Yüksək ixtisaslı kadrların hazırlanması daim diqqətdə saxlanılır

 

Ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayan neft sənayesi üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində ARDNŞ mühüm tədbirlər həyata keçirir

 

Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gələcək tərəqqiyə yönəlmiş uğurlu bir siyasət həyata keçirilir, gənclərin müasir biliklərə yiyələnmələri, yaradıcı fəaliyyətə həvəsləndirilmələri, onların istedad və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün əlverişli imkanlar yaradılır. Bu mənada bütün dövrlərdə Azərbaycan sənayesinin flaqmanı olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətində həyata keçirilən proqram və ləyihələr xüsusilə diqqətəlayiqdir.

 

Azərbaycanın iqtisadi inkişafı reallıqdır. Bu inkişaf səviyyəsi kadr hazırlığını günün tələbinə çevirir. Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də fəaliyyətinin əsas tərkib hissələrindəndir. Bu günün əsas tələblərindən biri kadr hazırlığını iqtisadi inkişafa uyğunlaşdırmaqdır. Ölkə iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bildirir ki, qeyri-neft sektorunun inkişafı da uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilməlidir. İqtisadiyyatın çoxşaxəliliyi hərtərəfli inkişaf üçün başlıca amillərdəndir. Neft kapitalı insan kapitalına çevrilməlidir. Möhtərəm Prezidentimiz ARDNŞ qarşısında müasir, güclü və rəqabətə davamlı transmilli şirkətə çevrilmək vəzifəsi qoymuşdur. 2005-ci ildən başlayaraq ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətində kadrların hazırlanması üzrə strategiyanı müəyyənləşdirdi və bu istiqamətdə işlər xeyli gücləndirildi. Neftçi ixtisaslarına əvvəlki marağı artırmaq, bu peşələrin əvvəlki şöhrətini bərpa etmək üçün çoxşaxəli fəaliyyət proqramı həyata keçirilməyə başlandı. Bu fəaliyyət orta təhsil, peşə təhsili, ali təhsil və xarici ölkələrdə təhsil proqramlarını əhatə edir.

 

Ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayan neft sənayesi üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində ARDNŞ mühüm tədbirlər həyata keçirir. ARDNŞ 2004-2005-ci tədbris ilindən ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə təhsil alan tələbələr üçün Təqaüd Proqramı, 2006-cı ildən etibarən perspektivli neftçi mütəxəssislərin hazırlanması məqsədilə azərbaycanlı gənclərin xaricdə təhsili, 2010-cu ildən “Yay məktəbi” və ödənişli “Yay təcrübəsi” proqramlarını həyata keçirir. Xarici Təqaüd proqramı çərçivəsində gənclərimiz dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirirlər. 2006-cı ildən bəri Təqaüd Proqramına 238 tələbə cəlb olunub ki, ötən illər ərzində Təqaüd Proqramında iştirak edən 179 nəfər tələbə təhsilini müvəffəqiyyətlə başa vuraraq ARDNŞ-də işlə təmin olunublar. Onu da bildirək ki, gələn ay daha 27 təqaüdçü tələbə təhsilini bitirib geri qayıdacaqlar.

 

ARDNŞ tələbələrin yay tətillərini səmərəli təşkil etmək üçün 2010-cu ildən etibarən “Ödənişli Yay Təcrübəsi” proqramını da həyata keçirir. Hər il ARDNŞ Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, kompyuter, inşaat, boru kəmərləri, ekologiya, neft-kimyakimya mühəndisliyi, energetika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramını reallaşdırır. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavrın əsasən 2, 3, 4-cü kurslarını və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edə bilərlər. Qeyd edək ki, Yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edir. Proqramın şərtlərinə görə tələbələrlə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və onlar ən aşağı dərəcəli mütəxəssis vəzifəsində işə qəbul olunurlar. Təcrübəçilər işlədiyi vaxta və vəzifəyə müvafiq olaraq əmək haqları da alır. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqrama 2010-cu ildən etibarən 3901 nəfər müraciət etmiş və 1067 nəfəri təcrübə keçmək üçün seçilmişdir.

