LEYLA BƏDİRBƏYLİ HAQQINDA
ƏLAVƏ BİLGİ VƏ HƏQİQƏTLƏR
Leyla
Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də
Şəmkirin Morul kəndində anadan olub. Bəzi mənbələr
isə onun Bakıda dünyaya gəldiyini göstərir. Bu, həqiqətə
uyğun deyil. Beləki, anası Bikə xanım Şəmkirdən
Musaxan bəyin qızı, atası Ağalar Şəmkirdə
kənd bəylərindən biri idi. Leyla xanımgilin əsli-nəcabəti
hər iki tərəfdən mal-mülklü, geniş
imkanlı olublar. Onların böyük torpaqlardan ibarət ərəziləri
vardı. Bu nəsil 1918-ci il hadisələri zamanı Gəncəyə
gəmişdi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti
qurulanda onların da torpaqları, varı-sərvəti və
malikanələri əllərindən alınmışdı.
Nəsil nümayəndələri bundan sonra müxtəlif
yerlərə səpələnmiş və Bakıya
köç etmişdilər.
Əvvəli
ötən sayımızda
1946-cı
ildə “Arşın mal alan” filminin yaradıcı heyətinə,
bu sırada Leyla Bədirbəyliyə Stalin mükafatı təqdim
olunub.
Həmin
filmə indi də bizdə və başqa ölkələrdə
maraqla baxılır. Buna səbəb təbii ki, buradakı
hadisələr, zəngin musiqi, bir-birindən gözəl
ariyalar, rəqslərin quruluşu, personaları yaradanlar və
bu sırada L.Bədirbəylinin Gülçöhrəsidir.
Filmdə rəqslərə Əlibaba Abdullayev quruluş
vermişdir.
“Arşın
mal alan” musiqili filmi dünyaya yayıldıqdan sonra bir sıra
ölkələrdən Leyla Bədirbəyliyə məktublar
gəlirdi. Bolqarıstandan bir qadın yazırdı: “Mən
beş oğulun bir bacısına sizin
oynadığınız Gülçöhrənin
adını verdim. Bolqarıstanın Gülçöhrəsi
sizin kimi şöhrət qazansa özümü xoşbəxt
sayaram”.
Aktrisa 50-ə
yaxın bədii, qısametrajlı və televiziya filmlərinə
çəkilib. O, “Görüş”, “Onun böyük ürəyi”,
“Koroğlu”, “Fətəli xan”, “Səbuhi”, “Aygün”, “Kölgələr
sürünür”, “Dəli Kür”, “Dərviş Parisi
partladır”, “Mən ki, gözəl deyildim”, “Asif, Vasif,
Aqasif”, “Qəzəlxan”, “Çarvadarların izi ilə”,
"Qanlı zəmi”, “Mən mahnı qoşuram”, “Kişi
sözü” və s. bədii
filmlərdə çox gözəl və nümunəvi
obrazlar yaradıb.
Gözəllik
də istedad kimi Allah vergisidir. Gözəllik Allah əmanəti
olan insan ruhunun sifətdə, simada, hüsndə bioloji təzahürüdür.
Hürufilər deyirdilər ki, insan həqqdən qopmuş nur
parçasıdır. O adama gözəl deyilir ki,
üzündə-zahirində və daxilində-mənəviyyatında
Allahın nuru təcəssüm olunub. Buna süni atributlar əlavə
etmək olmaz, gözəllik təbii olmalıdır. Allah nuru
ən təmiz, ən şəffaf və ən cazibədar
işıqdır. O heç bir yenilik, əlavə bəzək
qəbul etməz. Gözəli səhər yuxudan duranda bəyənərlər.
Əsl gözəl yatanda da, duranda da Günəşə bənzər.
O, Ay kimi batıb, gün kimi çıxmalıdır (155,
s.20).
