Heydər Əliyev:
zamana sığmayan zəka
Heydər
Əliyevin anadan olmasından 91 il
ötür. Hər ötən il Heydər
Əliyev dühasının böyüklüyünü,
möhtəşəmliyini bir daha üzə
çıxarır. Zaman Heydər Əliyevin siyasi
baxışlarına daha dərin məna qazandırır, onun
Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir.
Dövrümüzün ictimai-siyasi reallıqları,
geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər
və bütün bu təlatümlərin fövqündə
dayanan müasir milli dövlətçiliyimiz Heydər
Əliyev tərəfindən əsası qoyulmuş siyasi
kursun rasional əsaslar üzərində, mükəmməl
bir məntiqdən – Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir
kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və
bütöv bir xalqın gələcəyini müəyyən
edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılmışdır. Bu
araşdırmalarda Heydər Əliyev yeni tarixdə
xalqımızın yetişdirdiyi ən böyük düha
sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə,
dövlət rəhbərləri ilə bir sırada nəzər
salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş
olar. Məhz bu rakursda biz Heydər
Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin
qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən
sovet dövrünün son illərində, kommunist
ideologiyasının agoniyası fonunda yürüdülən
Qorbaçov siyasətinə qarşı çıxması və
heç kim tərəfindən
anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən
imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yeganə sovet
siyasətçisi kimi tanıdır. Hadisələrin
sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri
arasında post-sovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu. . Məhz bu baxımdan,
öz dövrünün ən xarizmatik dövlət xadimi və
ən praqmatik siyasətçisi kimi tanınan Heydər
Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı
missiyasına yüksələn universal şəxsiyyət
kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti,
əsasən, XX əsrin ikinci yarısı ilə
bağlıdır. Bütövlükdə XX əsr bəşər
tarixində bir çox təlatümlü hadisələrin
baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi,
çoxsaylı milli dövlətlərin meydana gəldiyi,
siyasi və iqtisadi böhranların qaçılmaz olduğu
və eyni zamanda, dünya inkişafına təkan verən
proseslərin yaşandığı qlobal ziddiyyətlərlə
dolu dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər
dünyanın bu günkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi. Bəşəriyyət
məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya
keçid aldı. XX əsrin tarixi məhz
şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz
bir dövr oldu. Bu tarixi
Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və
eləcə də Heydər Əliyevsiz təsəvvür etmək
mümkün deyil. Tarixi sınaqlar qarşısında
öz xalqlarını məhv olmaq təhlükəsindən
böyük siyasi məharət hesabına
çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər
XX əsrin müxtəlif dövrlərində təkcə
öz ölkələrinin deyil, həm də regionun və bu
regionda yaşayan xalqların tarixində dönüş
yaratmağa nail olmuşlarXX əsrin böyük siyasi xadimlərindən
biri kimi tanınan Uinston Çörçil siyasi
karyerasının ən yüksək pilləsində
bütün bəşəriyyəti təhdid edən şər
qüvvə ilə – imperialist
işğalçılığının ən qəddar
forması olan faşizmlə üz-üzə
qalmışdı. Faşist Almaniyası
artıq Britaniya şəhərlərini, paytaxt Londonu
bombalayırdı. Belə bir çətin
məqamda düşmənin amansız həmlələrinin
qarşısını almaq, təcavüzə məruz
qalmış xalqı ruh düşkünlüyündən
çıxarmaq, ümummilli müqavimət hərəkatını
formalaşdırmaq Britaniya hökumətinin
qarşısında duran ən başlıca vəzifə idi.
Məhz Çörçilin uzaqgörən
siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində
faşist Almaniyasına qarşı çox güclü
ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu.
