Milli birliyin milli

özünüdərkin bayramı

 

Hər bir xalqın, millətin taleyi onun milli mənlik şüurunun xarakterindən, milli mənəvi dəyərlərinin sabitliyi və dayanıqlığından xeyli dərəcədə asılıdır. Bu baxımdan, Azərbaycan xalqı tarix boyu çox məhrumiyyətlər, keşməkeşli yollardan keçsə də, zaman- zaman siyasi müstəqilliyini itirsə də mənəvi bütövlüyünü, özünəməxsus mentalitetini qoruyub saxlaya bilib. Milli özünüdərkin, milli azadlığın qazanılması və qorunub saxlanması baxımından XX əsrin son onillikləri xalqımızın tarixində müstəsna yerə malikdir.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan milli azadlıq hərəkatı təkcə keçmiş Sovet Azərbaycanında yaşayan azərbaycanlıların deyil, müxtəlif səbəblərdən müxtəlif ölkələrdə məskunlaşmış azərbaycanlıların da milli oyanışına, milli birliyinin yaranmasına təkan verdi. Bu baxımdan, artıq rəsmi olaraq 21-ci ilini qeyd etdiyimiz Dünya azərbaycanlılarının Həmrəylik günü müstəsna tarixi əhəmiyyət daşıyır.

1989-cu ilin soyuq dekabr günlərində Naxçıvanda o zamankı Sovet- İran sərhədlərinin sökülməsi ilə başlayan proses, sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə bütün Dünyada yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini özündə ehtiva edən tarixi bayrama çevrildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təklifi ilə 31 dekabr həmrəylik günü kimi qəbul edildi. Bu bayramın dövlət səviyyəsində keçirilməsi də ümummilli liderin adı ilə bağlıdır. Beləki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə gəlişinin elə ilk ilində- 1993- ilin dekabr ayında 31 dekabrın bütün Dünya Azərbaycanlılarının Həmrəylik gününün rəsmi bayram kimi qeyd olunması barədə fərman imzaladı.

Əlbəttə, milli həmrəyliyin yaradılması naminə görülən işlər bununla yekunlaşmadı. Mühüm tarixi hadisə kimi 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlilərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı. Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı.

Qurultayda ən yaddaqalan məqam isə ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı oldu. Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğulayan ümummilli lider deyirdi: “Əmin ola bilərsiniz ki, müstəqil bir dövlət kimi Azərbaycan on ildir ayaq üstə möhkəm durubdur. Ötən dövrdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişikbu gün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir. Əziz dostlar, müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda bizsizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələ keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik.”

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyu dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi ilə bağlı boyük işlərə imza atdı. İndi, heç şübhəsiz ki, milli həmrəylik bayramımızdan danışarkən bu Böyük Azərbaycanlının hörmətlə xatırlanmaması mümkün deyil.

Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlət quruculuğu ənənələri bu günuğurla davam etdirilir. Müasir qüdrətli Azərbaycan dövləti bütün Dünyada yaşayan azərbaycanlıların həm qürur yeri, həm də etibarlı dayağı, güclü istinad məkanına çevrilmişdir.

 

Taleh Turqut

 

İki sahil.- 2014.- 31 dekabr.- S.8.