BİR VİDA BORCUMUZ VARDI

 

Xalq artisti Zülfüqar Abbasovun əziz xatirəsinə

 

İnsan əzəməti hər an onun varlığının bir hissəsi olaraq düşüncələrinin qisməti  qədər doğmalaşa bilir. Bu doğmalıq onun  var  olduğu  zamanında  o qədər hiss olunmur. Çünki  hər  vaxt  bir zaman kəsiyində onu görə bilmək istəyi bu  hissi  üstələmiş  olur.

Bir  aprel tarixinədək tanınmış rejissor, Azərbaycan  Respublikasının Xalq artisti Zülfüqar Abbasovla görüşmək hissi qədər  doğma əziz bir duyğunun şirinliyi tək.

Doğrusu, bir aprel tarixində səhərin alaqanlığının yenicə köksünü yardığı zamanında həyat yoldaşı Mədinə xanımdan ilk olaraq  aldığım  acı  xəbərə bir az da inanmamaq istəsəm , sonradan bu xəbərin həqiqət olduğunu anlaya bildim. Məhz bir aprel tarixində görkəmli  rejissor, Mingəçevir  Dövlət  Dram  Teatrında bir çoxlarının əlindən  tutub  müqəddəs  səhnənin  onlar  üçün  sözün  əsl  mənasında  böyük sənət məbədi olaraq sevdirən bir  müəllimi  hesab  edilən,  Xalq  artisti Zülfüqar Abbasov ömrünün 82-ci ilində bu fani dünya ilə əbədi olaraq vidalaşdı. Vidalaşdı demək qədər çətin bir kəlmənin  ifadə edilməsi mənim dilimdə hər an çox ağır olub. Elə bu gün ağırdır. Zülfüqar Abbasov kimi bir şəxsiyyətin vida sözünü demək  çətindən çətin  idi. Ancaq bir  vida  borcumuz  vardı. Zülfüqar  Abbasova  olan  vida  borcu.

Zülfüqar  Qulu  oğlu Abbasov 3 may 1940-cı ildə Gürcüstan Respublikasının  Borçalı  mahalının  Yuxarı  Saral kəndində anadan olub. O, əsilli-köklü  Qərbi Azərbaycanın Vedi Dərələyəz mahalından olmaqla, ata babası olan dinməz Abbas XX əsrin əvvəllərində Dərələyəzdə gedən erməni gavurlarına qarşı mübarizə aparıb o mahallarda mənfur erməni qiyamçılarının intiqamçısı olub. Elə bu səbəbdən el arasında “dinməz Abbas” olaraq tanınıb. Erməni gavurları dinməz Abbası dəfələrlə öldürmək istəsələr , bu arzularını reallaşdıra bilməyiblər. O, ermənilərin bu planını bildiyindən öz övladlarını da götürərək Borçalı mahalına köçüb. Elə bu səbəbdən Zülfüqar Abbasov orta  məktəbi Borçalıda  bitirib.  Zülfüqar Abbasov 1962-ci ildə A. S. Puşkin adına Tibilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsini daha  sonra  isə  1966-cı  ildə Bakı Teatr İnstitutunu bitirib. Teatr institutunda təhsil aldığı zaman böyük sənət müəllimləri olan Mehdi Məmmədov, Rza Sarabski, Muxlis Qənizadə Məlik Dadaşovdan sənətin sirlərini dərindən öyrənə bilib. Zülfüqar Abbasov  rejissor  olaraq  əmək  fəaliyyətinə İrəvan  Dövlət Azərbaycan Dram Teatrından başlayıb. Sonradan bu fəaliyyət Mingəçevir Dövlət Dram Teatrında  bir  müddətdən sonra isə Qazax Dövlət Dram Teatrında baş rejissor, direktor bədii rəhbər olaraq davam etdirilib.

Qeyd etmək lazımdır ki, o,  təhsil aldığı illərində Tbilisidə İrəvan Dövlət Azərbaycan Dram Teatrında İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində mütəmadi olaraq iştirak edərək, 1967-68-ci illərdə İrəvan Dövlət Azərbaycan Teatrında fəaliyyət göstərərək burada C. Cabbarlının “Solğun çiçəklər” pyesində Bəhram obrazında çıxış edərək bu teatrın səhnəsində N. B. Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini uğurla səhnəyə qoyub. 1968-ci ildən fasilələrlə Mingəçevir Dövlət Dram Teatrının rejissoru, 1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən isə baş rejissoru olaraq fəaliyyət göstərib. O, bu teatrın səhnəsində “Hacı Qara” (M. F. Axundzadə), “Eşq intiqam” (S. S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N. Qoqol), “Əliqulu evlənir” (S. Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M. Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ. Əfəndiyev), “Şeytan nəsli” (H. Muxtarov), “Dar ağacı” (B. Vahabzadə), “Ölülər” (C. Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C. Cabbarlı), “Vaqif” (S. Vurğun), “Ayrılmaq anı” (M. Baycıyev) s. əsərlərini uğurla səhnəyə qoyaraq, professional  Azərbaycan teatrının səhnəsində maraqlı rejissor traktofkası ilə bu gün yaddaşlarda yaşayır. Zülfüqar Abbasovun 1982-ci ildə Akademik Zərifə xanım Əliyevanın elmi-tibbi monoqrafiyasına həsr etdiyi “Anda xəyanət” tamaşası uğurlu  rejissor traktofkası olaraq yaddaşlarda maraqlı orjinal bir səhnə təqdimatı olaraq xatırlanır.

