Xilaskarlıq missiyası

 

Ümummilli lider Heydər Əliyev dünya siyasətçiləri arasında dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti ilə fərqlənən dahilərdəndir

Müdrik şəxsiyyətlər haqqında heç zaman keçmiş zamanda danışmaq olmur. Çünki belələri əməlləri ilə tarix yaradır, bir xalqın salnaməsində özünəməxsus izi qalır. Ümummilli lider Heydər Əliyev kimi.

12 dekabr 2003-cü ildə bütün dünya ictimaiyyəti xalqın öz liderinə sonsuz məhəbbətinin şahidi olmaqla, xilaskarını son mənzilə yola salan insanların ölkə başçısına bu dərəcədə tükənməz sevgisindən heyrətə gəldi. Həmin gün bütün dünya azərbaycanlıları, bir çox dünya dövlətləri ulu öndərin xatirəsini minnətdarlıq hissi ilə yad edir. Öz xalqının gələcəyi üçün taleyüklü məsələləri həll edən Corc Vaşinqton, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi Heydər Əliyevin də qəlbi vətən sevgisindən qaynaqlanırdı. Heydər Əliyev dövlətçilik məktəbinin mahiyyəti ölkənin dinamik sabit inkişafı, siyasi, hüquqi və mənəvi varisliyin, dünya inkişafına uyğun proseslərin müsbət tendensiya ilə davam etdirilməsindən ibarətdir.

Hakimiyyətdə olduğu bütün dövrlərdə yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev həyatını Azərbaycanın dünya birliyində qüdrətli dövlət kimi tanınıb, zirvələrə ucalması naminə sərf etdi. “Müstəqillik yolu qədər çətin yol yoxdur” söyləyən ümummilli lider Heydər Əliyev ağlının, zəkasının qüdrəti ilə çoxları üçün keçilməz olan bu yolda xalqına inanaraq, milyonların dəstəyinə güvənərək qətiyyətlə addımladı. Özününqeyd etdiyi kimi, qorunub saxlanılması əldə olunmasından qat-qat çətin olan Azərbaycanın müstəqillik yolunda əbədi işıq kimi parladı, müdrikliyi ilə insanlara doğru yol göstərdi. Gərgin zəhməti, siyasəti və dövlətçilik təcrübəsi sayəsində istədiyinə nail oldu.

Ulu öndərin maraqlı məqamlarla zəngin həyatı və siyasi fəaliyyətinin bütün dövrlərinə nəzər saldıqda aydın görünür ki, bu gün haqqında ürəkdolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin , islahatların müəllifi Heydər Əliyev olduğu kimi quruculuq işlərinin təməli də o çətin illərdə qoyulub.

Hələ sovetlər birliyinin tərkibində olarkən ittifaq miqyasında Azərbaycana göstərilən ögey münasibəti xalqımıza qarşı ədalətsizlik adlandıraraq qəbul etməyən ulu öndər 1969-cu ildə hakimiyyətə gəldiyi gündən qarşısına bir məqsəd qoydu: Şərqdə günəş kimi parlayan Azərbaycan dünya birliyinin də ən qüdrətli ölkəsi kimi tanınmalıdır. Belə də oldu. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda olduğu kimi BMT Təhlükəsizlik Şurasında təmsil olunması bu kimi arzuların gerçəkləşməsidir. Qısa müddətdə ölkə miqyasında böyük quruculuq işlərinə başlayan ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan keçmiş ittifaqlar birliyinin ən qabaqcıl respublikası kimi öndə addımladı, biri-birini əvəz edən, o dövrdə keçmiş müttəfiq respublikalara başçılıq edən həmkarlarının arzusunda olduğu Keçici Qırmızı bayraqlar Azərbaycanın əbədi rəmzi kimi ölkə iqtisadiyyatının dinamik inkişafının göstəricisi kimi diqqəti cəlb etdi. Amma bununla belə ulu öndəri daim düşündürən bir həqiqət var idi: Azərbaycan dünya birliyində müstəqil, suveren respublika kimi tanınmalı, əsrlər boyu qorunub saxlanılan dövlətçilik ənənələri bərpa olunmalı, vətəndaşlarının azad, firavan yaşaması üçün xalq sərvətlərinin sahibi olmalıdır.

Azərbaycan dilinin rəsmi olaraq Konstitusiya ilə dövlət dili kimi təsdiqlənməsi, C.Naxçıvanski adına hərbi məktəbin yaradılması onun bu istiqamətdə, uzaqgörənliklə atdığı qətiyyətli addımlar oldu. Müstəqillik illərində bu təməl əsasında davam etdirdiyi islahatlar ulu öndərin istək və arzularını reallaşdırdı. Daxilixarici bədxahlarının təzyiq və hədələrinə baxmayaraq gördüyü işlər tək müasir dövrümüz üçün deyil, gələcəyin xoşbəxt günləri naminə hesablanmışdı. Müqəddəs arzuların gerçəkləşməsi proqramının ilkin addımları isə doğulub boya-başa çatdığı doğma Naxçıvandan başladı.

...1990-cı il iyul ayının 22-də ata yurduna qayıdanda, həmyerliləri ilə söhbətindən, Azadlıq meydanında əhali ilə keçirilən görüşlərindən belə nəticəyə gəldi ki, bütünlükdə Azərbaycan üçün xarakterik olan siyasi, iqtisadi, sosial problemlər həddindən artıq çoxdur.