Zaman və geosiyasi faktorlar baxımından fərqli
olsa da, hadisələrin kökündə dayanan səbəblər
və təhlükənin miqyası baxımindan müstəqilliyimizin
ilk illərində qarşılaşdığımız təhdid
və təhlükə ötən əsrin 40-cı illərində
Britaniyanın üzləşdiyi təhlükədən
çox da fərqlənmir. Öz
şovinist ideoloji baxışlarına görə mənfur
erməni millətçiliyi faşist düşüncəsindən
heç də geri qalmır. Ermənistan rəhbərliyinin
Avropa Şurasının tribunasından azərbaycanlılarla
ermənilər arasında etnik uyuşmazlığın
mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə
başqa millətlərin uyuşmazlıq düşüncəsinin
eynidir. Məhz buna görə Azərbaycanın
üzləşdiyi təcavüz və ermənilər tərəfindən
milli ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi
deyil, eyni zamanda bəşəri dəyərləri təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli
tendensiya xarakteri almışdı. Belə
bir məqamda erməni faşizminə qarşı ümummilli
cəbhəni formalaşdıra bilməsi məhz Heydər
Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cu ilin
aprelində düşmən hücumlarının kəskinləşdiyi
məqamda xalqa müraciətini xatırlamaq yerinə
düşər. Ağdam, Tərtər, Füzuli
rayonları istiqamətində erməni qoşun birləşmələrinin
aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı. Belə bir anda Heydər
Əliyevin soyuqqanlı və bir o qədər qətiyyətli,
xalqın vətənpərvərlik hisslərini
qığılcımlandıran müraciətindən sonra
qısa zaman ərzində cəbhədə əhəmiyyətli
dönüş yarandı, düşmən tapdağında
olan bir neçə qəsəbə və kəndlərimiz
işğaldan azad olundu. Cəbhədə
yaranan dönüş tez bir zamanda düşməni atəşkəs
sazişi imzalamağa məcbur etdi. Məhz
bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid
mərkəzdən idarə olunan ordu quruculuğuna start
verildi.
Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin
məhvolma təhlükəsi ilə üzləşdiyi ən
çətin məqamlarda tarixi şəxsiyyətlərin
üzərinə götürdükləri missiyanın
xalqların taleyində nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini görürük. Öz
xalqlarının taleyüklü məqamlarında göstərdikləri
cəsarət, siyasi qətiyyət və əzmkarlıq
keyfiyyətləri hər iki siyasət adamını bəşər
tarixində öz dəst-xətti olan görkəmli siyasi
xadimlər kimi tanıtdırır.
XX əsrin aparıcı şəxsiyyətlərindən
sayılan Şarl De Qoll “militarist” Avropanın demokratikləşən
Avropaya transformasiyasında həlledici rol oynamış siyasi
xadimlərdən biridir. Bəzi hallarda
aşırı milliyətçiliyə əsaslanan siyasət
yürütdüyü iddia olunsa da, De Qollun XX əsrin ən
görkəmli siyasət adamlarından biri olduğunu inkar etmək
mümkün deyil. İkinci Dünya
müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə
düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə
yaradılan Azad Fransız Qüvvələri Fransanın nasist
Almaniyasına qarşı mübarizəsində
başlıca hərəkətverici qüvvə oldu. Xüsusilə, De Qollun müharibənin
başlanğıc illərində Fransa xalqına davamlı
radio müraciətlərinin düşmənə
qarşı müqavimət hərəkatının
formalaşmasına təkan verən əsas səbəb
olduğunu bu günün tarixçiləri və siyasət
adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman Azərbaycan dövlətçiliyinə
qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin
müstəqilliyimizin və gənc dövlətimizin məhv
olması təhlükəsini ortaya
çıxardığı anlarda Heydər Əliyevin
fövqəladə çevikliklə öz qətiyyətli
mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda
bütün xalqı təhlükəyə qarşı birləşdirməyə
nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla
rəhbər arasında qarşılıqlı inamın nadir
nümunəsidir. 1994-cü ilin oktyabrında
Xüsusi Təyinatlı Polis Dəstəsinin xarici dövlətlərin
kəşfiyyat idarələri ilə birgə ölkəmizdə
dövlət çevrilişi cəhdinə qarşı Heydər
Əliyevin inamlı duruşu yaxın tariximizdə siyasi qətiyyət
nümunələrindən biridir. Oktyabrın
4-də axşam radələrində televiziya və radio ilə
xalqa müraciət edən Heydər Əliyev böyük
natiqlik nümunəsi göstərməklə dövlətçiliyimizin
təhlükə altında olduğunu açıq şəkildə
ifadə edərək milli maraqlarımızın müdafiəsi
naminə insanları Prezident Administrasiyasının
qarşısına səslədi. Qısa
zaman ərzində bu çağırışa səs verən
on minlərlə Azərbaycan vətəndaşı Prezident
Administrasiyasının qarşısına toplaşaraq
dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə
eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin
yaradılmasını təmin edən xalq-rəhbər birliyi
dövlət çevrilişinin qarşısını
aldı. Örnək gətirdiyimiz tarixi
faktlar yenə də xalqların taleyinin müəyyənləşdiyi
həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə
qədər önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və
Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti birləşdirən
mühüm bir keyfiyyət – xalqlarının ən çətin
anlarında onları toplum olaraq səfərbərliyə
ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və
xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin
uzaqgörən siyasi gedişlərinə uğur gətirərərək
toplumun bir ideya ətrafında sıx birləşməsinə
rəvac vermişdir. Eyni zamanda, Şarl De
Qoll və Heydər Əliyev bir-birindən fərqli
situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən
demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü
vaxtında dərk etmiş və bu mütərəqqi prosesin
təşkilatçıları olmuşlar.
