Nurlana Əliyeva: Ulu öndər bütün

dövrlərdə xalqımızın xilaskarı olmuşdur

 

Çağdaş tariximizin çox mühüm hissəsi ümummilli liderin adı ilə bağlıdır və xalqın taleyində şanlı səhifəyə çevrilmişdir

 

14 iyul 1969-cu il tarixi Azərbaycan xalqının həyatında dönüş və inkişaf tarixi kimi qalmaqdadır. Ona görə ki, məhz bu tarixdə xalqımızın lideri, daim inkişaflar yaradan şəxsiyyəti Heydər Əliyev sovet Azərbaycanının rəhbəri seçilmişdi. Müsahibim YAP İdarə heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana xanım Əliyeva ilə bu mövzuda söhbət etdik. Nurlana xanım dedi- Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər. Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də belə liderlərdən biri olaraq müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. 1969-cu il iyulun 14-də-keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderin Azərbaycana rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin çox mühüm hissəsi ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir.

-Nurlana xanım, ümummilli liderin 1969-cu ildə respublikamıza rəhbərliyə gəlməsindən sonra ilk ciddi irəliləyişlər hansı sahələrdə baş verdi?

-1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt-üst etmiş, milli ideallara bağlı lider olduğunu yüksək kürsüdən nümayiş etdirmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirdi. Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.

XX əsrin 70-80-ci illəri Sovetlər İttifaqında aftoritar rejimin güclü olduğu dövr xarakterizə edilsə də, Azərbaycanda iqtisadi yüksəliş, sosial tərəqqi, milli oyanış prosesi baş vermişdir. Buna Heydər Əliyevin gərgin əməyi sayəsində nail olunmuşdur. Belə ki, sənaye istehsalı 2 dəfə artmış, 250-dən çox sənaye obyekti - Bakı məişət kondinsioneri zavodu, Dərin özüllər zavodu, Azon, Ulduz elm istehsalat birliyi, Xırdalan ət emalı kombinatı, Bakı şampan şərabı zavodu və digər müəssisələr tikilib istifadəyə verilmişdir. O dövrün statistikasına istinad etsək görərik ki, tikintiyə sərmayə qoyuluşu 32 milyard rubl təşkil etmişdir ki, bu da sovet dövrünün əvvəlki 50 ilində sərf olunan vəsaitdən 2,1 dəfə çox idi. Hər il orta hesabla 2800 kilometr elektrik xətti çəkilmiş, enerji hasilatı 2 dəfə artaraq 23 milyard kvadratsaata çatmışdı. Araz, Tərtər, Şəmkir su elektrik stansiyaları istifadəyə verilmiş, sənayedə yeni texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə neft sənayesində uzun illərdən bəri yığılıb qalmış problemlər həll edilməklə Azərbaycan neft sənayesinin inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada son 100 ildə 1 milyard ton neft çıxarılmışdı. Təkcə 1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu.

XX əsrin 70-80-ci illərində aqrar sahədə də böyük uğurlar qazanılmışdır Yenədə o dövrün statistikasını nəzər salanda görmək olur ki, ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir neçə mühüm qərar qəbul etmişdir. Nəticədə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun sürən geriliyə son qoyularaq dinamik inkişafa nail olunmuş, kənd təsərrüfatı istehsalı 2,7 dəfə artmışdı. Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərimizin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail oldu. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

Müdrik liderin təkidi qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi birinci dövr sosial həyat sahəsində də böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Belə ki, 630 min iş yeri açılmış, 20 min kvadratmetr ərazidə Əhmədli, Yeni Əhmədli, Günəşli, Batamdar, Hövsan yaşayış massivləri salınmış, yüzlərlə məktəbəqədər, ümümtəhsil ocağı tikilib istifadəyə verilmişdir.

-Ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə təhsilin inkişafı sahəsində nə kimi yeniliklər edilmişdi?

-Məhz həmin dövrdə respublikada məktəb tikintisi sürətləndi, onların maddi-texniki bazası, labarotoriyaları zənginləşdi, dərslik çatızmazlığı aradan qaldırıldı, Azərbaycan tarixi bir xüsusi fənn kimi tədris edilməyə başlandı. Müəllimin hörməti və nüfuzu xeyli yüksəldi. Elm adamlarının sosial- məişət problemləri həllini tapdı. Respublikada bir neçə elmi tədqiqat intitutları yaradıldı. Ən başlıcası isə 15 mindən çox gənc Moskva, Leninqrad, Kiyev və digər şəhərlərə təhsil almağa göndərilmişdir. Azərbaycandan kənarda 200-dən çox zabit kadrı hazılanmış, Bakıda Naxçıvanski adına hərbi təmayüllü məktəbin əsası qoyulmuşdur. Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci il Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması müddəası salınmış, ali məktəblərdə vətən tarixinin tədrisinə ayrılan saatların miqdarı 40 saatdan 60 saata çatdırılmış, elm, ədəbiyyat və incəsənət xadimlərinə qayğı artırılmış, onların yubileyləri keçirilmiş, ev-muzeyləri açılmış, abidələri qoyulmuş, müharibə və əmək veteranlarına mənzillər verilmişdir. Çox mühüm fakt isə odur ki, ali məktəb müəssisələrinə qəbuldakı rüşvətxorluq halları qətiyyətlə aradan qaldırıldı və ən perspektivli fakültələrə savadlı, o cümlədən fəhlə- kəndli balaları qəbul edildi. Bir sözlə, həmin dövrdə millətin gələcəyi hesab edilən təhsil sahəsi tam olaraq inkişaf prioritetləri qazanmış oldu.