Onun Mingəçevir Dövlət Dram Teatrında yetirdiyi aktyorları hesab edilən Ella Yaqubova, Neftun Tağıyev, Vaqif Məmmədov, Mirbaba Xalilov, Akif  Mirabov, Afət  Əliyeva, Vaqif  Kərimov, Asim Məmmədov, Şıxı Yaqubov, Əməkdar rəssam Rəfael İmamverdiyev, rəssam Yusif İmamverdiyev həmçinin Qazax Dövlət Dram Teatrından olan Saqif İskəndərov, Hacı Hacıyev, İlqar Hacıəliyev başqaları hər zaman sənət müəllimləri olan Zülfüqar Abbasovun bir rejissor olaraq səhnə məziyyətlərindən bəhrələnərək onun sənət məktəbində yetişiblər. Bu haqda söhbət düşərkən Zülfüqar Abbasov öz xatirələrində yazırdı: “Hara tərpənsən tamaşanın mərkəzi divarı, sütunu qeyd etmək lazımdır ki,  aktyordur. Bu əlahəzrət aktyorun da yüksək biliyə sahib olması öz rolunun mahir ifaçısı olaraq təqdim olunması üçün onu yalnız milli ruha malik rejissor yetişdirə bilər”.

Hətta onun yetirmələri haqqında söhbət düşərkən sənətkarın ən yaxın dostlarından biri hesab edilən  Hacı Nərimanoğlu maraqlı bir fikir söylərək deyir: “ qədər aktyor tanıyıram ki, teatra gələndə dili söz tutmurdu, səhnədə ayaqları bir-birinə dolaşırdı. Zülfüqar müəllim səbr, təmkinlə onları elə öyrədirdi, sənəti elə sevdirirdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli olurduq. Bəzən pyes müəlliflərinin mətninə o qədər məharətlə, əlavələr edirdi, yerinə otuzdururdu ki, ustalığa heyrətlənməmək olmurdu. Onun yetirmələrini saymaqla bitirmək çətindir, olsun ki, hamısı paytaxta gəlib çıxa bilmir, layiq olduğu dəyəri ala bilmir ali, şərəfli aktyor sənətinin ağır yükünü çiyinlərində daşıyırlar”.

Bu gün xatırlayıram ki, məhz Zülfüqar Abbasovun quruluşunda İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulan uğurlu səhnə əsərlərindən biri hesab edilirdi çox böyük sensassiyaya səbəb olmuşdur. Bu tamaşadakı Böyük bəy rolunu Milli Akademik Dram Teatrından dəvət olunan, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı ifa edirdi. Hətta tamaşadan sonra “Mingəçevir işıqları” qəzetinə müsahibə verən İsmayıl Dağıstanlı tamaşa haqqında bu sözləri deyib: “Bu tamaşa mənimçün böyük kəşf oldu. Çox istərdim ki, mənə Dövlət mükafatı Bakıda, Milli Akademik Dram Teatrda oynadığım Böyük bəy obrazına görə yox, məhz bu teatrda oynadığım obraza  görə  veriləydi. Bir ki, tamaşanın rejissoru Zülfüqar Abbasov icazə versə idi  Böyük  bəyin evi-mülkü ilə vidalaşdığı son səhnədəki mizan-etüdü eyni quruluş kimi mən Bakıda oynadığım tamaşada da istifadə edərdim”.

Görkəmli rejissor olan Zülfüqar Abbasov Xalq şairi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” povestini Cəfər Cabbarlının “Sitarə” librettosunu da səhnələşdirib bu tamaşalara da maraqlı quruluşlar verib. Onun quruluşunda Qoqolun “Evlənmə” əsəri böyük uğurla qarşılanıb hətta Moskvadan bu tamaşaya baxmağa gələn rejissor Yuri Smirnov belə deyib: “Mənə bu pyesi hazırlamağı  təklif  etmişdilər. Amma mən cürət etmədim. İndi gördüm ki, Zülfüqar Abbasov bu pyesdəki Padkolyosnını Rusiyanın simvoluna çevirməklə əsərə dəqiq açar tapıb. Əgər Zülfüqar Qulu oğlu icazə versə mən gedib bu tamaşanı belə hazırlayacam”.

 

Ardı var

 

Anar  Burcəliyev

Teatrşünas-tənqidçi  

 

Hürriyyət.- 2022.- 10 may.- S.14.