Xalq
yazıçısı Anar yazır: “Gözəl qadın
milli sərvətdir”. Bu fikir Leyla xanıma necə də
uyğun gəlir. Sənətin-həm poeziyanın, həm də
incəsənətin cövhərində gözəllik
dayanır. Sənətin bilavasitə daxilində olan, icra edən,
tənənnümçüsünə çevrilən, zahirən
və daxilən gözəl olan insan görün həmin sənəti
necə gözəlləşdirərək göyə
qaldırır, insanları ram edir, Leyla Bədirbəyli kimi...
Gözəlliyi
göz təyin edir, duyğu, hiss ona sahib çıxır.
Gözəllik xəyalda, təxəyyüldə sənətə
çevrilir. Oskon Uayld yazırdı: “Cahanda da, sənətdə
də gözəlliyin gücü səmimiyyətindədir”.
Leyla xanım nur parçası, qadınlıq simvolu olaraq həyatda
da, sənətdə də səmimi idi. Çox vaxt gözəl
qadınlar təkəbbürlü olurlar. Şairlər buna
naz deyir və vəsf edirlər. Deyirlər ki, nazsız
gözəl duzsuz xörək kimidir. Biz Leyla xanımı
yalnız oynadığı filmlərdən,
çıxış etdiyi televiziyadakı teatr tamaşalarından
və verilişlərdəki aparıcılığından
görüb tanımışıq. Onun zamənəsinin
adamları, yaxından tanıyan, əlaqədə olanlar
danışırdılar ki, Leyla xanım təkəbbürdən,
naz-qəmzədən, özündən razı olmaqdan, kiməsə
yuxarıdan aşağıya baxmaqdan, kiminsə xətrinə
dəyməkdən tam uzaq bir qadın idi. O, əsl
xanımlıq üçün yaranmışdı.
Leyla
xanım incəsənət aləminin, səhnəmizin zinəti
idi. Ona 1949-cu ildə Azərbaycan SSR əməkdar, 1959-cu ildə
xalq artisti fəxri adı, 1946-cı ildə SSRİ Dövlət,
1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı
laureatı adı verilmişdir.
L.Bədirbəylinin
gözəl diksiyası, aydın danışığı və
natiqlik qabiliyyəti var idi. O, natiqliyi hələ
uşaqlıqda anası Bikə xanımdan öyrənmişdi.
Yaşa dolarkən Leyla xanım AzTV-də bir-birindən
maraqlı verilişləri idarə edirdi.
1990-cı
illərin əvvəllərində yubileyi keçirilərkən
onun səhnədəki rəqsi böyük marağa səbəb
olmuşdu. Səhnəyə ilk qədəm qoyduğu rəqsin,
bu sənətin sirləri hafizəsində, incəlikləri,
təravəti hələ də onun canında, sevgisi ürəyində
qorunub qalmışdı axı...
Leyla
xanım maraqlı, rəngarəng və məhsuldar
ömür yaramışdı. O, öz ömrünü
nağıla bənzədirdi. Nağıllar şirin olur və
xoş sonluqla bitir. Fəqət onun ömrünün
sonları şirinliklə bitdimi? O, Kamil Aslanovla birlikdə 55
il xoşbəxt ömür sürmüşdü. Daim
bir-birinə bağlı olaraq yaşamışdılar. Onlar
bir-birilərinin möhkəm və sarsılmaz
arxa-dayağı idilər.
Həyat
yoldaşı bir gün ona deyir:
-Sənə
təzə avtomobil alacağam.
-Avtomobilim
yoxdur bəyəm, mənə bu da bəsdir.
-Köhnəlib,
sənə layiq deyil, sənə yaraşmır, yenisini almaq
lazımdır.
Beləliklə,
Kamil təyyarəyə bilet alaraq Almaniya ölkəsinə
gedir, oradakı dostu vasitəsilə arzusunu yerinə yetirir.
