YAP: Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvə

 

YAP Xətai rayon təşkilatının X konfransı keçirildi

 

Dünən YAP Xətai rayon təşkilatının X konfransı keçirildi. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, abidəsi önünə əklil və qızıl gül dəstələri qoydular.

 

Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bu gün sıralarında yüz minlərlə insanı birləşdirərək gələcəyə böyük inamla irəliləməsindən geniş bəhs etdi. R.Məmmədov ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində söylədiyi bu fikri xatırlatdı: “Siz artıq fırtınalardan çıxmısınız. Məsələn, adamı atırsan dəryaya ki, görüm nəyə qadirdir. Görürsən ki, fırtınalı dənizdən çıxır. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, bərkimisiniz, ayaq üstə möhkəm dayanırsınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm.” Bu fikirlər bir daha bu gün ölkəmizin ictimai-siyasi həyatında əsas rol oynayan Yeni Azərbaycan Partiyasının fırtınalardan üzüağ çıxaraq böyük şərəfli yol keçdiyinin təsdiqidir. Partiyanın keçdiyi 20 illik tarixi yola nəzər saldıqda ötən bu dövrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdığının şahidi oluruq. Bu gün partiyanın sıralarında 600 min üzvün birləşməsi təbii ki, sadəcə statistika kimi dəyərləndirilməməlidir. Bu, partiyanın bu gününə, gələcəyinə inamdan, Heydər Əliyev ideyalarına sədaqətdən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəkdən irəli gəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilib.

R.Məmmədov Azərbaycanın bu gün inkişafın ən yüksək mərhələsində olduğunu qeyd edərək, bildirdi ki, bugünkü reallıqlar gələcəyə daha böyük inamla baxmağa əsas verir. Ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurlara əsaslanaraq işlənib hazırlanan və dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası da qarşıya qoyulan hədəflərin reallığa çevrilməsinə xidmət edən əsas sənəddir. Dövlət başçısı İlham Əliyev bildirir ki, qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün imkanlar mövcuddur. Ölkəmizin hərtərəfli inkişafının təmin edilməsinə yönələn Dövlət Proqramlarının uğurlu icrası nəticələrdə də özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

H.Mirələmov öncə bu gün müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, YAP monolit birliyi, böyük sosial bazası olan bir partiyadır. Azərbaycan xalqı yarandığı gündən Yeni Azərbaycan Partiyasını Heydər Əliyev partiyası kimi tanımışdır.

H.Mirələmov bildirdi ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Yeni Azərbaycan Partiyasının zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya olduğunu həmin dövrə nəzər salmaqla bir daha təsdiq etmiş olarıq. Bu o dövr idi ki, Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi tənəzzül baş alıb gedir, torpaqlarımız bir-birinin ardınca işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi. Belə bir çətin dövrdə xalq üzünü Naxçıvana-öz xilaskarına tutdu. Ümumilikdə Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin dövrün xarakteristikası öz əksini taparaq bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Müraciətdə o da bildirilmişdir ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi.

Bildirildi ki, bu gün böyük fəxr və inamla deyirik ki, müasir Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabr ayının 21-dən, Yeni Azərbaycan Partiyasının yaranması tarixindən götürüb. 20 ildən artıqdır ki, YAP ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərir və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan bu gün Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır.

H.Mirələmov partiyanın Xətai rayon təşkilatının keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, təşkilat IX konfransdan ötən dövr ərzində fəaliyyətini daha da genişləndirmiş, üzvlərinin sayı artmışdır. 1993-cü il fevralın 13-də təsis konfransını keçirən təşkilat 25 ərazi ilk partiya təşkilatını özündə birləşdirirdi. Təşkilatın üzvlərinin sayı 500 nəfər idi. Ötən dövr ərzində YAP Xətai rayon təşkilatı tərkibini genişləndirərək, ilk ərazi təşkilatlarının sayı 144-ə çatmış, üzvlərinin sayı isə 20 mindən çoxdur. IX konfrnsdan ötən dövr ərzində təşkilatın sıralarına 518 nəfər daxil olmuşdur. Partiya üzvlərinin 3938 nəfəri gənclər, 9000 nəfəri isə qadınlardır. Təşkilat YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirir.

H.Mirələmov təşkilatın Xətai Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi tədbirlərdən də bəhs etdi. Bildirdi ki, əlamətdar günlərdə tədbirlər davamlılığı ilə diqqət çəkir. Bu günlərdə dahi şəxsiyyət Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar geniş tədbirlər planı hazırlanaraq silsilə tədbirlər keçirilmişdir.

