Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib

 

Dövlət başçısı İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılış mərasimində bir daha qeyd etmişdir ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaqdır

 

“Azərbaycan müstəqil dövlət kimi islam həmrəyliyinə də öz töhfəsini verir. Bütün müsəlman ölkələri ilə biz çox mehriban münasibətlər əzmindəyik. Əslində bunu etmişik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir. Biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək.”

Bu günlərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidinin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev real faktlar əsasında bu gerçəkliyi bir daha diqqətə çatdırmışdır ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Qeyd edək ki, Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyev 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun bu təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə vermişdir.

Dövlət başçısı çıxışında bu fikri də xüsusi qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaq. Bu əminlik də ifadə olunmuşdur ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq.

Qeyd edək ki, ötən əsrin sonlarında sovetlər birliyinin dağılması ilə yaranan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi dini dözümlülük ənənələrinin qorunması üçün də əsil sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqlar və dinlərarası münasibətlər, dialoqlar müasir dövrün tələblərinə uyğunlaşdırıldı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Milli Konstitusiyanın 48-ci “Vicdan azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Konstitusiyanın bu maddəsinə uyğun olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin formalaşdırılması məqsədilə yaradılan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatı milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. İslam Əməkdaşlıq Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər mövcuddur. Bakıda yerləşən, 1920-ci ildə bağlanmış Jen Mironasets, bütün Rusiyanın Patriarxı II Aleksey tərəfindən müqəddəs elan olunan baş kafedral kilsəsi milliyyətcə müsəlman olan adımının maddi dəstəyi ilə bərpa olunaraq istifadəyə verilmişdir. Hazırda paytaxtımızda provoslavların müqəddəs Məryəm Miladı baş kilsəsi, katoliklər üçün müqəddəs məbəd, yəhudilərin sinaqoqları fəaliyyət göstərir.

Dünyanın 33 ölkəsini təmsil edən, 200-dən artıq yüksək səviyyəli nümayəndənin iştirakı ilə Dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi də Azərbaycanın tolerantlıq təcrübəsinin yüksək dəyərləndirilməsindən irəli gəldi. Həmin sammitdə ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq hissi yaradır. Azərbaycanda hər kəs istədiyi dinə, etiqad edir, istədiyi kimi ibadət edir.

Ölkəmizdə dinimilli dözümlülüyün çox böyük və şərəfli tarixinin olması Bakıda təşkil olunan sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da dəfələrlə səslənmişdir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən  Beynəlxalq Humanitar Forumda da dövlət başçısı İlham Əliyev bildirmişdir: “Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı.”

Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu günuğurla davam etdirilir. Milliyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. “Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür” söyləyən dövlət başçısı İlham Əliyev dünya dini liderlərinin sammitində bir daha bu fikri diqqətə çatdırmışdır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dinimilli sülhün mövcudluğundadır. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş niyyət və münasibətləri, dostluğu nəzərdə tuturuq” deyə bildirən Prezident İlham Əliyev vurğulayır ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Azərbaycan xalqı milli mənəvi dəyərlərinə bağlı olmaqla ümumbəşəri dəyərləri paylaşmağı da diqqət yetirir. Dövlət başçısı İlham Əliyev Şamaxı Cümə məscidinin açılış mərasimində də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dinimilli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq.”

Məlum olduğu kimi, sovetlər birliyi dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. İslam xalqımıza xoşbəxtlik, inkişafı, mədəniyyət, müqəddəs dəyərlər bəxş edib. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqadvicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normaların çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəisnin təməlini qoymuşdur. İslami qanunların haqq-ədalət yolu olduğunu bildirən ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycan müsəlmanları öz müqəddəs dininə itaət etmək, dini ayinlərə, qanunlara-qaydalara riayət etmək üçün indi geniş imkanlar əldə ediblər” fikri  islami dəyərlərin tarixi, mənəvi irsin, mədəniyyətin, milli mentalitetimizin ayrılmaz hissəsi olduğunu bir daha sübut edir. Ulu öndərin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev Cümə məscidinin açılış mərasimində bildirmişdir ki, islam mərhəmət dinidir. “Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatlar çatdıraq... Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır. Əfsuslar olsun ki, müxtəlif bölgələrdə vətəndaş müharibəsi gedir, qardaş qanı axıdılır. Biz buna imkan verə bilmərik.”

Azərbaycanda daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. Respublikamızda vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir.

Demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Ölkəmizdə yaranan bu cür demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün səylər göstərilsin, dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir. Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məskunlaşan müxtəlif xalqları, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər yaşatmışlar.

Dövlət başçısı İlham Əliyev Cümə məscidinin açılış məraimində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar fonunda diqqəti yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, işğal altında olan Şuşa, Ağdam məscidlərinə yönəldərək bu inamı ifadə etmişdir ki,  gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaq. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi daha da gücləndirməli, hərtərəfli inkişaf etdirməliyik: “Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir.”

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2013.- 21 may.- S.3.