Aldığı avtomobilə dostu ilə əyləşib
geri qayıdır. Ukrayna ərazisindən keçib gələrkən
yağışlı havada avtomobil yoldan sürüşüb
çıxır və hər ikisi həlak olur. Kamilin cənazəsi
Bakıya gətirilir. 1995-ci ildə baş verən bu hadisədən
Leyla xanım sarsılır və stress keçirir. Yarası
sağalmayan Leyla xanım bir il keçməmiş daha bir faciə
ilə qarşılaşır. Qızı Laləni Bakıda
Kukla Teatrının qarşısında avtomobil vurur və o,
48 yaşında həlak olur. Hadisə zamanı anası ilə
birlikdə olan qızı Cəmilənin ayaqları
sınır. Övlad itkisinə, nəvənin zədələnməsinə
dözə bilməyən Leyla xanım daha ağır
sarsıntı keçirir, psixoloji gərginlik içində
olur, özünə qapanır, tərkidünyalıq
yaşayır, evdən bayıra çıxmır, heç
yerə getmir və heç kəslə görüşüb
əlaqə qurmur. Bu hal illərlə davam edir. Yalnız
1998-ci ildə evdən çıxır. Dövlət
başçısı Heydər Əliyev L.Bədirbəyliyə
“İstiqlal ordeni” təqdim edir. Hamin zaman o, bu ordenlə təltif
olunan ilk qadın idi.
Səhnəmizin
gözəli Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də
79 yaşında dünyadan köçüb və fəxri
xiyabanda dəfn olunub.
Leyla
xanımın həyatı ilə bağlı bəzi məqamları
da qeyd edək. Onun atası Ağalar uzun illər hərbidə
çalışmış və polkovnik rütbəsinə
qədər yüksəlmişdi. Böyük Vətən
müharibəsinin qızğın çağında,
1943-cü ildə Bakıya, ailəsinə onun itkin
düşməsi barədə sənəd göndərilmişdi.
Bikə xanım ona yas saxlayır, 40 mərasimini də qeyd
edir. Beləcə hamı onu amansız müharibənin
qurbanlarından biri sayır. Dörd il sonra Ağalar
sağ-salamat evə dönür. Həmin gün Leyla
müğənni Sara Qədimovagildə imiş. Bildirdiyimiz
kimi, onlar hələ gənclik illərindən, filarmoniya
dövründən yaxın rəfiqə idilər. Evdən
Saragilə zəng edib deyirlər: “Leylanın atası
qayıdıb, lakin ona qəfildən bildirməyin”. Sara
xanım Leyla xanımla onların evinə gəlir. Mənzilə
daxil olanda Leyla atasını görəndə özündən
gedir və az sonra özünə gəlib atasının
böynuna sarılır.
İTV-nin
şəkdiyi “Vətən uzaqda deyil” silsilə verilişlərin
birindən apardığımız qeydlərə nəzər
salaq.
Leyla Bədirbəylinin
nəvəsi Mehin Cavanşir Amerikanın Texas
ştatının Hyuston şəhərində
yaşayır. Həyat yoldaşı Sabir Novruzov mühəndisdir
və iri şirkətlərin birində
çalışır. Onlar ora Qrenkart vasitəsilə gediblər.
Haşiyə:
Leyla və Fərəc Cavanşirovların oğlu Cavanşir
Cavanşirov ömür-gün yoldaşı Elmira xanımla
Bakının mərkəzində, Fəvvarələr
meydanındakı mənzildə 2017-ci ilə qədər
yaşayıblar. C.Cavanşirov həmin ildə
dünyasını dəyişib. O, AzTV-də operator işləyirdi.
Mehin
xanımın fikirlərindən: “Biz ona nənə demirdik,
Leyla mama deyirdik. Axı ona nənə deyə bilmirdik, cavan
görünürdü, çox gözəl idi, necə nənə
deyəydik ki... O, bizə bildirdi ki, hə, madam ki, nənə
deməyə diliniz gəlmir, onda Leyla mama deyin. Elə də
oldu. Uşaqlıqdan bizə təmizkar, səliqəli,
gözəl olmağı öyrətmişdi, deyirdi-yemək
masasına gələnə qədər yuyunub səliqəli
olun, təmiz geyinin, saçlarınınız gözəl
darayın. Həmişə söylərdi ki, heç yerdə
Leyla Bədirbəylinin nəvəsi olduğunuzu deməyin,
bundan istifadə etməyin, qürurlanmayın.