Çıxışında diqqəti bir daha qarşıdan gələn prezident seçkilərinə yönəldən H.Mirələmov bu əminliyi ifadə etdi ki, YAP Xətai rayon təşkilatı ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevin qələbəsinə öz töhfəsini verəcək. Cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Onun ötən dövr ərzində gördüyü işlər, Azərbaycana qazandırdığı uğurlar bu inama əsas verir.

Sonra məruzə ətrafında çıxışlar oldu. YAP Xətai rayon Qadınlar Şurasının sədri Vüsalə Məcidova və YAP Xətai rayon Gənclər Birliyinin sədri Sərxan Əliyev Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamı şərtləndirən amillərdən bəhs etdilər. Bildirdilər ki, qarşıdan gələn prezident seçkilərində daha fəal olacaq, YAP-ın yeganə namizədi cənab İlham Əliyevi dəstəkləyərək, Azərbaycanın uğurlu gələcəyinə səs verəcəklər.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında bildirdi ki, partiyanın 600 min üzvünün hər biri qurultayda iştirak etməyə layiqdir. Amma qurultayların özünəməxsus xüsusiyyətləri var. Bu seçki ilə əlaqədar keçirilən qurultaydır. Qurultay nümayəndələrinin say tərkibindən asılı olmayaraq, reallıq budur ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən hər kəs Heydər Əliyev siyasətini təbliğ edən insanlardır.

M.Qurbanlı qeyd etdi ki, qurultayda cənab İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüləcək. “Artıq bir ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan şəxslər cənab İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü bəyan ediblər. Eyni zamanda bir sıra ictimai qurumlar da toplantılarını keçirərək, cənab İlham Əliyevin namizədliyini irəli sürüblər. Amma cənab İlham Əliyevin namizədliyinin rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına təqdim etmək iqtidarına malik olan qurum Yeni Azərbaycan Partiyasıdır.”

“Bu günə qədər ölkəmizdə keçirilən seçki proseslərinə diqqət yetirsək, görərik ki, partiyaların seçkilərə qatılma prosedur qaydaları var” söyləyən M.Qurbanlı bildirdi ki, hər bir partiya Seçki Məcəlləsinin tələblərinə əməl etməlidir.

Konfransın işini uğurla başa çatdırdığını qeyd edən M.Qurbanlı bildirdi ki, söylənilən fikirlər gələcək fəaliyyətdə mühüm rol oynayacaq. “Qarşımızda çox ciddi vəzifələr dayanır. Əsas vəzifə ondan ibarətdir ki, cənab İlham Əliyevin qələbəsini təmin etmək üçün bütün gücümüzü sərf etməliyik. Rəqiblərimizin zəifliyi bizdə arxayınlıq hissi yaratmamalıdır. Ona görə də Yeni Azərbaycan Partiyası xüsusilə təbliğat-təşviqat kampaniyası dövründə fəallıq nümayiş etdirməli, dövlətimizin uğurlu siyasəti, cənab İlham Əliyevin gördüyü işlər, əldə olunan uğurlar əsaslı şəkildə təbliğ olunmalıdır.”

Qeyd olundu ki, Azərbaycanın bugünkü reallıqları göz qabağındadır. İqtisadiyyatımız sürətlə inkişaf edir. İqtisadi tərəqqi maliyyə imkanlarının artması ilə müşaiyət olunur. İqtisadi və maliyyə imkanlarının genişlənməsi mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Dövlətin siyasətinin önündə insan amili dayanır. Konstitusiyamızda da bu maddə öz əksini tapır ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaq, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

O da vurğulandı ki, bu uğurlarda ölkədə yaradılan sabitlik də əsas rol oynayır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi proqramın icrasından danışmaq qeyri-mümkündür. Cənab İlham Əliyev də bütün çıxışlarında uğurlardan bəhs edərkən vurğulayır ki, Azərbaycan sabitlik adasıdır. Ölkədə sabitlik, iqtidarla xalq arasında birlik, vəhdət vardır. Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu göz qabağındadır. Ölkəmizin 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğurdur, Azərbaycanın xarici siyasətinin, diplomatiyasının təntənəsidir. Azərbaycan öz siyasətində müstəqildir. Məhz bu amil uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır.

M.Qurbanlı bu uğurların fonunda cənab İlham Əliyevin prezident seçkilərində qələbəsinin şəksiz olduğunu diqqətə çatdırdı. Bir daha qeyd olundu ki, Yeni Azərbaycan Partiyası olaraq, bu bizdə arxayınlıq yaratmamalı, səylərimizi daha da artırmalıyıq.

Sonda gündəliyə uyğun olaraq YAP Xətai rayon təşkilatından partiyanın V qurultayına nümayəndələr seçildi.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2013.- 18 may.- S.6; 11.