Məşhur çex dissidenti və siyasətçisi
Vaslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə
şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet imperiyasının Şərqi Avropada mövqelərini
möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə
meydanına atılan Havel uzun illər regionun kommunist
totalitarizmindən qurtulmasında, Şərqli Avropa dövlətlərinin
bu imperiyadan asılılığına son qoyulmasında
müstəsna rol oynamışdır. Xüsusilə,
Sovet İttifaqının çökməsi ərəfəsində
Şərqi Avropada baş qaldıra biləcək etnik
münaqişələrin qarşısını almaq,
Çexiya və Slovakiyanın sülh şəraitində
müstəqil dövlətlər kimi dünya birliyinə
inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin
sülhpərvər siyasətinin prioritet istiqamətləri
idi. Vaslav Havellə Heydər Əliyevi birləşdirən
ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin
uzun müddət ərzində kommunist ideologiyası
sırınan cəmiyyətlərinə demokratik prinsipləri
və Avropa dəyərlərini aşılaya bilmək
qabiliyyətləridir. Azərbaycan hələ
müstəqilliyini bərpa etməzdən əvvəl Sovet
ideologiyasının artıq yeni zamanın reallıqları ilə
ayaqlaşmadığını və məhvə məhkum
olduğunu dəfələrlə bildirən Heydər
Əliyev hakimiyyətə dönüşündən sonra
demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət
siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas
qolunun – qanunvericilik, icra və məhkəmə hakimiyyətinin
demokratik prinsiplər əsasında təşkilini təmin
etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin
yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə
formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına
nəzər saldığımız liderlər fəaliyyət
göstərdikləri məkanın coğrafi sərhədlərini
aşaraq universal düşüncə sahibləri,
dünyanın yeni sosial yaşam, yeni siyasət
reallıqlarını ərsəyə gətirən
yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi
yoxdur. Bu baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər
ona istənilən siyasi mühitdə və istənilən
coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində
qərarlaşmağı təmin edə bilərdi. Belə
bir dühanın məhz Azərbaycan xalqına mənsub
olması və özündən sonra bu xalqın tarixində
yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması
bütövlükdə xalqımızın milli uğuru və
iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı
üçün və bəzi hallarda isə həmin siyasi
xadimləri belə üstələyən keyfiyyətlərə
malik olduğu üçün Heydər Əliyev dünya
miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla
yanaşı, Heydər Əliyev şəxsiyyətinin
özünəməxsusluğu da xüsusi əhəmiyyət
kəsb edir. O, bir çox siyasətçi müasirlərindən
fərqli olaraq təkcə öz dövrünün deyil, daha
geniş zaman çərçivəsində baş verən
ictimai-siyasi proseslərin axarını müəyyən edə
bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin
rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür,
həm də o Gələcəyi yaradır: Sabaha doğru gedən
yolu açır və insanları o yolla getməyə səfərbər
edir.
