LEYLA BƏDİRBƏYLİ HAQQINDA

ƏLAVƏ BİLGİ VƏ HƏQİQƏTLƏR

 

Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Şəmkirin Morul kəndində anadan olub. Bəzi mənbələr isə onun Bakıda dünyaya gəldiyini göstərir. Bu, həqiqətə uyğun deyil. Beləki, anası Bikə xanım Şəmkirdən Musaxan bəyin qızı, atası Ağalar Şəmkirdə kənd bəylərindən biri idi. Leyla xanımgilin əsli-nəcabəti hər iki tərəfdən mal-mülklü, geniş imkanlı olublar. Onların böyük torpaqlardan ibarət ərəziləri vardı. Bu nəsil 1918-ci il hadisələri zamanı Gəncəyə gəmişdi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanda onların da torpaqları, varı-sərvəti və malikanələri əllərindən alınmışdı. Nəsil nümayəndələri bundan sonra müxtəlif yerlərə səpələnmiş və Bakıya köç etmişdilər.

Ağalar Bədirbəylinin Morul kəndindəki geniş həyətli, ikimərtəbəli, pəncərələri küçəyə açılan evi hazırda da mövcuddur. Orada Bədirbəyli nəslinin nüməyəndəsi olan ailə yaşayır. Leyla xanım öz doğma, ata-baba yurduna, bu evə, həyətə həmişə can atar, gələndə çox sevinər və rahatlıq tapardı. 

Yazılı mənbələr Leylanın uşaqlığının İçərişəhərdə keçdiyini göstərir. Atası orada mülk almışdı. Leyla 1927-ci ildə Bakıdakı 132 saylı ümumtəhsil məktəbin birinci sinfinə daxil olub. Anası Bikə xanım Əli Bayramov klubuna üzv idi. Məşqlərə gedəndə Leylanı da aparırdı. İncəsənətə, rəqsə həvəs Leylada elə həmin vaxtdan yaranmışdı. Leyla klubun rəqs dərnəyində oynayarkən, hərəkətləri, rəqsin ilk qaydalarını burada öyrənmişdi. 16 yaşı tamam olmamış Leylanı rəqs ansamblına qəbul etmişdilər. Həmin rəqs ansambl Üzeyir Hacıbəylinin tapşırığı ilə Əşərəf Səfərov və İlya Arbatov tərəfindən yaradılmışdı və  Xalq Maarif Evinin nəzdində fəaliyyət göstərirdi. 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası yaradılarkən rəqs ansamblı ora keçirilmişdir.  Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə yaradılıb. Leyla xanım bu ansamblda 1936-ci ildən 1942-ci ilə qədər bacarıqla xidmət etmiş, solo ifaları və bənzərsiz, nadir gözəlliyi ilə hamını heyran qoymuşdu. Onun Əlibaba Abdullayevlə duet rəqsləri və tək solo ifaları  hələ uzun illər xatırlanırdı.

Leyla xanımın xatirələrindən: “Məktəbli qız ikən, altıncı sinifdən məni rəqsə cəlb etdilər, çünki mən məktəbdə rəqsləri çox gözəl oynayırdım, uşaqkən rəqs sirlərini öyrənməyə həvəsim nəhayətsiz idi. Bir gün məktəbimizə gələn Əşrəf Səfərov Azərbaycan rəqs qrupuna qızlar axtarırdı və məni seçdi. Mən də Əlibaba ilə bir neçə gözəl milli rəqsləri ifa etdim...”

Leyla xanım böyük istedadı, plastikası, cəzbedici gözəlliyi, səhnə füsunkarlığı, üz cizgiləri, təbəssümü ilə tam olaraq sənət üçün yaranmışdı. 1938-ci ildə Moskva dekadasında onu rəqqasə kimi görmüş və ifasını çox bəyənmişdilər. Əbəs deyil ki, Ə.Abdullayev məxsusi olaraq onunçünBirdənəsənrəqsini qurmuşdu. “Toyrəqs quruluşunda da Leyla Bədirbəylinin solosu maraq oyadır və dəyər daşıyırdı. Leyla xanım bu rəqslərdə də bütün çizgiləri, incəlikləri və süjet xəttinə uyğun olaraq, Moskva tamaşaçıları qarşısında təqdim edərkən ən sevimli səhnə adamına çevrilmişdi. Onun fikirlərindən: “Özümüzün və xalqın çox sevimlisi olanBirdənəsən” çox orijinal və gözəl rəqs idi. Keçmiş Sovet İttifaqının bütün respublikalarında mən bu rəqsin də unudulmaz anlarını yaşamışam

