Vətən sevgisinin

şəhidlik səadəti...

 

Vətən millət yolunda canından  keçənlərin ömür yolu qədər qısa olsa da, onlar səmada parlaq günəşə çevrilməklə  əbədi bir ömür  qazanıblar. Odur ki, indi harada bir saflıq, sədaqət, qeyrət, əzəmət, halal sevgi  hiss olunur  şəhidlərin sorağı oradan gəlir.   Azərbaycan  var olduqca, qərinələr keçdikcə şəhid adını daşıyan hər bir igidin saçdığı  işiq daha gur yanacaq.

Bu gün müqəddəs  ruhu  Vətənin göylərində, ən uca  zirvələrdə dolaşan, adı dillərdə dastana dönən belə mərd igidlərdən  biri İbrahim Rasif oğlu  Ruhkabzadədir.  Masallı rayonunun  Boradigah qəsəbəsində  anadan olan  İbrahimin  ömür yolu cəmi  20 il oldu.  Qaldı ki, Vətəninə sonsuz məhəbbəti  ona əbədi bir həyat qazandırdı. Vətəndaşı olduğu dövlət öz igid oğlunun ağır müharibə meydanında göstərdiyi şücaətini   Cəsur  döyüşçü”, “ Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda medallarla dəyərləndirdi.

Bəli, Tanrının bəxş etdiyi ömrü Vətən yolunda qurban verməyi özünə şərəf bilən İbrahim Ruhkabzadə   2019-cu ildə yağı düşməndən qisas almaq amalı ilə ordu sıralarına yola düşür.  Azərbaycanın müqəddəs bir parçası olan Qarabağın azadlığı üçün hər an canından keçməyə hazır olan  Masallının igid oğlu İbrahimin  əsgərlik həyatı cəbhə bölgəsində  başlayır.   Xidmət  zamanı fəallığı, nizam-intizamı onu başqa əsgərlərdən fərqləndirir. Komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirir, təlimlərdə həmişə uğur qazanır. İbrahimin cəsurluğunu, çevikliyini  görüb onu   Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil edirlər. Cəbhə xəttində  aldığı tapşırıqlar zamanı  bir neçə dəfə  yağı düşmənlə üz-üzə gəlir, onlara yaxşı dərs verir. əsgər yoldaşlarına  dediyi belə olur: “ Canına yağı dadanmış yurd yerlərimiz öz qeyrətli oğullarda  kömək istəyir. Biz düşmənin ilan başını əzməyə hər hazır durmalıyıq.”

Bəli, sentyabrın 27-  Vətən müharibəsində İbrahimin döyüş yolu  Qarabağın qaynar bölgələrindən keçir. Dəfələrlə ağır savaşlardan üzüağ çıxır. İbrahim  Cəbrayıl şəhərinə ilk ayaq basanlardan olur. Üz-üzə gəldiyi erməni dığalarını  məhv etdikdən  sonra  yoldaşlarını da ardınca aparır. Döyüşdən-döyüşə bərkiyən  igid əsgər  Kəlbəcər,  Füzuli rayonlarında çoxlu sayda düşmən yaraqlısını məhv edir. 18 oktyabr Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan  gülləyə tuş gələn İbrahimin son sözü Vətənolur. ..

İndi İbrahimin adı xalqın dilində  qəhrəmanlıq simvolu kimi səslənir. Əsl qəhrəman ömrü yaşayan  Masallının igid oğlu  öz şərəfli ölümü ilə bir daha sübut etdi ki, Vətən sevgisi hər şeydən ucadır.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 26 sentyabr.- S.14.