Heydər Əliyevlə müqayisədə
onunla eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək
pilləsində qərarlaşmış siyasətçilər
– Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət
tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet İttifaqına rəhbərlik
etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli
olsaq, onu əslində, Sovet İttifaqının durğunluq
dövrünə qədəm qoymasına zəmin
hazırlayan siyasətçi kimi xarakterizə etmək
mümkündür. Leonid Brejnev başında
dayandığı siyasi rejimi yalnız mühafizəkar
qaydalarla idarə etməyi bacaran, dövlətin təkamül
və tərəqqi qanunlarını bilməyən, istənilən
yeniliyi yaxına buraxmayan tipik bir “homo-sovietikus” idi. Onun şəxsində bir siyasət adamı
üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək,
ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək
qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər
nüfuzlu və məsuliyyətli pilləsində
dayanmış Heydər Əliyevin o zamankı və
sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli
bir mənzərənin şahidi oluruq. Heydər
Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi,
istərsə də Sovet İttifaqının rəhbərliyində
təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq
və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından
tamamilə fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər
Əliyevə qarşı qısqanc münasibətin,
zaman-zaman edilən xəyanətlərin kökündə də
məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail
Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan
sonra müstəqilliyini bərpa edən dövlətlərin
bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda
tutduqları yer həmin dövlətlərə
başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xəttlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyəti və həmin
ölkələrin bu günkü siyasi-iqtisadi durumuna nəzər
saldıqda daha aydın görmək mümkündür.
Belə bir müqayisədə də Heydər
Əliyev siyasəti öz möhtəşəmliyi ilə
üzə çıxır. Həm də
bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın
yerləşdiyi geopolitik məkan digər post-sovet ölkələrindən
mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.
Bu gün Gürcüstanın
düşdüyü geopolitik çıxılmazlıq
sindromu, aqressiv şəkildə şimal qonşusunun təcavüzünə
uğraması və demək olar ki, müdafiəsiz
qalması bu ölkənin sabit və tarazlı siyasətə
nə qədər ehtiyacı olduğunu bir daha göstərir.
Yəqin ki, əgər zamanında ölkədə
milli müstəqillik siyasətinin əsası düzgün
qoyulsaydı, orada da dövlətin sabit və dayanıqlı
inkişafı təmin edilmiş olardı. Ermənistana
gəldikdə isə, regionda Rusiyanın forpostu
funksiyasını kölə sadiqliyi ilə yerinə yetirən,
ümumiyyətlə, heç zaman öz mükəmməl
dövlətçiliyini qurmamış və yəqin ki,
heç zaman da buna nail olmayacaq bu ölkədə heç bir
müstəqil siyasətdən, “parlaq gələcək” vəd
edən siyasi düşüncədən, ənənədən
və liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin,
daha doğrusu, siyasətsizliyin, öz ölkəsini
böyük fəlakətlərə sürüklədiyini nə
Ermənistan hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı
dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq
arasında geo-politik çəkişmələrin
qurbanına çevrilmiş Ukraynanın da durumu heç
ürəkaçan deyil. Bu dövləti 20 ildən
çox müstəqillik dövrü ərzində idarə
etmiş siyasətçilər tərəfindən
yürüdülən siyasi kursun dəyəri, daha
doğrusu, dəyərsizliyi bu gün göz
qabağındadır. Bütün bu illər
ərzində formalaşan kövrək siyasi vəziyyət,
xaotik siyasi gedişlər fonunda daim tənəzzülə gedən
iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri
bu gün Ukrayna dövlətçiliyinin möbcudluğunu belə
təhlükə altına almışdır. Bir çox cəhətlərinə görə hadisələr
Azərbaycan- Ermənistan münaqişəsini də xatırladır.Lakin
ən böyük fərq ondan ibarətdir ki, cərəyan edən
dramatik hadisələrin səhnəsində bu hadisələri
cilovlayıb dayandırmağa və bütün vətəndaşları
Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə
qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının
avtoritarizmdən qurtulduğu bu həssas məqamda Ukraynaya məhz
onların “Heydər Əliyevi” hava və su kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan
sonra Rusiya da yenidən özünü tapmaq, etimadlı tərəfdaş
qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan
yeni siyasi xətt seçmək şansı
qazanmışdı. Lakin Boris Yeltsinin gələcək
prosesləri düzgün qiymətləndirməyə yetməyən
siyasi savadsızlığı və sonrakı dövrlərdə
də bu dövlətin gələcək inkişafının
kökündə dayanmalı olan milli ideyanın hələ də
tapılmaması bu gün Rusiyanı irəli getdiyində də,
geriyə döndüyündə də məğlubiyyətə
aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni
imperialist siyasətin mərkəzi xəttinə çevirən
və bu ideyanın reallaşmasına uğursuz cəhdlər
edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən
çalxalamaqla, özünə və bütün beynəlxalq
birliyə ciddi ziyan gətirməkdə və öz
xalqını daha böyük fəlakətlərə
sürükləməkdədir.
