Xalqımızın azadlıq mübarizəsinin

şanlı qəhrəmanlıq səhifəsi

 

 

20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamaq üçün bir-biri ilə sistematik surətdə bağlı olan bir neçə kompleks məsələyə, faciənin törədilməsinə imkan verən situasiyaya, 20 Yanvar olayına siyasi-hüquqi qiymət verilməsinə nəzər yetirmək məqsədəmüvafiqdir.

 

20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır

 

Paytaxt Bakının zəbt olunması SSRİ DİN-in, DTK-nın və Sovet ordusunun hissələrilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilmişdi. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edilmişdi. Ən dəhşətli faktlardan birio idi ki, Sovet ordusu bu qırğını törətmək üçün, hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə etmişdi. Bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.

 

Xalqa xəyanət edən anti milli hakimiyyət

faciənin mahiyyətini hər vasitə

ilə ört-basdır etməyə çalışırdı

 

20 Yanvar faciəsinin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri o zamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. O zaman ölkəyə “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalmaları, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayırlar və xalqın ali mənafeyini Mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirlər. Başqa sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi nəinki müstəqillik ideyalarını, prinsiplərini mənimsəmək iqtidarında və niyyətində deyildi, hətta özlərinin korporativ səciyyəli ambisiyalarını xalqın ali mənafeyindən və müstəqillik istəyindən üstün tuturdu.

Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə buya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Nə qədər ikrah hissi oyatsa da, bu, bir həqiqət idi ki, o dövrkü respublika rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lüzum görməmişdi. Bu hadisələrdən sonra xalqımız daha bir gerçəkliyin də şahidi olurdu. Xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların üzü ortaya çıxmışdı.

1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər.

Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.

 

20 Yanvar faciəsinə ilk siyasi-hüquqi

qiymət ümummilli lider Heydər

Əliyev tərəfindən verilib

 

Amma bütün bunlara baxmayaraq, Ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi:

“Əziz həmvətənlərim!

Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm.

Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi: Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, Sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin”. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir.

Bunun ardınca ulu öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisəylə bağlı məktub göndərdi: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Bütün bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı: “Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına, bəlkə də, 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.

Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il marta ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi qiymət verilmiş oldu.

 

20 Yanvar faciəsi unudulmur

 

Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.

Hələ 2010-cu ildə 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirakı zamanı Prezident İlham Əliyev bu hadisə haqqında demişdi: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nda görüləcək tədbirlər geniş əksini tapıb.

Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, respublikanın müxtəlif rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.

 

İki sahil.- 2014.- 18 yanvar.- S.14.