Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir!

 

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdə partiyanın gələcəyinə inamı fonunda bu fikri xüsusi qeyd etmişdir ki, əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, bu hədəfi bəyan etməliyik

 

«1992-ci ildə əslində bugünkü reallıqların əsasları qoyulmuşdur və biz bunu unutmamalıyıq, bunu daim xatırlamalıyıq. Heydər Əliyev siyasətinin gücü, eyni zamanda, ondan ibarətdir ki, ondan sonrakı dövrdə- doqquz il ərzində bu siyasət yaşayır.» Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdə dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın ötən dövr ərzində keçdiyi yola, qazandığı uğurlara diqqəti yönəldərək bildirmişdir: «Bizim artıq güclü dövlətimiz vardır-müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq- həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla! Ancaq biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıyıq.»

Bu gün ölkəmiz mühüm siyasi kampaniya-prezident seçkiləri ərəfəsindədir. Hər bir siyasi kampaniya keçilən yola nəzər salıb, qarşıdakı illər üçün prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirir. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində şərəfli, eyni zamanda çətin yol keçib. Bu illər ərzində sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirmiş, beynəlxalq əlaqələrini genişləndirmiş, nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatına çevrilmişdir.

«Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.» Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində bir məqamı da xüsusi vurğulamışdır ki, bu partiya keçmişdə, vaxtilə çar Rusiyası dövründə bir çox partiyalar kimi gizli, qeyri-leqal şəraitdə yaranmasa da, tam gizli olmasa da, hər halda müəyyən dərəcədə gizli şəraitdə yaranmışdır. Ona görə də bu partiyanın yaranması çox qiymətlidir.

Ötən hər günün ölkənin, partiyanın həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, 20 ildən artıq bir dövrdə keçilən yolun geniş xarakteristikasını bir yazıda vermək təbii ki, mümkünsüzdür. Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə xalqın partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Yəni həmin dövrdə, ölkədə yaranan vəziyyət xalqda sabaha ümidsizlik yaratsa da, bir təsəlli var idi ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdarsa, öz siyasi bacarığı, təcrübəsi, güclü idarəçilik qabiliyyəti sayəsində mövcud problemlərin həllinə yol açar, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarar. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətində də bu inam öz əksini tapmışdır: «İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz... Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük.» Müraciətdə bu inam da ifadə olunmuşdur ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.

Bu gün partiyanın fəaliyyətində demokratik prinsipləri öndə saxlayaraq birləşdirici missiyanı yüksək səviyyədə yerinə yetirməsi ulu öndər Heydər Əliyevin yuxarıda söylədiyi əminliyinin böyük əsaslara söykəndiyini təsdiq etməklə yanaşı, partiyanın öz dəsti-xəttinə sadiqliyini də göstərir. YAP-ın yaradılmasının 15 illiyi şərəfinə həsr olunmuş ziyafətdə Prezident İlham Əliyev 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP-la indiki müxalifət arasında fərqi təhlil edərək bildirmişdir ki, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. «Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.»

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Dahi şəxsiyyət düşünülmüş siyasəti ilə Azərbaycanı yenidən qurdu. Dövlət başçısı İlham Əliyev 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini edərək bildirir: «O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil olub. Azərbaycan bütün çətin anları geridə qoyaraq, inkişaf yoluna çıxdı. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, sözfikir azadlığı bərqərar oldu, çoxpartiyalı sistem yaradıldı. Bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da hər zaman önə çəkilir ki, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. YAP bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyadır. Ölkəmizin uğurlarında partiyanın rolu böyükdür.

Azərbaycan gənc, müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yerirolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin imkanlarından, ölçülərindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxalması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr yeni-yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkləşdirdiyi layihələrin nəticəsidir. Bir vaxtlar çoxlarına əfsanə kimi görünən BTC neft kəməri artıq regional miqyasdan çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, əgər BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar da olmasaydı «Cənub qaz dəhlizi»ndən danışmaq qeyri-mümkün olardı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rola malik olan «Əsrin müqaviləsi» ölkəmizə mühüm uğurlar qazandıraraq, dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi.

İqtisadi uğurları şərtləndirən əsas amillərdən birisiyasi islahatlar, demokratikləşmə prosesinin sürətlə həyata keçirilməsidir. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 1995-ci ildə Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə diqqət yetirsək, ildən-ilə təkmilləşmənin şahidi olarıq. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazanması isə xalqın bu quruma inamının, dəstəyinin göstəricisidir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün orqanlarda fəal iştirak edir, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. Dövlət başçısı İlham Əliyev bildirir: «Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq.»