Onun həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər yetirməklə müdrik siyasətçinin xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür.

Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan, yenilik və müasirliyi hər zamanın başlıca tələbi hesab edən fədakar,təcrübəli lider kimi fəaliyyətinə də elə islahatlardan başladı. Müstəqilliyin əbədi olması üçün düşünülmüş, həyati əhəmiyyətli islahatlar isə həddindən artıq çox idi.

17 noyabr 1990-cı ildə keçirilən iclasa deputat kimi sədrlik edən Heydər Əliyevin uzaqgörən siyasətinin təzahürü olan Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Respublikası Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərar qəbul olundu.

Özünün ciddi etiraz etməsinə baxmayaraq, əhalinin təkidli tələbi ilə Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra imkanları genişlənən Heydər Əliyev 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini davam etdirdi. Bir vətəndaş kimi məsələyə münasibətini bildirən Heydər Əliyev vaxtı ilə ona ünvanlanmış qərəzli iradlara etiraz edərək əsl həqiqəti insanlara çatdırdı: “Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdimbunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.” Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən siyasi oyunlardan xəbərdar olan uzaqgörən siyasətçi “ittifaq müqaviləsini” Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. Qorbaçovun “yenidənqurma” oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi.

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” şüarı ulu öndərin başlıca iş prinsipi olmaqla gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız, milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ulu öndər ilk günlərdən bütün xalqlarla qardaşlıq, bərabərlik, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində yaşamağı dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirdi.

Ulu öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu oldu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan, 150 ildən artıq bir müddətdə “sərhədlərimizi qoruyanSSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda “qızıl ordu” hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.

Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün  Ümidkörpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.

Bu gün geniş yayılan və ÜDM-də 85 faizdən artıq payı olan özəl bölmənin yaradılması üçün ilk addımlar da o illərdə atıldı.

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyi naminə çalışan Yeni Azərbaycan Partiyasının ilk konfransının keçirilməsi oldu. O partiya ki, təsis olunduğu gündən ətrafına yüz minlərlə insan toplandı.

“Biz Azərbaycandakı bütün prosesləri xalqın istədiyi məcraya yönəldəcəyik, bütün insanların sağlam mövqe tutmasına nail olacağıq. Bu işdə bizim dayağımız xalqdır, insanların bizə olan inamıdır, etimadıdır” söyləyən ulu öndərin rəhbərlik etdiyi üzvlərinin sayı 600 minə yaxınlaşan partiya Azərbaycanın iqtisadi inkişafında aparıcı siyasi qüvvə kimi bu gün də əqidəsinə, Heydər Əliyev siyasətinə sadiqdir.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı islahatlar ölkəsinə çevirən Heydər Əliyevin o dövrdə gördüyü işləri müqayisə etmək qeyri-mümkündür. Bircə onu söyləmək kifayətdir ki, Azərbaycanın qazandığı uğurların təməli o dövrdə, Heydər Əliyevin müəllifi olduğu islahatların tətbiqi ilə qoyuldu. Hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş qarşıdurması kimi təhlükəli halların qarşısını alan, dövlət çevrilişlərinə cəhdləri xalqın birlik və həmrəyliyi ilə aradan qaldıran, ölkə iqtisadiyyatının möhkəmlənməsi üçün yollar axtararkən dünya standartlarına uyğun təcrübənin tətbiqinə üstünlük verən Heydər Əliyev Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca tələb kimi qarşıya qoydu. İnsan hüquq və azadlıqlarının təminatına əsas verən Milli Konstitusiyanın hazırlanmasında müəllif kimi çalışdı. Ölkədə bolluğun təminatına yönəldilmiş, başlıca şərt olan sahibkarlığın genişlənməsinə xidmət edən torpaq islahatı həyata keçirildi. İş adamlarına dövlət dəstəyinin artırılması üçün təkmil hüquqi baza yaradıldı. Ən başlıca məsələ olan neft strategiyasının, enerji siyasətinin həyata keçirilməsi istiqamətləri üzrə prioritetlər müəyyənləşdirildi. “ Əsrin müqaviləsi”nin imzalanması bu yolda atılan ilk addım kimi uğurla nəticələndi.

Ulu öndərin Azərbaycan xalqı üçün böyük xidmətlərindən biri isə özü qədər inandığı Prezident İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi oldu. Ulu öndərin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda aparılan islahatlar ölkəmizi daha da gücləndirdi, dünya birliyinin aparıcı dövlətləri sırasına çıxardı. Xalq bu yüksəlişi eyni zamanda Heydər Əliyev siyasətinin davamı, qələbəsi kimi yüksək dəyərləndirir.

Bu gün Azərbaycan islahatçı dövlət kimi tanınır. Dünya Bankının hesabatında rəsmi, statistik rəqəmlərlə təsdiqlənən bu amil Azərbaycanın nüfuzunu, ölkəmizə marağı artırır.

         Gördüyü işlərin əhəmiyyətini düzgün qiymətləndirənlər haqlı olaraq qeyd edirlər ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və müstəqilliyinin qarantıdır.

 

Xuraman İsmayılqızı,

 

İki sahil.- 2011.- 9 dekabr.- S. 4.