XXI əsrin epidemiyası-piylənmə

 

Müxtəlif səbəblərdən insan orqanizmində əlavə piy toxumalarının yığılması ilə nəticələnən piylənmə müasir dövrün ciddi tibbi-sosialiqtisadi problemlərindən biridir.

 

Piylənmənin aktuallığı ilk növbədə onun daha geniş yayılması ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni “XXI əsrin epidemiyası” adlandırıb. Hal-hazırda Yer kürəsi əhalisinin 7%-i həddindən artıq köklükdən əziyyət çəkir və onların 20 milyonu 5 yaşa qədər olan uşaqlardır. ÜST-nin məlumatlarına görə Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9-20%-i piylənmə və 25%-dən çoxunda artıq bədən çəkisi, ABŞ-da isə müvafiq olaraq 25 və 50%, Azərbaycanda isə əmək qabiliyyətli insanların orta hesabla 30-40%-i artıq çəkiyə malikdir.

ÜST ekspertləri tərəfindən xəstəliyin hal-hazırkı inkişaf tempinin saxlanıldığı halda 2025-ci ilə kimi dünyada piylənmədən əziyyət çəkən insanların sayının bir qədər də artacağı planlaşdırılır. Piylənmə çox vaxt ağır patologiyalarla müşahidə olunaraq həyat müddətini qısaldır, onun keyfiyyətinin pisləşməsinə səbəb olur. Müxtəlif ölkələrdə piylənmə və artıq çəkinin yaratdığı xəstəliklərin müalicəsinə çəkilən xərc bütövlükdə səhiyyə sisteminə ayrılan vəsaitin 8-10%-ni təşkil edir.

Piylənmə diaqnozunun qoyulması və dərəcəsinin təyin olunması üçün bədən çəkisi indeksi adlanan termindən istifadə olunurbunu hər bir kəs öz bədəninin kiloqramlarla ifadə olunan çəkisini boyunun metrlə ifadə olunan ölçüsünün kvadratına bölməklə asanlıqla hesablaya bilər. Bədən çəkisi indeksinin 18,5-24,9 həddində olması normal hal hesab edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin son məlumatlarında respublikamızda qadınların təxminən üçdə bir hissəsində (30%) artıq çəki və piylənmənin qeydə alındığı öz əksini tapıb. Özübu problem əsasən 45-64 yaşlılar arasında müşahidə edilir.

Ümumiyyətlə, piylənmə və köklük ürək-damar sistemi, onkoloji, şəkərli diabet, ağciyərin xroniki xəstləliklərinin inkişafına şərait yaradan əsas faktorlardan biridir. Onun qarşısının alınmasında bəzi insanlar həkim rəyi olmadan müxtəlif dərmanlardan, bitki çaylarından, pəhrizlərdən, masajlardan istifadə edirlər ki, bunlar da əksər hallarda digər xəstəliklərin yaranması ilə nəticələnir. Ona görə də həkimlər hər bir orqanizmin xüsusiyyətlərinə uyğun olaraq fərdi rejimmetodun seçilməsinin vacibliyini bildirir, arıqlamanın ən sadə və rahat yolunu hərəkətdə-piyada gəzməkdə və qida rejiminə riayət etməkdə görürlər.

Xatırladaq ki, “Forbes” jurnalı hər il artıq çəkiyə malik vətəndaşların sayına görə dünya ölkələrinin reytinqini dərc edir. Reytinq cədvəlində 194 ölkə arasında Azərbaycan 53-cü yerdədir. ABŞ 74,1%-lə 9-cu, Rusiya 49,1%-lə 92-ci, Belarus 66,7%-lə 22-ci yerdədir. Yer kürəsinin ən arıq insanları isə Eritreyadadır. Əhalisinin yalnız 4,4%-nin kök olduğu qeydə alınan Eritreya reytinq cədvəlində sonuncu-194-cü yerdədir.

 

Cavid Əkbərov

 

İki sahil.- 2014.- 2 oktyabr.- S.14.