Moskava dekadasında Kremlin Georgi zalında konsertlərin birində SSRİ-nin dövlət başçısı İ.V.Stalin də iştirak edir. Oynanılan rəqslər, xüsusilə “Bəri baxxalq mahnısı üzərində qurulan rəqsdən Stalinin çox xoşu gəlir. Çıxış edən bütün heyətlə görüşüb, söhbətləşir və təbrik edir. Leylanın gözəlliyi, incə rəqsi onun nəzərindən qaçmamışdı. Odur ki, Azərbaycan incəsənət xadimlərinin üstündə rəhbər kimi göndərilən, yanında əyləşmiş Üzeyir Hacıbəylidən Leyla xanım barədə soruşur və yanına çağırır. O, Leylanın əlini sıxaraq deyir: “Sən Şərq gözəlisən”. Bu fikir SSRİ məkannda yayılır. Leyla xanımı kimsə “Qafqaz gözəli”, kimsə “Azərbaycan gözəli" adlandırırdı.     

L.Bədirbəyli Ə.AbdullayevləNazeləmə” də oynayıb. Bundan başqa o, Əlibaba Abdullayevlə bir neçə duet-rəqsdə oxuyaraq oynayıb. Sonralar o, danışardı: “Mənim səsim elə də gözəl, səhnə üçün münasib deyildi. Lakin Əlibaba ilə oxuduğumuz üçün nəsə alınırdı, onun məlahətli səsinin fonunda mənim səsimin oxuma sənəti üçün münasib olmaması hiss olunmurdu”.  

Filarmoniyada çalışarkən Leyla xanım özünə mehriban rəfiqələr də qazanmışdı. Ən isti, mehriban münasibət rəqqasə Əminə Dilbazi və Sara Qədimova ilə idi.

Bəzi mənbələrdə Leyla xanım Cavanşirova soyadı ilə göstərilir. Bu onunla bağlıdır ki, o, 1937-ci ildə iş yoldaşı, Mahnı və Rəqs Ansamblının rəqqası Fərəc Cavanşirovla ailə qurmuşdu. Ailədə bir oğul dünyaya gəlmiş, ona Cavanşir adı verilmişdi. Onu Elxan adı ilə də çağırırdılar. Bu evlilik cəmi dörd il çəkmiş və onlar ayrılmışdılar. Leyla xanım öz anası və oğlu ilə birlikdə yaşayırdı. Ayrılmaya səbəb çox güman ki, qısqanclıq olub. Leyla Bədirbəyliyə Səməd Vurğun, Məmməd Rahim və Əliağa Vahid şeirlər həsr etmişdi. Bu mötəbər, mədəni, səmimi gözəlin haqqında haqsız olaraq şayiələr yayır, adını müxtəlif şəxslərin, hətta bir neçə dövlət başçısının adıyla hallandırırdılar. Çox əfsus ki, cəmiyyətimizdə belə hallar bütün dövrlərdə olub.

Leyla xanım 1942-ci ildə diş həkimi Kamil Aslanovla ailə qurub. Kamil ürəkdən sevərək onunla evlənmişdi. Onların tanışlığı filarmoniyada yaranmışdı. Kamil incəsənətə bağlı biri idi və rəqsi çox sevirdi. Kamil Leylanın bütün nazını, zəhmətini çəkə bilən, onu həyatın bütün təzyiqlərindən və çətinliklərindən qorumağa qadir olan bir ər idi. Bu ailədə 1947-ci ildə Lalə, 1964-cü ildə Bikə dünyaya gəlib.

1941-ci ildən L.Bədirbəylini Azərbaycan Dövlət Akademik Dram Teatrına da cəlb etmişdilər. Həmin il o, filarmoniyada hələ rəqs fəaliyyətində də idi. Bu zaman onun 21 yaşı vardı. O, sonrakı səhnə fəaliyyətini teatrda və kinoda davam etdirmişdir. 

Bu istedadlı xanım teatr səhnəsində ilk dəfə Rəsul RzanınVəfapyesində çıxış etmişdir. Sonralar Adil İskəndərov teatr tamaşalarında baş rollarda oynamaq üçün Leylanı təyin edirdi. Zamanla bu vəziyyətdən narazı qalan SSRİ xalq artisti, teatrda daim baş rollarda çıxış edən Hökumə Qurbanova ilə Leyla Bədirbəyli arasında qısqanclıq nəticəsində narazılıq da yaranmışdı. Bu işləri təbii də qarşılamaq olar. Beləki, sənət qısqanclığı tək bizdə deyil ki, dünyanın hər yerində bu var. H.Qurbanova həmin teatrın daim aparıcı qüvvəsi olmuşdur. Öz fikrimizi bildiririk, bu məsələdə gözəllik, istedad qısqanclığı da ola bilərdi. Hökumə Qurbanova da, Leyla Bədirbəyli də böyük istedad sahibi olaraq simaca çox gözəl idilər. Bu barədə bütün əsas rollara, əsərlərin baş qəhrəmanlarının obrazlarını yaratmağa qadir idilər.  