Belələiklə, Heydər Əliyevdən
başqa vaxtilə Sovet Politbürosunun tərkibində
olmuş bütün siyasətçilərin adlarını
Əlahəzrət Tarix qısa müddət ərzində
yaddaşlardan sildi. Onlardan heç birinin siyasi
irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat
yoluna çevrilmədi. Dünya
inkişafının perspektivini aydın görən, ona
doğru addımlayan və ölkəsini, xalqını ona
doğru istiqamətləndirən Heydər Əliyevin
uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasıını təmin
edərək onun müstəqilliyini əbədi və
dönməz etdi. Bu siyasət, hər
şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın
daxili və xarici siyasət doktrinasının özəyini,
milli inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan
xalqının rifahını, milli dövlətçiliyimizin
daha da güclənməsini hər şeydən üstün
tutan vətənpərvər lider idi. Xüsusilə,
ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə
etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev Yeni Azərbaycanın əsasını qoydu.
İstənilən xarakterli böhrandan sabitliyə
keçidin uzunmüddətli və ağrılı proses
olduğu şübhəsizdir. Heydər
Əliyevin siyasi dühasının böyüklüyü isə
onda idi ki, uzaqgörən siyasi gedişləri ilə
bugünkü sürətli inkişafımızın
kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda
yorulmaz fəaliyyətini bir an belə
dayandırmadı. Yalnız Heydər Əliyevin
güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl
gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. ATƏT-in
Lissabon sammitində ölkəmizin ərazi
bütövlüyünün yekdil şəkildə dəstəklənməsi
artıq Azərbaycanın dünya birliyi tərəfindən
suveren dövlət kimi qəbul edilməsinin əyani
nümayişi oldu. Məhz onun yorulmaz səyləri
nəticəsində Azərbaycan konservativ, tipik post-sovet
ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə
sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu
tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın
keçmiş prezidenti Corc Buş ümummilli liderimiz
haqqında deyirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun
müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Onun mövqeyi və göstərdiyi
səylər Azərbaycanın iqtisadi inkişafını
möhkəmləndirən böyük həcmli xarici sərmayələrin
cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”. Bu fikirlər Heydər
Əliyev tərəfindən yürüdülən siyasətin
ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan
verdiyini ifadə etməklə yanaşı, ümummilli
liderimizin bütövlükdə regional müstəvidə kəsb
etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan
fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri
Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini
bölüşərkən sabitlik faktorunu xüsusilə
vurğulayır: “Heydər Əliyev Azərbaycanın
böyük lideri idi. O, böhranlar dövründə öz
ölkəsinə sabitlik gətirdi. Azərbaycan
xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan,
region və ümumdünya kontekstində yanaşaraq bildirir:
“Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur.” Doğrudan da, Heydər Əliyev
öz xalqının tarixi köklərinə bağlı olan
elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti
ərzində türk dünyasının birliyinə,
bütövləşməsinə və vahid güc mərkəzinə
çevrilməsinə böyük inam bəsləmiş və
bu prosesin də davamlı inkişafına
çalışmışdır. Yeni
türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz
Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci
ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri
Başçılarının Zirvə Toplantısı və
bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri
onun türk dünyasının birliyi naminə göstərdiyi
xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər
zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun
intəhasız fəaliyyətinin geniş okeanına
çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər
Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaq. Və
hər zaman bu şəxsiyyətin tarixdə
oynadığı əhəmiyyətli rol daha dərin məzmunda,
daha geniş panoramda və daha konseptual şəkildə
açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Heydər Əliyev müasir Azərbaycanımızın
qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına əsaslanan
geniş spektrli fəaliyyəti ilə bəşər
tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
İki
sahil.-2014.- 8 may.- S.12; 21.