Əbülfəs Qarayev: Milli mədəniyyətimizin inkişaf

yolu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Bakı yenidən beynəlxalq teatr konfransına ev sahibliyi edir

 

Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə birinci və ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olunub.

Beynəlxalq teatr konfransını açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf tarixinin mərhələlərindən, uğurlarından, beynəlxalq əlaqələrindən, gələcək vəzifələrindən geniş söz açıb.

Aktual mövzunu əhatə edən III Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycan mədəni həyatında dəyərli bir hadisədir və yaradıcı ictimaiyyət tərəfindən maraqla izlənilir. Bu beynəlxalq tədbir çərçivəsində dünyanın görkəmli teatr biliciləri yaradıcılıq uğurlarına nəzər salacaq, təcrübələri bölüşəcək, səhnə sənətinin müasir və aktual estetik problemlərini elmi-nəzəri və yaradıcılıq kontekstində dərindən araşdıracaqlar.

Nazir vurğulayıb ki, III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətinin əyani sübutudur. Beynəlxalq Teatr Konfransı ictimai layihə deyil, dövlət tədbiri olub, Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində keçirilir.

Konfransa dünyanın 40-dan çox ölkəsindən teatr tənqidçiləri, teatrın tarixi və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar, xoreoqraflar və menecerlər toplaşıblar. Bu görkəmli sənət adamlarının məramı və məqsədi yaradıcı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq çərçivəsində çağdaş teatrın problemlərinin həllinə yardımçı olmaq, dünya teatr sənətinin gələcək inkişaf istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Hazırda ölkəmizdə 26 dövlət teatrının, bələdiyyə, antrepriz və özəl teatrların fəaliyyət göstərdiyini söyləyən nazir vurğulayıb ki, son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirilir. Onların arasında ÜNS yaradıcılıq səhnəsini xüsusi qeyd etmək olar.

Azərbaycanda teatr sənətinin yüksəlişinə xidmət edən mühüm dövlət sənədlərinin qəbul edilməsi onu göstərir ki, teatr sənətinə xalqın gərəkli mənəvi, mədəni sərvəti prizmasından yanaşma Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ciddi şəkildə qorunurmüasir tələblərə uyğun davam etdirilir.

Nazir işğal altında olan qədim Azərbaycan torpaqlarında məhv edilmiş mədəniyyət abidələri və ocaqları barədə də məlumat verərək, bu dağıdıcı proseslərin teatr sənətimizdən də yan keçmədiyini vurğulayıb.

Bu gün Azərbaycanda qaynar mədəni həyat yaşandığını söyləyən Ə.Qarayev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanı dünyanın böyük mədəniyyət mərkəzlərindən birinə çevirdiyini qeyd edib. Toplaşdığımız teatr konfransı da belə tədbirlər sırasındadır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, III Bakı Beynəlxalq Teatr Konfransının Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri mövzusuna həsr olunması son dərəcə simvolikqanunauyğun haldır. Bu gün həqiqətən də Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural məkana çevrilib desək yanılmarıq. Azərbaycan bu gün öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir.

Kamal Adbullayev vurğulayıb ki, multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirmək olar. Bunu ən gözəl və əyani surətdə həyata keçirən məkan isə teatrdır. Multikultural dəyərlərlə yaşadığımızı bizə teatr hiss etdirir.

Azərbaycanda teatr sənətinin nümayəndələri ilə sıx dostluq münasibətləri qurduğunu söyləyən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo vurğulayıb ki, bu, artıq onun Bakıya üçüncü səfəridir.

Azərbaycanın teatr ictimaiyyətinin, UNİMA-nın müxtəlif ölkələrdəki milli mərkəzlərinin nümayəndələrinin, tənqidçilərin bu beynəlxalq konfransda bir araya gəldiklərini xüsusi vurğulayan Jak Trüdo dedi ki, biz ümumi çağırışları, həyata keçirə biləcəyimiz layihələri birgə müzakirə edəcəyik. Şübhəsiz ki, bu beynəlxalq konfrans zamanı bəşəri dəyərlər kontekstində müzakirə olunacaq məsələlər çağdaş teatrın inkişafı, yenilənməsi baxımından hamımız üçün faydalı olacaq.

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransda multikulturalizmlə bağlı zəngin fikir mübadiləsinin aparılacağına ümid bəslədiyini qeyd edərək, müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirib.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais deyib ki, artıq Bakıya beşinci dəfədir gəlir. Çox şadam ki, tənqidçilər assosiasiyanın Azərbaycanda formalaşmasına dəstəyimi göstərə bilmişəm.

Təmsil etdiyi təşkilat barədə məlumat verən qonaq vurğulayıb ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası təxminən 63 ölkədə fəaliyyət göstərir. Şadam ki, qurumun tədbirlərində Azərbaycan da yaxından iştirak edir.

Müxtəlif ölkədə nümayəndələrinin olduğunu söyləyən Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen bildirib ki, konfransda rəhbərlik etdiyi qurumla bağlı təqdimatları olacaq.

İkinci dəfədir beynəlxalq teatr konfransına qatıldığını söyləyən Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor deyib ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq teatr layihələrində iştirakdan qürur duyur. İnanıram ki, bu tədbirlər birgə layihələrin reallaşmasına öz töhfəsini verəcək.

Noyabrın 6-da başa çatacaq III Bakı Beynəlxalq Teatr Konfransı işini plenar iclaslarla davam etdirib.

 

İki sahil.- 2014.- 6 noyabr.- S.5.