Naxçıvan şəhərində kompleks

quruculuq işləri aparılır

 

Şəhərsalma prinsiplərinə uyğun qurulan qədim Naxçıvan bu gün tarixilik, millilik və müasirliyin vəhdətində daha füsunkar görünür. Muxtar respublika paytaxtında hər il yeni yaşayış binaları tikilir, parkxiyabanlar salınır, şəhər infrastrukturu tamamilə yeniləşdirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın da bu baxımdan mühüm əhəmiyyəti var. Proqrama əsasən, bu il şəhərin Əliabad qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əliabad qəsəbəsinə gəlib, aparılan quruculuq işləri ilə maraqlanıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov məlumat verib ki, qəsəbənin müxtəlif məhəllə və küçələrində geniş abadlıq işləri görülüb, yol kənarlarına bardürlər düzülüb, səkilər salınıb. 6,6 kilometr uzunluğunda mərkəzi və məhəllələrarası avtomobil yollarına asfalt örtük çəkilib. Həmçinin elektrik, rabitə və işıqlandırma sistemləri yenidən qurulub, 4,5 kilometr elektrik, 750 metr yeraltı rabitə xətti çəkilib. 860 metr yüksək gərginlikli elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilib, yeni işıqlandırma dirəkləri basdırılıb.

Əcəmi Naxçıvani küçəsində yerləşən 9 ictimai yaşayış binasında da əsaslı təmir işləri aparılıb. 4 və 5 mərtəbədən ibarət olan binaların hər birində elektrik, qaz, rabitə, sukanalizasiya xətləri yenilənib, mərkəzləşmiş antena sistemi quraşdırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Binaların fasadı yenilənib, dam örtüyü, giriş qapıları və pəncərələri dəyişdirilib, dəhlizlər təmir olunub. İctimai yaşayış binalarının həyətində də abadlıq işləri görülüb, açıq istirahət köşkləri və uşaq əyləncə meydançaları yaradılıb, yeni qazanxana tikilib.

Abadlıq-quruculuq tədbirləri çərçivəsində Əliabad qəsəbəsindəki fərdi yaşayış binalarının fasadı da təmir olunub, yararsız dam örtükləri yenisi ilə əvəz edilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafı da abadlaşdırılıb.

Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma tədbirlərinin görülməsi və Naxçıvan şəhərində quruculuq tədbirlərinin bundan sonra da davam etdirilməsi barədə tapşırıqlar verib.

 

Naxçıvan şəhərindəki Xatirə Muzeyi

yeni binada fəaliyyət göstərəcəkdir

 

Muxtar respublikada milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq hazırda Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni bina inşa olunur.

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xatirə Muzeyinin yeni binasına baxıb.

Məlumat verilib ki, xüsusi memarlıq üslubunda tikilən bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey əməkdaşları üçün otaqları tikilib, ikinci mərtəbədə isə geniş ekspozisiya zalı yaradılıb. Binada əsas tikinti işləri başa çatdırılıb, bütün lazımi kommunikasiya xətləri çəkilib. Hazırda tamamlanma işləri aparılır.

Muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən birionun Şəhidlər xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdiriləcəkdir.

Ali Məclisin Sədri muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi və binada tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar verib.

 

İki sahil.- 2014.- 10 oktyabr.- S.10.