəm. Bu söz deyildi mənə, cavab verdim, düz etdimmi, cavab vermədim düz etməddimi?! Evdə onu həmişə analiz edirəm. Hər bir hadisəyə qiymət verirəm. Çalışıram, hər halda düzgün çıxış yolu tapım.

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

Hürriyyət.- 2022.- 10 may.- S.12.