Onu da qeyd etmək lazımdır ki, teatrda bərkiməsi, püxtələşməsi, burada qalıb çalışması, bütün çətin rollarda çıxış etməsi, uğurlara nail olması üçün Adil İskəndərov Leyla xanıma əsl müəllimlik edərək onu hazırlamışdı. Bəli, L.Bədirbəyli burada əsl teatr məktəbi keçmişdi.    

L.Bədirbəyli 1975-ci ilə qədər Akademik Azərbaycan Dövlət Dram Teatrında bir-birindən gözəl və çox uğurlu rollar oynamışdı. Buradan getməsinə səbəb yalnız Hökumə xanımla arasında yarandığı gərginlik deyildi, həm də Leyla xanımla teatrın gənc aktyoru ilə adının hallanması idi.

Gözəlin başı həmişə qeylü-qalda olar-deyiblər. Gözələ vurulanlar, onu  sevənlər təbii ki, çox olur. Bu məsələdə gözlər, baxışlar, ürək və hisslər əsas şərtlərdəndir. Lakin hər görənə, vurulana, sevənə könül verməzlər ki... Gözələ əli çatmayan, ünü yetməyənlər onun haqqında dedi-qodu yaradar və cürbəcür xoşagəlməz şayiələr yayarlar. Odur ki, Azərbaycan teatr və kino sənətinin ən nadir nümayəndəsi, səhnəmizin əfsanəsi, gözəllik ilahəsi Leyla Bədirbəylinin də bədxahları tapılırdı.  

Məqsədə qayldıb onun çıxış etdiyi və daim tamaşaçıların sevgisini, alqışlarını qazandığı bir sıra tamaşaların adlarını qeyd etməklə kifayətlənirik:

Cəfər Cabbarlı “Od gəlini”-Solmaz, Vilyam ŞekspirOtello”-Dezdemona, Lev TolstoyCanlı meyit”-Liza, İslam SəfərliGöz həkimi”-Nərminə, İlyas ƏfəndiyevMahnı dağlarda qaldı”-Fəxrəndə.

Leyla xanım 1937-ci ildə Qəmər Salamzadənin çəkdiyiDəcəl dəstəfilmində Anna Pavlovna rolunda oynayıb. Bu, film onun ilk debütü idi. Filarmoniyada çalışdığı illərdə o, “AynaBakının işıqları”” filmlərində rollara çəkilib. 1941-ci ildəSəbuhifilmində Tubu obrazını yaradıb. Filmin rejissoru Rza Təhmasib Leyla Bədirbəylinin işindən çox razı qalmşdı.

L.Bədirbəyli 1945-ci ildə çəkilənArşın mal alanmusiqili-bədii filmdə Gülçöhrə roluna dəvət almış bu obraz ilə çox məşhurlaşmışdır. Bu rolda çəkilmək üçün məhz o, Ü.Hacıbəylinin tövsiyəsi məsləhətilə dəvət olunmuşdu. Qırx səkkiz nəfər xanım sınaq çəkilişlərinə dəvət olunsalar da onların oyunu, fotogenik sifəti qənaətbəxş sayılmamışdı. Qırx doqquzuncu xanım Leyla sınaq üçün deyil, birbaşa çəkilişlərə çağrılmışdı. Düzdür, əvvəl onun üçün bu çətin olsa da, az sonra o, bu rola alışmış, layiqincə yaratmışdı. Bu işdə Üzeyir Hacıbəylinin fikirləri məsləhətləri əhəmiyyət daşımışdı. Dahi bəstəkar ona demişdi: “Bu obrazda sən özünü, öz səmimiyyətini tapmalısan. Bununçün öz üzərində çalışmalı, özünü bu rolda hiss etməli, özünü Gülçöhrə bilməlisən. Sən mənim Gülçöhrəmi sevməlisən”.

Filmin çəkilişlərinə Böyük Vətən Müharibəsi zamanı, 1943-cü ildə başlanmışdı. Rejissor Rza Təhmasib idi. Çəkilişlər Şüvəlanda aparılırdı.

Leyla xanım Üzeyir Hacıbəylinin ürəyini duyur, qayğısını, dahliyini daim hiss edir onu incəsənətin Günəşi sayırdı.

Sonrakı dövrlərdə bu məşhur filmin populyarlığı davam etmiş dünyanın əksər ölkələrinə səyahətə çıxmışdır. Sovet dövlətinin başçısı Stalin həmin filmə yüksək dəyər verirdi.

 

Ardı var

 

ƏHSƏN RƏHMANLI,

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ

ÜZRƏ FƏLSƏFƏ DOKTORU

 

Hürriyyət.- 2025.- 29 aprel, ¹15.- S.13.