-Ulu öndərin SSRİ kimi böyuk bir dövlətin ali rəhbərliyində təmsil olunması Azərbaycana daha hansı siyasi və iqtisadi dividentlər gətirdi?

-Ümummilli liderin fəaliyyətinin sonrakı mərhələsini 1982-ci il noyabrın 24-dən 1987-ci il oktyabr ayının 23-dək olan Moskva dövrü təşkil edir. 1982-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olunmuş, Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında sovet nümayəndə heyətinin Vyetnama, Laosa, Anqolaya, Suriyaya, Misirə, Livana, İordaniyaya uğurlu diplomatik səfərləri tarixə yazılmışdır. Məhz onun SSRİ rəhbərliyinə yüksəlməsi ermənilərin ölkəmizə qarşı riyakar siyasətinin qarşısını bir müddət ala bildi. Nə qədər ki, Heydər Əliyev kimi böyük lider SSRİ rəhbərliyində idi, ermənilər onun nüfuzundan qorxub tam olaraq susmuşdular. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları da məhz xəyanətkar Qorbaçovun hakimiyyətə gəlişindən və onun Heydər Əliyevə qarşı qərəzli münasibətindən sonra başladı. Əslində, Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyəti SSRİ rəhbərliyindən uzaqlaşdırmaq erməni siyasətinin tərkib hissəsi və Dağlıq Qarabağa iddasının nəticəsi idi. Lakin Heydər Əliyev Qorbaçova və erməni siyasətinə əyilmədi və onları həm vəzifədə olanda, həm də vəzifəsindən istefa verəndən sonra ifşa etməyə nail oldu. Xüsusən, 1990-cı il 20 Yanvar qırğını zamanı ulu öndər cəsarətlə respublikamızın Moskvadakı nümayəndəliyinə gedərək Qorbaçovun və SSRİ rəhbərliyindəki digər antiazərbaycançı qüvvələrin xalqımıza qarşı yürütdüyü çirkin siyasəti ifşa etdi, ermənilərin Qarabağa olan haqsız iddialarını kəskin şəkildə pislədi. Məhz onun bu addımı böyük imperiya və erimənilərlə mübarizədə təklənmiş Azərbaycan xalqına mənəvi və fiziki dəstək oldu.

-Nurlana xanım, Ulu Öndərin Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirakını təmin etməsi barədə nə deyə biləsininz?

-Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artırılmasına, onların cəmiyyətin bütün sahələrində uğurla təmsil olunmalarına və digər məqsədlərə yönəlmiş qadınlar siyasətinin əsası ümummilli liderin adı ilə bağlıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atdı. O dövrdə kloxoz və sovxoz rəhbərləri, Sosialist Əməyi Qəhrəmanları, deputatların sayı məhz qadınların hesabına daha da artırıldı. Ulu öndər 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün mahiyyətinə uyğun bir tərzdə davam etdirdi. Ulu öndərin ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan YAP milli vəhdətə və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu. Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız Onun milli inkişaf strategiyasının fəal dəstəkçiləri oldular. 1995-ci ildə Ulu öndərin tövsiyəsi ilə YAP-ın mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Heydər Əliyevin siyasi ideyalarının arxasınca gedən Azərbaycan qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü yaxından dəstəkləyir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə YAP-ın sıralarına gəlirdilər. Azərbaycan qadınlarının tarixdə ilk dəfə bu qədər böyük mütəşəkkilliklə bu prosesə qoşulmaları onların ulu öndərə inamının ifadəsi idi. Məhz Azərbaycan qadınının da Heydər Əliyev siyasətinə verdiyi yüksək dəyər ölkədə qadın fəallığı ənənələri tarixinə yeni salnamələr yazdı. Cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Heydər Əliyevin 1998-ci ildə ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncamı bu istiqamətdə atılan tarixi addımlardan biri oldu. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan qadını bu qiymətin və mənəvi məsuliyyətin işığında yeni əsrdə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin sayəsində əldə edilən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verməyə çalışır. Bu gün Azərbaycan qadını Prezidentin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz həyatını, həmçinin sosial rifah halının davamlı surətdə yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan qadını ilə bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrildi, qadınların problemləri dövlət rəhbərliyinin ən yüksək diqqət və qayğısı ilə əhatə olundu.

Azərbaycan qadınının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə rəğbətini şərtləndirən ən əsas amillərdən biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Ümumiyyətlə, dünyada ən böyük məktəb hansısa dəyərli keyfiyyəti əxz etmək üçün bir insanın öz həyat və fəaliyyəti ilə nümayiş etdirdiyi şəxsi nümunədir. Mehriban xanım Əliyeva bu mənada Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 15 iyul.- S.10.