Bu fikirdaim önə çəkilir ki, siyasət ilk növbədə, praktik işlərdir. Görülən işlər, sözlə əməl birliyi Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. «Bizimlə rəqabət aparmaq istəyənlərin sayı getdikcə azalır. Biz bunu görürük və artıq Azərbaycanın siyasi səhnəsində qeyri-ciddi, təxribatçı və qeyri-peşəkar qüvvələrə yer yoxdur. Azərbaycan xalqı o qüvvələrə çoxdan «Yox» demişdir və sadəcə olaraq, onlar öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verirlər, bir-biri ilə görüşürlər, bir-biri ilə savaşırlar. Ancaq Azərbaycanın siyasi səhnəsində artıq o ənənəvi müxalifətin yeri yoxdur» söyləyən dövlət başçısı İlham Əliyev bir gerçəkliyi də diqqətə çatdırır ki, hər bir siyasi qüvvənin fəaliyyət göstərmək üçün gərək siyasi meydanı olsun. Müxalifətin siyasi meydanı daralıb. «Nəyin hesabına? Bizim işlərimizin hesabına. Bizim apardığımız siyasətin hesabına. Haraya baxsan, Azərbaycanın inkişafında istənilən məsələyə baxsaq, bütün sahələrdə bizim uğurlarımız göz qabağındadır. Hər bir sahə üzrə konkret proqramlar var. Yerlərdə bizim fəallarımız yerli icra orqanları ilə çox sıx əməkdaşlıq edərək, öz töhfəsini verirlər. Bu, davam etdirilməlidir və bu əlaqələr daha da sıx olmalıdır. Bütün yerli icra hakimiyyəti başçılarını o vəzifəyə Prezident təyin edirPrezident, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədridir. Təbiidir ki, Yeni Azərbaycan Partiyası və yerli icra orqanlarının nümayəndələri birlikdə olmalı, bir-birinə kömək etməli və birlikdə çalışmalıdırlar.»

Partiyanın gələcək planları da aydındır. Ölkəmizin daha da qürətli, zəngin dövlətə çevrilməsi, insanların rifah halının daha da yaxşılaşması partiyanın əsas hədəflərindəndir. Azərbaycanın uğurlu gələcəyi artıq heç kimdə şübhə doğurmur. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, hər bir siyasi qurumun fəaliyyətini qiymətləndirmək üçün o təşkilatın real praktik işlərinə diqqət yetirməyə böyük zərurət duyulur. Bu gün sıralarında 600 min üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının gələcəyinə inam böyükdür. Ölkədə keçirilən bütün seçki proseslərində partiyanın böyük qələbə ilə çıxması da bu inamdan qaynaqlanır. Daim vurğulandığı kimi, 600 min üzv sadəcə statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

«Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər gəlirdi, gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirərək bildirir: «Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik.»

Cari ilin oktyabrında prezident seçkiləri keçiriləcək. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev 2003-2008-ci illərdə gördüyü işlərlə, sözlə əməl birliyini yüksək səviyyədə təmin etməklə 2008-ci il prezident seçkilərində növbəti qələbəsini təmin etdi. O dövrdən bizi 5 ilə yaxın zaman ayırır. Bu müddətdə atılan addımların uğurlu nəticələri göz qabağındadır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi qeyd etməliyik. Çünki bu uğur yalnız xarici siyasətin təntənəsi deyil, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təsdiqidir. Azərbaycanın bu mötəbər quruma qeyri-daimi üzv seçilməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət təsirini göstərəcək. Təkcə cari ildə ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycanın müxtəlif mövzuları əhatə edən tədbirlər üçün ideal məkan seçilməsi uğurlarımızın təqdimatıdır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu uğurların hər birinə öz imzasını atmaqla gələcəyə böyük inamla irəliləyir. Partiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər onun artan mövqeyinin siyasi çəkisinin göstəricisidir. Ölkələrarası əlaqələrin inkişafında siyasi partiyaların rolunu nəzərə alsaq, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə töhfələri böyük davamlıdır.

Populist vədlərdən uzaq olan Yeni Azərbaycan Partiyası cari ildə keçiriləcək prezident seçkilərinə böyük inamla qatılır. Yaxın günlərdə partiyanın V qurultayı keçirilərək, cənab İlham Əliyevin namizədliyi rəsmi olaraq irəli sürüləcək. Bu, yalnız partiyanın 600 min üzvünün deyil, xalqın böyük əksəriyyətinin istəyidir. Bu günümüzün uğurları fonunda bu əminliyi böyük qətiyyətlə ifadə edirik ki, Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbəsi şəksizdir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illərin hədəflərini onlara çatmağın yollarını özündə əks etdirir. Başlıca hədəf qeyd olunduğu kimi, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş dövlətlər sırasında görməkdir.

 

 İki sahil.- 2013.- 4 iyun.- S.7; 23