Mən
böyüyüb təhsil alıb Leyla mamanın bir zamanlar təhsil
aldığı 134 saylı ümumtəhsil məktəbdə
dərs demişəm.
Amerikada,
elə əslində hər ölkədə ermənilər
bizim zəngin mətbəxi öz adlarına
çıxırlar. Hyustonda 2001-ci ildə Azərbaycan mətbəxi
qrupu açdım. Nənəm vaxtılə anama da, mənə
də hər cür yemək bişirməyi öyrətmişdi.
Onun əlindən hər şey gəlirdi - yeməklər,
şirniyyatlar bişirmək paltar tikmək, toxuma işləri
və s. Yadımdadır bağda olanda bizə ipək
parçalardan paltarlar (sarafanlar) tikərdi, əla çox
dadlı qarpız mürəbbəsi bişirərdi. Çox
xoşlayardıq, yedikcə doymazdıq. Ürəyimiz istəyəndə
bizə halva çalardı, üstünə gözəl
naxışlar vurardı. Əllərinə baxıb öyrənərdik.
O, bağda olanda da dincəlməz bizim nazımızı
çəkər, gələn qonaqlara, qohumlara xidmət edərdi.
Allah, Leyla mama o qədər qonaqcanlı idi ki... Əvvəldən
gözütox, görüb-götürmüş, alicənab
və səxavətli xanım kimi yetişmişdi. Əslən
ata və ana tərəfdən şəmkirli idilər. Hər
iki tərəf bəy nəslindən idi. 1920-ci ildə
bolşeviklər onların varını, sərvətini və
mülklərini əllərindən almışdı. Onlar həmişəlik
Bakıda məskunlaşmışdılar.
Mənim
atam Leyla xanımın oğludur, anam Elmira xanımdır.
Bizim nəsildə Leyla nənəmin adı həm bibimin
qızına, həm də mənim qızıma verilib.
Verilişin
aparıcısının sualı:
-Leyla
xanımın istedadı nəsildə kimdədir?
Mehin
xanımın cavabı:-Nənəmin istedadı məndədir,
lakin istifadə etməmişəm. Məktəb illərində
8-10 yaşlarım olanda “Azərbaycanfilm” kinostudiyasından gələrək
məktəbin siniflərini gəzər, filmlərdə
uşaq rollarında çəkilmək üçün
seçim edərdilər. Bu zaman həmişə məni
seçər, yoxlama kadrları çəkmək
üçün kinostudiya binasına dəvət edərdilər.
Lakin, hər dəfə atam razılıq verməzdi. Atam deyərdi:-Qızım,
bir nəfər aktrisamız var da, ikinciyə ehtiyac yoxdur.
Bir dəfə
şəhərdə gəzinti zamanı bəstəkar-dirijor
Əfsər Cavanşirov küçədə bizimlə
rastlaşdı və anama dedi:
-Elmira
xanım, qızın Mehinin yaxşı istedadı və səsi
var, niyə onu mənim xoruma gətirmirsən?
Anam dedi
ki, biz istəmirik ki, o, nə oxusun, nə də kinoaktrisa
olsun. Biz istəyirik ki, o, müəllim olsun.
Leyla Bədirbəylinin
nəvəsinin müsahibəsi bizə maraqlı gəldiyi
üçün məqaləmizə əlavə etməyi
lazım bildik. Həm də istədik ki, Leyla xanımın
ruhu şad olsun. O, doğmaların dilində Amerikada da
hörmət və dərin məhəbbətlə
xatırlanır.
ƏHSƏN
RƏHMANLI,
TƏDQİQATÇI,
SƏNƏTŞÜNASLIQ
ÜZRƏ
FƏLSƏFƏ DOKTORU
Hürriyyət.-
2025.- 6 may, ¹16.- S.15.