 

Builki “Ödənişli Yay Təcrübəsi” Proqramı üzrə 14.04.2014-02.05.2014-cü il tarixlərində ARDNŞ-in saytında elan olunmuş müsabiqəyə ölkə daxilində və xaricdə 58 ali məktəbdə təhsil alan 1097 nəfər tələbə müraciət etmişdir. 32 ali məktəb üzrə 209 nəfər tələbə yay təcrübəsinə qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təcrübəyə qəbul edilmiş tələbələrdən 82 nəfəri ARDNŞ-in təqaüdçüsüdür.

 

Qeyd edək ki, 2010-cu ildən hər il olduğu kimi “SOCAR Yay məktəbi”ni təşkil edib. Yay məktəbi” ARDNŞ-in fəalliyət göstərdiyi enerji sektorunun bütün sahələrini-neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalaralternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neftneft məhsullarının satışını əhatə edir. Bu layihə qısa dövrü əhatə etsə də tələbələr müəyyən bilikləri əldə edir. Yay Məktəbi”ndə iştirakçılar interaktiv formada şirkətin rəhbər işçilərinin, ARDNŞ-in Təqaüd Proqramı əsasında dünyanın qabaqcıl ali məktəblərində təhsillərini başa vurub geri qayıtmış gənclərin mühazirələrini dinləyir, praktik məşğələlər keçir, Şirkətin idarə və müəssisələrinə ekskursiyalar ediblər. Bu layihə ilə bağlı da müəyyən yeniliklər nəzərdə tutulurdu. Yeniliklərdən biri ötən ildən tətbiq olunanYay məktəbi”nin iştirakçıları arasında ARDNŞ-in idarə və müəssisələrində çalışan gənc kadrlardan seçilən nümayəndələrin olmasıdır. Bir sözlə, ARDNŞ-in gənc nəslin təhsilinin inkişafı ilə bağlı planları genişdir. Onların uğurlu icrası öz müsbət nəticəsini verir. Layihəyə 1230 nəfər müraciət etmişonlardan 192 nəfəri layihədə iştirak etmək üçün seçilmişdir. Onu da qeyd etmək lazımdır ki, 2012-ci ildən etibarən layihədə universitet tələbələri ilə yanaşı ARDNŞ işçiləri də iştirak etmək hüququ qazanıb. Həmçinin 2013-cü ildən etibarən layihədə qalib olan komandanın İzmir şəhərində yerləşən StarPetkim zavodlarına ekskursiyası təşkil olunmuşdurbu ənənənin hər il davam etdirilməsi nəzərdə tutulur.

 

Azərbaycan iqtisadiyyatında aparıcı yer tutan neft sənayesinin və strategiyasının səmərəli aparılması üçün yüksək kadr potensialının hazırlanması işinə ARDNŞ diqqət ayırır. Bu baxımdan nefti ilk qarşılayan fəhlələrin bacarıqlı və yüksək peşəkarlığa sahib olması üçün Dövlət Neft Şirkəti fəhlə kadrların hazırlığı işinə ciddi yanaşır. ARDNŞ-in tərkibində neft sənayesi üzrə ixtisaslı fəhlələr hazırlayan Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzi, Qobustan Təlim, Tədris Mərkəzi və Sumqayıt Təlim, Tədris Mərkəzi peşə təhsilinin də nüfuzunun artmasında mühüm rol oynayır. Bu unikal tədris mərkəzlərində təhsil almağın bir sıra başqa üstünlükləri də var. Şagirdlərə aylıq təqaüdün verilməsi, xüsusi geyimin, gündəlik naharın təşkili və son olaraq ARDNŞ-də işlə təminat bu qəbildəndir.

 

Bütün bunlar bir daha təsdiqləyir ki, iqtisadi inkişafın davamlılığının təmin edilməsinə xidmət edən ixtisaslı kadrların hazırlanması, seçilməsi və işlə təmin edilməsi ARDNŞ-in fəaliyyətinin əsas istiqamətlərindəndir.

 

İki sahil. -2014.-14 avqust. S.7.