Ölkəmizin turizm sahəsində

böyük inkişaf perspektivləri var

 

Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası çərçivəsində 2020-ci ilədək turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələri dairəsinin genişləndirilməsi, sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi və digər məsələlər nəzərdə tutulur

 

Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik ehtiyatlar, zənginliklər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi, zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Zəngin mədəni-tarixi irsi və əlverişli təbii şəraiti olan Azərbaycanın turizm sahəsində böyük inkişaf perspektivləri var. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, demək olar ki, son illər dövlətimizin qayğısı sayəsində turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir. Turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Ümumiyyətlə, respublikamızın bütün rayonlarında - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Lerik, Masallı, Gədəbəy, Naftalan, Şamaxı və digər adlarını sadalaya bilmədiyimiz bölgələrimizdə müasir turizm obyektləri, mehmanxanalar, istirahət zonaları tikilməkdədir. İnfrastruktur yenilənir ki, bu prosesdaxilixarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.

Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rol oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin davamlı inkişafını təmin edir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Son illər Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar və maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Xatırladaq ki, bir müddət əvvəl Dünya İqtisadi Forumunun dünya ölkələrinin turizm sahəsində rəqabət qabiliyyətinə görə tərtib etdiyi reytinq cədvəlində respublikamız irəliləyərək 7-ci onluqda qərarlaşıb. Dünya Turizm Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək, xüsusən də elektron viza sisteminə keçidi alqışlayıb. Təşkilatın baş katibi Taleb Rifai Azərbaycanın bu qərarının ölkədə turizm sektorunun inkişafına təkan verəcəyini bildirib. Qeyd edib ki, yeni sistemin tətbiqi Azərbaycana turist axınını gücləndirməklə, bütövlükdə ölkəmizin turistlər üçün daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verəcək. Qurumun baş katibi həmçinin vurğulayıb ki, Azərbaycan regionda yüksək turizm potensialına malik ölkədir və bu sahədə ildən-ilə müsbət irəliləyişlər hiss olunur.

Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif vaxtlarda İtaliyanın Classis Assoiation, İtalian Multimedia Group Sri şirkətlərinin, Cənubi Koreyanın Educational Broadcasting System dövlət televiziyakanalının, Rusiyanın Kommersant FM radiosunun və Yaponiyanın Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu layihəsi çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm adlı beynəlxalq konfrans keçirilmişdir. Nazirlik tərəfindən Azərbaycanın turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-cı illər üçün marketinq strategiyası hazırlanıb. Artıq marketinq strategiyasına uyğun olaraq Azərbaycan 2014-cü ildə bir neçə beynəlxalq turizm sərgisində iştirak etmişdir. Onlardan Türkiyə, Almaniya, Rusiya, Ukraynada və Digər ölkələrdə keçirilən sərgiləri qeyd etmək olar.

Bu gün Azərbaycanın turizm marşrutları üzərində rayonlarda müxtəlif turist layihələri həyata keçirilir, bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada Böyük İpək yolu, Şərab yolu, Xalçaçılıq, Aleksandr Düma Qafqazda və Azərbaycanda alman məskənləri layihələrini qeyd etmək olar. Sözügedən layihələr ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir. Mühüm yeniliklərdən biriturizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış yeni saytda (e-services.mct.gov.az) vətəndaşlara 12 növ elektron xidmət göstərilir.

Qəbul edilmiş dövlət proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər bu inkişafı şərtləndirən əsas amillərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Ona görə də 2010-cu ildə Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı qəbul olundu. Bu proqramın başlıca məqsədi ölkədə turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunması idi. Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı bir neçə istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Proqramın icra olunması turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, turizm sahəsinə yerlixarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turizm sahəsi üçün kadr hazırlığı, Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği və s. istiqamətlərdə həyata keçirilən tədbirlər öz real nəticələrini verir. Turizmin inkişafını sürətləndirmək üçün 2011-ci il ölkədə Turizm ili elan olundu.

Müvafiq dövlət proqramları, o cümlədən Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasında da turizmin inkişaf hədəfləri dəqiq əksini tapıb. Konsepsiya çərçivəsində 2020-ci ilədək turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələri dairəsinin genişləndirilməsi, sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi, turizmin ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahəyə dair qanunvericilik və standartların təkmilləşdirilməsi, bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılması, informasiya-təbliğat işinin gücləndirilməsi, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlərin nəzərə alınması yolu ilə turizm marşrutlarının yaradılması təşviq ediləcək.

Müasir, inkişaf etmiş turizm infrastrukturunun yaradılması istiqamətində həlledici rolu ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən, məqsədi ölkəmizi inkişaf etmiş infrastruktura malik turizm mərkəzinə çevirmək olan siyasət oynayır. Bununla əlaqədar olaraq, ilk öncə, Azərbaycanda nümunə olan dağ turizm kompleksi Şahdağı, həmçinin Bakıda və Bakı ətrafında tikilmiş məşhur beynəlxalq brendlərin çoxsaylı iri otellərini qeyd etmək yerinə düşər. Qeyd etmək lazımdır ki, Azərbaycanda turizm sahəsində reallaşdırılan ən böyük layihələr sırasında ŞahdağTufandağ qış-yay turizm komplekslərinin yaradılması özünəməxsus yer tutur.

Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların hazırlanmasına yeni təkan verəcək Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı qəbul edilib. Turizm sektorunun dinamik inkişafı üçün peşəkar kadrların hazırlanmasına diqqət artırılmaqdadır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Turizm Universiteti yaradılıb, ixtisaslı kadrlar hazırlanır. Həmin kadrlar dünyanın məhşur otel və mehmanxanalarında təcrübə keçirlər. Bundan əlavə, turizm sahəsi üçün əlverişli guşələrimizdən olan İsmayıllıda peşə məktəbinin yaradılması da bu sahədə olan təcrübəli mütəxəssislərin yetişməsinə xidmət edir.

Vətənimizdə həmişə gəzmək, istirahət etmək üçün gözəl şərait olmuşdur. Bunu görkəmli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) fikirləri də bir daha təsdiqləyir. Tarixən Azərbaycana səyahət etmiş şəxsiyyətlər bu ölkənin mədəniyyəti və incəsənəti, ədəbiyyatı, coğrafiyası, habelə Azərbaycan xalqının qonaqpərvərliyi haqqında çox maraqlı və dəyərli fikirlər söyləyiblər. Yeni tarixi dövrünü yaşayan Azərbaycanda beynəlxalq turizmin, turizm xidmət sahəsinin hərtərəfli inkişafı gələcəkdə də inkişafı ilə ölkəmizə səyahət edənlərin yaddaşında silinməz izlər yazacaq.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 20 noyabr.- S.21.